Məhkəmə qərarları › İş №2(105)-2498/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2498/2022

06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2498/2022 06.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəsinə dair Quba Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(027)-2297/2022 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim R.Həsənov) qərara alınmışdır: Ərizəçi Maraqlı şəxs hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin icraatına iş məhkəmədə baxılmalı deyil əsası ilə xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ərizəçiyə izah olunsun ki, onun hazırki iddia ilə ilk öncə Maraqlı şəxsnə sonrakı hərəkətlər üçün isə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Ərizəçi həmin qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(027)-2297/2022 nömrəli qərardadından iş üzrə Ərizəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi Maraqlı şəxs hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, satıcı X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alıcı Ərizəçi özgəninkiləşdirilməsi barədə 11 aprel 2006-cı il tarixli 236734 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanılması hüquqi əhəmiyyətli faktı müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Quba Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin bu iş üzrə qərardadı tamamilə qanunsuz və əsassız olmaqla, vətəndaşı məhkəmə müdafiəsi imkanından məhrum etmək, onu əsassız olaraq inzibati məhkəmələrə gedib-gəlməklə süründürməçilik yolunu tutmağa məcbur etməkdən ibarətdir. Belə ki, məhkəmə qərardadda tövsiyyə edir ki, “məhkəməyə təqdim edilən müqavilənin nüsxəsindən görünür ki, qeyd edilən müqavilə notarait orqanı tərəfindən təsdiq edilmişdir. Ona görə də ərizəçi müqavilə əsasında mülkiyyət hüququ ilə bağlı çıxarış verilməsi üçün ilk öncə Maraqlı şəxsnə müraciət etməli, müraciətin baxılması qeyd olunan orqan tərəfindən imtina edildikdə, bu İdarənin hərəkətlərinə və ya qərarında hazırkı ərizə üzrə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır” Bu qərardadı imzalayan hakimdən soruşulmalıdır ki, adını çəkdiyin 11 aprel 2006-cı il tarixli 236734 saylı alqı-satqı müqaviləsinin bağlanılmasından 16 il keçmişsə, onu təsdiq edən notariat kontoru ləğv edilmişsə, hazırda müqavilənin qüvvədə olmasını təsdiq edən nə notariat kontorundan, nə də notariat arxivindən bir arxiv arayışı da almaq mümkün deyildirsə, ən əsası heç bu müqavilənin olduğu notariat işi özü arxivdə yoxdursa, yəni notarius bu işi itiribsə, təkcə müqavilə nüsxəsini reyest xidmətinə təqdim etməklə məgər çıxarış almaq mümkündürmü. Bu iş üzrə bu orqana təqdim ediləcək bu müqavilənin qüvvədə olması barədə arxiv arayışı yoxdursa, bu İdarənin imtinası indidən bəllidir. Onun qərarından şikayətin də faydası olmayacaq, belə ki, məhkəmə bu notariat işini tələb etməli olacaq, belə işdə heç yerdə yoxdur. Həmin reyestr nömrəsi altında başqa vətəndaşın işi rəsmiləşdirilib. 11 aprel 2006cı il tarixli 236734 saylı alqı-satqı müqaviləsinin bağlanılmasından 16 il keçib və reyestr xidmətinə müraciət edilməyib. 4Ə-348 saylı reyestr nömrəli notariat işi Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivində yoxdur. 4Ə-348 saylı reyestr nömrəsi altında müqavilənin notarius tərəfindən Quba rayon Dövlət notariat ofisində 01 iyun 2006-cı il tarixdə digər şəxslər barəsində rəsmiləşdirilib. 11 aprel 2006-cı il tarixli 236734 saylı alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətini və bu müqavilənin qüvvədə olması barədə arxiv arayışını əldə etmək yuxarıda göstərilənlərə əsasən mümkün deyil. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə üzrə mülki işə məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından icraata xitam verilməsi qənaətinə gəlmiş, bu nəticədən Ərizəçi narazı qalaraq şikayət vermişdir. İşdən görünür ki, Ərizəçi satıcı X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alıcı Ərizəçi özgəninkiləşdirilməsi barədə 11 aprel 2006-cı il tarixli 236734 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanılması hüquqi əhəmiyyətli faktı müəyyən edilməsini xahiş edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (1.2). Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir (1.3.). Göründüyü kimi faktlar nəticə doğurmaqla, fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olmalı, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməli, yaxud itirilmiş sənədlərin sənədlərin bərpası mümkün olmamalı, qüvvədə olan qanunvericilikdə belə faktın müəyyən edilməsinin məhkəmədənkənar qaydası nəzərdə tutulmamalı və hüquq haqqında mübahisə olmamalıdır. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Quba Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli və onunla bağlı 04 noyabr 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Ərizəçi şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli və onunla bağlı 04 noyabr 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar