Məhkəmə qərarları › İş №2(105)-248/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-248/2024

27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-248/2024 27.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4729/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə Səadət Sarayında (Bakı Nikah Evi) nikaha girərək ailə qurmuşlar və bu nikah 809 saylı akt qeydilə rəsmiləşdirilmişdir.

2. xx.xx.2023-cü il tarixli barışıq sazışındən görünür ki, mediasiya prosesində birinci tərəfin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edən Vəkil1, Cavabdeh bu saziş imzalandıqdan sonra İddiaçı aralarında olan Bakı Nikah Evi tərəfindən xx.xx.2020-ci il tarixdə 809 nömrəli akt qeyd ilə qeydə alınmış nikahın məhkəmədə etibarsız hesab edilməsinə razı olduğunu bildirmiş və bu mübahisə ilə bağlı İddiaçı qarşı hər hansı tələbinin olmadığını təsdiq etmişdir. Mediasiya prosesində birinci tərəfin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edən Nümayəndə, İddiaçı bu Saziş imzalandıqdan sonra Cavabdeh ilə aralarında olan Bakı Nikah evi tərəfindən 11 dekabr 2020-ci il tarixdə 809 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın məhkəmədə etibarsız hesab edilməsinə razı olduğunu bildirmiş və bu mübahisə ilə bağlı Cavabdeh qarşı hər hansı tələbinin olmadığını təsdiq etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 809 nömrəli nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 11 dekabr 2020-ci il tarixdə ailə qurmuşdurlar və nikahları Səadət Sarayında (Bakı Nikah evi) xx.xx.2020-ci il tarixdə, 809 nömrə ilə qeyd edilmişdir. Qeyd edir ki, nikahları formal xarakter daşıyır. Sadəcə olaraq nikaha daxil olmuşdurlar. Bir-biriləri ilə ailə münasibətləri olmayıb və halhazırda da yoxdur. Onlar nikahı formal xarakterli qurmuşdurlar. Mediasiya sessiyasında iştirak məcburi olduğundan ilkin olaraq o, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru Etibar Həsənovun xx.xx.2023-cü il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında qanunvericliyə uyğun olaraq iştirak etmişlər. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərci də onun tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 tərəfindən mediasiya sessiyası təşkil olunmuşdur. MŞS/MT030/2023-00478-nömrəli, xx.xx.2023-ci il tarixli barışıq sazişi bağlamışdırlar.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinə dair izahat verərək iddia tələbini qəbul etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, tərəflərin hər ikisi həkimdirlər, qrup yoldaşı olublar. Hazırda hər ikisi Türkiyədə yaşayır. Məhz orada xəstəxanada işləyə bilmək üçün nikaha daxil olublar. İddiaçı nikaha daxil olduqları vaxt iş imkanlarının daha çox ola biləcəyini bildirib, lakin cavabdeh Türkiyəyə gedəndə xəstəxanada işə başlamaq üçün məhz ailə qurmağın vacib olmadığını başa düşüb. Buna görə də cavabdeh də iddia tələbini qəbul edir. İşin belə uzanmasının səbəbi isə tərəflərin Türkiyədə olmasıdır. Belə ki, əvvəl pandemiya dövrünün başlaması, daha sonra müharibənin olması ilə əlaqədar tərəflər Türkiyədən vaxtında vətənə qayıda bilməyib. Məhkəməyə hazırkı məsələ ilə əlaqədar bundan öncə müraciət olunsa da, yol verilmiş nöqsanlarla əlaqədar iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, tərəflər arasında heç bir ailə münasibətləri olmayıb, tərəflərin toyları belə olmayıb.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4729/2023 saylı qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia rədd edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ailə qurmaq niyyətinin olmaması, ər-arvad kimi yaşamamaları və birgə təsərrüfat idarə etməmələri, xüsusən də nikahın xaricə getmək məqsədli olması, xarici ölkədə həmin imtiyaz və güzəştlərin konkret olaraq nədən ibarət olması, eləcə də bu imtiyazları nəzərdə tutan hər hansı rəsmi sənəd və ya digər sübutları məhkəməyə təqdim etməmişdir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25, 10.1, 11.1, 12, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, Mülki Məcəllənin 354.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında nikah bağlanarkən ailə qurmaq niyyəti olmamış, bu cavabdeh tərəfindən də etiraf edilmişdir, lakin hakim tərəfindən nikah etibarsız sayılmamışdır. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilməlidir.

11. Daha sonra, cavabdeh apellyasiya şikayətinə əlavə verərək göstərmişdir ki, öz istəyi ilə nişanlanmamışdır. Kağız üzərində qurulan nikah öz iradəsi, istəyi ilə olmayıb. Qarşı tərəfin marağına və valideynlərinin verdiyi razılığa uyğun olaraq bu nikah reallaşıb. Oxumaq, uzmanlığı bitirib əlavə ixtisas qazanmaq istəyirdi və buna görə də uzmanlıq imtahanına (TUS imtahanına) hazırlaşırdı. Valideynləri 6 illik baza ali tibb təhsilini bitirdiyi üçün ailə qurmağını arzu edirdilər. Qarşı tərəf onlara elçi gəlmiş, valideynləri də razılaşmışdır. Sonradan qarşı tərəf də əslində onunla ailə qurmaq istəmədiyini, onun xarici görünüşünün ürəyincə olmadığını, onu əvvəldən istəmədiyini, əslində ümumiyyətlə əvvəldən onunla ailə qurmaq niyyəti olmadığını bildirmişdir. Qarşı tərəf öz oğullarının ucqar yerə düşəcəyindən ehtiyat etdiyi üçün nikahın rəsmi olmağını istəmişdir. Onlar onun yüksək bal toplayacağına və mərkəzə düşəcəyinə öz yəqinlərində əmin olduğu üçün iddiaçını onun olduğu yerə, mərkəzə yerdəyişmə etmək istəyiblər. O, könülsüz, məcbur qaldığı bu vəziyyətə görə depressiyaya düşdüyündən imtahana yaxşı hazırlaşa bilməmiş, psixoloji durumunun çətinliyi səbəbindən gözləniləndən çox aşağı bal toplamış və ucqar yerə, Afyona qəbul olmuşdur. Qarşı tərəf isə əksinə mərkəzə, İstanbula qəbul olmuşdur. Qarşı tərəfin əsl niyyəti də burada məlum olmuşdur. Türkiyədə olduğu müddətdə qardaşı ilə bir evdə yaşamış və xəstəxanada işləmişdir. Bu müddət ərzində başqa şəhərə getməmişdir. Bunu bütün xəstəxana təsdiq edə bilər. Bakıda olduğu müddətdə valideynləri ilə birgə yaşamışdır. Qarşı tərəflə heç bir şəkildə bir araya gəlməmiş, ortaq bir yaşayışları olmamışdır. Həqiqi evli olmamışdırlar. Bu kağız üstündə nikah olub. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

15. Maddə 25. Nikahın etibarsız sayılması 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.

16. Maddə 10. Nikahın yaşı 10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

17. Maddə 11. Nikahın bağlanma şərtləri 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz.

18. Maddə 12. Nikahın bağlanmasına mane olan hallar 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

19. Maddə 13. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi (...) 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

21. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

22. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 25-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

29. Nikahın etibarsız sayılması üçün şərtlər qanunvericilikdə konkret olaraq qeyd edilmişdir. Nikahın etibarsız sayılmasının ikinci şərti nikahın bağlanması zamanı ər və ya arvadın yazılı razılığının (könüllü razılıq) olmamasıdır. Bu şərt ailə hüququnda nikahın könüllüyü prinsipinə əsaslanır. Nikaha daxil olan zaman könüllülük prinsipinin pozulması çeşidli səbəblərdən baş verə bilər (fiziki və psixi zor tətbiq etmə və ya zor tətbiq etməklə hədələməklə, aldatma və s.).

30. Hazırkı tələb üzrə hər iki tərəf ailə qurmaq niyyəti olmadan nikah bağlanılmasına istinad edərək nikahın etibarsızlığını tələb etsələr də, nikahın etibarsızlığına səbəb olacaq halları təsdiq edəcək hər hansı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişlər.

31. Əksinə, iddiaçı tərəf cavabdehlə nikahın formal xarakterli olduğunu göstərsə də, cavabdeh tərəfin apellyasiya şikatinə əlavəsində göstərilmişdir ki, cavabdeh öz istəyi ilə nişanlanmamışdır. Kağız üzərində qurulan nikah öz iradəsi, istəyi ilə olmayıb. Qarşı tərəfin marağına və valideynlərinin verdiyi razılığa uyğun olaraq bu nikah reallaşıb. Oxumaq, uzmanlığı bitirib əlavə ixtisas qazanmaq istəyirdi və buna görə də uzmanlıq imtahanına (TUS imtahanına) hazırlaşırdı. Valideynləri 6 illik baza ali tibb təhsilini bitirdiyi üçün ailə qurmağını arzu edirdilər. Qarşi tərəf onlara elçi gəlmiş, valideynləri də razılaşmışdır. Sonradan qarşı tərəf də əslində onunla ailə qurmaq istəmədiyini, onun xarici görünüşünün ürəyincə olmadığını, onu əvvəldən istəmədiyini, əslində ümumiyyətlə əvvəldən onunla ailə qurmaq niyyəti olmadığını bildirmişdir.

32. Məhkəmə kollegiyasının iclasında isə cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, cavabdeh hazırda Afyon şəhərində yaşayır və o, İstanbul şəhrinə gedərək orada təhsilini davam etdirmək və işləmək istəmişdir. Qaydaya əsasən isə bunun üçün o, İstanbul şəhərində yaşayan və oxuyan bir şəxslə nikaha daxil olmalı idi və bu səbəbdən iddiaçı ilə nikaha daxil olmuşdur.

33. Göstərilənlərdən aydın olur ki, nikahın bağlanmasına hər iki tərəfin razılığı olmuşdur. Tərəflər nikah bağlayarkən ailə qurmaq niyyətində olmuşlar, lakin sonradan bu nikahı davam etdirmək niyyətindən daşınmışlar.

34. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı).

35. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Hazırkı iş üzrə tərəflər arasında nikah münasibətinə daxil olarkən iradə ifadəsi (könüllü nikah münasibəti) mövcud olmuşdur.

36. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında nikah münasibətinə daxil olarkən ailə qurmaq niyyəti olmadan nikaha daxil olması işin faktiki halları ilə müəyyən edilmədiyindən, nikahın etibarsız hesab edilməsi ilə bağlı iddia əsassızdır.

37. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

39. İddianın etirafı barədə şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, nikahın etibarsızlığı ilə bağlı iddiaçının mövcud tələbi yuxarıda sadalanan qanunvericilik aktları normalarının tələbləri baxımından əsassız olduğundan, həmin iddianın cavabdeh tərəfindən etirafı da qəbul edilməməlidir.

40. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4729/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4729/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar