Məhkəmə qərarları › İş №2(105)-241/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-241/2024

05.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-241/2024 05.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs X7 cəlb olunmaqla) qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinin boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2, üçüncü şəxs X3 iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3817/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil-Kommunal sahəsinin 655 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 5-ci mikrorayon, ev 134, yataqxana 8/12, mənzil 42 ünvanında yaşayır. Mənzil bir otaqlıdır, sahəsi 11 kv.metrdir. Mənzil beş mərtəbəli evin 3-cü mərtəbəsində yerləşir. Mənzilin daxil olduğu sektor dövlətdir. Mənzilin sahibi Cavabdeh2, ailə üzvləri isə 3 nəfər – Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dur.

2. Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 may 2023-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məlumatından görünür ki, ünvan 2 1995-ci ildə inşa olunmuş və hal-hazırda Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır.

3. 05 may 2023-cü il tarixli Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X11 şəxsində bundan sonra kirayədar bir tərəfdən və bundan sonra kirayəçi adlanan vətəndaş X7 digər tərəfdən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 272 saylı sərəncamı əsasında şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin iştirakı ilə müqavilə bağladılar. Kirayədar kirayəçiyə və onun ailə üzvlərinə ünvan 3, mənzil 67-də yaşayış sahəsi 50.22 kv.m olan 3 otağı müddətsiz istifadə üçün vermişdir.

4. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2023-cü il tarixli, 272 nömrəli sərəncamından görünür ki, X2 vəfatı ilə əlaqədar onun 2 dərəcəli əlil kimi xx.xx.1990-cı il tarixdən yaşayış yeri üzrə mövcud olan mənzil uçotu həmin tarixdən mərhumun arvadı X3 adına keçirilməsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 22 oktyabr 2015-ci il tarixdə verilmiş 200 saylı sərəncamına düzəliş və əlavə edilərək yaşayış sahəsi 50.22 kvadrat metr olan 3 otaqlı ünvan 3-də yerləşən 67 saylı mənzil vətəndaş X3 4 nəfərdən ibarət tərkibinə təqdim edilməsi və həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanması əmr edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladı Cavabdeh3 Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı binanın 67-ci mənzilindən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı bina 1995-ci ildə inşa olunmuş və Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin balansındadır. Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladı Cavabdeh3 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 8/12, otaq 4-də qeydiyyatdadırlar. Uzun müddət orada yaşamışlar. Lakin, yaşadıqları 4 saylı otağın şəraitsiz və darısqal olması səbəbindən ev almaq istəmişlər. Bununla əlaqədar Cavabdeh1 şifahi məlumatına görə 20 saylı Mənzil Kommunal Sahəsində işləyən qardaşı 48-ci məhəllə ərazisində 8 saylı binada boş otağın olmasını bildirmişdir. Bu səbəbdən həmin ərazinin Mənzil Kommunal Sahəsinin rəisi X12 yanına getmiş və onunla razılaşaraq ünvan 3 ünvanındakı 67 saylı 3 otaqlı mənzili almışdır. Həmin otağı 2 ay müddətinə təmir edərək ailə üzvləri ilə birlikdə qeyd olunan ünvana köçmüş və mənzilə dair heç bir hüquqi sənədləri yoxdur. Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı evin, 67-ci mənzili Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 272 saylı sərəncamı və xx.xx.2023-cü il tarixli müqaviləsi ilə X7, övladı X8, övladı X4 və nəvəsi X9 verilmişdir. Hal-hazırda Bəndəliyeva Şəfiqə həmin ünvana Mənzil qeydiyyatına alınmışdır. Adı çəkilən mənzil Cavabdeh1 və ailə üzvləri tərəfindən zəbt edildiyi üçün Bəndəliyeva Şəfiqə mənzilə köçə bilmir. Bu səbəbdən o, dəfələrlə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə gələrək otağın boşaldılmasını tələb etmişdir. Lakin, Cavabdeh1 onlar tərəfindən xəbərdarlıq edilsə də otağı boşaltmaqdan imtina etmişdir.

7. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “yaşayış sahəsinin boşaldılmasına dair” iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, həmin mübahisəli mənzil cavabdehlər tərəfindən özbaşına zəbt olunmamışdır. Belə ki, cavabdehlərə həmin mənzil məhz iddiaçı olan Birliyin rəhbərinin göstərişi əsasında verilmiş və bildirilmişdir ki, həmin mənzildə 2019cu il tarixə kimi qaçqın ailəsi yaşamış və hal-hazırda mənzil boşdur. Amma yaşayış üçün yararsızdır. Təmirə ehtiyacı vardır. Bundan sonra iddiaçı Birliyin əməkdaşı tərəfindən mənzil cavabdehlərə göstərilir və cavabdehlər Birlik əməkdaşının dediyi şərtlərlə razılaşaraq mənzili tam şəkildə əsaslı təmir etdirmişdir. (təmirə təxminən 20000 manat xərc çəkilmişdir) 2022-ci ilin avqust ayında mənzilə köçüb yaşamağa başlayırlar. Bu müddət ərzində Birliyin əməkdaşından mənzilin onlara aid olması barədə sənəd tələb etsələr də, hər dəfəsində əməkdaş bildirmişdir ki, narahat olmayın, yaşamağa davam edir, sənədləşmə aparılacaqdır. Bütün bu olanlardan Birliyin rəhbəri Hüseyn Həsənovun şəxsən məlumatı olmuşdur. Lakin sonradan cavabdehlərə məlum olur ki, iddiaçı nəinki tək cavabdehlərə həm də başqa digər şəxslərə də eyni qayda ilə mənzillər paylayaraq etibardan sui-istifadə edib, aldatmışdır. Bundan sonra aldadılan vətəndaşlar tərəfindən aidiyyatı dövlət orqanlarına şikayətlər olunur və şikayətlər əsasında hal-hazırda AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılmaqdadır. Onun tərəfindən həmin araşdırmanın vəziyyəti barədə məlumat almaq üçün AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə sorğu verilmişdir. Qeyd edir ki, bu məlumatı əldə etmək üçün məhkəmənin də sorğu verməsi məqsədəmüvafiqdir. Yuxarıda adı çəkilən birliyin əməkdaşı İdarəyə dəvət olunmuş və izahatı alınmışdır. Cavabdehlərin dediyinə görə iddiaçı Birlik tərəfindən onlara binanın qəzalı vəziyyətdə olması barədə məlumat da verilmişdir. Bu səbəbdən də həmin binanın həqiqətən qəzalı vəziyyətdə olub-olmaması, həmin binada olan mənzillərə icarə müqaviləsinin bağlanması və vətəndaşlara verilməsi mümkündürmü, mübahisəli mənzilin Şəfəq Bəndəliyevaya verilməsi əsasları vardırmı, əgər vardırsa, bu əsaslar nədən ibarətdir kimi hallar tam araşdırılmaılıdır. Eyni zamanda hesab edir ki, məhkəmə X5 maraqlı tərəf kimi üçüncü şəxs qismində işə cəlb etməlidir. Bütün bu göstərilənləri dəqiqləşdirmək üçün hesab edir ki, məhkəmə hazırlıq iclası təxirə salınmalıdır. Məhkəmə hazırlıq iclasında, əvvəlcədən təyin olunmuş başqa məhkəmə iclası ilə əlaqədar iştirak edə bilməyəcəkdir. Məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməsinə və hazırlıq iclasının təxirə salınmasına etiraz etmirlər.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3817/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladı Cavabdeh3 Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı binanın 67-ci mənzilindən çıxarılması və həmin mənzilin boşaldılması, iddianın verilməsinə görə 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Aynur Behbudova).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 43-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.1, 153.2, 155.1, 157.1, 157.2, 157.4, 337.1, 337.3, 337.4-cü maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3, 17.1, 17.2, 91.1.1, 91.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 119.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3817/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, tərəflərin çəkişmə prinspinə əməl etməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəblə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya qaydasında ləğv edilməli və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmalıdır. İddiaçı ilə üçüncü şəxs X3 arasında bağlanmış əqd, yəni icarə müqaviləsi bağlandığı andan etibarsızdır. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında həmin müqavilə bağlananda həmin mənzildə cavabdehlər yaşayırdı və bundan həm iddiaçının, həm də üçüncü şəxs X3 xəbəri olmuşdur, həmçinin cavabdehlərin mübahisəli mənzili təmir etdirdiklərindən də məlumatlı olmuşlar. Bu hal bir daha təsdiq edir ki, iddiaçı üçüncü şəxs X7 ilə mübahisəli mənzilə kirayə müqaviləsi bağlaya bilməzdi, çünki müqavilə bağlanarkən mənzil mübahisəli idi. Birinci instansiya məhkəməsi işin bu halına da düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iddia tələbini təmin etsə də qətnaməsini təmin olunma hissəsində əsaslandırmamış, ümumiyyətlə bu hissəyə münasibət bildirməmişdir. Məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Mülki işin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2023-cü il tarixli, “272” saylı sərəncamından görünür ki, hazırkı mübahisəli mənzil göstərilən sərəncam əsasında X3 istifadəsinə verilmiş və Bəndəliyeva ilə müvafiq müavilənin, yəni “dövlət mənzil fondu yaşayış sahəsinin kirayəyə verilməsi” müqaviləsinin bağlanması öhdəliyini iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə həvalə etmişdir. İşdə olan bu sarəncamdan açıq şəkildə görünür ki, mənzilin mülkiyyətçisi dövlət olduğundan onun barəsində sərəncam vermək hüququq da məhz Sumqayıt şəhər İcra Hakimiyyətinə məxsusdur. Belə olan halda Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi mübahisəli mənzil barəsində birbaşa sərəncam vermək səlahiyyətində olmadığından hazırkı iddia tələbi ilə də çıxış edə bilməzdi, yəni Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin bu halına düzgün hüquqi qiymət verməmiş, ilk iddiaçını əsl iddiaçı ilə əvəz etməli olduğu halda bunu etməmiş və nəticədə istinad olunan prosessual normanın tələbini pozmuşdur.X1 üçüncü şəxs qismində işə cəlb etməli olduğu halda bunu da etməmişdir. Məhkəmə tərəflərin məsuliyyətini müəyyən etməmişdir. Digər tərəfdən məhkəmə işin hallarına yuxarıda göstərilən prosessual hüquq (AR MPM 54.1-ci maddəsi) tətbiq etməli olduğu halda bunu etməmiş nəticədə göstərilən prosessual normanın tələbini pozmuşdur. Yəni tərəflər arasında yaranmış hüquq münasibətini düzgün müəyyən edə bilməmişdir. İşin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətə iddiaçının subyektiv hüququnun olub-olmamasını müəyyən edən hüquq normalarının tələblərini tətbiq etməli olduğu halda bunu etməmişdir. Məhkəmə tərəfləri yetərincə dinləməmiş, tərəflərin dəlillərini lazımınca araşdırmamış, sadəcə tərəflərin nümayəndələrinin vermiş olduqları izahatlarla kifayətlənmiş, cavabdehlərin sübutlarının araşdırılmasında, şahidlərinin dindirilməsində maraqlı olmamış, nəticədə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə “Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2023-cü il tarixli, “272” saylı sərəncamının və həmin sərəncam əsasında bağlanmış kirayə müqaviləsinin” ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunmuş, iddia ərizəsi icraata götürülmüş və bu işə baxılıb qurtarana qədər hazırkı işin icraatının dayandırılması barədə vəsatət verilmiş, lakin məhkəmə heç bir hüquqi əsas olmadan vəsatəti təmin etməmişdir. Halbuki, vəsatət təmin olunmalı idi, çünki Sumqayıt İnzibati Məhkəməsinə verilmiş iddia tələbi hazırkı iddia tələbi ilə birbaşa əlaqəlidir və Sumqayıt İnzibati məhkəməsinə verilmiş iddia tələbi təmin olunacağı təqdirdə hazırkı iddianın heç bir mənası qalmayacaqdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

18. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

20. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

25. Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur.

26. Maddə 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu.

27. Maddə 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.

28. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.

29. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.

30. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

31. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər.

32. Maddə 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3817/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdehlərin mübahisəli mənzildən çıxarılması barədədir.

45. İşin faktiki hallarından görünür ki, mübahisəsi gedən Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı binanın 67-ci mənzil Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Cavabdehlər hazırda mübahisəli mənzildə yaşayırlar və mənzildən çıxmırlar. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kollegiya apellyasiya icraatı zamanı Şəfiqə Bəndəliyevanı üçüncü şəxs qismində cəlb etmişdir.

46. Apellyasiya şikayətindən görünür ki, apellyant cavabdehlər mübahisəli mənzildə yaşadığından, iddiaçı ilə üçüncü şəxs Şəfiqə Bəndəliyeva ilə bağlanmış müqavilənin etibarsız olmasına, digər tərəfdən mübahisəli mənzilin Sumqayıt İcra Hakimiyyətinin balansında olduğundan, Sumqayıt Şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin hazırkı iddia qaldırmaq subyektiv hüququnun olmamasına istinad etmişdir. Kollegiya həmin dəlillərə münasibət bildirərək, qeyd edir ki, həmin dəlillər mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz.

47. Əvvəla kollegiya qeyd edir ki, hazırkı iddiaçı Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Sumqayıt Şəhəri İcra Hakimiyyətinin tərkibinə daxil olduğundan və mənzil Sumqayıt İcra Hakimiyyətinin balansında olduğundan iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır.

48. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

49. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

50. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

51. Digər dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdehlərin heç bir hüquqi əsas olmadan mübahisəli mənzildə faktiki olaraq yaşamaları, iddiaçı Sumqayıt Şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə üçüncü şəxs Şəfiqə Bəndəliyeva arasında bağlanmış xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.

52. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir.

53. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir.

54. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, cavabdehlər mübahisəli mənzildə yaşasalar da, yaşamaqlarının əsaslı olmasını və qanuniliyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdehin Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsinə görə hazırkı işin icraatının dayandırılması məhkəmə icraatının prosessual səmərəlilik və qənaət tələblərinə cavab vermir.

55. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehlərin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

57. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 3817/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3817/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar