Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2364/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər bələdiyyəsinə qarşı mülkiyyət hüququ üzrə torpaq sahəsinin qanuni sahibliyində olması faktının müəyyən olunması, bələdiyyə qərarının və alqı-satqı aktının etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3161/2011 saylı, 22 iyul 2011-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Novxanı» bağları ərazisində yerləşən, sahəsi 600 kv.metr olan 404lb saylı bağ torpaq sahəsinin mülkiyyət hüququ üzrə onun qanuni sahibliyində olması faktının müəyyən edilməsi, Sumqayıt şəhər Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarının ona ayrılmış torpaq sahəsinə dair qərarın ləğv edilməsi hissəsində etibarsız sayılması, «Novxanı» bağları ərazisində yerləşən, sahəsi 600 kv.metr olan 4041 b saylı bağ torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 01 fevral 2008-ci il tarixli, 02 sayiı iclas protokolunun qərarının etibarlı hesab edilməsi və onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış sayılması, çıxarılan məhkəmə qətnaməsinin həmin bağ torpaq sahəsi üzərində mülkiyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin, o cümlədən torpaq sahəsinin planı və ölçüsünün və hüquqların dövlət qeydiyyatı barədə çıxarışın verilməsi üçün əsas olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3161/2020 saylı, 22 iyul 2011-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, «Novxanı» bağları ərazisində yerləşən, sahəsi 600 kv. metr olan 4041 b saylı bağ torpaq sahəsinin mülkiyyət hüququ üzrə Ərizəçi qanuni sahibliyində olması faktının müəyyən edilməsi, Sumqayıt şəhər Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarının Ərizəçi ayrılmış torpaq sahəsinə dair qərarın ləğv edilməsi hissəsində etibarsız sayılması, «Novxanı» bağları ərazisində yerləşən, sahəsi 600 kv. metr olan 4041b saylı bağ torpaq sahəsinin Ərizəçi mülkiyyətinə verilməsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 01 fevral 2008-ci il tarixli 02 saylı iclas protokolunun qərarının etibarlı hesab edilməsi və Ərizəçi ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış sayılması, qətnamənin Ərizəçi 404lb saylı bağ torpaq sahəsi üzərində mülkiyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin, o cümlədən torpaq sahəsinin planı və ölçüsünün və hüquqların dövlət qeydiyyatı barədə çıxarışın verilməsi üçün əsas olması qət edilmişdir (hakim V.Y Ruvinov). Qətnamədən maraqlı şəxs Azərbaycan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qətnamə ləğv olunmalı və iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməlidir. Qeyd edilir ki, iddiaçı Ərizəçi ilə Sumqayıt Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və hüququn dövlət qeydiyyatının aparılması barədə məhkəmənin bu cür qətnamə qəbul etməsi dolayı yolla qanunsuz əqdin və qeydiyyatın rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. Belə ki, “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2006-cı il tarixli Qərarına əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Konkret olaraq həmin məsələ ilə əlaqədar öz qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi ibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-nin 335.2-ci maddəsinin mənasına görə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Həmin məsələ ilə əlaqədar verdiyi şərhində yuxarıda istinad edilən qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ümumiyyətlə, qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsimülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyənedilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş əriməsinə dəlalət edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Məcəllənin 66-cı maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Alqı-satqı, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlayır. Əsasnamənin 21 -ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Məhkəmə özü də mübahisələndirilən qətnamədə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə istinad edərək həmin Əsasnamənin tələblərinin pozulduğunu bildirsə də ərizənin təmin edilməsi haqqında tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İş materiallarından görünür ki, Ərizəçi Novxanı bağları ərazisində yerləşən sahəsi 600 kv.metr olan 4041 b saylı bağ torpaq sahəsi üzərində Ərizəçi hüquqlarının qeydiyyata alınması ilə bağlı hazırda mübahisələndirilən qətnamə qəbul edilməzdən əvvəl- 2011-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ümumiyyətlə müraciət etməmişdir. Sonradan Ərizəçi Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4041B ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar 08 aprel 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müəyyən olunmuşdur ki, hazırkı qətnamə qəbul olunmasına baxmayaraq onlara göndərilməmişdir. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2021 -ci il tarixli 2(060)-3161/2011 saylı qətnaməsi ilə bilavasitə İdarənin səlahiyyətlərinə aid olan məsələlər həll edildiyinə və İdarənin üzərinə öhdəlik qoyulmasına baxmayaraq İdarə tərəfindən sorğu verilənədək məhkəmə tərəfindən qətnamənin müvafiq qaydada təsdiq edilmiş surətinin rəsmi qaydada İdarəyə göndərilməməsi, həmçinin İdarənin nə cavabdeh, nə də üçüncü şəxs və ya maraqlı şəxs qismində işdə iştiraka cəlb edilməməsi sözügedən qətnamənin tamamilə qanunsuz və əsassız olduğunu və hansısa “maraqlara” əsaslandığını təsdiq edir. Belə olan halda Sumqayıt Şəhər Məhkəməsinin iddiaçının iddiasını mümkün həsab edərək məhkəmə baxışına təyin etməsi və üstəlik müvafiq əsassız qətnaməni qəbul etməsi tamamilə qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinin tələbinə uyğun olaraq, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı idi. Belə ki, həmin maddənin məzmununa əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Lakin hazırki işdən göründüyü kimi, iddia ərizəsi məhkəmə tərəfindən mümkün hesab edilmiş və icraata qəbul edilmişdir. Belə ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Azəbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Hazırki işdə göstərilən qaydaya əməl olunmamış, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Qanunvericiliyin müddəalarına əsasən hazırki iş üzrə torpaq sahələrinin sənədləşdirilməsi üçün məhkəməyə qədər nizamlama qaydası müəyyən olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qətnamədə qanunla nəzərdə tutulan sübutlarla təsdiq dilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Bu hallar da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən qətnamənin apelyasiya aydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin üzrə 22 iyul 2011-ci il tarixli, 2(060)-3161/2011 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3161/2020 saylı, 22 iyul 2011-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, ərizəçinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayət qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarında olan, Sumqayıt Şəhər Bələdiyyəsinin 01 fevral 2008-ci il tarixli qərarında göstərilir ki, “Novxanı” bağları ərazisində sahəsi 600 kv.metr olan rəsmiləşləşdirilməmiş istifadə olunan bağ torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3 maddəsinə əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 25, mənzil 56-da yaşayan vətəndaş Ərizəçi mülkiyyətinə verilib. Torpaq sahəsi İİİ qiymət zonasında yerləşir, 1 (bir) kv.metrinin satış qiyməti 1.80 (bir manat səksən qəpik) manatdır. Satış qiyməti normativ qiymətinə uyğundur. Vətəndaş Ərizəçi tərəfindən 600 (altı yüz) kv.m. torpaq sahəsinin dəyəri 1080 (bir min səksən) manat məbləğində bələdiyyənin hesablaşma hesabına ödənilmişdir. Mülkiyyətə verilmiş bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün ərizə ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər ərazi idarəsinə müraciət etməlidir. İş materiallarında olan 28.01.2008-ci il tarixli qəbzinin kserosurətindən görünür ki, Ərizəçi Sumqayıt Şəhər Bələdiyyəsinin hesabına bağ sahəsinin torpaq alqı-satqı haqqı olaraq 1080 (bir min səksən) manat haqq ödəmişdir. (Qəbz N 1 ). Birinci instansiya məhkəməsi mübahisələndirilən torpaq sahəsi ilə bağlı Ərizəçi 28 yanvar 2008-ci il tarixdə Sumqayıt şəhər Bələdiyyəsinə 1080 (min səksən) manat pul ödəməsini, bələdiyyənin həmin pulu qəbul etməsini, müəyyən edərək ərizəni təmin etmiş, gəldiyi nəticəni də “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 17,21,22-ci MPM-nin 307.1, 307.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırda maraqlı şəxs DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi Ərizəçi ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında torpaq sahələrinin alqı-satqı müqavilələrinin bağlanmış hesab edlməsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə hüquq haqqında mübahisə vardır. Belə ki, maraqlı şəxs ərizəçilərin alqı-satqı müqavilələrinin təsdiq edilməsi, torpaq sahələrinə mülkiyyət hüququnun tanınması üçün təşkilata müraciət etməməsini mübahisələndirmişdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Lakin iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, ərizəçilər mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə ümumiyyətlə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bütün bunlar hazırki iş üzrə hüquq haqqında mübahisənin olduğunu göstərir və belə olan halda, ərizəçilərin ərizəsinə xüsusi icraat qaydasında baxıla bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ərizəçilər hazırki mübahisə ilə bağlı öncə müvafiq orqana müraciət etməli, onun müraciətindən imtina edildikdə həmin imtinanı məhkəmə qaydasında mübahisələndiməlidir. Hazırda iş materiallarından görünür ki, ərizəçi belə bir müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və işdə iştirak edən ərizəçiyə, maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəhər Məhkəməsinin 2(060)-3161/2011 saylı, 22 iyul 2011-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 306.4, 372.1, 372.6, 372.7, 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəhər Məhkəməsinin 2(060)-3161/2011 saylı, 22 iyul 2011-ci il tarixli qətnaməsi ləğv edilsin. Apelyasiya şikayəti qismən təmin edilsin. Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər bələdiyyəsinə qarşı mülkiyyət hüququ üzrə torpaq sahəsinin qanuni sahibliyində olması faktının müəyyən olunması, bələdiyyə qərarının və alqı-satqı aktının etibarlı hesab edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2364/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2364/2021
22.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver