Məhkəmə qərarları › İş №2(105)-2392/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2392/2021

07.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2392/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı nümayəndəsi X2, Cavabdeh və nümayəndəsi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(027)-915/2021 saylı qərardadından iddiaçının nümayəndəsi İ.C.Hüseynovun verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(027)-915/2021 saylı qərardadı ilə (hakim İ.A.Məmmədov) İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdən torpaq payının naturada ayrılması tələbinə dair 2(027)-915/2021 nömrəli mülki iş üzrə icraat, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssi rəyinin verilməsi barədə edilmiş müraciətə cavab alınanadək dayandırılmışdır. İddiaçının nümayəndəsi İ.C.Hüseynov şikayət verib, Quba Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(027)-915/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(027)-915/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, torpağa mülkiyyət hüququna dair JN- 1549, KOD 30319018 saylı Dövlət Aktına əsasən 1.39 ha olan ümumi mülkiyyətdə olan bağ torpaq sahəsinin payına düşən 0.2316 ha hissəsinə yol saxlanılmaqla ümumi torpaq sahəsinin cənub və qərb kənarındakı başlanğıc nöqtəsindən şimaldan cənuba doğru 80 m; cənubdan qərbə doğru 29 metr, qərbdən şimala doğru 80 metr, şimali qərbdən- şərqə doğru 29 metr olmaqla naturada ayrılması və 10 (on) manat dövlət rüsumun tutularaq ona verilməsu barədə qətnamə çıxarmağı xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçının nümayəndəsi İ.C.Hüseynov şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 31 may 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İ.C.Hüseynov şikayəti müdafiə edib, təmin olunmasını xahişç etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və nümayəndəsi Ə.Cavabdeh şikayətə etiraz edib, təmin olunmamasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması barədə nəticəyə gəldikdə hesab etmişdir ki, iş üzrə tələb “Torpağa mülkiyyət hüququna dair JN-1549, KOD 30319018 saylı Dövlət aktına əsasən 1.39 ha ümumi paylı mülkiyyətdə olan bağ torpaq sahəsindən iddiaçının torpaq payının naturada ayrılmasının təmin olunmasından ibarətdir. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin parametrlərinin müəyyən edilməsi və qeyd olunan torpaq sahəsinin cavabdehlərin istifadə etdikləri torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən bununla bağlı mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası nəzərə alır ki, iddia tələbinin Azərbaycan Respublikası MPM-nin 254 və 255-ci maddələrində nəzərdə tutulmuş əsaslar olmadan iş üzrə icraatın dayandırılması əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 254.1.1-254.1.6-cı maddələrinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə, tərəf fəaliyyət qabiliyyətini itirərsə, iddiaçı, yaxud cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi əməliyyatlarında olduqda, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qərarının tanınması və icra edilməsi haqqında ərizə olarsa və məhkəmə bu məcəllənin 13.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etdikdə hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 255-ci maddəsində iş üzrə icraatın dayandırılması üçün əsaslar göstərilmişdir. Həmin maddənin 255.0.1-255.0.7-ci bəndlərinə əsasən tərəf Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və başqa silahlı birləşmələrində çağırış üzrə hərbi xidmətdə olduqda və ya digər dövlət vəzifəsini yerinə yetirməyə cəlb edildikdə, tərəf uzunmüddətli qulluq ezamiyyətində olduqda, tərəf müalicə müəssisəsində olduqda, bu Məcəllə ilə nəzərdə tutulan hallarda cavabdeh axtarıldıqda, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda, xarici dövlətlərin məhkəmələrinə məhkəmə tapşırığı göndərildikdə və qəyyumluq və himayəçilik orqanının iş üzrə rəy verməsi tələb olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Qeyd olunan maddələrin dispozisiyasından göründüyü kimi məhkəmə tərəfindən işə baxılarkən iş üzrə hakimin işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatın dayandıra bilməsi hüququnun olması şərtləri göstərilmişdir. Lakin hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi məqsədi ilə mütəxəssis rəyinin alınması zamanı iş üzrə icraatın dayandırılması əsası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apelyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(027)-915/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 11 iyun 2021-ci il tarixli, 2(027)- 915/2021 saylı qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdən torpaq payının naturada ayrılması tələbinə dair iddia ərizəsinin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının nümayəndəsi İ.C.Hüseynovun verdiyi şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(027)-915/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 11 iyun 2021-ci il tarixli, 2(027)-915/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdən torpaq payının naturada ayrılması tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar