Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2370/2020 23.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı1 Tapdıq qızının vəkili və nümayəndəsi X2, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı1 Tapdıq qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4660/2019 saylı qətnaməsindən İddiaçı1 Tapdıq qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 Tapdıq qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. (hakim C.B.Məmmədov) Qətnamədən narazı qalan İddiaçı1 Tapdıq qızı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4660/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3980/2019 saylı qətnaməsi ilə İddiaçı1 verdiyi apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı1 Tapdıq qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsinin təmin edilməsi, İddiaçı1 Tapdıq qızının xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə cavabdehlərə məxsus Sumqayıt şəhəri X12 sağ tərəfində, Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisi ilə üzbəüz 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-1824/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı1 Tapdıq qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı övladı ilə birlikdə cavabdehlərə məxsus Sumqayıt şəhəri, X12 sağ tərəfində, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi ilə üzbəüz 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 Tapdıq qızı tələbini bununla əsaslandırmışdır ki, o, cavabdehlərdən Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha girmiş və birgə nikahdan xx.xx.2016-cı il tarixdə Firuzə adlı uşaqları doğulmuşdur. Rəsmi nikah bağlandığı gün el adəti ilə cavabdehə məxsus Sumqayıt şəhəri X12 sağ tərəfində, Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisi ilə üzbəüz 2 mərtəbəli, mansardlı fərdi yaşayış evinə gəlin köçmüşdür. Valideynləri tərəfindən ona verilmiş cehiz əşyalarını fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşdirməklə orada cavabdehlərlə ümumi təsərrüfat aparmışdır. Sonradan Cavabdeh1la münasibətləri pisləşmiş və aralarındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018ci tarixli, 2(060)-490/2018 saylı qətnaməsi ilə ləğv edilmişdir. Məcburiyyət qarşısında qalaraq mübahisəli evdən çıxaraq öz valideyinlərinin evinə qayıtmışdır. Hazırda uşağı ilə birlikdə müvəqqəti olaraq həmin ünvanda yaşayır. Maddi imkanı olmadığından kirayə ev tutub yaşaya bilmir. Ona görə də, onun azyaşlı övladı ilə birlikdə cavabdehlərə məxsus mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı1 Tapdıq qızı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12,13,14, 30-cu maddələrinin və Azərbaycan Respublikası MPM-nin 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Məhkəmə iddianı rədd edərkən mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 aid olması və tərəflərin ümumi təsərrüfat ilə idarə edilməsi müəyyən edilməmişdir, halbuki məhkəmə iclasında qarşı tərəfin vəkili də təsdiq etmişdir ki, o, 5 aylıq hamilə vaxtınadək məhz mübahisəli evin 2-ci mərtəbəsində yaşamış, birgə təsərrüfat idarə etmişdir. Bundan başqa, məhkəmə ona istinad etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi cavabdehlərə deyil, bələdiyyənin qərarı ilə Telman Quliyev adlı başqa şəxsə verilmişdir. Lakin T.Quliyev bu torpaq sahəsinə dair hüquqlarını cavabdehlərdən Cavabdeh3 50 il müddətinə etibar etmiş, bu barədə ona etibarnamə vermişdir. Mübahisəli evin faktiki sahibinin kim olmasından asılı olmayaraq o, həmin evə köçürülməlidir. Cavabdehlərin nümayəndəsi bildirmişdir ki, guya onlar bu T.Quliyevə məxsus evdə kirayəçi qismində yaşayırlar. Cavabdehlər 50 il müddətinə kirayəçi qismində bu evdə yaşayırlarsa, bu zaman o da, cavabdehlər kimi həmin müddətə orada yaşamağa razıdır. Bundan başqa, yeni Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək nikah ləğv edildikdən sonra mənzildən istifadə hüququnun itirilməsinə toxunmuşdur, halbuki onun tələbi istifadə hüququnun tanınması barədə deyil, qanunsuz tikintiyə köçürülmə barədədir. Bundan başqa, məhkəmə qeyd edilən maddənin birinci hissəsinə istinad etsə də, nədənsə ikinci hissəsindən sükutla keçmişdir. Ona görə də, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 Tapdıq qızının vəkili və nümayəndəsi X3 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil şikayətlə razılaşmadı və qətnamənin qanuni olduğunu bildirib şikayətin təmin edilməməsini, iş üzrə çıxarılmış qətnamənin isə dəyişdirilmədən saxlanmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu tarixli, 2(060)-1048/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 və İddiaçı1 arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikah münasibətlərindən doğulmuş xx xxxxxx 2016-cı il təvəllüdlü Firuzənin anasının himayəsində saxlanması müəyyən edilmiş və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment müəyyən olunmuşdur. Yenə iş materiallarında olan Sumqayıt şəhər Bələdiyyə Şurasının xx xxxxxxxx 2004cü il tarixli, 129 saylı qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri 11-ci mikrorayonla üzbəüz olan ərazidə X6 1200 m2 bağ torpaq sahəsi ayrılmış və torpaq sahəsinin mövqe planı tərtib edilmişdir. Yenə də işdə olan Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxxxx 2010-cu il tarixli etibarnamədən görünür ki, X1 şəhər Bələdiyyə Şurasının xx xxxxxxxx 2004-cü il tarixli, 129 saylı qərarı ilə ona ayrılmış 1200 m2 torpaq sahəsinin 450 m2 hissəsinə və həmin ərazidə tikilmiş fərdi yaşayış evinə dair bütün idarə etmək və sərəncam vermək hüquqlarını 50 il müddətinə Cavabdeh3 etibar etmişdir. İş materiallarında olan Mənzil Kommunal Təsərrüfat Birliyinin 15 Saylı Mənzil Kommunal Sahəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş 42, 43 və 44 saylı arayışlardan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cəlilov X8 şəhəri, 13-cü məhəllə, ev 28, mənzil 23 ünvanında qeydiyyatdadırlar, lakin həmin ünvanda yaşamırlar. Yenə iş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 11-ci mikrorayon üzrə 4 saylı Məhəllə Komitəsinin verdiyi 768 saylı, xx.xx.2019-cu il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Cəlilov X8 şəhəri, Çerkassi küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. İşdə olan Sumqayıt Bələdiyyəsinin xx xxxxxxx 2020-i il tarixli, 2949 saylı məktubundan görünür ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının xx xxxxxxxx 2004-cü il tarixli, 129 saylı iclasının qərarı ilə Sumqayıt şəhərinin 11-ci mikrorayonu ilə üzbəüz ərazidə yerləşən sahəsi 1200 kvadrat metr olan torpaq sahəsi bağ sahəsi kimi X4 mülkiyyətinə deyil, icarəsinə verilmişdir. Bu səbəbdən onunla Sumqayıt Bələdiyyəsi arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanılmamışdır. Eyni zamanda, X4 icarəsinə torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər Bələdiyyə Şurasının xx xxxxxxxx 2004-cü il tarixli, 129 saylı iclasının qərarının və onun qəbul edilməsinə əsas olmuş sənədlərin bələdiyyədə saxlanılan nüsxələri saxlama vaxtı keçmiş arxiv sənədləri ilə birlikdə Dövlət Arxivinin Sumqayıt şəhər filialına təhvil verildiyindən, həmin qərarın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi mümkün deyildir. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə Ali Məhkəmənin mülki kollegiyasının göstərişlərini nəzərə alaraq, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli,Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4660/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı1 Tapdıq qızı ilə Cavabdeh1 xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahdan xx.xx.2016-cı ildə Firuzə adlı qızları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, xx xxxxxx 2016-cı il təvəllüdlü Firuzənin anasının himayəsində saxlanması müəyyən edilmişdir İşdən görünür ki, İddiaçı1 nikahdan sonra Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisi ilə üzbəüz 2 mərtəbəli fərdi yaşayış evinə gəlin gəlmiş, burada bir müddət yaşamış, lakin münasibətlər pisləşdikdən sonra uşağı ilə birlikdə oranı tərk etmişdir. Hazırda İddiaçı1 Tapdıq qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı övladı ilə birlikdə cavabdehlərə məxsus Sumqayıt şəhəri, X12 sağ tərəfində, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi ilə üzbəüz 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia edir ki, mübahisəli ev cavabdehlərə məxsusdur və buna görə də o, həmin evə köçürülməlidir. İş materiallarından göründüyü kimi, Sumqayıt şəhər Bələdiyyə Şurasının xx xxxxxxxx 2004-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri 11-ci mikrorayonla üzbəüz olan ərazidə X6 1200 m2 bağ üçün torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. X10 xx xxxxxxxx 2010-cu il tarixli etibarnamə ilə həmin torpaq sahəsinin 450 m2 hissəsinə və həmin ərazidə tikilmiş fərdi yaşayış evinə dair bütün idarə etmək və sərəncam vermək hüquqlarını 50 il müddətinə cavabdehlərdən Cavabdeh3 etibar etmişdir. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, həmin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cəlilov X8 2 şəhəri, 13-cü məhəllə, ev 28, mənzil 23-də qeydiyyatda olsalar da, T.Quliyevə ayrılmış torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. Hər şeydən əvvəl, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli yaşayış evinin hüququ statusu müəyyən edilməlidir. Daha öncə qeyd edildiyi kimi mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi barədə T.Quliyevin adına ilkin torpaq ayırma sənədi olsa da, nə həmin torpaq sahəsi, nə dəyaşayış evi daşınmaz əmlakın dövlət reyrestrində qeydiyyata alınmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasəniddiaçıəşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, X4 mübahisəli evə “qanuni gözləntiyə” malik hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının qanunvericiliyində özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə istifadə hüququnun tanınması və həmin evlərə köçürülmə ilə bağlı hüquq normaları mövcud olmadığından məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından araşdırılmalı və hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşdən göründüyü kimi, tərəflər xx.xx.2015-ci ildə rəsmi nikah münasibətlərinə girmişlər. “AR Mülki Məcəlləsinin 228.5-ci və AR Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarına əsasən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Başqa sözlə, məhkəmə kolegiyası hesab edir ki, hazırki mübahisə AR Konstitusiya Məhkəməsinində mövqeyinə uyğun olaraq Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci Fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır. İşin hallarından göründüyü kimi, mübahisə predmeti olan yaşayış evi bələdiyyə tərəfindən T.Quliyevə ayrılmış torpaq sahəsində inşa edildiyindən, həmin ev şəhərsalma qaydalarına və tikinti normalarına zidd inşa olunmadığı, həmin tikilinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmadığı halda, qeyd edilən evə münasibətdə sonuncunun gözlənti ilə mülkiyyət hüquqları yarana bilər. İş materiallarından isə görünür ki, İddiaçı1 Tapdıq qızı ilə mübahisəli evə dair gözlənti hüququna malik X10 arasında heç bir qohumluq əlaqəsi yoxdur. Belə olan halda, onun heç bir qohumluq bağı olmayan şəxsə məxsus mübahisəli evə köçürülməsi barədə iddiası da təmin edilə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və sadalanan normaların tələblərinə uyğundur. Məhkəmə kollegiyasının qənaətinə görə mənzil münasibətlərindən doğan bu tipli əmlak mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan məhkəmə presedenti yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını nəzərə almaqla iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda cavabdeh İddiaçı1 Tapdıq qızı apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizə kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər öz təsdiqini tapmadığı kimi, daha öncə şərh olunan hallara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. İşin hallarından görünür ki, mübahisəli evə dair hüquqlar cavabdehlərə deyil, T.Quliyevə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4660/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu onun özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4660/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu İddiaçı1 Tapdıq qızının özünə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2370/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2370/2020
23.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver