Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2393/2023 25.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi –apellyasiya şikayətinin geri qaytarılması, müddət keçib, müddətin bərpası barədə ərizə rədd) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4142/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 MMCdən şubalarının dəyəri olan 300000 manatın, 200000 manat maddi zərərin, 300000 manatlıq dövriyyədəki əşyalarını əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi 168000 manat faydanın, mənəvi zərərə görə isə 2000 manatın alınaraq iddiaçıya ödənməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(060)-4142/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri 105 (bir yüz beş) manatın İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir.
3. Bu qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, e-2(060)-4142/2023 saylı qərardadı ilə (apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətin keçməsi ilə verilməsi əsası ilə) geri qaytarılmışdır.
4. Bundan sonra iddiaçının nümayəndəsi Nümayəndə 28 noyabr 2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, işlərin çoxluğu və qətnamənin elektron kabinetə yerləşdirimə tarixini texniki olaraq səhv qeyd etdiyindən üzürlü səbəbdən şikayət müddətini ötürmüşdür. Göstərilənlərə əsasən vəsatət təmin edilməlidir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e-2(060)-4142/2023 saylı qərardadı ilə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli e-2(060)-4142/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətinin bərpası barədə ərizə təmin edilməmişdir.
7. Sözügedən qərardaddan iddiaçı şikayət vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e-2(060)-4142/2023 saylı qərardadının ləğv edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli e-2(060)-4142/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətinin bərpası barədə ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmənin bu iş üzrə 11 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış və şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsinin qətnamədən şikayət verilmə müddətinin üzrlü hesab edilməsinin işin çoxluğu və qətnamənin elektron kabinetə yerləşdirimə tarixini texniki olaraq səhv qeyd etdiyi barədə dəlil ərizənin təmin edilməsinə əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə ərizədə göstərilən xüsusatların müddətin bərpası üçün üzrlü hesab edilməsinə əsas görməmiş, ona görə də ərizənin təmin edilməməsini qanuna müvafiq hesab etmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 133.1, 360, 363.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
11. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin müddətin bərpasından imtina etməsi barədə mövqeyi əsassız və qanunsuzdur. Belə ki, mübahisələndirilən qətnamədən şikayət yalnız bir gün ötürülmüş, süründürməçilik və uzatma xarakteri daşımamışdır. Bununla yanaşı məhkəmənin vəkilin iş yükünün çox olmasını və texniki səhv etməsini anlayışla qarşılamaması qulluq mövqeyindən istifadədən başqa bir şey deyil. Hazırki iş üzrə məhkəmənin bu qədər operativ, tələsik araşdırma aparması və qəbul etdiyi qətnamə və qərardadları da dərhal tərtib edərək kabinetə yerləşdirməsi də kifayət qədər şübhəlidir. İddiaçı vəkil ilə yalnız birinci instansiyada hüquqlarını müdafiə etmək üçün müqavilə bağladığından və qanunvericiliyin tələbinə əsasən qətnamə tərəflərə rəsmi qaydada təqdim edilməli olduğundan, iddiaçıya sözügedən qətnamə və qərardadlar göndərilmədiyindən onun həmin qərardadlardan xəbəri olmamışdır. Belə olan halda iddiaçının narazı qaldığı aktdan şikayət verməsi kimi hüquqları məhdudlaşdırılmamalıdır. Qətnamədən şikayət vermə müddəti yalnız bir gün ötürülməklə ədalətsizlik və qərəzlilik nümayiş etdirilmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin:
MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.1. Prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.1. Həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 363.1.3 Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Maddə 398.0.3. apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e-2(060)-4142/2023 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
16. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir.
18. Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(060)-4142/2023 saylı qətnaməsi 20 oktyabr 2023-cü il tarixdə tərəflərin «elektron kabinetinə» yerləşdirilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçı tərəf 21 noyabr 2023-cü il tarixdə elektron kabinet vasitəsilə qətnamədən apellyasiya şikayəti vermişdir. Bundan sonra yuxarıda sadalanan ardıcıllıqla müəyyən olunduğu kimi məhkəmə apellyasiya şikayətini müddətin ötürülməsi ilə verilməsi əsası ilə geri qaytarmış, habelə sonuncu tərəfindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpası barədə ərizəni təmin etməmişdir.
19. Məhkəmə kollegiyası iş materiallarını bir-biri ilə əlaqəli şəkildə araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır.
20. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı tərəf sözügedən məhkəmə qətnaməsindən ilk vaxtdan apellyasiya şikayəti vermək hüququndan istifadə etmək istəsə də, sonda elektron kabinetdən istifadə ilə yaranmış çətinliklərlə əlaqədar olaraq qanunvericiliyin tələblərinə tam riayət edə bilməmiş, texniki səbəblərdən 1 gün vaxt itkisinə yol vermiş, bu səbəbdən də prosessual müddəti özündən asılı olmayaraq üzürlü olaraq ötürmüşdür.
21. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin iddiaçı tərəfindən üzürsüz səbəbdən ötürülməsi qənaətinə gələrək, apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti bərpa etməməklə əsassız nəticəyə gəlmiş və işin yuxarıda qeyd olunan ziddiyyətli hallarına diqqət yetirməmişdir.
22. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, əlavə vaxt itkisinin qarşısının alınması və prosessual qənaət prinsipi baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.
23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası beıə qənaətə gəlir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e-2(060)-4142/2023 saylı qərardadı ləğv edilməli, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4142/2022 nömrəli qətnaməsindən “apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi” barədə verilmiş vəsatət təmin olunaraq, apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.3, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e-2(060)-4142/2023 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4142/2022 nömrəli qətnaməsindən “apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə” iddaçı tərəfindən verilmiş vəsatət təmin edilsin. Apellyasiya şikayəti qeydə alınaraq icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.