Məhkəmə qərarları › İş №2(105)-248/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-248/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-248/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Telman Qədir oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh, həmçinin digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(031)-163/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(031)-163/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Şabran rayonu, Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evinin tikintisinə xərclənən 7900 (yeddi min doqquz yüz) manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir.(hakim Ç.İsgəndərov) Qətnamədən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Şabran Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(031)-163/2021 saylı qətnaməsinin özlərinə aid hissədə ləğv edilməsini və iddianın rədd olunması yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərak qaydada, Şabran rayonu, Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evinin tikintisinə xərclənən 10000 (on min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şabran rayonu, Heydər Əliyev prospektində yerləşən 1 mərtəbəli, 2 otaq, bir mətbəx və zaldan ibarət fərdi yaşayış evi onun tərəfindən onun vəsaiti hesabına tikilmişdir. Evin tikilməsi cavabdehlərin razılığı ilə olmuşdur. Tikinti işləri 2014-cü ildə başlamış, 2016-cı ildə isə tamamlanmışdır. Həmin fərdi yaşayış evini tikməkdə məqsədi övladı X2 həyat yoldaşı və uşaqları ilə birlikdə köçüb orada yaşamasını təmin etmək idi. Hazırda qızı ilə keçmiş əri arasında nikahları pozulmuş və bu barədə 05 aprel 2019-cu il tarixli, 112 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Nikahları pozulduqdan sonra, qızı həmin evə köçüb yaşamaq istəsə də, cavabdehlərdən Cavabdeh1 qızının həmin evdə yaşamasına icazə verməmişdir. Qarşılığında cavabdehlər “evi gəl sök apar” cavabı verirlər, halbuki bu evin sökülməsi mümkünsüzdür. Hətta sonradan evin yerləşdiyi torpaq sahəsinə çıxarış da almışlar. Bunu da o məqsədlə etmişdir ki, tikilmiş ev onlara qalsın. Sözügedən fərdi yaşayış evinin tikintisi, usta və material xərclərinə 10000 manat məbləğində pul vəsaiti xərclənmişdir. Qızının yaşaması üçün inşa etdirdiyi fərdi yaşayış evinə çəkilən xərcin hal-hazırda cavadehlərdən tutulması zərurəti yaranmışdır. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət edərək, Şabran rayonu, Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evinin tikintisinə xərclənən pul vəsaitini tələb etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmaldır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə ona dair hissədə ləğv edilməlidir. Belə ki, İddiaçı onun övladı Cavabdeh2 keçmiş həyat yoldaşının anasıdır. Cavabdeh2 ilə Qaraşova (Mirzəyeva) Lalə Məhyəddin qızı arasında olan nikah Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(010)-165/2019-saylı qətnaməsi ilə ləğv edilmişdir. Övladı ailəli olanda belə qərara gəlmişdi ki, ona Şabran bələdiyyəsinin qərarına əsasən fərdi yaşayış evi tikmək üçün satılmış torpaq sahəsində ev tikib onlara bağışlasın. Bu məqsədlə iki maşın, yəni 2000 ədəd mişar daşı, qum (atsep), sement almışdır. İddiaçı özü ona təklif etmişdir ki, “qardaşları gəlib evi tiksinlər, sən onların qalmaları üçün yer və yeməklərini təmin edərsən.” İddiaçının qardaşları onun evində 30 günə yaxın qaldılar. Bu günlər ərzində onlar üçün, yəni üç nəfər üçün hər gün 3 qutu olmaqla 4,50 manat dəyərində siqaret, 18 manat dəyərində 3 butulka araq almış və yeməklərinə 15 manat məbləğində pul xərcləmişdir. Sonradan başa düşmüşdür ki, "qohumlar" ondan istifadə etmişlər. Belə ki, onlar evdə qalıdıqları müddət ərzində evin divarlarının tikilməsi üçün ustaya verilən puldan artıq xərc çıxmışdır, halbuki 1000 manata həmin hörgü işini istənilən usta görərdi. Sonradan övladı boşanmışdır. Şabran şəhəri, H.Əliyev prospektində yerləşən həmin ev onun vəsaiti hesabına tikilmişdir və hal-hazırda onun mülkiyyətindədir. Qətnamədə guya iddiaçıya 2500-3000 manat vermək istəməsi barədə, həmçinin iddiaçıya “evi söküb aparın” deməsi barədə və s. onun adından yalandan qeydlər aparılmışdır, halbuki o, belə ifadələr işlətməmişdir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarla uyğun gəlmir. İş üzrə məhkəmə tərəfindən ümumiyyətlə ekspertiza keçirilməməli idi. İlk növbədə sübut olunmalı idi ki, evin inşasına və təmirinə iddiaçı tərəfindən vəsait qoyulmuşdur ya yox. Yalnız bundan sonra vəsaitin məbləğinin müəyyənləşdirilməsi barədə ekspertiza təyin edilə bilərdi. Ekspertin rəyində isə evin iddiaçı tərəfindən tikilməsinə dair hər hansı bir müddəa yoxdur. Buna görə də qətnamə ona dair hissədə ləğv edilməli, ona dair qaldırılmış iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Digər Cavabdeh2 da şikayəti eyni məzmunludur. Cavabdeh2 da şikayətində qətnamənin ona dair hissədə ləğv edilməsini, ona dair qaldırılmış iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh, həmçinin digər cavabdehin nümayəndəsi Cavabdeh1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, iddiaçı tərəf evə 60 ədəd şifer alıb, onun da dəyəri 240 manat təşkil edir. Hazırda onlara 3000 manat qaytarmağa hazırdır. Usta işlərini iddiaçının qardaşları pulsuz görmüşlər, həmin dövrdə isə onlar qohum idilər. Hazırda mübahisəli evdə tikinti işləri tamamlanmamışdır. Apellyasiya baxışı zamanı İddiaçı, habelə mübahisə predmeti barəsidnə müstəqil tələb irəli sürməyən üçünçü şəxs X3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. İddiaçı əlavə etdi ki, mübahisəli evin inşasına yalnız o, vəsait xərcləmişdir. qarşı tərəf sadəcə 1 maşın mişar daşı və 1 kisə sement alıb, qalan 10000 manata yaxın vəsaiti o ödəyib. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 06.03.2021-ci il tarixli çıxarışdan görünür ki, Şabran şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh1 Nəcmədin oğlunun mülkiyyətinə verilmişdir. Yenə iş materiallarında olan Şabran Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 1(031)-31/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Espertizası Mərkəzi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli, 10/1006 saylı ekspert rəyindən görünür ki, Şabran şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinin inşasına və təmirinə sərf olunan vəsaitin məbləği bazar qiymətlərinə uyğun olaraq təqribən 7900 manat təşkil edir. Mənzillərin, yaşayış evlərinin, torpaq sahələrinin qeyri yaşayış binalarının və.s. bazar qiymətləri ilə dəyərinin müəyyən olunması xüsusi bilik tələb etmədiyindən, sözügedən fərdi yaşayış evinin real bazar qiymətinin müəyyən olunması ilə bağlı tədqiqat aparılmalıdır. Məhkəmə iclasında şahid X6 bildirmişdir ki, Lətafət onun bacısı, Lalə isə bacısı qızıdır. Lalə Şabran şəhərində Mirzəşahın oğlu Röyalda ərdə olarkən onlar üçün tikilən evin tikintisində bacısının xahişi ilə işləmişdir. Tikinti materiallarını bacısı gətizdirmiş, pulunu da o vermişdir. Hörgüyə 4500 ədəd daş getmişdir. Daşın birini 50 qəpiyə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirmişdir ki, Lətafət onun bacısı, Lalə isə bacısı qızıdır. Lalə Şabran şəhərində Mirzəşahın oğlu Röyalda ərdə olarkən onlar üçün tikilən evin tikintisində bacısının xahişi ilə işləmiş, evin bünövrəsini hörüb, üstünü vurmuşdur. Bacısı oğlu Əbülfərz isə evin tikintisində fəhləlik etmişdir. Usta pulu və alınan tikinti materiallarına 3000 manatdan çox xərcləri çıxmışdır. Hörgü işini başqası görmüşdür. Bacısı Lətafət 1500 manat olan usta pulunu ona hissə-hissə ödəmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilmədiyindən həmin hissədə məhkəmə kollegiyası araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(031)-163/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, iddiaçının qızı Lalə Qaraşova ilə cavabdehlərdən Cavabdeh2 nikahda olmuşlar, nikah 2019-cu ildə məhkəmə qaydasında pozulmuşdur. Onlar nikahda olan zaman Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsində ev tikmək qərarına gəlmişlər. İş materiallarından görünür ki, həqiqətən də, Şabran şəhəri, H.Əliyev prospektində yerləşən torpaq sahəsində 1 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Tikiliyə dair hüquq müəyyən edici sənədlər olmasa da, onun faktiki mövcudluğunu tərəflər təsdiq edirlər. Cavabdeh1 mülki işin məhkəmənin icraatında olduğu vaxtda tikintinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Hazırda əsas mübahisə bu tikiliyə şəkilən xərcin qaytarılması barədədir. Belə ki, İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərak qaydada, Şabran rayonu, Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evinin tikintisinə xərclənən 10000 (on min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşı tərəf isə vəsaitin onlar tərəfindən qoyulduğunu bildirmiş və iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə gedişatında müəyyən edilmişdir ki, fərdi yaşayış evinin tikintisi 2014-cü il tarixdə başlamış, 2016-cı ildə isə tamamlanmışdır. Eyni zamanda, keçirilmiş ekspertiza tədqiqatı ilə 1 mərtəbəli, 2 otaq, bir mətbəx və zaldan ibarət mübahisəli tikintinin inşa edilməsinə 7900 manat vəsait xərcləndiyi müəyyən edilmişdir. İşin tədqiq olunan faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisəli tikintiyə vəsait məhz iddiaçı tərəfindən sərf edilmişdir. Belə ki, bu halı həm şahid ifadələri, həm də cavabdehlərin qismən etiraf etmələri, o cümlədən Cavabdeh1 hazırda da iddiçıya 3000 manat ödəməyə hazır olması təsdiq edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı bu tikintiyə 7900 manat həddində vəsait sərf etmiş, bu zaman onun niyyəti övladının ayrıca mənzilə sahib olub orada yaşaması olmuş, lakin sonradan qızının nikahı pozulmuş və cavabdehlər tərəfindən onun mübahisəli evdə yaşamasına imkan verilməmişdir. Bu səbəbdən də iddiaçı maddi ziyana düşmüş, cavabdeh tərəf isə bunun nəticəsində əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yenə də həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edildiyi kimi, mübahisəli tikintinin inşa edilməsinə iddiaçı tərəfindən 7900 manat vəsait xərclənməsi iş materialları ilə, həmçinin şahid ifadələri, cavabdehlərin etirafedici izahatları, ekspert rəyi ilə təsdiq edilir. Həmin xərcin cavabdehlər tərəfindən çəkilməsi barədə isə işdə mötəbər sübut yoxdur. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən, yəni iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ona istinad edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Hazırki halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər öz apellyasiya şikayətlərinin əsaslarına dair dəlillərini sübut edə bilməmiş, mübahisəli tikilinin məhz onların vəsaitləri hesabına inşa etdiklərinə dair məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları cavabdehlərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(031)- 163/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumları cavabdehlərin özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar