Məhkəmə qərarları › İş №2(105)-2483/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2483/2020

28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2483/2020 28.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndələri: X6 və X3, Cavabdeh: Cavabdeh9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.V.Kazımov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9 Xankişiyeva Vüsalə Oqtay qızının, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Qusar şəhəri, H.Əliyev prospektindəki 7 saylı ünvanda yerləşən ona məxsus olan yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Qusar şəhəri, H.Əliyev prospektindəki 7 saylı evdə yaşayır. Ailəsi həyat yoldaşı Hətimə Nurəliyevadan, oğlu Kamil Nurəliyevdən, gəlini Leyla Nurəliyevadan, nəvələri Alina Nurəliyeva və Zarina Nurəliyevadan ibarətdir. Həmin ev özünün mülkiyyətindədir, mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx xxxxxx 2019-cu il tarixdə qeydiyyata alınmış, **********23- 10302 reyestr nömrəli Çıxarışla qeydiyyata alınmışdır. Mülkiyyətində olan həmin yaşayış evində xx xxxxxxx 1990-cı il təvəllüdlü Cavabdeh1, xx xxxx 1993-cü il təvəllüdlü Cavabdeh2, xx xxxxxx 1992-ci il təvəllüdlü Cavabdeh3, xx xxxxxx 1960-cı il təvəllüdlü Cavabdeh9, xx xxxx 1990-cı il təvəllüdlü Cavabdeh4, xx xxxxxx 1963-cü il təvəllüdlü Cavabdeh5, xx xxxx 1970-ci il təvəllüdlü Cavabdeh6, xx xxx 1987-ci il təvəllüdlü Cavabdeh7 və xx xxxx 1996-cı il təvəllüdlü Cavabdeh8 qeydiyyatdadır. O, həmin şəxsləri, yəni evinə qeydiyyatda olan cavabdehləri heç vaxt görməmişdir. Cavabdehlərin ona məxsus evdə qeydiyyatda olması mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. “Elektron notariat” X1 Çıxarışdan da görünür ki, cavabdehlər onun mülkiyyətində olan Qusar şəhəri, H.Əliyev prospektindəki 7 saylı evdə qeydiyyatdadırlar. Cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur, həmçinin, cavabdehlərin həmin mənzildə qeydiyyatda qalması əlavə kommunal xərclərin ödənilməsi zərurətini yaratmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və qeyriləri apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işə onların iştirakı olmadan baxmışdır. 1978-ci il tarixdən onlar mübahisəli evdə yaşamışlar və həmin ildən onlar qeyd etdilən ünvanda pasport qeydiyyatındadırlar. 1993cü il tarixdə onlar ailə vəziyyəti ilə əlaqədar olaraq müvəqqəti anası evinə Qusar rayonu Bala Qusar kəndinə köçmüşlər. Onların kəndə köçməkləri müvəqqəti olduğu üçün onlar mübahisəli ünvanda yerləşən evlərinə tez-tez gəlib baş çəkmişlər. 1995-ci il tarixdən İddiaçı ailəsi ilə birlikdə mübahisəli evə girərək məskünlaşmışdır. Bu barədə aralarında söz-söhbətləri olmuşdur və onlar iddiaçıya bildirmişlər ki, bu ev onlara verilib və həmin evdə onlar pasport qeydiyyatındadırlar. İddiaçı bildirmişdir ki, onları həmin evə buraxmayacaq. İddiaçı onları evə buraxmır və aralarında mübahisə olmuşdur. Həmin mübahisənin cinayətə çevrilməsinin qabagını almaq üçün onlar müvəqqəti evdən əl çəkmişlər. İddiaçı həyətdə yaşadıqları evi və tikdikləri tikililəri sökərək özünə yeni ev tikmişdir. İddiaçı qeyri-qanuni olaraq torpağa və evə qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. İddiaçı məhkəmədə bildirmişdir ki, güya onları tanımır və heç vaxt görməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxaraq qanunsuz qətnamə qəbul etmişdir. Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(029)-406/2020 saylı qətnaməsini tamamilə ləğv edib, yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh9 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı, nümayəndələri K.İddiaçı və H.X.Nurəliyeva apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadılar, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehlərin iddiaçının ailə üzvlərinin olmamasına və mülkiyyətçinin hüquqlarının pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il tarixli, **********23-10302 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.0527 hektar həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 306.30 kv.metr yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam mülkiyyət sahibi olmaqla İddiaçı məxsusdur. İşə əlavə olan 849 nömrə ilə reyestr kitabında qeydiyyata alınmış 29/Vİİİ-2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Qusar şəhəri, T.İsmayılov küçəsində yerləşən 1 (bir) mərtəbəli, 5 (beş) otaqlı, yaşayış sahəsi 96,30 kv.metr, ümumi sahəsi 156,30 kv.metrdən ibarət olan 7 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Qusar Rayon Məhkəməsinin N-21 saylı, 14/V-2003-cü il tarixli qətnaməsi əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Qusar İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 85 nömrəli Arayışdan görünür ki, İddiaçı Qusar şəhəri, H.Əliyev prospekti 7 saylı evdə yaşayır və həyat yoldaşı X4, 1985-ci il təvəllüdlü X7, gəlini X8, nəvələri X9 və X5 ibarət ailə tərkibi vardır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayşından görünür ki, İddiaçıu xx xxxxxxx 2005-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır və həmin evdə qeydiyyatda olan digər şəxslər xx.xx.1956-cı il təvəllüdlü H.X.Nurəliyeva, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh6, xx xxxxxx 1960-cı il təvəllüdlü Cavabdeh9, xx xxxxxx 1987-ci il təvəllüdlü L.M.Nurəliyeva, xx xxx 1987-ci il təvəllüdlü Cavabdeh7, xx xxxxxx 1963-cü il təvəllüdlü Cavabdeh5, xx xxxx 2011ci il təvəllüdlü A.K.Nurəliyeva, xx xxxxxxxx 2014-cü il təvəllüdlü Z.K.Nurəliyeva, xx xxxx 1985-ci il təvəllüdlü K.İddiaçı, xx xxxxxx 1992-ci il təvəllüdlü Cavabdeh3dur. İşdə olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Qusar şəhəri, H.Əliyev prospekti 7 ünvanında cavabdehlər qeydiyyatdadırlar. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli 149-21579N-3219 nömrəli cavab məktubundan görünür ki, İddiaçı məxsus ünvan 7 ünvanında İddiaçı qeyd etdiyi vətəndaşların həmin ünvandan qeydiyyatdan çıxarılması üçün Qusar Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Qusar rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli cavab məktubundan görünür ki, İddiaçı ərizəsində şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı qeyd etdiyi məsələlər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilməli olduğundan bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən 0.0527 hektar həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 306.30 kv.metr yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam mülkiyyət sahibi olmaqla İddiaçı məxsusdur. Həmin mənzil iddiaçının adına ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il tarixli, **********23-10302 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə rəsmiləşdirilmişdir. Cavabdehlər həmin mənzildə qeydiyyatdadırlar. Lakin həmin cavabdehlər həmin ünvanda yaşamırlar. Həmin ünvanda cavabdehlərə məxsus olan hər hansı bir əmlak yoxdur. Cavabdehlərin mübahisəli yaşayış mənzilinə qeydiyyatları formal xarakter daşıyır. Məhkəmə kollegiyası iclası zamanı Cavabdeh9 izahatından müəyyən edilmişdir ki, o, öz ailəsi ilə birlikdə qardaşı Cavabdeh3 1990-cı il tarixdən qeydiyyatda olan yeri üzrə yaşamırlar və həmin vaxtdan Qusar rayonu Balaqusar kəndində yaşamışlar. Məhkəməyə təqdim edilmiş xx xxxx 2009-cu il tarixli Çıxarışdan müəyyən olunur ki, Cavabdeh9 adına Qusar rayonu, Bala Qusar kəndində mülkiyyətində olan 0.26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 151.6 kv.m yaşayış, 123.3 kv.m köməkçi sahədən ibarət nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh9 fərdi yaşayış evinə tam, torpaq sahəsinə ümumi birgə, X2 torpaq sahəsinə ümumi birgə adlarına daşınmaz əmlakın dövlət reyestrində 4 qömrəli reyestr kitabının 147 nömrəli vərəqində qeydiyyata alınmışdır. Təqdim edilmiş xx xxxxx 2015-ci il tarixli Çıxarışdan görünür ki, Cavabdeh5 adına Qusar rayonu Bala Qusar kəndində mülkiyyətində olan 0.185 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 24,8 kv.m yaşayış, 42.1 kv.m köməkçi sahədən ibarət nömrəli fərdi yaşayış evi mülkiyyəti üzrə adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası cavabdehlərin mübahisəli evin iddiaçının adına qanunsuz qeydiyyata alınması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, İddiaçı adına verilmiş Çıxarış hazırda qüvvədədir, cavabdehlər ünvan 7 ünvanında formal qeydiyyatdadırlar, həmin evdə yaşamırlar. Yaşayış evindən istifadəyə dair iddiaçı ilə cavabdehlər arasında hər hansı bir razılaşma yoxdur. Cavabdehlər ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində formal olaraq qeydiyyatda olmaları mülkiyyətçi kimi İddiaçı hüquqlarını pozur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin iş üzrə xx xxx 2020-ci il tarixli 2(029)-406/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar