Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-248/2025 15.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: maddi zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1362/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 2882 manat məbləğində maddi zərərin və tərəfindən ödənilmiş 49 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023cü il tarixdə təxminən saat 16:10 radələrində Cavabdeh idarə etdiyi “Hyundai Sonata” minik markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq, onun idarə etdiyi “Toyoto Carolla” minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ona maddi zərər vurmuşdur. Faktla əlaqədar olaraq araşdırma aparılmış, cinayət tərkibi olmadığı üçün xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və cavabdeh şəxsin barəsində İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün materiallar aidiyyatı üzrə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarla Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, hadisə zamanı ona məxsus olan “Toyoto Carolla” minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşına 5340 manat məbləğində zərər dəymişdir. Həmin zərərin 2458 manat hissəsi sığortaçı tərəfindən ona ödənilmişdir. Qalan məbləği yəni, 2882 manat pulu cavabdehdən tələb etsə də cavabdeh ona hər hansı bir ödəniş etməmişdir. O, könüllü olaraq avtomaşına vurduğu zərəri ödəmək istəmir. O, dəfələrlə ondan pulunu tələb etsə də heç bir müsbət nəticə verməmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1362/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 1981,74 (bir min doqquz yüz səksən bir manat, 74 qəpik) manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumunun 34 (otuz dörd) manat hissəsinin tutularaq, İddiaçı ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq Cavabdeh 35 (otuz beş) manat, İddiaçı isə 15 (on beş) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ********************saylı bank hesabına köçürülməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi və baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması, iş materialları, eyni zamanda onun həm məhkəmə iclasında, həm də Sumqayıt şəhər Polis İdarəsinin DYP Şöbəsində verdiyi izahatları ilə təsdiq edilir. Eyni zamanda cavabdeh baş vermiş hadisədə təqsirli olmasını qəbul edir, yalnız vurulmuş ziyanın məbləğini mübahisələndirir. Məhkəmə tərəfindən iddiaçıya məxsus “Toyoto Corolla” minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğini müəyyən etmək üçün ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 avqust 2024-cü il tarixli, 9/2863 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan AvtoKlub Servis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən 2007-ci il buraxılışlı “Toyoto Carolla” minik markalı, **-ES- *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 4440 manat müəyyən edilmiş, o cümlədən dəyişilməli hissələrin qiyməti 2600 manat, təmir bərpa işlərinin qiyməti 1840 manat təşkil etmişdir. İşdə olan 74366 nömrəli ödəniş tapşırığından görünür ki, 2458.26 manat Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı bank hesabına köçürülmüşdür. Bu səbəbdən “Toyoto Corolla” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyandan qalan 1981,74 (4440-2458.26) manat Cavabdeh tərəfindən avtomaşının mülkiyyətçisi olan İddiaçı ödənilməlidir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.2, 1097.1, 1108-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-1362/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, dəymiş maddi ziyanın azaldılması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə təxminən axşam saat 16.00 radələrində idarə etdiyi “HYUNDAİ SONATA” minik markalı, **-HB-*** dövlə qeydiyyat nişanlı avtomaşınla iddiaçının idarə etdiyi “TOYOTA COROLLA” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi törənmişdir. Faktla bağlı aparılmış inzibati araşdırma zamanı hadisənin onun təqsiri üzündən baş verməsi sübuta yetirilmiş və xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40.00 mana məbləğində cərimə olunmuşdur. İddia ərizəsində göstərilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus olan “TOYOTA COROLLA” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşına 5.340.00 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyanın 2458 manat hissəsi sığortaçı tərəfindən ona ödənilmiş, qalan məbləği – 2882 manat pulu isə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan tələb etmiş, məhkəmə isə iş üzrə yuxarıda göstərilən qətnaməni qət etmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, 1-ci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, mübahisəli məhkəmə qətnaməsində göstərilən 1981,74 manat məbləğində avtomobilə dəymiş maddi ziyanın məbləği şişirdilmişdir. Çünki, iddiaçının idarə etdiyi avtomobilin ehtiyyat hissələri və onların dəyər qiyməti hazırki tarixə əmlak bazarında olan qiymətləri əks etdirmir. Ona görə də hesab edir ki, məhkəmə qətnaməsi əsassızdır və qətnamə apellyasiya qaydasında ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hadisə nəticəsində bir neçə avtonəqliyyat vasitəsinə zərər dəymiş, sığorta şirkəti sığorta məbləğini mütənasib şəkildə bölərək, zərər dəymiş avtonəqliyyat vasitəsinin sahiblərinə vermiş, zərər məbləğini tam əhatə etmədiyindən, o, özü də həmin şəxslərlə razılığa gəlmiş və sığorta ödənişinin kifayət etmədiyi hissəsini ödəmişdir. Hadisə nəticəsində ən çox zərər görən iddiaçının avtomobili olmuş, sığorta şirkəti ona da zərər məbləğinin müəyyən hissəsini vermiş, lakin geriyə qalan hissənin ödənişi ilə bağlı təklifi ilə razılaşmadığından məhkəmədə iddia qaldırmış, məhkəməyə hansısa servisin tərtib etdiyi aktı sübut olaraq təqdim etmiş, həmin sənəddə avtomobilin müxtəlif ehtiyat hissələrinin əvəz olunduğu qeyd olunmuşdur. Hesab edir ki, iddiaçının avtomobilinin bərpasına xərclənmiş məbləğ şişirdilmiş məbləğdir. İddiaçı avtomobilini avtoservisdə tamamilə yenidən yığdırıb, məbləğini ondan tələb etməsi düzgün deyil. Demək olar ki, maşının dəyərinin yarısını ondan tələb edir. Maşınların fotoşəkilləri hazırda yoxdur, köhnə maşındır, iddiaçı maşının zədələnməyən hissələrini də dəyişdirib pulunu tələb edir. “Avtoclub” servisin tərtib etdiyi aktda yazılanlar sığorta şirkətinin qüsur aktı əsasında yazılmamışdır. Zədələnməyən hissələrin təmir olunması ilə bağlı hazırda sübutu yoxdur, amma sığorta şirkətindən zərər aktını əldə edərək məhkməyə təqdim edə bilər. Sübutları birinci instansiya məhkəməsində təqdim etməməyinin səbəbi bu istiqamətdə səriştəsizliyi olmuşdur. Qüsur aktında hansı məbləğ yazıldığını bilmir. Öz maşınının yan hissəsi ilə qarşı tərəfin maşının ön hissəsi toqquşmuşdur. Qəza nəticəsində iddiaçıya məxsus avtomobil aşmış, arxa şüşəsi zədələnmişdir.
11. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sübutlar
12. xx.xx.2023-cü il tarixli AvtoKlub Servis tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Toyoto Carolla” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın aradan qaldırılması üçün çəkilən xərc 5340 manat məbləğindədir.
13. İş materialında olan inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Cavabdeh “Hyundai Sonata” minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
14. İşdə olan İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur.
15. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
16. 74366 nömrəli ödəniş tapşırığından görünür ki, 2458.26 manat sığorta məbləği Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı bank hesabına köçürülmüşdür.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 avqust 2024-cü il tarixli, 9/2863 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan AvtoKlub Servis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən 2007-ci il buraxılışlı “Toyoto Carolla” minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 4440 manat müəyyən edilmiş, o cümlədən dəyişilməli hissələrin qiyməti 2600 manat, təmir bərpa işlərinin qiyməti 1840 manat.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1362/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı dəymiş zərərin məbləği hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1362/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçının qanuni sahibliyində olan avtomobilinə zərər dəymiş və həmin zərərin məbləği ekspert rəyi ilə dəyişilməli hissələrin qiyməti 2600 manat, təmir bərpa işlərinin qiyməti 1840 manat olmaqla cəmi 4440 manat müəyyən edilmiş, eyni zamanda Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 2458.26 manat sığorta məbləği iddiaçıya ödənilmişdir ki, həmin məbləğ nəzərə alınmaqla, 1981,74 (4440-2458.26) manat zərər məbləğinin cavabehdən tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, avtomobilə dəymiş zərərin məbləği ekspert rəyi ilə müəyyən edilmişdir. Həmçinin, cavabdeh tərəfindən iddiaçının avtomobilinin bərpasına xərclənmiş məbləğin şişirdilməsinə dair hər hansı bir əsaslı dəilil irəli sürülməməklə yanaşı, birinci instansiya məhkəməsinə də hər hansı bir sübut təqdim edilməmişdir.
24. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1362/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1362/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.