Məhkəmə qərarları › İş №2(105)-2374/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2374/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2374/2021 14.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-1156/2021 saylı qətnaməsindən İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-1156/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 5948,18 manat əsas borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi Cavabdeh məxsus 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA552217 ban, 0136 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitdən 5948,18 manat əsas borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək “Nikoyl” X2 (İddiaçı) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2014-cü il tarixli, 17-A-1-0-740-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 5948,18 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 25 iyul 2019-cu il tarixə ödənilməmiş 2657,54 manat faiz borcu, həmin günə hesablanmış 1867,98 manat dəbbə pulu, ümumilikdə 10473,70 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçı “Nikoyl” Kommersiya Bankının (İddiaçı) xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA552217 ban, 0136 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, “Nikoyl” X2 (İddiaçı) 6 saylı filialı ilə Cavabdeh arasında 25 iyul 2014-cü il tarixli, 17-A-1-0-740-14 saylı kredit müqaviləsi bağlanmış və iddiaçı müqavilənin 1.5, 1.6 və 1.11-ci bəndlərinə əsasən illik 17% hesablanmaqla 60 aylıq müddətə cavabdehə 14500 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA552217 ban, 0136 mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 25 iyul 2014-cü il tarixli, 17-A-1-0-740-14 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, müqavilənin 2.3-cü bəndinə əsasən tərəflərin razılığı ilə 29000 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA552217 ban, 0136 mühərrik nömrəli, ağ rəngli avtomobilidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən cavabdeh hər ay sabit məbləğdə 361 manat, ümumilikdə isə 21600 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Cavabdeh tərəfindən banka sonuncu ödəniş 27 avqust 2018-ci il tarixdə, 260 manat məbləğində olmuşdur. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Həmçinin Cavabdeh kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Lakin Cavabdeh qeyd edilən Fərmanla nəzərdə tutulmuş güzəştlərdən yararlanmamış, kredit borcunun restrukturizasiya olunması ilə bağlı Fərmanın son icra müddəti olan 30 dekabr 2019-cu il tarixədək banka heç bir müraciət etməmişdir. Borcun ödənilməsi ilə bank tərəfindən cavabdehə dəfələrlə əlavə imkanlar yaradılaraq yeni vaxt verilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəf bu günə qədər banka olan borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Belə olan halda, bank tələbin kreditin təminatı kimi ipotekaya qoyulmuş predmetə yönəltməni tam qanuna uyğun hesab edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız sayır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 5-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyyə edilsin ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682000000,0 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000000,0 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində qeyd edilir banklara tövsiyyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın 6-cı bəndində qeyd edilmiş tövsiyyələrlə bağlı tərəflərindən kredit borcunun restrukturizasiya olunması cavabdehə təklif olunmuş, həmçinin həmin dövr ərzində bank tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərlə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət olunmamışdır. Lakin borclu həmin Fərmanın son icra müddətinədək nəzərdə tutulmuş güzəştlərdən yararlanmamış, kredit borcunun restrukturizasiya olunması ilə bağlı kreditora heç bir müraciət etməmişdir. Tərəflər arasında heç bir güzəştli kredit müqaviləsi imzalanmadığından, həmçinin kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair tərəflərindən məhkəməyə müraciət olunmadığından Fərmanın 6.2-ci bəndində tövsiyyə olunmuş hərəkətlərin icrasına zərurət yaranmamışdır. Bundan başqa, tərəflər arasında kredit borcunun restrukturizasiyası ilə bağlı heç bir müqavlə imzalanmadığından Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbir həyata keçməmiş, bununla da Cavabdeh verilmiş kredit üzrə Fərmanın 5.2-ci bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi nəzərdə tutulmamışdır. Fərmanın 5-ci bəndində qeyd edilən tövsiyyələr restrukturizasiya olunmuş vaxtı keçmiş kredit borcları üçün nəzərdə tutulmuşdur. Həmçinin banklara yatırılan əmanətlərə hesablanan faiz məbləğləri verilmiş kreditlərdən əldə olunan gəlirlər hesabına ödənilir. Yəni, bank verilmiş kreditlərdən əldə olunan gəlirlərin əksər hissəsini əmanətçilərin vəsaitlərinə hesablanmış artım faizinə yönəldir. Məhkəmə tərəfindən faiz və dəbbə pulunun təmin olunmaması bankın gəlirlərinin əldən çıxması ilə yanaşı zərər çəkməsinə də səbəb olur. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ölkədə maliyyə sabitliyinin qorunması, bank sisteminin dayanıqlığının təmin edilməsi və əmanətçilərin bank sisteminə etibarının gücləndirilməsi strategiyası ilə ziddiyyət təşkil edir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv olunaraq iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissələrində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 25 iyul 2014-cü il tarixli, 17-A-1-0-740-14 saylı kredit müqaviləsinin surətindən görünür ki, “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinin 6 saylı filialı tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 17% ödəmək şərti ilə, 14500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan AG 249254 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAEWOO GENTRA” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinin 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2014-cü il tarixli, 17-A-1-0-740-14 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinin 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2014-cü il tarixli, 17-A-1-0-740-14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh mülkiyyətində olan “DAEWOO GENTRA” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti 29000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 25 iyul 2014-cü il tarixli, 123432 saylı “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus “DAEWOO GENTRA” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinin 6 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 26 fevral 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 25 iyul 2014-cü il tarixli, 17-A-1-0-740-14 saylı kredit kredit müqaviləsi üzrə 25 iyul 2019-cu il tarixə əsas borcu 5948,18 manat, faiz borcu 2657,54 manat, cərimə borcu 1867,98 manat, cəmi borcu 10473,70 manatdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 08 oktyabr 2020-ci il tarixli bildirişdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh oğluna məxsus “DAEWOO GENTRA” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsinə dair bildiriş 13 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat-İmtahan şöbəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsi faiz və cərimə borcuna aid hissələrdə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Həmin Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682000 000,0 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməlidir. Fərmanın 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000 000,0 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etməlidir. Fərmanın 6.1-ci bəndinə əsasən bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməlidirlər. Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməlidirlər. Fərmanın 6.3-cü bəndinə əsasən borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görməlidirlər. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tətbiqi ilə bağlı Cavabdeh kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsi bağlanması üçün banka müraciət etmədiyindən cavabdehdən 2657,54 manat faiz borcu və 1867,98 manat cərimə tələb edir. İddiaçının cavabdehdən 2657,54 manat faiz borcu və 1867,98 manat cərimə tələb etməsi Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına ziddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Fərmanda qeyd edilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi, həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000000,0 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulur, qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Belə olan halda Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. Cavabdeh güzəşt olunan borcun dövlət tərəfindən ödənilməsinə etiraz etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstədiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissələrində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissələrində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-1156/2021 saylı qətnaməsi iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar