Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-244/2022 13.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(067)-1905/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Nazim oğlu tərəfindən JN-368 kod 30219018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ona və ailə üzvlərinin mülkiyyətində olan 0,72 ha torpaq sahəsinin zəbt edilmiş 0,18 hektar hissəsinin boşaldılması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0,72 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 0,10 hektarını satmışdır. 2006-cı ildə onun torpaq sahəsinin sərhədlərini və cizgilərinin müəyyən edilməsi ilə əlaqədar mübahisə yarandığından istifadəsində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2006-cı il tarixli, 2- 381/2006 nömrəli qətnaməsi ilə onun istifadəsində qalan torpaq sahəsinin 0,61 hektar olması müəyyən edilmiş və bu ölçülər daxilində torpaq sahəsinin ona təhvil verilməsi DT və XK-nin Xaçmaz rayon şöbəsinə həvalə edilmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Nazim oğlu ona məxsus 0,61 hektar torpaq sahəsinin 0,18 hektarı hisəsini zəbt edərək öz torpaqları kimi istifadə edirlər. Cavabdehlərdən ona məxsus torpaq sahəsinin boşaldılmasını xahiş etsə də, onun müraciəti cavabsız qalmışdır. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(067)-1905/2021 nömrəli qətnaməsi ilə (hakim Anar Sadıqov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi təmin olunmamış və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, JN-368 kod 30219018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı Təmirlan qızı və onun ailə üzvlərinin mülkiyyətinə 0,72 ha torpaq sahəsi verilmişdir. Şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçının adı İddiaçıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının ata adı ilə dövlət aktında qeyd olunmuş ata adı arasında fərq mövcuddur. İddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəddə hüquq sahibinin ata adı fərqli yazılmışdır. Bu halda iddiaçının iddiaya münasibətdə subyektiv hüququnun olması mübahisəlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 157.2, Torpaq Məcəlləsinin 84, 111-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(067)-1905/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi işə baxarkən torpaq sahəsinin zəbt edilib-edilməməsi faktını araşdırmadan ona verilmiş dövlət aktında ata adının bir hərfində səhv yazıldığını, yəni ata adında Təmirlan, şəxsiyyət vəsiqəsində isə Tamirlan yazıldığına görə hakim bu qənaətə gəlmişdir ki, onun iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Hazırki iddia tələbində öncə bir neçə dəfə məhkəmələrdə iddialar qaldırmış, nə birinci instansiya məhkəmələri və nə də apellyasiya instansiya məhkəməsində bu kiçik səhvə əhəmiyyət verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili X6 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Torpaq Məcəlləsi Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallında olan JN-368 kod 30219018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı Təmirlan qızı və onun ailə üzvlərinin mülkiyyətinə 0,72 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi verilmişdir. Xaçmaz rayonu, Müşkür kənd İƏD tərəfindən 02 iyul 2021-ci il tarixdə verilmiş 859 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı adı JN-368 kod 30219018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında səhvən İddiaçı Təmirlan qızı kimi qeyd edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2006-cı il tarixli, 2-381/2006 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı iddiası təmin edilib, “Torpağa mülkiyyət hüququna dair” JN-368 saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus 0,61 ha torpaq sahəsinin Dövlət aktında göstərilən plan-cizgilər daxilində ölçülərək İddiaçı təhvil verilməsi Dövlət və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinə bir vəzifə olaraq tapşırılması qət edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubu ilə müəyyən olur ki, “Torpaq islahatı haqqında” Azəbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq torpaq islahatını rayon və yerli aqrar islahatı komissiyaları aparmışdır. Azərbaycan Respublikası Prezedentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssiələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən yerli aqrar islahatı komissiyası tərəfindən “Pay almaq hüququ olan subyektlərin siyahısı” tərtib edilmiş və həmin siyahı rayon aqrar islahatı komissiyası tərəfindən təsdiq olunmuşdur. Arxivdə və elektron kadastr məlumat bazasına əsasən torpaq islahatı ilə bağlı yerli aqrar islahat komissiyası tərəfindən tərtib edilmiş və rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilmiş “Pay almaq hüququ olan subyektlərin siyahısı”nda iddiaçının adı İddiaçı Təmirlan qızı kimi qeyd olunmuşdur. Həmin siyahı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-368 kod 30219018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(008)- 7374/2021 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilib, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixi, 12 saylı qərarının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2022-ci il tarixli, 10/2041 nömrəli rəyi ilə müəyyən edilir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-368 kod 30219018 saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus Xaçmaz rayonu, Müşkür kəndində yerləşən torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə qonşu sərhədləri müəyyən edilməklə mülkiyyətçilərin faktiki istifadəsində olan torpaq sahəsi qismən üst-üstə düşür. Belə ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cəmi 1036 kv.metrindən istifadə edir. Cavabdehlər Cavabdeh1 tərəfindən “Torpağa mülkiyyət hüququna dair” JN-368 kod 30219018 saylı Dövlət aktına əsasən iddiaçı X4 və onun ailə üzvlərinə məxsus Xaçmaz rayonu, Müşkür kəndində yerləşən torpaq sahəsinin faktiki olaraq 368D nömrəli konturunun 1583 kv.metrindən, Cavabdeh4 (əsil adı X3) isə 368 nömrəli kontorunun 2000.16 kv.metrindən istifadə edir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2022-ci il tarixli, 10/2041 nömrəli rəyi maddi sübut kimi qəbul edilib, işdə olan digər sənədlərlə birgə tədqiq edilməlidir. Mülki Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Mülki Prosessual Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İddiaçı tərəfindən Cavabdeh4 şəxsiyyətini təsdiq edən hər hansı bir rəsmi sənəd iş materiallarına əlavə edilməmiş, həmin şəxsin atasının adı və hansı ünvanda qeydiyyatda olması, yaşaması, ekspert rəyində qeyd olunan şəxs X3 ilə eyni şəxs olması barədə heç bir məlumat mövcud deyildir. İddiaçı Cavabdeh4 münasibətdə iddia tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə də, həmin şəxsə qarşı iddia təmin edilə bilməz. Eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən “Torpağa mülkiyyət hüququna dair” JN-368 kod 30219018 saylı Dövlət aktına əsasən iddiaçı X4 və onun ailə üzvlərinə məxsus Xaçmaz rayonu, Müşkür kəndində yerləşən torpaq sahəsindən istifadə edilməsi halı sübuta yetirilmədiyinə görə onlara münasibətdə iddia təmin edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2022-ci il tarixli, 10/2041 nömrəli rəyi ilə bağlı tədqiqatın dəyəri 100 (yüz) manatdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ərizəsi qismən təmin edilərək Cavabdeh1 tərəfindən “Torpağa mülkiyyət hüququna dair” JN-368 kod 30219018 saylı Dövlət aktına əsasən iddiaçı X4 və onun ailə üzvlərinə məxsus Xaçmaz rayonu, Müşkür kəndində yerləşən torpaq sahəsinin 368D nömrəli konturunun 1583 kv.metrindən çıxarılmalı və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(067)-1905/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 Seyidov tərəfindən “Torpağa mülkiyyət hüququna dair” JN-368 kod 30219018 saylı Dövlət aktına əsasən iddiaçı X4 və onun ailə üzvlərinə məxsus Xaçmaz rayonu, Müşkür kəndində yerləşən torpaq sahəsinin 368D nömrəli konturunun 1583 kv.metrindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-244/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-244/2022
13.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver