Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2410/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı Xaçmaz rayonu X2 sədri Vəkilova Minaqız Vidadi qızının iştirakı ilə açıq məhkəmə iclasında, Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(067)-1351/2021 saylı qərardadından iddiaçı Xaçmaz rayonu X2 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(067)-1351/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Xıdır Quliyev) iddiaçı Xaçmaz rayonu X2 Cavabdeh Firidun oğluna qarşı alqı-satqı müqaviləsinin, dövlət aktının və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsi Cavabdeh Firidun oğluna qarşı iddia ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu X2 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarı əsasında bağlanmış alqı-satqı müqaviləsinin, torpağa mülkiyyət hüququna dair JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin akt əsasında verilmiş daşınmaz əmlakın dövlət qeydiyyatına dair reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsi şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razı deyildir, qərardad düzgün çıxarılmamışdır. Belə ki, iddia tələbində bələdiyyənin qərarı deyil, bələdiyyənin qərarı əsasında bağlanmış alqı-satqı müqaviləsi və bu müqavilənin yaratdığı hüquqi nəticələr mübahisələndirilmişdir. Bələdiyyənin qərarı mübahisələndirildiyi halda, işin aidiyyatı inzibati məhkəmə olmuş olardı. Ona görə də qərardad ləğv edilməlidir. Şikayətdə iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(067)- 1351/2021 saylı qərardadının ləğv olunması xahiş edilmişdir. İddiaçı Xaçmaz rayonu X2 sədri Vəkilova Minaqız Vidadi qızı məhkəmə iclasında şikayətdə göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdeh Firidun oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən iddiaçının iddia tələbinin faktiki əsaslarının bilavasitə müvafiq inzibati orqan hesab edilən Xaçmaz rayonu X2 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarının əsassızlığı ilə bağlı olmasına və iddia tələbində bələdiyyənin qeyd olunan qərarının hüquqi nəticəsi olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədini mübahisələndirməsinə, bununla da hazırki tələbə aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalı olmasına istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası İPM-nin 2.2.1, 2.2.3-cü, Azərbaycan Respublikası MM-nin 261-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iddia ərizəsindən görünür ki, Xaçmaz rayonu X2 iddia tələbi Xaçmaz rayonu X2 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarı əsasında bağlanmış alqı-satqı müqaviləsinin, torpağa mülkiyyət hüququna dair JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin akt əsasında verilmiş daşınmaz əmlakın dövlət qeydiyyatına dair reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədədir. Göründüyü kimi, Xaçmaz rayonu X2 iddia tələblərindən biri Xaçmaz rayonu X2 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarı əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədədir. Başqa sözlə, Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsi mülkihüquqi əqd olan alqı-satqı müqaviləsini mübahisələndirmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmiş, bu Qərarın 17-ci bəndi yeni redaksiyada verilmişdir. Həmin bəndə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 2-ci maddəsində inzibati mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilmiş, inzibati məhkəmə icraatı qaydasında hansı iddialara baxılması göstərilmişdir. Həmin maddənin mənasından da görünür ki, inzibati mübahisələr üzrə inzibati orqan iddiaçı ola bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki tələblə ümumi məhkəməyə müraciət etmək hüququna malikdir, iddia ərizəsinə məhkəmə qaydasında baxılması mülki-prosessual qanunvericiliyin tələbləri baxımından mümkündür və birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaları düzgün tətbiq etməməklə iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Xaçmaz Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Xaçmaz rayonu X2 şikayəti təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(067)-1351/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2410/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2410/2021
13.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver