Məhkəmə qərarları › İş №2(105)-2396/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2396/2021

13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2396/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(027)-1271/2021 saylı qərardadından Ərizəçi şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(027)-1271/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Rahim Həsənov) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunması qərara alınmış, Ərizəçi qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Quba rayonu, Amsar kəndində yaşamış 1922-ci il təvəllüdlü atası - X5 27 avqust 1990-ci ildən 22 oktyabr 2010-cu ilə kimi və 1925-ci il təvəllüdlü anası - X2 1995-ci ildən 09 oktyabr 1998-ci ilə kimi qulluq göstərməyi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Quba rayonu Amsar kəndində yaşamış 1922-ci il təvəllüdlü atası - X5 10 yanvar 1995-ci ildən 22 oktyabr 2014-cü ilə kimi və 1925-ci il təvəllüdlü anası - X2 1995-ci ildən 09 sentyabr 1998-ci ilə kimi qulluq göstərməyi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, əlil və xəstə, başqa şəxsin köməyinə ehtiyacı olan atasına və anasına qulluq göstərmiş, bu səbəbə görə də heç bir yerdə işləyə bilməmişdir. Hazırda pensiya təyin edilməsi üçün sosial sığorta stajı az olduğundan həmin qulluq göstərdiyi müddətin sığorta stajı kimi sayılması üçün DSMF-nin Quba rayon şöbəsinə müraciət etmiş, lakin bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. O, valideynlərinə qulluq göstərməyi faktının təsdiq edilməsini xahiş edir. Belə olan halda faktın müəyyən edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilməz. İnzibati məhkəmələrin məhkəmə icraatı qaydasında baxdığı işlərin sırasında qulluq göstərilməsi faktı ilə bağlı heç bir müddəa yoxdur. Belə olan halda, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəyə mülki qaydada Quba Rayon Məhkəməsində baxılmalıdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması və mülki iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi şikayətdə göstərilənlərə uyğun izahat verdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X4 məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, mülki iş ərizənin icraata qəbulu məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edərkən ərizəçinin ərizəsində tələb kimi qoyulmuş atası və anasına qulluq göstərməyi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məsələsinin Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətinə aid olmasına və ərizəçinin əslində Dövlət Sosial Müdafiə Fondunun hərəkətini mübahisələndirməməsinə, habelə hazırki tələbə aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalı olmasına istinad edərək gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 153.2.1 və Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinin tələbinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsindən görünür ki, Ərizəçi tələbləri Quba rayonu Amsar kəndində yaşamış 1922-ci il təvəllüdlü atası - X5 10 yanvar 1995-ci ildən 22 oktyabr 2014-cü ilə kimi və 1925ci il təvəllüdlü anası - X2 1995-ci ildən 09 sentyabr 1998-ci ilə kimi qulluq göstərməyi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədədir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndinə görə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 14-cü bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Hazırki iş üzrə ərizəçi qulluq etmə müddətinin aktla təsdiq olunması barədə qeyd edilən komissiyaya müraciət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəçinin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunması barədə qanuni nəticəyə gəlsə də, yuxarıda qeyd edilənləri nəzərə almamış, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtinanın əsaslarını düzgün müəyyən etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş ərizənin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi şikayəti qismən təmin edilsin. İş üzrə Quba Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(027)-1271/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş ərizənin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar