Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-247/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-300/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-300/2020 saylı qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı Cavabdeh qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin xx xxxx 20230-ci il tarixli, 2(031)-300/2020 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixdə Şabran rayonu, Ağalıq bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmiş və bu məqsədlə əvvəlcədən bələdiyyənin hesabına 400 manat pul ödəmişdir. Şabran rayonu, Ağalıq bələdiyyəsinin xx xxxxxx 2012-ci il tarixli, 09 saylı qərarı ilə ilkin sənədlər nəzərə alınmaqla iddiaçıya bələdiyyənin alqı-satqı predmeti olan Ağalıq kəndinin yaşayış məntəqəsinin ərazisindən fərdi mənzil tikintisi məqsədi ilə 0.08 hektar torpaq sahəsi satılmışdır. Bundan sonra torpağın alqı-satqısına dair akt tərtib edilmiş və həmin torpaq sahəsi mülkiyyətinə ayrılarkən sərhədləri naturada müəyyən edilərək ona göstərilmiş və torpaq sahəsinin planı tərtib edilmişdir. Tərtib edilmiş plan əsasında mülkiyyətinə ayrılan torpaq sahəsi üzərində mülkiyyətçi kimi sahiblik və istifadə hüquqlarını həyata keçirmişdir. 2019-cu ilin may ayından qonşu torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh ona məxsus torpaq sahəsini özbaşına olaraq zəbt etmişdir. Cavabdehin qanunsuz sahibliyindən dəfələrlə əmlakını geri tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu, hətta zəbt etdiyi həmin torpaq sahəsinə görə əlində çıxarış olduğunu bildirmişdir. Bələdiyyə qərarı əsasında ona verilmiş torpaq sahəsinə çıxarış almaq istəsə də, ona bildirilmişdir ki, həmin torpaq sahəsi cavabdehə məxsus olduğundan ona çıxarış verilməmişdir. Ona görə də, Şabran rayonu, Ağalıq bələdiyyəsinin xx xxxxxx 2012-ci il tarixli, 09 saylı qərarı ilə ona Şabran rayonu, Ağalıq kəndi ərazisindən ayrılmış 0.08 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi xx xxxx 20230-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkili V.Ə.Əliyev apelyasiya şikayətinin dəlillərini müdafiə edib, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili H.S.Dadaşova apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şabran rayonu Ağalıq bələdiyyəsinin xx xxxx 2011-ci il tarixli, 08 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, İddiaçı bələdiyyənin alqı-satqı predmeti olan Ağalıq kəndinin yaşayış məntəqəsinin ərazisindən fərdi mənzil tikintisi məqsədi ilə 0.08 ha torpaq sahəsi ayrılmışdır. Şabran rayonu Ağalıq bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli, 11 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, Cavabdeh bələdiyyənin alqı-satqı predmeti olan Ağalıq kəndinin yaşayış məntəqəsinin ərazisindən fərdi mənzil tikintisi məqsədi ilə 0.08 ha torpaq sahəsi satılmışdır. xx xxxxxxxx 2011-ci il tarixli, 09 saylı qəbzdən görünür ki, Cavabdeh həyətyanı torpaq satışı ilə əlaqədar Ağalıq Bələdiyyəsinin hesabına 400 manat məbləğində pul ödəmişdir. xx xxxxxx 2012-ci il tarixli 29 saylı qəbzdən görünür ki, İddiaçı həyətyanı torpaq satışı ilə əlaqədar Ağalıq bələdiyyəsinin hesabına 400 manat məbləğində pul ödəmişdir. Şabran rayonu Ağalıq bələdiyyəsinin xx xxxxxx 2012-ci il tarixli, 09 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, İddiaçı Həmiş qızına bələdiyyənin alqı-satqı predmeti olan Ağalıq kəndinin yaşayış məntəqəsini- ərazisindən fərdi mənzil tikintisi məqsədi ilə 0.08 ha torpaq sahəsi satılmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şabran rayonu Ağalıq bələdiyyəsinin ərazisində 0.08 ha torpaq sahəsinin satılması barədə xx xxxxxx 2012-ci il tarixli 09 nömrəli qərar qəbul etmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Şabran rayon Kapital Bankının, ******************** saylı hesabına əvvəlcədən 400 manat haqq ödənilmişdir. Şabran Rayon İH-nin Tikinti və Memarlıq Şöbəsi tərəfindən velmiş xx xxxxxx 2011-ci il tarixli, 485 saylı rəydən görünür ki, Şabran Rayon İH-nin Tikinti və Memarlıq Şöbəsində Şabran rayon Ağalıq kənd sakini İddiaçı Ağalıq bələdiyyəsinə məxsus torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədi ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair sənədlərə baxılmış və sənədlərə əlavə olunmuş situasiya sxeminə uyğun sahədən 800 kvm torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli, 774 saylı rəydən görünür ki, İddiaçı satılmış 0.08 ha torpaq sahəsi Ağalıq bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmeti olmaqla, uqodiyası, İ keyfiyyət qrupuna aid olmaqla 100 ballı torpaq sahəsidir. Şabran Rayon İHB-nın Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəifndən verilmiş xx xxxxxx 2011ci il tarixli 183 saylı arayışdan görünür ki, Cavabdeh Şabran rayonu Ağalıq kəndində ailə üzvü - X2 birlikdə yaşayır və ayrı təsərrüfat olmaqla son beş ilə həmin kənddə qeydiyyatdadır. Onun və ailə üzvlərinin hesabında həyətyanı torpaq sahəsi yoxdur. Şabran rayonu Ağalıq bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli, 58 saylı arayışdan görünür ki, Cavabdeh adına Ağalıq bələdiyyəsinin ərazisində fərdi mənzil tikintisi üçün həyətyanı torpaq sahəsi yoxdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi : **********59 olan çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətinə Şabran rayonu Ağalıq kəndi ərazisindən 0.08 ha torpaq sahəsi verilmişdir. Ağalıq bələdiyyəsinin xx xxxxx 2020-ci il tarixli arayışından görünür ki, Elmira Zeynaiovanın fərdi mənzil tikintisi məqsədilə 0.08 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş akt və ya digər sənədlər Ağalıq bələdiyyəsinin rəhbərliyi tərəfindən təsdiq edilməmişdir. Torpaq sahəsinin planı və ölçüsü barədə xx.xx.2019-cu il tarixdə tərtib edilmiş A nömrəli 406996 saylı şəhadətnaməyə əsasən Şabran rayonu, Ağalıq kəndində Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi sənəd üzrə 0,08 ha, faktiki sahəsi isə 0,0925 ha-dır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx xxxxxx 2021-ci il tarixli 10/3268 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən, Şabran rayonu, Ağalıq bələdiyyəsinin xx.xx.2011 -ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinə aid sxemdə koordinatlar olmadığından həmin torpaq sahəsinin naturada müəyyənləşdirilməsi və faktiki istifadəsində olubolmamasını müəyyən etmək mümkün deyildir. Mütəxəssis rəyinə əsasən, DƏDRX tərəfindən Cavabdeh verilmiş **********59 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar onun faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Mütəxəssis rəyinə əsasən, Şabran rayonu, Ağalıq bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinə aid sxemdə koordinatlar olmadığından həmin torpaq sahəsinin Cavabdeh məxsus torpaq sahəsi ilə bitişik olan hissələrinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumaların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 27-ci madəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 48.5-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Həmin Məcəllənin 66.2-ci madəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-300/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-247/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-247/2021
03.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver