Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-239/2023 24.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(060)-5193/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və sonuncunun övladları – xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35H, mənzil 66-dan çıxarılıb mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35H, mənzil 66 onun xüsusi mülkiyyətindədir. Cavabdeh 3 ilə yaxındır ki, uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. Cavabdeh mənzilə qeydiyyata düşmüşdür. Cavabdeh əvvəllər iddiaçının övladı X7 ilə nikahda olmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların aralarında olan nikah pozulmuşdur. Cavabdeh onun mənzilində yaşamasına baxmayaraq onu və mənzildə qeydiyyatda olan ailə üzvlərini mənzilə buraxmır və mənzildə yaşamaqlarına imkan vermir. Cavabdeh qərəzli hərəkətləri ilə onun mülkiyyətindən istifadə etməyə imkan vermir. O, dəfələrlə cavabdehdən mənzili boşaltmasını tələb etmişdir. Lakin, cavabdeh onun sözlərinə əhəmiyyət vermir. Öz mənzili ola-ola o, başqa yerlərdə kirayədə yaşamağa məcbur olmuşdur. Cavabdeh bu hərəkətləri ilə onun mülkiyyət və mənzildən istifadə hüquqlarını kobud şəkildə pozur. Odur ki, cavabdeh uşaqları ilə birlikdə mənzildən çıxarılmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin və uşaqlarının sözügedən mənzildən qeydiyyatdan çıxarılması qət edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş və hazırda şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(060)-5193/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh və sonuncunun övladları – xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X1 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35H, mənzil 66-dan çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 35H saylı evin 66 saylı mənzili xx.xx.2018-ci il tarixdən İddiaçı məxsusdur, cavabdeh iddiaçının keçmiş gəlinidir və iddiaçının övladı X7 ilə cavabdeh arasında olan nikah pozulmuş, cavabdeh mübahisəli yaşayış sahəsində xx.xx.2018-ci il tarixdən sonra məskunlaşmışdır. Cavabdehin mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Məhkəmə AR Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki,o, xx.xx.2007-ci ildə iddiaçının oğlu X7 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan iki övladı var: 11 iyun 2008-ci il təvəllüdlü X6 və 12 may 2009-cu il təvəllüdlü X5. Məhkmənin qətnaməsi ilə rəsmi nikah 2021-ci ildə pozulmuşdur. 3 ildən çoxdur ki, mübahisəli mənzildə qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Mübahisəli mənzildə istifadə hüququ var. Lakin iddiaçı ona qarşı əsassız iddia qaldırmış və məhkəmə də heç bir araşdırma aparamdan iddia tələbini təmin etmişdir. Himayəsində iki uşağı var və uşaqları ilə həmin ünvanda yaşayır, yaşayacaq başqa yeri yoxdur. İddiaçı ona 65000 manat kompensasiya verərsə mənzildən qeydiyyatdan çıxmağa razı olar. Əks halda iddia tələbi ilə razılaşmır və qətnamədən narazıdır. Belə ki, hazırkı mənzil məhz onun keçmiş əri ilə birlikdə birgə nikah dövründə əldə etdiyi mənzilin satışından əldə olunmuş pul vəsaiti ilə alınıb. Həmin mənzil 120 000 manata satılıb və hazırkı mənzil 140 000 manata alınıb. Satılan mənzil həyat yoldaşının adına olmuşdur. Yuxarıda qeyd etdiyi kimi hazırkı mənzildə yaşayış hüququ var. Məhkəmə iş üzrə obyektiv araşdırma aparmamışdır. Ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh keçmiş gəlinidir. Oğlu ilə boşanıblar. Ona görə də ona məxsus mənzildən çıxmalıdırlar. Çünki yaşamağa başqa yeri yoxdur. 2 otaqlı evdə yaşayırdı, 3 otaqlı evi gəlinə və uşaqlara vermişdi. 2 otaqlı ev oğlunun, 3 otaqlı ev onun adına idi. 2 otaqlı evi 20000 manata satıblar. Ev ipotekadadır. Qalan borcu evi alan adam ödəyəcək. Oğlu ilə boşananda 2 otaqlı evə keçməyi gəlinə təklif etsə də, razılaşmadı. Cavabdeh oğlu ilə boşanıb. Nə tələbi varsa, oğluna yönəltsin. O, öz əmlakını tələb edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(060)-5193/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı AR Mənzil Məcəlləsi 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası DİN-nin ******* №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 35H saylı evin 66 saylı mənzilində qeydiyyatdadır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2021-ci ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 471 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 35H saylı evin 66 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4961/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh arasında 27 aprel 2007-ci il tarixdə bağlanmış 598 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 11 iyun 2008-ci il təvəllüdlü X6 və 12 may 2009-cu il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalması və xx.xx.2021-ci il tarixdən başlayaraq X3 11 iyun 2008-ci il təvəllüdlü X6 və 12 may 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1007/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh və onun azyaşlı övladları 11 iyun 2008-ci il təvəllüdlü X6 və 12 may 2009-cu il təvəllüdlü X1 İddiaçı məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanda yerləşən 35H saylı evin 66 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunmuşdur. İş materiallarından müəyyən edilir ki, mübahisəli Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 35H saylı evin 66 saylı mənzil xx.xx.2018-ci il tarixdən İddiaçı mülkiyyətindədir, cavabdeh iddiaçının keçmiş gəlinidir, iddiaçının oğlu X7 ilə cavabdeh arasında olan nikah 2021-ci ildə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Cavabdeh mübahisəli yaşayış sahəsində xx.xx.2018-ci il tarixdən sonra məskunlaşmışdır. Bununla da müəyyən edilir ki, mübahisəli mənzilə dair tərəflər arasında münasibətlər 2018-ci ildən yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər xx.xx.2018-ci il tarixində (iddiaçının adına mübahisə predmeti olan yaşayış sahəsinə dair çıxarış verildiyi, cavabdehin məskunlaşdığı tarixdən) yarandığından mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qərarda göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Hazırki işdən görünür ki, cavabdeh iddiaçının oğlunun keçmiş arvadı olmuş, onlar arasındakı nikah 2021-ci il tarixdə pozulmuşdur. Bununla da müəyyən edilir ki, hazırki işdə cavabdeh mülkiyyətçidən özünün saxlanılmasını tələb etmək hüququ olmayan şəxsdir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1007/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh və onun azyaşlı övladları 11 iyun 2008-ci il təvəllüdlü X6 və 12 may 2009-cu il təvəllüdlü X1 İddiaçı məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanda yerləşən 35H saylı evin 66 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyatının olması onun həmin evə dair hər hansı hüquqlarını müəyyən etmir. Bundan başqa məhkəmə kollegiyası cavabdehin hazırki mənzilin keçmiş ərinin adına olan mənzilin satılmasından əldə olunan pul məbləğinə alınmasına dair dəlilinə qiymət verərək qeyd edir ki, cavabdeh qeyd etdiyi dəlili təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdehin digər dəlili, 65000 manat kompensasiya verilməsi qarşılığında mənzildən çıxacağına qiymət verərək qeyd edir ki, hazırda cavabdehin mübahisəli mənzilə hər hansı hüququ olmadıığından onun kompensasiya tələb etmək hüququ da yoxdur. Bundan başqa cavabdehin iddiaçıdan kompensasiya tələb etmək hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia isə yalnız mülkiyyətçi tərəfindən qaldırıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(060)-5193/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(060)-5193/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-239/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-239/2023
24.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver