Məhkəmə qərarları › İş №2(105)-237/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-237/2021

08.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-237/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Zaur İkram oğlu Məmmədov və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4 iştirakı ilə Quba Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(027)-219/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(027)-219/2019 saylı qətnaməsi ilə (hakim Z.C.Tahirov) İddiaçı1 və İddiaçı2 Cavabdeh Məmədrza qızına qarşı tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi qismən təmin edilib, Cavabdeh və İddiaçı1 məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 06.04.2017-ci il qeydiyyat tarixli, Seriya RX № ******* saylı Çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,055 ha hissəsindən və İddiaçı2 məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 06.04.2017-ci il qeydiyyat tarixli Seriya RX № ******* saylı çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,032 ha hissəsindən çıxarılması, İddiaçı1 məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 06.04.2017-ci il qeydiyyat tarixli, Seriya RX № ******* saylı Çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş 10.6m x 9.5 m ölçülərlə yarımtikilinin Cavabdeh vəsaiti hesabına sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iş üzrə ekspertiza xərcini təşkil edən 50 manatın Cavabdeh alınaraq X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(027)-219/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı onunla əsaslandırmışlar ki, Quba rayonu Vladimirovka kənd sakini X1 rayon Notariat Kontorunun AN-İ № ******* saylı 11 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Vladimirovka kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,06 hektarını İddiaçı2 və digər 0,06 hektarını İddiaçı1 satmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 06.04.2016-cı il qeydiyyat tarixli Seriya RX № ******* saylı Çıxarış, İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 06.04.2017-ci il qeydiyyat tarixli Seriya RX № ******* saylı Çıxarış almışlar. Tanımadıqları şəxs X3 onlara məxsus torpaq sahələrini zəbt edərək özünə yaşayış evi tikir. Bakı şəhərində yaşadığından və aldıqları torpaq sahələrinə yalnız yay aylarında gəldiyindən cavabdehin onların torpaq sahərini zəbt edərək, yaşayış evi tikməsindən gec xəbərləri olmuş, dəfələrlə cavabdehdən onlara məxsus torpaq sahəsindən çıxmasını tələb etsələr də Səlvinaz Bağırova onları eşitmir və torpaq sahəsindən könüllü olaraq çıxmaq fikrində deyildir. Cavabdeh onların həmin torpaq sahələrinə olan mülkiyyət hüquqlarını məhdudlaşdıraraq, həm maddi, həm də mənəvi ziyan vurur. Ona görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 06.04.2017-ci il qeydiyyat tarixli Seriya RX № ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı2 məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 06.04.2017-ci il qeydiyyat tarixli Seriya RX № ******* saylı Çıxarışa əsasən İddiaçı1 məxsus 0,06 ha torpaq sahəsində cavabdeh X2 özbaşına tikdiyi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdeh X2 onlara məxsus torpaq sahələrindən çıxarılması, torpaq sahələrinin cavabdeh X2 qanunsuz sahibliyindən geri alınaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 27 iyun 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh Məmədrza qızının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edib təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi və vəkili X9 apelyasiya şikayətinə etiraz edib birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil və Kommunal Təsərrüfat Birliyinin 14 saylı Mənzil Kommunal İstismar Sahəsinin 24.05.2018-ci il tarixli, 155 nömrəli arayışından görünür ki, İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi Ərazi Dairəsi üzrə nümayəndəliyin 24.05.2018 tarixli, № 1083 nömrəli arayışından görünür ki, Osmanov X13 qəsəbəsi Cavanşir küçəsi 166 ünvanında yaşayır. 06.04.2017-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı2 adına Quba rayonu, Vladimirovka kəndi ərazisindən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. 06.04.2017-ci il tarixli hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriya ******* nömrəli Çıxarışa əsasən İddiaçı1 adına Quba rayonu, Vladimirovka kəndi ərazisindən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,06 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 yanvar 2018-ci il tarixli, 32653 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı1 RX seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyətinə verilmiş olan 0,06 ha torpaq sahəsinin 0,055 ha hissəsinin və İddiaçı2 RX seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyətinə verilmiş olan 0,06 ha torpaq sahəsinin 0,32 ha hissəsinin faktiki olaraq istifadə edildiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən mişar daşından inşa olunmuş 10.6m x 9.5 m ölçülərdə olan yarımtikilinin İddiaçı1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 31 may 2021-ci il tarixli, 2- 1(105)-290/2021 saylı qərarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 17/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Quba rayonu Gülüstan sovxozunun 05.08.1996-cı il tarixli 33 saylı əmrinə dair 01.11.2017-ci il tarixli 1911-1912 saylı Arxiv çıxarışlarına əsasən Vladimirovka kəndi ərazisindən Cavabdeh ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb Cavabdeh adına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 31 may 2021-ci il tarixli, 2-1(105)-290/2021 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-17/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu Vladimirovka kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı2 və hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriya ******* nömrəli çıxarışa əsasən Quba rayonu Vladimirovka kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmiş, iddiaçılar torpaq sahələrinə mülkiyyət hüququnu həyata keçirə bilməmiş, Cavabdeh iddiaçılara məxsus torpaq sahəsinin 0,055 ha hissəsini və 0,032 ha hissəsini faktiki istifadə etmiş, həmçinin Cavabdeh İddiaçı1 məxsus 0,06 ha torpaq sahəsində mişar daşından 10.6m x 9.5 m ölçülərlə yarımtikili tikmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X11 X7 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 241.1 və 241.2-ci maddələrinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsi mülkiyyətçi olmasa da, əmlaka sahiblik hüquqlarını mülkiyyət hüquqları kimi qeyd edir. Həmin Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh verdiyi apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(027)-219/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar