Məhkəmə qərarları › İş №2(105)-2484/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2484/2021

04.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2484/2021 04.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə Siyəzən Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(059)-158/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Siyəzən Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(059)-158/2021 saylı qətnaməsi ilə (hakim B.R.Ələkbərov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Siyəzən şəhərinin H.Z.Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsindən, eləcə də ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaqla həmin torpaq sahəsi və fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi və iddia üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada apelyasiya şikayəti verib, Siyəzən Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(059)-158/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Siyəzən şəhərinin H.Z.Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsini, eləcə də üzərində yerləşməklə, ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evini 01 iyun 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 48.000 manata almış, habelə satıcı tərəfdən bu müqaviləni sonuncunun adından etibarnamə əsasında çıxış edən nümayəndəsi Cavabdeh2 imzalamışdır. Bundan sonra 14 dekabr 2020-ci il tarixdə torpaq sahəsi və fərdi yaşayış evi dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Həmin vaxtdan kifayət qədər zaman keçməsinə, eləcə də edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər evdən, eləcə də torpaq sahəsindən çıxmır, oranı boşaltmır və müxtəlif bahənələrlə mülkiyyətində olan əmlakı ona təhvil vermirlər. Mülkiyyətçi olsa da, cavabdeh tərəfin bu qanunsuz hərəkətləri nəticəsində hal-hazıradək fərdi yaşayış evinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Bundan başqa, o, Siyəzən şəhərinin H.Z.Tağıyev küçəsindəki torpaq sahəsini və fərdi yaşayış evini alarkən oranı satmaq niyyəti olmuş, hətta cavabdeh tərəflə ev satılarkən sonuncuların dərhal oradan çıxmaları ilə bağlı razılaşmışlar. Eyni zamanda, o, cavabdeh tərəfə sonuncu dəfə 2020-ci ilin oktyabr ayında ona məxsus əmlakdan əşyaları ilə birgə çıxmaları ilə əlaqədar xəbərdarlıq etsə də, Cavabdeh1 ona hədə-qorxu gələrək, buna qəti etiraz etmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan Siyəzən şəhərinin H.Z.Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsindən, eləcə də ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaqla, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdikləri apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Siyəzən Rayon Məhkəməsi 19 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.2-ci maddəsinin, Azərbaycan Respubliksı MPM-nin 8, 9, 14-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisə predimeti üçün əsas olan 01.06.2018-ci il tarixli, AN-İ№-0683193 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 5-ci maddəsində göstərilir ki, alıcı İddiaçı ilkin olaraq 28.000 manatı Cavabdeh1 notariusun bankda açılan depozitinə ödəyir, palan 20.000 manatı isə 06.06.2018-ci il tarixədək ödəməyi öhdəlik götürür. Müqavilə üzrə ödənilməsi nəzərdə tutulan qalıq 20.000 manatın hər hansı yolla satıcıya ödənilməsinə dair nə iş materiallarında, nə notariat kontorunda, nə də alıcının özündə hər hansı bir qəbz və yaxud sənəd sübut yoxdur. Çünki, alıcının depozit hesabı vasitəsilə ödədiyi 28.000 manat tərəflərindən qısa zaman ərzində alıcının özünə qaytarılmışdır ki, nəticədə qalan 20.000 manat verilməmişdir. Müqavilənin baş tutması üçün tərəflərdən biri aldığı daşınmaz əmlakın dəyərini tam ödəməli, satıcı isə satdığı əmlakın dəyərini pul formasında tam almalıdır. Hazırki iddiaçı alqı-satqı müqaviləsindən sui-istifadə edərək onların yaxın tanışları arasında yaranan münasibətin həllini onlarla bağladığı gerçəkləşməyən və baş tutmayan müqavilə ilə tənzimləmək niyyətindədir ki, qanunvericiliyin tələbləri ilə bu hallar yolverilməzdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzində təsdiqlənmiş, 01 iyun 2018-ci il tarixdə 4Ə-1874 reyestr sayı ilə qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 (Siyəzən rayon Dövlət Notariat Kontorunda 18 may 2018-ci il tarixli, 1234 nömrə ilə reyestrdə rəsmiləşdirilmiş etibarnamə əsasında çıxış edən nümayəndəsi Cavabdeh2 vasitəsilə) mülkiyyətində olan Siyəzən şəhərinin H.Z. Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsini, eləcə də üzərində yerləşməklə, ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evini İddiaçı 48000 manata satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 dekabr 2020-ci il tarixdə verdiyi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Siyəzən şəhərinin H.Z. Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsi, eləcə də onun üzərində yerləşən ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evi həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********1810301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 29 oktyabr 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdeh tərəfə ona məxsus torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmaları, eləcə də həmin əmlakı ona təhvil vermələri ilə əlaqədar xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həçmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin edərkən gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, Cavabdeh1 (Siyəzən rayon Dövlət Notariat Kontorunda 18 may 2018-ci il tarixli, 1234 nömrə ilə reyestrdə rəsmiləşdirilmiş etibarnamə əsasında çıxış edən nümayəndəsi Cavabdeh2 vasitəsilə) mülkiyyətində olan Siyəzən şəhərinin H.Z. Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsini, eləcə də üzərində yerləşməklə, ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evini 01 iyun 2018-ci il tarixdə İddiaçı 48000 manata satmış, qeyd edilən əmlak sonuncunun adına 14 dekabr 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, İddiaçı məxsus həmin evin cavabdehlərə müvəqqəti yaşamaq üçün verilməsi məlum olmuşdur. İddiaçı mübahisəli torpaq sahəsindən və fərdi yaşayış evindən çıxması üçün cavabdehlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, sonuncular bundan imtina etmişdir. Cavabdehlər mübahisəli fərdi yaşayış evində yaşasalar da, ora hər hansı bir formada əmlak hüquqları əldə etməmişlər. Torpaq sahəsinin və fərdi yaşayış evinin satıldığı vaxtdan oranın keçmiş sakinləri (satıcılar) xeyli müddət keçməsinə baxmayaraq, daşınmaz əmlakı alıcıya vermək barədə alqı-satqı müqaviləsinin 8 və 11-ci bəndlərinə əsasən öhdəlik götürsələr də, öhdəlik yerinə yetirilməmişdir. Cavabdehlərin mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə hər hansı bir formada əmlak hüquqları olmasa da, İddiaçı həmin əmlaka yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərinə müvafiq olaraq mülkiyyət hüququ mövcuddur və onun bu hüququ mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq qorunmalı və müdafiə olunmalıdır. Sadalanan hallara istinad edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə qanuni və əsasılı qətnamə qəbul etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayətinin dəlillərinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(059)-158/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar