Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2358/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya qarşı dərs yükünün bərpa edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələblərinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(059)-85/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya qarşı 36 saat dərs yükünün bərpa edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya qarşı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 22 dekabr 2020-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş və bu iddia ərizəsi də icraata götürülmüşdür. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin icraatında olan hər iki iş bir-biri ilə əlaqəli olmaqla, tərəflər arasında yaranmış mübahisələrin əsasını əmək münasibətləri təşkil etdiyindən məhkəmənin 01 mart 2021-ci il tarixli, 2(059)-85/2021 saylı qərardadı ilə hər iki iş bir icraatda birləşdirərək 2(059)-85/2021 say altında baxılmasını qərara alınmışdır. Siyəzən Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(059)-85/2021 saylı qərardadı ilə İddiaçı Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Siyəzən RPŞ-dən daxil olmuş 3(059)-10/2021 saylı inzibati xəta haqqında materiala baxılıb yekun qərar qəbul edilənədək, yəni bu barədə qərar qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmışdır. (hakim B.Ələkbərov) İddiaçı həmin qərardaddan şikayət vermişdir. Onun şikayəti bununla əsaslandırılmışdır ki, qərardad tam əsassızdır və mübahisə hərtərəfli araşdırılmadan çıxarılmışdır. Həmin iş üzrə icraatın dayandırılması qanunsuzdur. Onun işdən qərəzli surətdə çıxarılmasına səbəb Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktor səlahiyyətlərini müvəqqəti icra edən Cavabdeh sifarişli əsaslarla Siyəzən RPŞ-nin qərarı olmuşdur. Bu qərarla bağlı süründürməçilik uzun zaman aparır. Bu isə onu və ailəsini mənəvi və maddi sarsıntıya məruz qoyur. Ailədə yeganə gəlir mənbəyi dövlətdən aldığı aylıq əmək haqqıdır. İki uşağı var və hazırda təhsil alırlar. Siyəzən RPŞ-nin sifatişli, qərəzli 30.10.2020-ci il tarixli qərarını Baş Prokurorun birinci müavini 3-cü dərəcəli ədliyyə müşaviri Elçin Məmmədov haqlı olaraq ləğv etmişdir. Yenidən araşdırılmaya göndərilməsinə baxmayaraq Siyəzən RPŞ-nin təhqiqatçısı Əlixan Nağıyev işə yenə də qeyri-obyektiv, qərəzli baxmış, Elçin Məmmədovun çıxardığı qərarı nəzərə almamışdır. O, Siyəzən RPŞ-nin 22.04.2021-ci il tarixli qərarından Baş Prokurorluğa şikayət vermişdir. Lakin hələ də bir rəsmi cavab yoxdur. Rəsmi cavabların uzun zaman almasını və ailəsinin yeganə gəlir mənbəyi olduğunu nəzərə alaraq məhkəmə prosesinin davam etdiriləsini və ədalətli yekun qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından, yəni şikayətdə iddiaçının konkret tələbi göstərilmədiyindən məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında İddiaçı şikayətinin icraata götürülməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçıya qanunla nəzərdə tutulmuş qaydada şikayət tərtib edilməsini təklif etsə də, iddiaçı qərardaddan verdiyi şikayətin düzgün tərtib edildiyini bildirərək bundan imtina etdi. İş üzrə cavabdeh məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normalarını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apelyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, İddiaçı şikayəti konkret olmadığı kimi, barəsində şikayət verilən məhkəmə aktının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələb yoxdur, halbuki MPM-nin 361.1.4-cü maddəsinə görə (məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən həmin maddəyə istinad edir) şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar apelyasiya şikayətində göstərilməlidir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(059)-85/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətdə konkret tələb göstərilmədiyindən işə apelyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq şikayətin mümkünlüyü üçün əsaslar olmamasını araşdırmamış və şikayəti geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apelyasiyanın qeyrimümkün hesab edilməsindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya qarşı dərs yükünün bərpa edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələblərinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(059)-85/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2358/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2358/2021
02.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver