Məhkəmə qərarları › İş №2(105)-2433/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2433/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2433/2020 19.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Telman Osman oğlu Quliyev və X2 ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: X9, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil, Maraqlarına toxunan şəxs: X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.C.Tahirov) iddianın qismən təmin edilməsi, İddiaçı, uşaqları X7 və X4 Cavabdeh məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən mənzildən istifadə hüquqlarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 10 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı uşaqlarının Quba rayonu, Vladimirovka kəndində yerləşən Cavabdeh məxsus evə köçürülməsi və istifadə hüquqlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə cavabdehlə aralarında rəsmi nikah bağlanmışdır. Nikaha daxil olub ailə qurduqdan sonra cehiz əşyaları ilə birlikdə Quba rayonu, Alpan kəndində yerləşən ərinin valideynlərinə məxsus olan həyət evinə köçərək yaşamağa başlamışlar. Həmin evdə ərinin qardaş və bacıları da yaşayırlar. Orada birlikdə yaşamaq çətin durum yaratmış, münasibətləri normal olmamışdır. Buna görə də hamının qərarı əsasında ərinin adına olan Quba rayonu, Vladimirovka kəndində yerləşən mənzilə köçərək ailəlikcə orada yaşayırlar. O, yaşamaq üçün zəruri olan əşyalarını da Vladimirovka kəndindəki mənzilə gətirmişdir. 2018-ci ildən başlayaraq artıq bir ildir ki, ərinin adına olan həmin mənzildə yaşayır və ümumi təsərrüfat aparırlar. Sonradan cavabdehlə aralarındakı münasibət pisləşəməyə başlamış, yəni əri onu mütəmadi olaraq incitmiş və bu səbəbə görə də onu evdən qovmuşdur. Birgə nikahdan iki azyaşlı uşaqları var. Cavabdeh nə onun, nə də ki, uşaqlarının özünə məxsus olan mənzilə qeydiyyata alınmasına razılıq vermir. O, bir müddət məcbur olaraq qohumlarının evlərində yaşamışdır. Ailə tərkibləri 4 nəfərdən ibarətdir. Uşaqları Quba rayonu, Vladimirovka kəndində məktəbə gedirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilən Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarışla müəyyən edilir ki, həqiqətən də ərinin adına xüsusi mülkiyyət hüququ əsasında mənzil vardır. Göründüyü kimi, onun və uşaqlarının mənzil-yaşayış hüquqları pozulmuşdur. Onun və azyaşlı uşaqlarının başqa yaşayış yerləri yoxdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba rayonu, Vladimirovka kəndindəki mənzili bibisi ona vəsiyyət etmişdir. Həmin mənzili bibisi bağışlama müqaviləsi əsasında ona vermiş, sonradan bibisi ölmüşdür. Bacısı Rusiya vətəndaşı olduğu üçün bibisi evi ona vermişdir. Onlar iddiaçı ilə ailə qurduqdan sonra valideynlərinə məxsus Quba rayonu, Alpan kəndində yerləşən evdə yaşamışlar və iddiaçı həmin evə gəlin gəlmişdir. Sonradan həyat yoldaşı onunla yola getmədiyi üçün evdən çıxıb getmiş və 2018-ci ildə iki azyaşlı uşağı ilə birlikdə onun razılığı ilə Quba rayonu, Vladimirovka kəndində yerləşən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilə köçmüşdür. Hal-hazırda da yoldaşı Esmira iki azyaşlı uşağı ilə birlikdə Quba rayonu, Vladimirovka kəndində yerləşən mənzildə yaşayırlar və uşaqları oradan məktəbə gedirlər. O, da həmin evdə yaşayır və arada Quba rayonu, Alpan kəndinə, anasının yanına gedirdi. İndi isə o, həmin evi satmış və Alpan kəndindəki evdə yaşayır. Həyat yoldaşı Esmira Alpan kəndindəki evdə yaşamaq istəmir. Göründüyü kimi, məhkəmənin qətnaməsinə əsasən İddiaçı, uşaqları X7 və X4 ona məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən mənzildən istifadə hüquqları müəyyən edilməsi qət edilsə də, halhazırda həmin ev ona məxsus deyil və başqasının mülkiyyətindədir, iddiaçıların həmin mənzildən istifadə hüquqlarının müəyyən edilməsi isə digər şəxsin hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-972/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, şikayətə uyğun izahat verdilər və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı, nümayəndəsi və vəkili Q.M.Məmmədov apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Maraqlarına toxunan şəxs S.B.Nəbiyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, mübahisə olunan mənzilin ona qardaşı tərəfindən borc əvəzinə verildiyini göstərdi və şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mənzilə köçürülmə hissəsində ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, iddiaçının cavabdehin ailə üzvü olmasına və başqa yaşayış yerinin olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mənzilə köçürülmə hissəsində qanuni və əsaslı deyil, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, tərəflər xx xxxxxxx 2007-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan xx xxxx 2008-ci il tarixdə Firuzə və xx xxxxxx 2012-ci il tarixdə Cavid adlı uşaqları anadan olmuşdur. İşə əlavə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-i tərəfindən verilmiş HDQH Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı reyestr nömrəsi **********0 olan, ********** qeydiyyat nömrəli xx xxxxxxx 2016-cı il tarixli Çıxrışdan görünür ki, Quba rayonu, Vladimirovka kəndindəki 0,64 ha torpaq sahəsi 142 saylı reyestr kitabının 57 saylı vərəqində xx xxxxxxx 2016-cı il tarixdə Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-i tərəfindən verilmiş HDQH Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı reyestr nömrəsi **********09-05101-093001 olan, ********** qeydiyyat nömrəli xx xxxxxx 2016-cı il tarixli çıxarışdan görünür ki, Quba rayonu, Vladimirovka kəndindəki 29,4 kv.metr mənzil daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sənədlərdən görünür ki, xx xxxxxx 1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən hazırkı mübahisəli mənzil M.N.Əliyevə məxsus olmuşdur. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(027)- 1492/2012 saylı qətnaməsinə əsasən Cavabdeh həmin mənzilə və torpaq sahələrinə vərəsəlik üzrə mülkiyyət hüququ müəyyən edilmişdir. Qətnamə qəbul edildikdən 9 gün sonra, yəni xx xxx 2019-cu il tarixdə Cavabdeh daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən mübahisəli mənzili qardaşı X8 bağışlamış və bunun əsasında ona həmin mənzilə dair xx xxx 2019-cu il tarixdə çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı iddianın mənzilə köçürmə tələbinə aid hissədə bu əsasla rədd etmişdir ki, iş üzrə iddiaçının 2018-ci ildən uşaqları ilə birlikdə mübahisəli evə köçüb, hal-hazıradək orada yaşadığı müəyyən olunur, bununla bağlı tərəflər arasında hər hansı mübahisənin mövcud olmamasını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyəi hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X14 Avropa Məhkəməsinin Strunjaq və başqaları Xorvatiyaya qarşı iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46943/99, X11 Məhkəməsinin 2000-X) qeyd edilmişdir ki, Konvensiyanın 8-ci maddəsi yalnız şəxsin hazırkı mənzilinin toxunulmazlığına hörmət hüququnu qoruyur. X11 Üzrə Məhkəməsinin O.ROUK Birləşmiş Krallığa qarşı işində ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46934/99, X11 Məhkəməsinin 2000-X) və X1rşı iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddəsində nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. X14 Avropa Məhkəməsi yuxarıda adı çəkilən Gillounun işinə dair qərarında xatırlatmışdır ki, Gillounun işində ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşlar və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/3 saylı ərizənin qəbul edilənliyinə dair X11 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfinldən tanına və qorunan hüquqdur. xx xxxxxxx 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə görə mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 30.1-ci maddəsində qeyd olunur ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki-hüquq fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, mübahisəyə baxılan zaman Quba rayonu, Vladimirovka kəndində yerləşən mənzil Cavabdeh xüsusi mülkiyyətində olmuş, İddiaçı onun rəsmi nikahda olan arvadı, uşaqları, onun ailə üzvləridirlər. İddiaçı uşaqları ilə birlikdə Cavabdeh məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən mənzilə köçüb orada yaşayırlar və yaşamağa davam edirlər. Qeyd edilənlərə əsasən və qanunvericiliyin tələblərinə görə iddiaçı uşaqları ilə birlikdə cavabdehə məxsus Quba rayonu Vladimirovka kəndində yerləşən mənzildən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmçinin, həmin mənzilin İddiaçı və onun uşaqlarının daimi yaşayış yeri olması, onların başqa yaşayış yerinə malik olmaması və mənzillə daimi əlaqələrinin olmasına görə həmin evi Avropa Konvensiyasının 8-ci maddəsinin mənası baxımından onların mənzili adlandırmaq olar. Odur ki, məhkəmə kollegiyası hazırda mübahisə olunan mənzilin başqa şəxsə, yəni cavabdehin qardaşı S.B.Nəbiyevin mülkiyyətində olması, İddiaçı və uşaqları F.Nəbiyeva və Cavabdeh keçmiş cavabdehlə bərabər surətdə həmin mənzildən istifadə hüququna malik olduğundan, onun və uşaqlarının həmin mənzildən istifadə etməsinə məhdudiyyətlərin yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından həmin şəxslərin mənzil hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası İddiaçı uşaqları ilə birlikdə cavabdehə və hazırda maraqlarına toxunan şəxs S.B.Nəbiyevə məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən mənzildən istifadə hüquqları müəyyən olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məһkəmə qətnaməsi һaqqında” Azərbaycan Respublikası Ali Məһkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 1-ci bəndidə qeyd olunmuşdur ki, məһkəmə qətnaməsi mülki və iqtisadi mübaһisələrdən irəli gələn işlər üzrə ədalət müһakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübaһisəli һüquq münasibətlərlərində müəyyənlik yaranmalı, pozulmuş və mübaһisə edilən һüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yaşayış evinə istifadə hüququnun müəyyən edilməsi hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə həmin hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxx 2019-cu il tarixli 2(027)-972/2019 saylı qətnaməsi İddiaçı, uşaqları X7 və X4 Quba rayonu Vladimirovka kəndində yerləşən mənzilə köçürülməsi hissəsində ləğv edilsin, İddiaçı, uşaqları X7 və X4 Quba rayonu Vladimirovka kəndində yerləşən mənzildən istifadə hüquqlarının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Telman Quliyev Elman Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar