Məhkəmə qərarları › İş №2(105)-2395/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2395/2021

09.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2395/2021 09.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsindəki payların natura qaydasında bölünməsi tələbinə dair iddiası üzrə Quba Rayon Məhkəməsinin 2(027)- 183/2021 saylı, 27 may 2021-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarışa əsasən Quba rayonu, Girdah kəndi ərazisindən yerləşən 4,207 ha torpaq sahəsindən onlara düşən payın müəyyən edilməsi və onlara düşən torpaq sahəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Quba Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(027)- 183/2021 saylı qətnaməsi iddia təmin edilməmişdir. Qeyd olunan qətnamə ilə razı olmayan İddiaçı1 20 may 2021-ci il tarixdə apelyasiya şikayəti və apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə vermişdir. Quba Rayon Məhkəməsinin 2(027)-183/2021 saylı, 27 may 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə təmin edilməmişdir. (hakim R.Həsənov) Qeyd olunan qərardadla razı olmayan İddiaçı1 Quba Rayon Məhkəməsinin Məhkəməsinin 2(027)-183/2021 saylı, 27 may 2021-ci il tarixli qərardadının ləğv olunmasını və qətnamədən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. İddiaçı1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(027)-183/2021 saylı qətnaməsini 29.03.2021ci il tarixində almamışdır, “poçt göndərişinin verilməsi haqqında xəbəmamə”dəki imza ona məxsus deyildir. Quba Rayon Məhkəməsinin qəbul etdiyi 04.03.2021-ci il tarixli, 2(027)-183/2021 saylı qətnaməsindən şikayət verilməsi üçün müəyyən edilmiş 1 (bir) aylıq müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməli, buraxılmış prosessual müddət bərpa edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-183/2021 saylı 04.03.2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia ərizəsinin təmin olunması və onun payının natura qaydasında bölünməsi barədə yeni qətnamə qəbul edilməlidir. Quba Rayon Məhkəməsinin Məhkəməsinin 2(027)-183/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı İddiaçı1 şikayəti müdafiə edib izahatında bildirdi ki, hüquqi savadsız olduğundan müddət məsələsində bilməyərək səhlənkarlıq etmişdir. Lakin bu, onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olmamalıdır. Onu yeganə dolanışıq yeri olan torpaq sahəsindən məhrum etmək istəyirlər. Əgər qətnamə qanunidirsə, gələcəkdə bu akt ləğv olunmayacaqdır, beləliklə də qətnaməyə apelyasiya qaydasında baxılması heş kəsin hüququnu pozmur, əksinə mübahisə apelyasiya baxışına çıxarılmasa, onun mülkiyyət hüquqları pozulacaqdır. Savadsız olduğundan qətnamədən vaxtında apelyasiya şikayəti vermək müddətini keçirmişdir. Məhkəmə kollegiyasının iclasında digər İddiaçı2 da şikayəti müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və iddiaçıların izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-183/2021 saylı, 27 may 2021-ci il tarixli qərardadı ləğv edilməli, həmin məhkəmənin 04 mart 2021-ci il tarixli, 2(027)- 183/2021 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi müddəti bərpa edilməlidir. İş materiallarının 58-ci vərəqində olan poçt bildirişinin xəbərnaməsindən məlum olur ki, Quba Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(027)- 183/2021 saylı qətnaməsinin surəti 29 mart 2021-ci il tarixdə İddiaçı1 rəsmi qaydada təqdim edilmiş, onun apelyasiya şikayəti isə məhkəməyə 20 may 2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 227.3-cü maddəsinə əsasən, məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Yenə də həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşin tədqiq edilən hallarından görünür ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi rəsmi qaydada əldə edilsə də, qətnamədən 1 ay ərzində nəzərdə tutulmuş müddət ərzində apelyasiya şikayəti verilməmişdir. Buna görə də iddiaçı buraxılmış müddətin bərpası barədə ərizə vermişdir. Azərbaycan Respublikası MPM-in 133-cü maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunan normalardan da görünür ki, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması barədə iddiaçının gətirdiyi səbəbləri əsaslı və üzrlü saymaq olar. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə 26.04.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Sadalanan hallara istinadən məhkəmə kollegiyası hesab edir ki, ədalət mühakiməsinə inamı qorumaq, işin kollegial tərkibdə obyektiv araşdırılmasını təmin etmək üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməlidr. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin iş üzrə iddiaçıların birlikdə torpaq payları müəyyən edilərkən cəmi 1,202 ha (0,601x 0,601) olacağı halda onların paylarının naturada ayrılmasının mümkünsüzlüyü barədə məhkəmənin gəldiyi nəticənin təkrar yoxlanılmasına ehtiyac olduğunu da nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263-264, 357, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı1 şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-183/2021 saylı, 27 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(027)- 183/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən apelyasiya şikayətinin verilmə müddəti bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar