Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2447/2020 23.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qarşı birgə mülkiyyətdə olan pay torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-160/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-160/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə olan pay torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. (hakim R.Həsənov) Qətnamədən narazı qalan İddiaçı ondan apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-160/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-403 saylı, 30301004 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktındakı sxemlər üzrə 403 nömrə ilə işarələnmiş 0,36 ha torpaq sahəsinin bütövlükdə, eləcə də, 403L nömrə ilə işarələnmiş 0,24 ha torpaq sahəsindən 0,04 ha hissənin naturada ayrılaraq ona verilməsi, qalan 0,20 ha torpaq sahəsinin isə Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi İddiaçı tərəfindən bununla əsaslandırılmışdır ki, o, X5 ilə xx xxxxx 1983-cü İl tarixdə nikahılarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Rayonda gedən torpaq islahatı zamanı o, Qarabağ müharibəsi iştirakçısı olduğuna görə ona iki pay olmaqla 0,40 ha, cavabdehə isə bir pay 0,20 ha olmaqla, ümumilikdə 0,60 ha torpaq sahəsi Quba rayon AİK-nın xx xxx 2000-ci il tarixli, 05 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə onlara verilmiş və adlarına JN-403 saylı, 30301004 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib olunmuşdur. Həmin akta əsasən verilmiş torpaq sahəsi iki ayrı-ayrı yerdə olmaqla, bir hissəsi 0,36 ha, digər hissəsi 0,24 hektardan ibarətdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2007-cı il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. 2007-ci ildə cavabdehin iddiası əsasında Quba rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsi çıxarılmışdır. Bu qətnamə ilə həmin 0,60 ha torpaq sahəsinin 0,40 hektarına onun, 0,20 hektarına isə cavabdehin payı müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin 0,36 hektarı dövlət aktında meyvə bağı kimi göstərilsə də, həmin sahədə heç bir meyvə ağacı yoxdur, həmin sahə digər 0,24 ha sahə kimi boş, əkin sahəsi olaraq istifadə olunur. Qətnamə əsasında müəyyən olunmuş payları naturada faktiki olaraq ayrılmadığından, o, öz payına müstəqil olaraq reyestrdən çıxarış ala bilmir və öz payı üzərində müstəqil sərəncam vermə hüququ məhdudlaşmışdır. Uzun illərdir ki, həmin torpaq sahəsinin dövlət aktındakı sxem üzrə 403 nömrə ilə qeyd olunmuş 0,36 ha torpaq sahəsindən bütövlükdə o, istifadə edir, ona görə də həmin 0,36 ha torpaq sahəsinin naturada bölgü aparılarkən ona verilməsi, 403L nömrə ilə işarələnmiş 0,24 ha torpaq sahəsinin 0,20 ha hissəsinin cavabdehə verilməsi, qalan 0,04 ha torpaq sahəsinin ona verilməsi məqsədəmüvafiqdir. Həmin ərazilərin başqa formada bölgüsü nə ona, nə də cavabdehə sərfəli deyildir. Əks təqdirdə, həmin torpaq sahələrindən müstəqil istifadə etmələrində narazılıq və maneələr yaranacaqdır. Cavabdehlə könüllü olaraq həmin paylarının naturadan ayrılamasına razılığa gələ bilməmişlər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətinibununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh onun xəbəri olmadan qanunsuz əsaslarla 0,36 ha torpaq sahəsindən 0,20 ha hissəsinə dair reyestrdən çıxarış almışdır. Bu sənədin alınması üçün əsas olmuş bölgü-sxemi hələ də əldə edə bilməmişdir. O, məhkəməyə əslində xx xxxx 2007-ci il tarixli qətnaməyə izah verilməsi barədə ərizəsinə baxılması üçün getmiş, lakin sonradan bilmişdir ki, guya onun adına verilmiş iddia üzrə hazırkı qətnamə çıxarılmışdır. İddia ərizəsi onun tərəfindən yazılmamış, iddia ərizəsi üçün rüsum onun tərəfindən ödənilməmiş, iddia ərizəsi məhkəməyə onun tərəfindən təqdim olunmamışdır. O, məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdir, lakin qətnamə nəticəsində mülkiyyət hüquqlarından məhrum edilmişdir ki, bu da yolverilməzdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçıapelyasiya şikayətini müdafiə etdiyini bildirsə də, əlavə etdi ki, onun əsas tələbi cavabdehə məxsus payın naturada məhz torpaq sahəsinin 0,24 ha hissəsindən ayrılması barədədir. Lakin cavabdeh ona məlum olmayan yollarla artıq bağ sahəsinin 0,36 ha hissəsindən özü üçün 0,20 ha torpaq sahəsi ayırmış və onu sənədləşdirmişdir. Bölgünün bu qaydada aparılması isə onun mülkiyyət hüququnu kobud şəkildə pozur. Cavabdehə pay 0,36 ha bağdan deyil, 0,24 ha əkin sahəsindən verilməlidir. Buna görə də iddiaçı iddiasını müdafiə etdiyini, ondan imtina etmədiyini, qətnamənin ləğv edilməsini, mübahisəli torpaq sahəsinə dair ədalətli bölgü aparılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədəlazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Yenə iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)336/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, X3 İddiaçı qarşı yaşayış hüququnun müəyyən edilməsi və torpaq sahəsinin bölünməsi tələbinə dair iddiası təmin edilmiş, X3 Quba şəhəri, Əzizbəyov küçəsi, 50 saylı evin, 15 saylı mənzilinə yaşayış hüququ müəyyən edilmiş və JN-403 saylı, 30301004 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 0,60 ha torpaq sahəsinin tərəflər arasında bölünməsi, 0,20 ha torpaq sahəsinə X3, 0,40 ha torpaq sahəsinə isə İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı qərarına əsasən xx.xx.2001-ci ildə 0.60 ha torpaq sahəsi tərəflərin birgə mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin planından görünür ki, o, 0,36 və 0,24 ha olmaqla iki hissədən ibarətdir. İşdə olan RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Quba şəhəri ərazisində 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2015-ci ildən Cavabdeh mülkiyyətindədir. Yenə işdə olan ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN-403 saylı, 30301004 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı və cavabdehin mülkiyyətində olan 0.60 ha pay torpaq sahələrinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahələrinin koordinatları arasında fərq vardır. Bu səbəbdən İddiaçı və Cavabdeh payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsü mümkün deyildir. Qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də, iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır. İş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texnika ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/638 saylı rəyindən görünür ki, yuxarıdakı mütəxəssis rəyinə əsasən, JN-403 saylı, 30301004 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə tərəflərin mülkiyyətinə verilmiş 0.60 ha pay torpaq sahəsinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahələrinin koordinatları arasında fərq vardır. Bu səbəbdən, İddiaçı və Cavabdeh payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsü mümkün deyildir MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən iddiaçının məhkəmə iclasında verdiyi izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli,Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-160/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər birgə nikahda olduqları zaman onlara Quba şəhəri ərazisində Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı qərarına əsasən xx.xx.2001-ci ildə 0,36 ha və 0,24 ha olmaqla iki hissədən ibarət cəmi 0,60 ha torpaq sahəsi verilmiş və bu barədə JN-403 saylı, 30301004 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilən hüquq normalarını daha geniş təsvir edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrinin ümumi məzmununa görə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Tərəflər arasındakı nikah pozulduqdan sonra hazırki iş üzrə Cavabdeh evə yaşayış hüququnun müəyyən edilməsi və torpaq sahəsinin bölünməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və Quba rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən JN- 403 saylı, 30301004 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 0,60 ha torpaq sahəsinin tərəflər arasında bölünməsi, 0,20 ha torpaq sahəsinə X3, 0,40 ha torpaq sahəsinə isə İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir. Daha sonra, RX seriyalı, ******* nömrəli Çıxarış əsasında Quba şəhəri ərazisində 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi və tikinti-texnika ekspertizasının xx.xx.2020-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, dövlət aktı ilə tərəflərin mülkiyyətində olan 0.60 ha pay torpaq sahələrinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahələrinin koordinatları arasında fərq vardır. Bu səbəbdən İddiaçı və Cavabdeh payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsü mümkün deyildir. Qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, işdən görünür ki, Cavabdeh hələ 2015-ci ildə ona ayrılmış 0,20 ha torpaq sahəsinə dair hüquqlarını dövlət qeydiyyatına aldırmış, həmin torpaq sahəsinə dair onun adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Başqa sözlə, mübahisəli torpaq sahəsinin artıq naturada bölgüsü aparılmışdır. Dövlət reyestrində aparılmış həmin qeydiyyat, torpaq sahəsinin planı və ölçüsü hazırda qüvvədədir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Şərh olunan səbəblərdən hazırki iddia təmin edilə bilməz və bu barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya baxışı zamanı iddiasını müdafiə edən iddiaçının iddiası, apelyasiya şikayəti və izahatı arasındakı ziddiyətləri nəzərə alaraq məhkəmə kollegiyası iddiaçıya izah edir ki, hazırki əsasla verilmiş iddia tələbinin təmin edilməməsi, onun yenidən məhkəməyə müraciət edib, Quba şəhəri ərazisində 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci ildə aparılmış mülkiyyət hüququnun qeydiyyatını (Dövlət reyestrindən Çıxarış seriya RX, № 0734358) və həmin tarixli torpaq sahəsinin planı və ölçüsünü mübahisələndirmək hüququnu istisna etmir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən ziddiyətli əsas və dəlillər, apelyasiya baxışı zamanı verilmiş izahat formal mülahizəyə söykənir və apelyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-160/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2447/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2447/2020
23.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver