Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2498/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehlərin nümayəndəsi: X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.A.Səmədzadə) iddianın təmin olunması, İddiaçı cavabdehlərin istifadəsində olan Xaçmaz rayonu, Arzu kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 157.9 kv.m, yaşayış sahəsi 84.8 kv.m, köməkçi sahəsi 73.1 kv.m olan evdə yaşayış sahəsindən istifadə hüququ tanınması və onun həmin yaşayış evinə köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh2 Sahib oğlu və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə rəsmi nigah bağlamaqla cavabdehlərdən Cavabdeh2la ailə həyatı qurmuş və həmin tarixdə də cavabdehin valideynləri Saib Tahirova və Cavabdeh1 məxsus Xaçmaz rayonu Arzu kəndində yerləşən evə gəlin köçmüşdür. Birgə nikahdan iki övladı var-24 sentyabr 2006 təvəllüdlü X5 və 2 noyabr 2007-ci il təvəllüdlü X2. Cavabdeh2la evləndiyi ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Cavabdeh2 ilk uşağı olandan sonra içki içməyə başlamış, sonra içkinin aludəçisinə çevrildiyindən artıq ilk vaxtlar olan gözəl ailə əlaqələri pozulmuş və məişət zorakılığına gətirib çıxarmışdır. Cavabdehlərdən Cavabdeh2 onu və övladlarını tez-tez döydüyündən o, məhkəməyə müraciət etmiş və 2018-ci ildə nikah pozulmuşdur. Ona görə də o, məcburiyyət qarşısında qalaraq 2018-ci ildən valideynlərinin evində yaşayır. Cehiz əmlaklarının əksəriyyəti gəlin köçdüyü Xaçmaz rayonu Arzu kəndindəki evdə qalmışdır. Gəlin köçdüyü evə övladları ilə birgə qayıdıb orada yaşamaq istəyir. Lakin cavabdehlər buna imkan vermir. DƏDRX-in 5 saylı Ərazi İdarəsinin 04.06.2020-ci il tarixli **********61№-li məktubdan görünür ki, 5 saylı Xaçmaz İdarəsinin Arxiv sənədlərinə əsasən Xaçmaz rayonu Arzu kəndində yerləşən fərdi yaşayış evi Dövlət reyestrində hal-hazırda **********5210301 reyestr nömrəli çıxarışla Cavabdeh1 adına qeydə alınmışdır. O isə gəlin köçən vaxt evin hər hansı sənədi mövcud olmamışdır. O rəsmi nikah əsasında Cavabdeh2 ilə ailə həyatı quraraq cavabdehin valideynlərinə məxsus evə gəlin köçdüyündən həmin evdə onun yaşamaq hüququ əmələ gəlmiş və onun Xaçmaz rayonu Arzu kəndində yerləşən evdən istifadə hüququ tanınmalı və o həmin evə köçürülməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və qeyrisi apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Məhkəmə hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək Mənzil Məcəlləsinin 123 və 53-cü maddələrini habelə Mülki Məcəllənin 180-ci maddəsini tətbiq etmişdir. Hal-hazırda mübahisəli ev DƏDRX-nin 12 avqust 2020-ci il tarixli ********** saylı qeydiyyat nömrəli qeydə əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2454/2017-ci il tarixli qətnaməsi ilə A.Tahirova ilə Cavabdeh2 arasında 20 may 2006-cı il tarixdə bağlanmış nikah pozulmuşdur. Məhkəmə bilərək həmin qətnamənin tarixini göstərməmişdir. İddiaçı mübahisəli evə ilk dəfə 23 sentyabr 2003-cü ilə köçürüləndən sonra orada 2019-cu ilədək yaşamışdır. Belə olan halda iddiaçının mübahisəli yaşayış evindən istifadə etməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə çıxardığı 06 may 2021-ci il tarixli 2(067)-1076/2021 saylı qətnaməsini ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi Z.S.Tairov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınması və köçürülməsinin əsasınan onun həmin evdə köçüb yaşayarkən evin şəxsin mülkiyyətində olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli **********38№-li məktubdan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində Nümayəndə Saib oğlunun xüsusi mülkiyyətində olan Xaçmaz rayon Arzu qəsəbəsində yerləşən 157.9 kv.m sahəsi olan fərdi yaşayış evinə dair 2006-ci ili əhatə edən sənədlər aşkar edilməmişdir. İşə əlavə olan ƏMDK-nin yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayon Arzu qəsəbəsində yerləşən 157.9 kv.m sahəsi olan fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə 12.08.2020-ci ildən X3 xüsusi mülkiyyətindədir. İşdə olan sənədlərin surətlərindən müəyyən olunur ki, A.V.Tahirovanın və Cavabdeh2 birgə nikahdan 2006-ci il təvəllüdlü X5 və 2007-ci il təvəllüdlü X2 doğulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və A.V.Tahirova ilə olan nikah 09 fevral 2018-ci ildə pozulmuşdur, nikah ləğv olunduqdan sonra qadına Məhərrəmova soyadı verilmişdir. İşdə olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2454/2017 saylı qətnaməsinin surətindən görünür ki, A.V.Tahirov ilə Cavabdeh2 arasında 20 may 2006-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş övladları A.V.Tahirovanın himayəsində saxlanılmış, birgə nikahdan doğulmuş övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat sabit məbləğdə aliment alınaraq A.V.Tahirovaya verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası cavabdehlərin İddiaçı hazırda ailə üzvünün olmaması barədə və həmin evə heç bir aidiyyəti olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh ilə 2006-cı ildə rəsmi nikaha daxil olduqdan, onların arasında yaranan hüquq münasibətləri həmin dövrün qanunvericiliyinə əsasən tənzimlənməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış evi hüquq münasibətlərinin yarandığı dövrdə özbaşına tikili olduğundan, cavabdehlərin iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Xaçmaz rayonu Arzu kəndində yerləşən ev 2006-cı ildə dövlət qeydiyyatına alınmamışdır. İddiaçı 2006-cı ildə cavabdehlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və ailə üzvü kimi onların evinə qeyd şərtsiz yaşamaq üçün gəlin köçmüş, onlar yaşadıqları evdə ümumi təsərrüfat aparmışlar. Onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadıgından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sahib oğlunun apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 06 may 2021-ci il tarixli 2(067)-1076/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2498/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2498/2021
13.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver