Məhkəmə qərarları › İş №2(105)-243/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-243/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-243/2023 14.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli, 2(012)-1431/2015 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli, 2(012)-1431/2015 nömrəli qətnaməsi ilə (hakim Ş.Nəcəfova) iddia təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də yerləşən bina 1, blok 23, 2 otaqdan ibarət ümumi sahəsi 69,5 kv.metr olan 10 saylı mənzilin alqı-satqısına dair bağlanmış 10 oktyabr 2006-cı il tarixli, 000019 saylı müqavilənin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də yerləşən bina 1, blok 23, 2 otaqdan ibarət, ümumi sahəsi 69,5 kv.metr olan 10 saylı mənzilin boşaldılması və həmin mənzilin "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir Qətnamədən narazı qalan cavabdeh X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı "xxxx" ASC cavabdeh Gülmalıyev Zülfüqar Əli oğluna qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də yerləşən bina 1, blok 23, 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.metr olan 10 saylı mənzilə dair bağlanmış 10 oktyabr 2006-cı il tarixli, 000019 nömrəli müqavilənin ləğv edilməsi, həmin mənzilin boşaldılaraq iddiaçı "xxxx" ASC- -yə təhvil verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə Cavabdeh arasında 10 oktyabr 2006-cı il tarixli, 000019 saylı müqaviləyə əsasən iddiaçı/satıcı Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi,7-ci km-də yerləşən bina 1, blok 23, 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.metr olan 10 saylı mənzili alıcı/cavabdehə satmağı, alıcı isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək mənzili inşa etmiş və cavabdehə təhvil vermişdir. Lakin müqavilənin tələbləri cavabdeh tərəfindən pozulmaqdadır. Müqavilənin 3.2.2.1-ci bəndinə görə alıcı aylıq ödəniş haqqı kimi müəyyənləşdirilmiş 301 manat pulu hər ayın 10dək satıcıya ödəmək öhdəliyini üzərinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh uzun müddətdir ki, ödənişləri icra etmir, müqavilə üzrə öhdəliyindən boyun qaçırır. Bu hal isə iddiaçıya müqavilənin icrasından birtərəfli qaydada imtina etməyə əsas verir. Cavabdehin ünvanına iddiaçı tərəfindən göndərilən rəsmi xəbərdarlıqların da heç bir müsbət nəticəsi olmamışdır. Buna görə də hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh X6 qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Tərəflər arasında iki mənzilin alqı-satqısına dair ayrı-ayrı müqavilələr imzalanmışdır. Həmin müqavilələrdən biri tam icra edilmiş və həmin mənzil hazırda cavabdehin mülkiyyətindədir. Lakin hazırkı mübahisə predmetini təşkil edən Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də yerləşən bina 1, blok 23, 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.metr olan 10 saylı mənzilə dair bağlanmış 10 oktyabr 2006-cı il tarixli, 000019 nömrəli müqavilə ilk öncə iddiaçı tərəfindən pozulmuşdur. Belə ki, həmin müqaviləyə əsasən sözügedən mənzil iddiaçı tərəfindən 24 ay müddətinə inşa edilib cavabdehə təhvil verilməli idi. Lakin iddiaçı mənzilin inşasını 36 ay müddətinə tamamlamışdır. Müqavilədə nəzərdə tutulan müddət ərzində cavabdeh hər ay aylıq ödənişləri icra etmişdir. Müqavilədə nəzərdə tutulan müddət başa çatdıqdan sonra mənzilin təhvil verilməsi barədə iddiaçıya müraciətləri nəticəsiz qalmışdır. Belə olan halda o müqavilə üzrə ödənişləri ödəməyi dayandırmışdır. Bunda məqsəd isə satıcını müqavilə öhdəliklərini icra etməyə vadar etməsi olmuşdur. Keçən bu müddət ərzində isə iddiaçıya mənzilin təhvil verilməsi, yaranmış narazılığın aradan qaldırılması məzmununda çoxsaylı müraciətlər etmiş, lakin iddiaçı onun müraciətlərinə məhəl qoymadan hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Onun məhkəmə icraatından məlumatı olmamış, məhkəmə işə onun iştirakı olmadan baxmış və ədalətsiz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdi. Əlavə etdi ki, mübahisəli mənzili 54000 min manata almışdır. Müqavilə üzrə ödənişləri 2010-cu ilədək ödəmişdir. Mənzil müqavilədə nəzərdə tutulan müddətdən 1 il gec təhvil verilmişdir. Həmçinin mənzil tam yararlı vəziyyətdə təhvil verilmədiyindən o, xeyli vəsait xərcləyərək mənzili təmir etdirmişdir. Mənzilə dair aylıq ödənişlərin dayandırılma səbəbi iddiaçının müqavilə şərtlərini pozması olmuşdur. Sonra da uzun müddət xəstə olmuş, bu səbəbdən də pulu ödəyə bilməmişdir. Hazırda 20 000 manat ödəməyə gücü çatır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 şikayətə etiraz edərək, onun rədd edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, mübahisəli mənzilə dair cavabdehin 41000 min manat borcu vardır. Bu müddət ərzində cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh indi 41000 manat əvəzinə, cəmi 20000 manat ödəmək istəyir ki, bu məbləğlə də SC-in rəhbərliyi razılaşmır. Məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsindən görünür ki, SC-in Nizamnaməsi xx.xx.2013-cü ildə qeydə alınmışdır, müstəqil təsərrüfat subyektidir. Yenə iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2006-cı il tarixli, 000019 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km-də inşa edilmiş bina 1, blok 23-də yerləşən 69.5 kv.metr ümumi sahədən ibarət 10 saylı mənzili Cavabdeh satmağı, sonuncu isə müqavilədə nəzərdə tutulan qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən alıcı bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin dəyərini (tərəflərin razılığı ilə 54.210.00 min manat) 180 (yüz səksən) ay müddətində ödəməyi öhdəsinə götürmüş, alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini pozduqda, müqavilənin icrasından birtərəfli qaydada imtina etmək satıcının hüququ kimi müəyyən edilmişdir. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 09-03/328 saylı pretenziya məktubundan aydın olur ki, "xxxx" ASC cavabdeh X2 10 oktyabr 2006-cı il tarixli, 000019 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə razılaşmanın 5 gün müddətində bağlanmasını təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli, 2(012)- 1431/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2006-cı il tarixli, 000019 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km-də inşa etdiyi bina 1, blok 23-də yerləşən 69.5 kv.metr ümumi sahədən ibarət 10 saylı mənzili Cavabdeh satmağı, sonuncu isə müqavilədə nəzərdə tutulan qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən mənzil cavabdehə təhvil verilmiş və hazırdada cavabdeh həmin mənzildə yaşayır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən alqı-satqı predmeti olan əmlakın dəyəri 54.210.00 manat məbləğində müəyyən edilmiş və 180 ay müddətinə aylıq 301 manat olmaqla ödənilməlidir. Cavabdeh müqavilə üzrə müəyyən ödənişlər etsə də, sonradan ödənişləri dayandırmışdır. Hazırda tərəflərin izahatlarına əsasən onun müqavilə üzrə borcu 41000 manat təşkil edir. Qeyd olunan səbəblərdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmiş, qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normalarına istinad edilməsini məqsədəmüvafiq hesab edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yenə həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bu Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Yenə həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yenə də həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Yenə də həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Eyni Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Sadalanan maddi hüquq normalarını hazırkı işin faktiki halları ilə birgə təhlil edərək kollegiya qeyd edir ki, işdən göründüyü kimi tərəflər arasında mübahisəli mənzilin inşası və alqı satqısına dair razılaşma əldə edilmiş, habelə qeyd olunan müqavilə əsasında tərəflər qarşılıqlı öhdəlik götürməklə razılığa gəlmişlər. İddiaçı müqavilə predmeti olan mənzili cavabdehə təhvil vermiş, lakin cavabdeh mənzilin müqavilə üzrə nəzərdə tutulan dəyərini tam şəkildə iddiaçıya ödəməmişdir. Cavabdehin apellyasiya şikayətində əsas dəlil kimi istinad etdiyi yeganə hal ondan ibarətdir ki, iddiaçı müqavilədə nəzərdə tutulan müddətdə mənzili cavabdehə təhvil verməmiş, habelə mənzil iddiaçıya təhvil verilən zaman binada ciddi çatışmazlıqlar olmuşdur və məhz bu səbəbdən cavabdeh ödənişləri dayandırmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etməyən apellyasiya kollegiyası qeyd edir ki, həmin dəlillər heç bir halda cavabdehi müqavilə üzrə ödənişlərin icrasından azad edə bilməz. Belə ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan mənzilin sonuncuya təhvil verilmə müddətinin gecikməsindən, yaxud sözügedən mənzilin yerləşdiyi binanın keyfiyyətinin arzuedilən və müqavilədə nəzərdə tutulan formadan aşağı olmasından həqiqətən narazı idisə, qeyd olunan müddət ərzində müqavilənin ləğv edilməsini tələb edə, habelə mənzilin təhvil-təslimindən imtina edə bilərdi. Lakin iş materillarında cavabdehin bu istiqamətdə hər hansı hərəkətinin olmasını sübut edən hal aşkar edilmədiyi kimi, əksinə cavabdeh sözügedən mənzili qəbul etmiş, hal-hazırkı tarixədək də həmin ünvanda yaşayır. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən də görünür ki, müqavilənin ləğvinə onu bağlayan tərəflərin razılığı xaricində yalnız müqavilə əhəmiyyətli dərəcədə pozulduqda və ya şərait əhəmiyyətli dərəcədə dəyişdiyi halda yol verilir. İş materiallarından görünür ki, Cavabdeh müqavilə üzrə aylıq ödəmə barədə ASC qarşısında öz üzərinə öhdəlik götürmüş, lakin dövri olaraq ödəməli vəsaiti tam şəkildə ASC-nin hesabına keçirməmişdir. Bununla da cavabdeh tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. Yuxarıda istinad olunan tərəflər arasında bağlanmış müqavilənin 2.2.4-cü bəndinin tələblərinə görə “Alıcı” ödəmələri 30 gündən artıq gecikdirdiyi halda “Satıcı”nın müqaviləni birtərəfli qaydada ləğv etmək səlahiyyəti vardır. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Apellyasiya kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli, 2(012)- 1431/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar