Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-244/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X23 və X18 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndə və vəkili Vəkil2, Maraqlı şəxs nümayəndə və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Şabran rayon Notariat kontoruna qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 2(031)-59/2022 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq atası X6 miras qalmış ünvan 1 ünvanında (keçmiş Lenin küçəsi 11) yerləşən fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(031)-59/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Şabran rayon Notariat Kontoruna qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddası təmin edilib, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən X6 miras qalmış ünvan 2 ünvanında (keçmiş Lenin küçəsi 11) yerləşən fərdi yaşayış evi üzərində İddiaçı vərəsəlik hüququ tanınmışdır (hakim Çingiz İsgəndərov). Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamə təmsil etdyi şəxsin mənafeyinə toxunur. Hesab edir ki, qətnamə əsassızdır. Məhkəmə vərəsələrin əhatə dairəsini müəyyənləşdirməmişdir. İrsi transmissiya məsələsini araşdırmadan qətnamə qəbul etmişdir. Müvəkkili Maraqlı şəxs irsi transmissiya qaydasında miras şəriklərindən hesab olunur. Mirasqoyanlardan iddiaçının atası X16 xx.xx.1967-ci ildə, anası X4 xx.xx.2004-cü ildə, Maraqlı şəxs əri, iddiaçının da qardaşı olan X9 xx.xx.2008-ci ildə, yəni mirasqoyanlardan sonra ölmüşdür. Öldüyü günə qədər də miras əmlakdan öz payını faktiki qəbul etmişdir. Məhkəmə mübahisəyə Mülki Məcəllənin 1246-cı maddəsi baxımından da hüquqi qiymət verməmişdir. Maraqlı şəxsin əri 41 il miras əmlakda fasiləsiz yaşayıb. Maraqlı şəxs ərinin payına miras şərikidir. Şabran Rayon Notariat ofisindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 81 saylı məktubdan görünür ki, xx.xx.2008-ci il tarixdə ölmüş X2 qalmış mirasın qəbulunda vərəsələr arasında mübahisə olduğundan və mirasın qəbul müddəti keçdiyindən iddiaçıya məhkəməyə müraciət etməli olması izah olunub. Məhkəmə müddət məsələsini və vərəsələrin konkret dairəsini həll etmədən qətnamə qəbul etmişdir. Qətnamədən iddiaçı evi satmaq istəyərkən məlumatlı olmuşdur. Həmin mənzildə müvəkkili tək yaşayır. X14 övladlarından 2 vərəsə sağdır. Ölən vərəsələrin övladı var. Amma saylarını dəqiq bilmir. İddiaçının vərəsə olmasını təkzib etmir. Lakin vərəsə kimi təkcə iddiaçının tanınması onun hüququna toxunur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 2(031)-59/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, maraqlı şəxsin əri olan qardaşı xəstə idi. Qardaşı öləndən sonra Maraqlı şəxs onlarla yola getmədi, evi satmaq istəyirdi. Onlar da bununla razı deyildi. Atadan qalan, böyüdükləri evin satılmasına razı deyil. Kompensasiya verməyə imtina etmir. İddia qaldırmaqda məqsədi evə hüququnu tanıtmaq idi. Çıxarışın bütünlükdə onun adına verilməsini istəyirdi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 2(031)-59/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, vərəsəlik hüququnun tanınması maraqlı şəxsin heç bir hüququna toxunmur, bu hüquq məhkəmə qaydasında tanınsa da, tanınmasa da iddiaçı Hüseynağa Məmmədovun oğlu olmaqla vərəsəsidir. Məhkəmə də işə ancaq iddia təlləbi əsasında baxa bilər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 2(031)-59/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclsının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Şabran rayon Notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayət qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş AZ seriyalı 261144 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X16 ilə X3 birgə nikahlarından xx xxxx 1962-ci ildə Mirzəağa adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş İİ-JQ seriyalı 279095 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X16 05 sentyabr 1967-ci ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İ seriyalı 093881 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 04 fevral 2004-cü ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İ seriyalı 986527 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 01 mart 2019-cu ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İ seriyalı 290723 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 16 yanvar 2008-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Şabran RİHB-nın Şabran şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 5726 saylı xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X16 05 sentyabr 1967-ci ildə vəfat etdikdən sonra İddiaçı və X10 qalmışdır. İşə əlavə edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 4 ünvanında (keçmiş Lenin küçəsi 11) yerləşən fərdi yaşayış evi X8 adına qeydə alınmışdır. Məhkəmədə işə baxılarkən daxil olmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışdan görünür ki, ünvan 2 ünvanında (keçmiş Lenin küçəsi 11) yerləşən 0.0290 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi X8 adına qeydə alınmışdır. İşə əlavə edilmiş DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 24 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, fərdi yaşayış evinin üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar notariat kontoru tərəfindən verilmiş ölmüş şəxsin vərəsəsi olmasını təsdiq edən məktub təqdim edilməmişdir. Odur ki, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdiyi üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1 və 15.1.3-cü maddələrinə əsasən ərizənin icrasından imtina olunur. Göstərilən çatışmamazlıqlar aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə hüquqlarını dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. İşə əlavə edilmiş Şabran rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 10 mart 2021-ci il tarixli, 81 saylı məktubdan görünür ki, xx.xx.2004-cü ildə vəfat etmiş X2 miras qalmış əmlakın bölüşdürülməsi ilə əlaqədar vərəsələr arasında mübahisə yarandığı üçün, həmçinin mirasın qəbuluna dair Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsində göstərilən müddətlər keçirdiyinə görə Azərbaycan Respublikasının MM-nin 1248-ci maddəsinə əsasən Şabran Rayon Məhkəməsinə müraciət edilməlidir. İşə əlavə edilmiş 17 iyun 2020-ci il tarixli AR-İİ seriyalı 061767 saylı etibarnamədən görünür ki, X1 Mirzəağa Hüseynağa oğluna 3 il müddətinə etibarnamə vermişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1134.1, 1159.1.1, 1243.2-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1. maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmamış, qanunvericilik normalarını qeyd etməklə iddianın təmin edilməsi nəticəsinə gəlmiş, bununla da yekunda səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 1159.1.1. maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdən görünür ki, İddiaçı atası X6 miras qalmış ünvan 1 ünvanında (keçmiş Lenin küçəsi 11) yerləşən fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçının üzərində vərəsəlik hüququnun tanınmasını xahiş etdiyi fərdi yaşayış evi atası X8 mülkiyyətindədir. İş materiallarından görünür ki, iddiaçının atası X16 05 sentyabr 1967-ci ildə, anası X5 04 fevral 2004-cü ildə ölmüşdür. İş materiallarından müəyyən edilir ki, iddiaçı anası X2 miras qalmış əmlakın bölüşdürülməsi ilə əlaqədar Şabran rayon Notariat Ofisinə müraciət etmiş, Notariat ofisinin 10 mart 2021-ci il tarixli 81 saylı məktubunda xx.xx.2004-cü ildə vəfat etmiş X2 miras qalmış əmlakın bölüşdürülməsi ilə əlaqədar vərəsələr arasında mübahisə yarandığı üçün, həmçinin mirasın qəbuluna dair Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiylərinə görə Azərbaycan Respublikasının MM-nin 1248-ci maddəsinə əsasən Şabran Rayon Məhkəməsinə müraciət edilməsi qeyd edilmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı anası X2 mirasın qəbuli ilə əlaqədar müraciət etmiş, lakin mübahisəli evin sahibi olmuş atası X6 qalmış mirasın qəbulu ilə əlaqədar notarisat ofisinə müraciət etməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının iclasında belə bir müraciətə dair hər hansı sübut təqdim etmişdir Bununla da məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilk əvvəl X6 qalmış mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərək mirası qəbul etməli, müraciətinə müsbət cavab verilmədiyi halda müvafiq olaraq məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsi qeyd edilən iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi qaydasına əməl etməməsinə diqqət yetirməmiş, iddia ərizəsini AR Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən ərizəni baxılmamış saxlamamış, iddiaya mahiyyəti üzrə baxmış, nəticədə qanunvericiliyin tələblərinin pozulması ilə qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən onu da qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl miras əmlakın qəbulu ilə bağlı müvafiq notariat ofisinə müraciət etməlidir. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, apellyasiya şikayətində göstərilən dəlilləri araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 2(031)-59/2022 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365, 391 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 2(031)-59/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Şabran rayon Notariat kontoruna qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-244/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-244/2023
31.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver