Məhkəmə qərarları › İş №2(105)-238/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-238/2025

15.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-238/2025 15.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4445/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun anası X1 ilə birlikdə Abşeron rayonu, X5, bina 44 ünvanında yerləşən 48 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsinə dəqiqiləşdirmə verərək onun Abşeron rayonu, X5, bina 44 ünvanında yerləşən 48 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırması barədə əlavə tədbirlər haqqında” 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamına əsasən internat məktəbindən məzun olduğu üçün o, Abşeron rayonu, X2, 44 saylı binada 48 nömrəli, 1 otaqdan ibarət mənzil ilə təmin olunmuşdur. 01 oktyabr 2021-ci il tarixdən hazırki iş üzrə cavabdeh olan həyat yoldaşı Cavabdeh və uşağı ilə birlikdə həmin mənzildə yaşayırdı. 2022-ci ilin sentyabr ayında Cavabdeh ilə aralarında dava-dalaş olmuş, cavabdeh ona hüquq mühafizə orqanları tərəfindən tutulduğu üçün xəcalət çəkdiyini söyləmiş və o da mənzildən çıxmışdır. Bir müddət sakitlik yaranandan sonra o, mənzilə qayıtmaq istədikdə cavabdeh qapını açmamış və onu mənzilə buraxmamışdır. Hazırda o, yaşlı xəstə anası ilə birlikdə 250 manat kirayə pulu ödəməklə kirayədə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, maddi durumu çox ağırdır, kirayə pulunu ödəməkdə çətinlik çəkir. Onu da bildirir ki, Cavabdeh nikahın pozulması və aliment tələbi ilə bağlı özünün qeydiyyatda olduğu Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iş hazırda sözügedən məhkəmənin icraatındadır. Hesab edir ki, o, yaşlı anası ilə birlikdə dövlət tərəfindən ona verilmiş Abşeron rayonu, X5, ev 44 ünvanında yerləşən 48 saylı mənzilə köçürülməlidir. Bu səbəbdən o, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddia tələbinə qarşı etiraz verərək qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində mübahisəli əmlakın ona məxsusluğunu təsdiqləyən qanuni sənədləri təqdim etməmişdir. İddia ərizəsinə yalnız aktın və məktubun surətləri əlavə olunmuş, lakin bu sənədlər Mülki Prosessual Məcəllənin sübutetmə qaydalarına uyğun şəkildə təqdim edilməmişdir. İddia ərizəsində göstərilən əmlakın iddiaçıya aid olduğunu və əmlak üzərində mülkiyyət hüququnun mövcud olduğunu təsdiq edən heç bir təsdiqləyici sənəd təqdim edilməmişdir. Bu səbəbdən hesab edir ki, iddia ərizəsi formal xarakter daşıyır və əsaslı qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləri və ya etirazlarına istinad etdiyi halların mövcudluğunu sübut etməlidir. Çəkişmə prinsipi və prosessual hüquq bərabərliyi təmin edilmədən prosesin obyektiv şəkildə aparılması mümkün deyildir. İddiaçı mübahisəli əmlakın ona aid olduğunu sübut etməli olduğu halda bu barədə yetərli sübut təqdim etməmişdir. O, iddia ərizəsinə əlavə olunan sənədlərin düzgünlüyünü təsdiq etmək məqsədilə həmin sənədlərin əslinin məhkəməyə təqdim edilməsini xahiş edir. Əgər bu mümkün deyilsə, Mülki Prosessual Məcəlləyə uyğun olaraq sənədlərin elektron formada, QR kodla təsdiqlənmiş və ya PDF formatda yüklənmiş sənəd şəklində təqdim edilməsi tələb edilməlidir. Bu, iddia ərizəsində göstərilən hüquqi əsası təmin etmək üçün vacibdir. Odur ki, yuxarıda qeyd olunan bütün əsaslara görə iddia ərizəsinin əsassız olduğu və tələb olunan sənədlərin təqdim olunmaması səbəbindən o, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4445/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia təmin edilmiş, İddiaçı Abşeron rayonu, X5, bina 44 ünvanında yerləşən 48 saylı mənzilə köçürülməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mənzillərin imtiyazlı şəxsə təhvil verilməsi barədə xx.xx.2021-ci il tarixli aktın surətindən göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamının icrası çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonu, X2 yerləşən birotaqlı mənzil imtiyazlı şəxs İddiaçı təhvil verilmiş, cavabdeh olan həyat yoldaşı Cavabdeh və uşağı ilə birlikdə həmin mənzildə yaşamış, daha sonra cavabdeh ilə aralarında olan münasibətlər pisləşdiyindən iddiaçı mübahisəli mənzili tərk etmiş, sonralar mənzilə qayıtmaq istəsə də Cavabdeh qapını açmamış və iddiaçını mənzilə buraxmamışdır.

7. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 43-cü maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3-cü, 8-ci, 9.1-ci, 9.2.1-ci, 9.2.2-ci, 17.3.2-ci, 68.1-ci, 68.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci, 164.2-ci və 560.3.4-cü maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-4445/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə işin faktiki halları ilə bağlı bir sıra ziddiyyətli məqamlar mövcuddur. Qəbul edilən qərarda iddiaçının mənzilə köçürülmə hüququ təsdiqlənmişdir. Lakin bu qərar əsassızdır, çünki iddiaçı mənzilin ona məxsus olduğunu təsdiqləyən qanuni sənədləri təqdim etməmişdir. Məhkəmə, mənzilin dövlət tərəfindən iddiaçıya təhvil verildiyini qəbul etsə də mənzilin mülkiyyət hüququ və istifadə hüququnun təfərrüatları tam araşdırılmamışdır. Məhkəmə prosesi zamanı tərəfindən təqdim edilən sübutlara, xüsusilə iddia ərizəsinin əsassız olduğunu təsdiqləyən dəlillərə lazımi hüquqi qiymət verilməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən heç bir rəsmi cavab gəlmədən, iddiaçının istifadı hüququnun olub-olmamasını təsdiq edən sənədin olmaması nəzərə alınmadan iddiaçı əsassız qaydada məhkəmə tərəfindən evə köçürülür. Mənzil hüququnun əsassız şəkildə iddiaçıya aid olduğu qəbul edilib. Belə ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Bunun üçün mənzilin sahibi araşdırılmalı olduğu halda araşdırma aparılmadan və sahiblik və ya istifadə hüququnun tanınmasını təmin edən rəsmi sənəd iddiaçı tərəfindən təqdim edilmədən məhkəmə birtərəfli qətnamə qəbul etmişdir. Məhkəmə mənzilin hüquqi statusunu tam araşdırmamışdır. Mənzilin iddiaçıya məxsus olduğunu təsdiqləyən sənədlər təqdim edilməmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərin qanunauyğunluğu yoxlanılmamışdır. İddiaçı tərəfindən təqdim olunan sənədlər qeyrimötəbər və uyğun olmayan sənədlərdir. Məhkəmə faktiki olaraq mənzil üzərində hüquqi sahiblik və istifadə hüququ məsələlərini nəzərə almadan qətnamə qəbul etmişdir. Mənzilin iddiaçıya məxsus olduğu yanlış nəticəyə gəlinmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, internat məktəbinin məzunu olduğundan ona mənzil verilib. Sonradan cavabdehlə arasında mübahisələr yaranmış, cavabdeh onu evə buraxmamışdır. Evə gedəndə ya evdə olmur, ya da evdə olsa da qapını açmır. Bir ildən artıqdır evdən çıxmış, kirayə evdə yaşayır. Qeyri-qanuni hərəkət edib qonşuları narahat etməmək və övladında psixoloji gərginlik yaratmamaq üçün məhkəməyə müraciət etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə bildirdi ki, iddiaçı valideyn himayəsindən məhrum olunmuş şəxs olduğundan mənzil təhvil-təslim aktı ilə ona verilmişdir. Mənzil iddiaçının daimi istifadəsinə verilmişdir. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır.

13. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, himayəsində 03 aprel 2021-ci il təvəllüdlü, erkən yaşlı övladı – X3 vardır. Oğlunun hazırda 3 yaşı var və yaşına uyğun olaraq onun diqqətə və qayğıya xüsusi ehtiyacı vardır. Bu səbəbdən,15 yanvar 2025-ci il tarixdə saat 12:00-da təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcək. Xüsusi olaraq bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işin baxılması zamanı hüquqları kobud şəkildə pozulmuşdur. Mülki Prosessual Məcəllənin tələblərinə uyğun gəlməyən araşdırma aparılmış, qərar qəbul edilərkən qərəzli şəkildə yalnız iddiaçının hüquqları nəzərə alınmış və qətnamə formal əsaslarla əsaslandırılmışdır. Apellyasiya şikayətində göstərilən halları nəzərə alaraq, məhkəmədən xahiş edir ki, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsin. Mülki iş üzrə daha ətraflı və hərtərəfli araşdırma aparılsın. Apellyasiya şikayəti təmin edillərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsini və iş üzrə qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırması barədə əlavə tədbirlər haqqında” 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamının surətindən görünür ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilməsi və bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsinin təmin edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılması barədə sərəncam verilmişdir.

15. Mənzillərin imtiyazlı şəxsə təhvil verilməsi barədə xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamının icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonu, X2 yerləşən birotaqlı mənzil imtiyazlı şəxs İddiaçı təhvil verilmişdir.

16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/2-N-23035/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamının icrası çərçivəsində 01 oktyabr 2021-ci il tarixində Abşeron rayonu, X5, ev 44, mərtəbə 8 ünvanında birotaqlı 48 nömrəli mənzillə təmin olunmuşdur.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

19. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.1. mənzil hüququnun tanınması; 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması. 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri.

108. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir.

20. Mülki Prosessual Məcəllə

13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4445/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırması barədə əlavə tədbirlər haqqında” 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamına əsasən dövlət tərəfindən sosial müdafiə məqsədi ilə iddiaçının əvəzsiz olaraq daimi istifadəsinə verilmişdir ki, bu hal iş materiallarında olan sübutlarla təsdiq olunmuşdur.

23. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil iddiaçının əvəzsiz olaraq iddiaçının daimi istifadəsinə verildiyindən o, mənzilin qanuni sahibi olmaqla, onun həmin mənzildən istifadəsinə hər hansı bir şəkildə maneə onun Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində və Mənzil Məcəlləsində nəzərdə tutulan mənzil hüququnun pozulmasına səbəb olur ki, hazırkı iddianın təmin edilməsi ilə iddiaçının mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyət bərpa olunur.

24. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrdən ibarətdir. Buna görə də apellyasiya şikayəti təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4445/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4445/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4445/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar