Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-24/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2616/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Cavabdeh adına xx.xx.2020-ci ildə verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, qanunsuz olaraq inşa edilən tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyini nəzərə alaraq Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 9600 kvadrat metr torpaq sahəsi istehsal və kommersiya sahələri tikintisi məqsədilə iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsini cavabdeh qanunsuz olaraq zəbt etmiş və çıxarış almışdır. Həmin torpaq sahəsinin cavabdehin adına hansı əsasla rəsmiləşdirilməsi iddiaçıya məlum deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2616/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməsi, qanunsuz olaraq inşa edilən tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsindən çıxarılmaya dair mülki iş üzrə iddia tələbi təmin edilməmişdir (hakim Elmir Hüseynov) İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2616/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni əsaslarla əsaslandırmışdır. Cavabdeh nümayəndəsi (etibarnamə əsasında xx.xx.2023-cü il tarixə qədər səlahiyyətli olmuş) və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz tədim edərək qeyd etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi 1993-cü ildə Sumqayıt şəhər Texniki İnvertarlaşdırma bürosunun pasportuna əsasən xx.xx.1992-ci il tarixli, torpaq sahəsinə 3567 nömrəli icazəyə müvafiq olaraq Sumqayıt şəhəri, 11 -ci mkr ərazisində “A” 101 nömrəli qaraj kimi mülkiyyət hüququ əsasında cavabdehin mərhum atası X5 adma dövlət qeydiyyatına alınmışdır.1993-cü ildən başlayaraq cavabdehin atası həmin qarajdan təyinatına uyğun istifadə etmişdir. Cavabdehin atası xx.xx.2007-ci il tarixdə vəfat etdikdən sonra qeyd edilən qaraj Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun xüsusi notariusu X6 tərəfindən xx.xx.2017-ci ildə 2V-736 nömrəli reyestrlə təsdiq etdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və yenə həmin notariusun xx.xx.2017-ci ildə 3M-908 nömrəli reyestrlə təsdiq etdiyi miras payının bağışlama müqaviləsinə əsasən Sumqayıt TİB tərəfindən 1993-cü ildə X7 verilmiş texniki pasporta əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən, ümumi sahəsi 45.24 kv.m. olan qaraj vərəsəlik və pay bağışlama qaydasında cavabdehin adına qeydə alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 14 sentyabr 2017-ci il tarixdə inventar nömrəsi 32561 olan qaraja dair Daşınmaz Əmlakın texniki pasportu verilmişdir.Daha sonra cavabdeh xx.xx.2018-ci il tarixdə qarajın yerləşdiyi torpaq sahəsinin fərdi ev tikintisi məqsədilə onun adına sənədləşdirilməsi üçün Sumqayıt Bələdiyyəsinə müraciət etmişdir. Müraciətə əsasən Sumqayıt Bələdiyyəsi tərəfindən qeyd olunan torpaq sahəsinə dair mövqe planı hazırlanaraq torpaq sahəsinin mülkiyyətə ayrılmasına dair rəyin verilməsi üçün xx.xx.2018-ci il tarixdə 623 nömrəli məktubla Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə müraciət edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin tərtib etdiyi torpaq sahəsinin mövqe planına əsasən qarajın yerləşdiyi Sumqayıt şəhəri 11A mkr ərazisində fərdi ev tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan yer quruluşu, təssərüfat planına və baş plana uyğun olan 344.0 kv.m torpaq sahəsinin mülkiyyətə ayrılmasına razılıq verilməsi barədə xx.xx.2018-ci il tarixli, 34 nömrəli Rəy verilmişdir.Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvan verilən, Daşınmaz Əmlakın Reyestr nömrəsi **********88, qeydiyyat nömrəsi **********, sahəsi 0.0344 ha olan qarajın yerləşdiyi qeyd edilən torpaq sahəsinə dair cavabdehə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir.Qeyd olunanlardan göründüyü kimi cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsi tam qanuni əsaslar nəticəsində əmələ gəlmişdir, bu səbəbdən iddiaçının mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi iddiası tam əsassız və qanunsuzdur, tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbləri isə mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi tələbindən asılı olduğuna görə həmin tələblər də əsassız və qanunsuzdur.Cavabdeh hazırda yuxarıda qeyd edilən və mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə aşağıdakı kimi əsaslandırılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyini nəzərə alaraq Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 9600 kvadrat metr torpaq sahəsi istehsal və kommersiya sahələri tikintisi məqsədi ilə İddiaçı ayrılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X9 vərəsələri X4, Cavabdeh, X2 Könül Əli qızı və X8 onlar miras əmlakdan 1/5 hissədə pay almalıdırlar. İş materiallarında olan xx.xx.2017-ci il tarixli miras payın bağışlama müqaviləsinin surətindən görünür ki, X4, X11, X13 və X8 onlara düşəm miras paylarını Cavabdeh bağışlamışlar. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Nürəddin Babayev küçəsi 47-də yerləşən 0,0344 hektar torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdur. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 10 nömrəli qərarından görünür ki, Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Ərazi şöbəsinin rəylərini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** №-li xx.xx.2018-ci il tarixli çıxarışını, arayışını, torpaq sahəsinin plan və ölçüsünü nəzərə alaraq Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 11A mikrorayon ərazisində sahəsi 344 (üç yüz qırx dörd) kv.m. olan həyətyanı torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı və 23-cü maddələrinə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 30, mənzil 6-da qeydiyyatda olan vətəndaş Cavabdeh mülkiyyətinə ayrılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Sumqayıt Bələdiyyəsi Sumqayıt şəhəri, Nürəddin Babayev küçəsi 47-də yerləşən 0,0344 hektar torpaq sahəsini 787,76 manat Cavabdeh satmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni mahiyyət etibarı ilə əsaslı hesab etməklə, iddianın rədd edilməli olmasını aşağıdakı hüquqi mövqeyi ilə əsaslandırır. Belə ki, işə apellyasiya qaydasında baxılarkən İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməsi, tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraat Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı 05 sentyabr 2018-ci il tarixli qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmış, Sumqayıt İnzibati Məhkəməsinin sözügedən iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(118)-81/2023 nömrəli qərardadı qanuni qüvvəsini aldığından iş üzrə icraat təzələnmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-81/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “cavabdehin 05 sentyabr 2018-ci il tarixli, 10 nömrəli protokol (Cavabdeh ayrılmış 344 kv.m. torpaq sahəsinə aid) qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin təyin etdiyi tikinti-texniki ekspertizaya uyğun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-3592/2023 nömrəli mütəxəssis rəyindən məlum olmuşdur ki, İddiaçı adına ayrılmış 9600 kv.m. torpaq sahəsi ilə xx.xx.2018-ci il tarixində Sumqayıt Bələdiyyəsinin qərarı ilə Cavabdeh adına ayrılmış 344 kv.m. torpaq sahəsinin faktiki koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları uyğunluq təşkil edir.Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində **********88 reyestr nömrəsi ilə vətəndaş Cavabdeh adına qeydiyyata alınmışdır. Elektron kadastr bazasında məhkəmə predmeti olan torpaq sahəsinin faktiki koordinatlarının yoxlanması zamanı məlum olmuşdur ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hər hansı torpaq sahəsi ilə üst-üstə düşmür.Həmçinin bildirilir ki, İddiaçı adına məhkəmə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış hər hansı torpaq sahəsi mövcud deyildir. Yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsi və çıxarış alması halı təsdiq olunmur. Azərbaycan Respublikas Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2616/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-24/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-24/2024
29.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver