Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2377/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı tikilinin sökülməsi və digər tələblərinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1924/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1924/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, Koroğlu prospekti, 106 ünvanında yerləşən avtomobil təmiri sexinin arxa hissəsində Cavabdeh3 tərəfindən inşa edilmiş taxta və şifer materiallardan ibarət hasarın sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim E.A.Abdullayev). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1924/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Koroğlu prospekti 106 ünvanında yerləşən avtomobil təmiri sexinin arxa hissəsində yüksək gərginlikli elektrik naqillərinin yaxınlığında yerləşən taxta materiallarının cavabdehlərin hesabına götürülməsi, obyektin yaxınlığından keçən su turbası ilə obyekt arasındakı hasarın cavabdehlərin hesabına sökülməsi və obyektin arxa hissəsindən cavabdehlərin istifadəsinə qadağa qoyulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. . A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmənin qətnaməsini əsassız hesab edir.Qeyd edir ki, X4 iddiaçının əri idi. O, 29 aprel 2016-cı ildə vəfat etmişdir. Sumqayıt şəhər Bələdiyyə Şurasının 24.05.2002-ci il tarixli qərarına əsasən avtovağzal ərazisində onun istifadəsində olan mövcud avtomobillərin təmiri sexinin yan tərəfində avtomobillərə texniki xidmət məqsədilə 32 kv.metr Tikınti-Quraşdırma üçün torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində inşa ediləcək obyektin tikintisi üçün 27.05.2002-ci ildə inşaat pasportu verilmişdir. Sumqayıt şəhər Bələdiyyə Şurasının 30.06.2005-ci ıl tarixli qərarına əsasən Sumqayıt avtovağzalı ərazisində onun tikib istifadə etdiyi istehsal obyektinin yerləşdiyi 273 m2 torpaq sahəsi, Sumqayıt şəhər Bələdiyyə Şurasının 03.03.2006-cı il tarixli qərarına əsasən Sumqayıt şəhəri, Koroğlu prospektində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədilə 274 kv.m torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhəri, Koroğlu prospekti 106 ünvanında yerləşən avtomobil təmiri sexinin arxa hissəsində yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq yüksək gərginlikli elektrik naqillərinin yaxınlığında taxta materiallar yığılmışdır. Cavabdehlər iddiaçının istifadəsində olan obyektin yaxınlığında yaşayırlar. Həmin şəxslər özlərinə məxsus müxtəlif adda tikinti materiallarını obyektin arxa tərəfinə tökərək yanğın təhlükəsi yaradırl və iddiaçının obyektdən təyinatı üzrə istifadəsinə maneçilik törədirlər. Dəfələrlə bu barədə cavabdehlərə və digər aidiyyəti qurumlara müraciət etsə də heç bir tədbir görülməmişdir. Cavabdehlərin obyektin arxa hissəsinə tökdükləri tikinti materialları hər zaman yanğına səbəb ola bilər. Bundan əlavə obyektin yaxınlığından keçən su borusu ilə obyekt arasındakı boş sahəni cavabdehlər hasarlayaraq ona obyektin arxa hissəsinə keçməyə imkan vermirlər. Həmçinin obyektin arxa hissəsinə açılan qapının açılmasını cavabdehlər tam məhdudlaşdırıblar. Bununla bağlı qeyd edir ki, cavabdehlər həqiqətən də natəmizliyə görə iddiaçıya məxsus binanın arxa divarına birləşdirilmiş iki tərəfli hasarı bağlamışdırsa nə üçün orada hin tikmiş və ağaclar əkmişdir. Göründüyü kimi cavabdehlər öz maraqları və məqsədləri üçün həmin hasarı bağlamışdır. Həmçinin qeyd edir ki, bina ilə 1200 diametrlik borunun arasında olan məsafə 1 metr 50 sm-dir. Bundan başqa "xxxx" tərəfindən quraşdırılan kabellərin keçidi heç bir texniki şərtə uyğun deyil. Hər an təhlükə mənbəyidir. iddiaçıya məxsus binanın arxasında 1 metr 50 sm olan məsafədə qaz, kanalizasiya, işıq və su xətti keçir. Arxa tərəfdə olan kameralara həmin ağaclar-tinglər maneə yaradır. Bütün bunlar onu göstərir ki, hər bir cəhətdən həmin hinin və tinglərin olması onların sahibkarlıq və iş fəaliyyəti üçün maneə yaradır. Bundan başqa qeyd edir ki, məhkəmədə də bildirdiyi kimi, onlarla iddiaçının əri arasında da dəfələrlə məhkəmə mübahisəsi və ədavət olmuşdur. Onlar bu gün də bu ədavəti davam etdirirlər Qeyd edir ki, biz iddiada "xxxx"la bağlı bu halı bildirilsə də məhkəmə tərəfindən "xxxx" maraqlı şəxs kimi cəlb edilsə də bu məsələ ilə bağlı hansısa araşdırılma aparılmamış və qətnamədə bu hala hüquqi qiymət verilməmişdir. Məhkəmə qərəzli şəkildə bilərəkdən hüquqlarımı pozan bir qətnamə qəbul etmişdir. "xxxx" tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə ünvanlanan 09 noyabr 2020-ci il tarixli məktubda qeyd olunur ki, dayaqlar və kabel xətləri standartlara uyğun olmayan sex sahiblərinə xətlərin “Qaydalar”ın tələblərinə uyğun yenidən çəkilməsi üçün rəsmi xəbərdarlıq edilmiş və konkret vaxt müəyyən edilmişdir. Yaxınlıqda yerləşən fərdi ev sahiblərinə yüksək gərginlikli elektrik veriliş xəttinin mühafizə zonasında yığdıqları söküntüdən çıxmış taxta parçalarını təcili kənara aparmaq barədə xəbərdarlıq edilmişdir. Hansı ki, onlar özlərinin məsuliyyətinə aid olan məsələni başqa şəxslərin üzərinə atmağa çalışır, məhkəmə bu məktubun olmasına baxmayaraq heç araşdırmadı ki, bu məsələ həqiqətən də kimin məsuliyyət dairəsinə daxildir. Məhkəmə qətnaməsində nə hin, nə ting, nə də ki, kabellərlə bağlı olan məsələlər araşdırılmamış və buna əsalandırma hissəsində ümumiyyətlə toxunulmamışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1924/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1924/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1n, Cavabdeh2, Cavabdeh3, maraqlı tərəf "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində və izahatında birinci instansiya məhkəməsinin qətnaməsini qismən, iddianın təmin olunmamasına dair hissəsində mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissələrdə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin nedilməməli, qətnamə mübahisələndirilən hissədəğdəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Bələdiyyə şurasının 24.05.2002-ci il tarixli qərarı ilə X3 istifadəsində olan avtomobillərin təmiri sexinin yanında avtomobillərə texniki xidmət məqsədilə 32 kv.metr, 03.03.2006-cı il tarixli qərarı ilə 274 kv.metr, 30.06.2005-ci il tarixli qərarı ilə 273 kv.metr tikinti quraşdırma üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsinə ünvanlanmış 28.06.2019-cu il tarixli məktubunda Şamxal Həsənovdan miras qalmış Sumqayıt şəhəri, Koroğlu prospektində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi üçün ayrılmış 274 kv. metr torpaq sahəsinə və tikinti quraşdırma üçün ayrılmış 32 kv.metr və 273 kv.metr torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. Müəyyən edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında İnzibati Komissiyasının qərarı ilə X3 məxsus obyektin arxasında qanunsuz olaraq tikilmiş hasarın sökülməsi qərara alınmışdır. İş materiallarında olan 805922 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 29.04.2016-cı ildə vəfat etmişdir. "xxxx" ASC-nin 84-01-01/403 saylı, 09.11.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, Koroğlu prospekti 106-da yerləşən avtomobil təmiri sexinin arxa hissəsində yüksək gərginlikli elektrik naqillərinin yaxınlığında taxta materiallarının yığılması həmin ərazidə bir neçə obyektə elektrik xətlərinin standartlara uyğun olmayan formada çəkilməsi barədə yaxınlıqda yerləşən fərdi ev sahiblərinə taxta parçalarını təcili kənara aparmaları barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinin 02.11.2020-ci il tarixli,37/H- 00854 saylı və 12.11.2020-ci il tarixli, 37/H-00862 saylı məktublarında göstərilmişdir ki, Sumqayıt şəhəri, Koroğlu prospekti 106-da yerləşən avtomobil təmiri sexinin arxa hissəsində baxış keçirilərək mövcud vəziyyətə dair akt tərtib edilmiş və aşkar nöqsanların aradan qaldırılması üçün Sumqayıt şəhəri Şimal RETŞİ-ə və Sumqayıt şəhər Bələdiyyəsinə məktublar ünvanlanmışdır. Bundan başqa məhkəmə tərəfindən mübahisəli əraziyə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobil təmiri sexinin arxa hissəsində cavabdehlərə məxsus fərdi yaşayış evləri inşa edilmişdir. Həmin evlərdən avtomobil təmiri sexinə qədar olan məsafə təxminən 5-6 metrdir. Fərdi yaşayış evləri ilə obyekt arasında su borusu keçir. Həmin ərazidə iddiaçının qeyd etdiyi taxta materialları aşkar olunmamışdır. Obyektin arxa hissəsində olan fərdi yaşayış evinin hər iki tərəfindən obyektə kimi taxta və şifer materiallarından hasar çəkilərək obyektə birləşdirilmişdir. Yerli baxışda iştirak edən Cavabdeh3 həmin fərdi yaşayış evinin ona məxsus olduğunu bildirərək qeyd etmişdir ki, ev özbaşına tikili olmaqla hər hansı hüquq müəyyənedici sənədi yoxdur, hasarı ona görə çəkib ki, kənar şəxslər onun evi ilə obyekt arasında olan ərazidən müxtəlif məqsədlər üçün istifadə etməsinlər. Məhkəmə hesab etmişdirdir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Müəyyən edilmihşdir ki, Sumqayıt şəhəri, Koroğlu prospekti 106 ünvanında yerləşən avtomobil təmiri sexi iddiaçının mərhum həyat yoldaşı Şamxal Həsənova məxsus olmuşdur. İddiaçı isə Şamxal Həsənovun birinci dərəcəli vərəsəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30.11.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edir. Məhkəmə hesab etmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən hüquqi gözlənti” anlayışı konkret əmlak üzərində şəxsin hazırda mülkiyyət hüququ olmasa da onun həmin hüququ gələcəkdə əldə edəcəyinə dair real gözləntisini nəzərdə tutur. İş materiallarından görünür ki, iddiaçı özü mübahisəli əmlakın mülkiyyətçisi olmasa da həmin əmlak onun mərhum ərinə məxsus olduğundan və həmin əmlak üzərində onun hüquqi gözləntisinin olduğu üçün məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4.). Müəyyən edilmişdir ki, Cavabdeh3 yaşadığı fərdi yaşayış evindən iddiaçıya məxsus avtomobil sexinə qədər taxta və şifer materiallarından hasar çəkərək obyektə birləşdirmişdir. Hasar özbaşına tikilidir və hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır (69.1.). Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir (69.4.). Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: divar hündürlüyünün 0,6 hissəsi; xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi (69.5.). Qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, Cavabdeh3 qeyd edilən hasarı inşa edərək iddiaçıya məxsus obyektlə ara məsafəni pozmuş və hasarı obyektin divarına birləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən hasarın inşa edilməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Bu səbəbdən iddia tələbi hasarın sökülməsi hissəsində təmin edilməlidir. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində obyektin arxa hissəsinə yığılmış taxta materiallarının götürülməsini xahiş etsə də əraziyə baxış keçirilərkən orada hər hansı taxta material aşkar edilməmişdir. İddiaçının nümayəndəsi özü də həmin materialların cavabdehlər tərəfindən götürüldüyünü bildirmişdir. Həmçinin iddiaçı obyektin arxa hissəsindən istifadənin cavabdehlərə qadağan edilməsi barədə tələb irəli sürsə də məhkəmə hesab etmişdir ki, həmin tələb qeyri-müəyyən olmaqla burada hansı istifadədən söhbət getdiyi müəyyən edilmədiyindən iddia həmin hissələrdə təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Müəyyən edilmişdir ki, iddiaçı qətnamənin ləğv edilərək iddiasının tam təmin edilməsini qeyd etsə də apelyasiya şikayətinin əsaslandırıcı hissəsində cavabdeh tərəfindən tikilmiş hinin sökülməsi və əkilmiş tinglərin çıxarılmasını da xahiş etmişdir ki, məhkəmə kollegiyası onun bu dəlillərini əsassız hnesab edir. Belə ki, iddiaçının iddia ərizəsində hinin sökülməsi və tinglərin çıxarılması barədə iddia tələbi qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçının isə hazırkı mülki iş üzrə belə bir tələbi yoxdur. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1924/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2377/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2377/2021
17.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver