Məhkəmə qərarları › İş №2(105)-2400/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2400/2020

01.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2400/2020 01.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və cavabdeh X3 nümayəndəsi Məlikov Qədir Firdövsi oğlunun iştirakları ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-10/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-10/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı cavabdeh X4 qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, həmin fərdi yaşayış evinə və torpaq sahəsinə gediş gəliş yolu üzərindəki müdaxilələrin cavabdehə qadağan edilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ona məxsus Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən (0,6663 ha) istifadəyə cavabdeh X5 tərəfindən yönəlmiş maneələrin aradan qaldırılması, həmin torpaq sahəsi və kəndin ümumi gediş gəliş yolu üzərindəki müdaxilənin Cavabdeh qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Qızmeydan kəndi ərazisində ona və ailəsinə məxsus fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vardır. Şamaxı rayonu Qızmeydan kəndində yerləşən fərdi yaşayış evi və 0,6663 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Torpaq sahəsinin qarşısında tarixən baş planla bütün kəndin istifadə etdiyi yol keçir. Bunu evinin texniki pasportundan da müəyyən etmək olar. Cavabdeh qanunsuz olaraq həmin yolun üzərində fərdi yaşayış evi tikmək üçün hazırlıqlar edir. Cavabdeh yolun kənarına torpaq sahəsinin qarşısına daş tökərək evinin bünövrəsini tökmüş və bunun nəticəsində torpaq sahəsinə dağdan gələn sel-sularının kənara axıdılması üçün çəkdirdiyi drenaj (arx) tamam yararsız hala düşmüşdür. Torpaq sahəsinin önü cavabdehin qazıntıları səbəbindən keçilməz bataqlığa çevrilmişdir. Dəfələrlə cavabdehdən bu qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, cavabdeh öz qanunsuz əməllərini davam etdirir. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən də göründüyü kimi cavabdeh yüksək gərginlikli işıq dirəyi basdırılan yeri qazdıraraq tikilisi üçün özül tökmüşdür. Torpaq sahəsini müdafiə etmək üçün çəkdirdiyi arx tamam yararsız hala düşmüş, torpaq sahəsindən istifadə və yola texnikanın giriş-çıxışı qeyri mümkün olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri üzündən Qızmeydan kəndinin ortasında blokadada qalmışlar. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, iş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının Qızmeydan kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2014-cü il tarixli arayışından görünür ki, Kəlbəcər rayon sakini X10 direktiv orqanlara ünvanlandığı ərizələrdə bildirmişdir ki, Qızmeydan kəndində X7 məxsus olan 0,12 ha torpaq sahəsinin çəpərlənməsinə imkan verilmir. Lakin Şamaxı rayonu Qızmeydan kəndində X6 adına heç bir torpaq sahəsi yoxdur, qeyd etdiyi torpaq sahəsi Qızmeydan kənd sakini Cavabdeh adınadır. Həmin torpaq sahəsi yolun kənarında yerləşir və bu sahədən yüksək gərginlikli elektrik xətti keçir. Həmin sahədə hələlik heç bir tikinti işi aparılmamışdır, aparılsa da icra nümayəndəliyi tərəfindən müdaxilə olunacaqdır. Qeyd edilənlərlə sübuta yetirilir ki, Şamaxı rayon Qızmeydan kənd Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 saylı qərarı ilə Cavabdeh torpaq sahəsi ayrılarkən normativ qaydalar pozulmuşdur. Qətnamədən göründüyü kimi, iddia ərizəsində, Şamaxı rayon Qızmeydan kənd Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 saylı qərarının və onunla bağlı digər sənədlərin də etibarsız hesab edilməsi tələbi qoyulmuşdur. Onun mövqeyi ilə Şamaxı rayon İcra Hakimiyyəti başçısının Qızmeydan kənd X12 üzrə nümayəndəliyinin mövqeyi üst-üstə düşür. Mübahisə predmetinin yerləşdiyi ərazidə oxşar mübahisə üzrə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2015-ci il tarixli, 09/T-884 saylı Ceyhun Mustafa oğlu Topçubaşova ünvanlanmış məktubun surətindən görünür ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Qızmeydan kənd X12 üzrə nümayəndəsinin arayışı, Qızmeydan bələdiyyəsinin sədri İrşad Zərbəliyevin, kənd sakinləri Xudaverdi Hüseynovun və Arif Muxtarovun izahatlarına əsasən məlum olmuşdur ki, ona məxsus evin qarşısındakı küçə bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadədədir, həmin ərazi hər hansı şəxsə satılmamış, küçə yolunun kənarında basdırılmış dəmir borular çıxarılaraq bu barədə xx.xx.2015-ci il tarixdə akt tərtib edilmişdir. Onun evinin qarşısındakı ümumi istifadədə olan torpaq sahəsinin nə üçün bələdiyyə tərəfindən satıldığı məlum deyildir. Qətnamədə öz əksini tapan İcra Hakimiyyəti başçısının Qızmeydan kənd X12 üzrə nümayəndəliyinin xx.xx.2014-cü il tarixli arayışında qeyd olunur ki, mübahisəli sahədə hələlik heç bir tikinti işi aparılmamışdır, aparılsa icra nümayəndəliyi tərəfindən müdaxilə olunacaqdır. Göründüyü kimi, Şamaxı İcra Hakimiyyəti başçısının nümayəndəsinin mövqeyi yerli bələdiyyənin mövqeyi ilə üst-üstə düşmür. Şamaxı İcra Hakimiyyəti başçısının Qızmeydan kənd X12 üzrə nümayəndəsi işə cəlb edilməmişdir. Hüquqi savadsızlığı nəticəsində iş üzrə məhkəmə tikinti-ekspertizasının təyin edilməsi barədə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(074)-1124/2018 saylı qərardadını ekspert qarşısında qoyulmuş suallarla bağlı mübahisələndirə bilməmişdir. İş üzrə ekspertiza təyin edilərkən ilk növbədə mübahisəli ərazi üzrə Şamaxı rayon Qızmeydan kənd Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 saylı qərarının əsaslı olubolmaması ilə bağlı ekspert qarşısında sual qoyulmalı idi. İşə apellyasiya qaydasında baxılarkən təkrar ekspertizanın təyin edilməsini xahiş edir. İddia tələbində qeyd etdiyi kimi, mübahisə predmeti olan sahə kənd sakinləri tərəfindən istifadə olunan ümumi yola aiddir və cavabdehin istifadəsinə verilməməlidir. Bundan əlavə, həmin torpaq sahəsində axar sular üçün xüsusi kanal (drenaj) var idi. Cavabdeh həmin kanalı ləğv etmiş, nəticədə axar sular onun həyətyanı sahəsinə axmağa başlamışdır. Suların onun torpaq sahəsinə axması nəticəsində həyətyanı sahəsi və evi yararsız vəziyyətə düşür, ona maddi ziyan dəyir. Mübahisə predmeti olan torpaq-yol sahəsi onun torpaq sahəsindən bir metrdən cox hündürlükdə yerləşir. Bu torpaq sahəsi cavabdeh X4 verilərkən Şamaxı rayon Qızmeydan kənd Bələdiyyəsi iddia ərizəsində göstərilən və iş materiallarında olan faktları nəzərə almamışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsininləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X3 nümayəndəsi Məlikov Qədir Firdövsi oğluməhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər X5 və Şamaxı rayon Qızmeydan bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh X5 məhkəmə iclasına gəlmədiyindən, cavabdeh Şamaxı rayon Qızmeydan bələdiyyəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndində0,6505 ha torpaq sahəsi və həmin toroaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən fərdi yaşayış evi İddiaçı adına 238 inventar nömrəsi, **********22-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış, texniki pasport xx.xx.2016-cı il tarixdə tərtib olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Qızmeydan Bələdiyyəsinin xx xxxx 2012-ci il tarixli, 08 saylı qərarından çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndi ərazisindən X4 0,12 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının Qızmeydan kənd X12 üzrə nümayəndəsi tərəfindən Şamaxı rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, Kəlbəcər rayon sakini X10 direktiv orqanlara ünvanladığı ərizələrdə bildirmişdir ki, Qızmeydan kəndində ona məxsus olan 0,12 ha torpaq sahəsinin çəpərlənməsinə imkan verilmir. Lakin Şamaxı rayonu, Qızmeydan kəndində onun adına heç bir torpaq sahəsi yoxdur. Onun qeyd etdiyi torpaq sahəsi Qızmeydan kənd sakini X3 adınadır. Həmin torpaq sahəsi yolun kənarında yerləşir və yüksək gərginlikli elektrik xətti keçir. Həmin sahədə hələlik heç bir tikinti işi aparılmayıb, aparılsa icra, nümayəndəliyitərəfindən müdaxilə olunacaqdır. İş materiallarından görünür ki, Şamaxı rayon Qızmeydan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 saylı qərarı ilə X4 1200 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək xx.xx.2012-ci il tarixdə Dövlət Torpaq Kadastrı kitabında 198 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzi tərəfindən Topçubaşov Ceyhun Mustafa oğluna ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubun surətindən görünür ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Qızmeydan kənd X12 üzrə nümayəndəsinin arayışı, Qızmeydan bələdiyyəsinin sədri İrşad Zərbaliyevin, kənd sakinləri Xudaverdi Hüseynovun və Arif Muxtarovun izahatlarına əsasən məlum olmuşdur ki, ona məxsus evin qarşısındakı küçə bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadədədir, həmin ərazi hər hansı şəxsə satılmamış, küçə yolunun kənarında basdırılmış dəmir borular çıxarılaraq bu barədə xx.xx.2015-ci il tarixdə akt tərtib edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 23112 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2019-cu il tarixli, **********14 saylı mütəxəssis rəyinə əlavə edilmiş sxemin məlumatlarına, eləcə də X4 məxsus torpaq sahəsinin plan ölçü sənədində qeyd olunan koordinatlara və baxış zamanı müəyyən edilmiş məlumatlara əsasən Şamaxı rayonu Qızmeydan kəndində yerləşən İddiaçı və iş üzrə cavabdeh X4 məxsus torpaq sahələrinin ayrı-ayrılıqda və bir-birindən aralı yerləşdiyi, həmçinin X5 tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə hər hansı bir müdaxilə olunmadığı müəyyən edilmişdir. X4 aid A- 412133 nömrəli plan ölçü sənədində qeyd olunan koordinatlarla faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında hər hansı uyğunsuzluq müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 23112 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2019-cu il tarixli, **********14 saylı mütəxəssis rəyinə əlavə edilmiş sxemin məlumatlarına, eləcə də X4 məxsus torpaq sahəsinin plan ölçü sənədində qeyd olunan koordinatlara və baxış zamanı müəyyən edilmiş məlumatlara əsasən Şamaxı rayonu Qızmeydan kəndində yerləşən İddiaçı və iş üzrə cavabdeh X4 məxsus torpaq sahələrinin ayrı-ayrılıqda və bir-birindən aralı yerləşdiyi, həmçinin X5 tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə hər hansı bir müdaxilə olunmadığı müəyyən edilmişdir. X4 aid A-412133 nömrəli plan ölçü sənədində qeyd olunan koordinatlarla faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında hər hansı uyğunsuzluq müəyyən edilməmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə keçirilmiş ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 23112 saylı rəyi ilə tam təkzib olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-10/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar