Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-25/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq üzərində hüquqların bərpası tələbinə dair mülki iş üzrə Siyəzən rayon məhkəməsinin 2(059)-108/2018 saylı, 04 iyul 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən rayon məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Siyəzən rayonun Beşdam kəndindəki İddiaçı məxsus 0,03 ha torpaq sahəsinin 52,24 kv.metr hissəsinin üzərində inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməklə onlar oradan çıxarılmaları, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilib iddiaçının sahibliyinə qaytarılması, ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, həmçinin iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 60 (altmış) manat məbləğində pulun tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank)**********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına keçirilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Ağagül və Cavabdeh2lar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq üzərində hüquqların bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayonu, Beşdam kəndində olan 0,03 ha torpaq sahəsi üzərində inşa edilmiş tikililərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, 0,03 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaqla onun hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Beşdam Bələdiyyəsinin 07 avqust 2000-ci il tarixli, 01 saylı qərarı ilə Bələdiyyənin ehtiyat fondu torpaqlarına daxil olan və kənd təsərrüfatına yararsız 0,03 ha torpaq sahəsi alqı-satqı yolu ilə tövlə tikintisi məqsədi ilə İddiaçı satılmış və bu torpaq sahəsinin yerləşmə yeri və coğrafi koordinatları barədə cizgi, eləcə də, akt tərtib olunmuşdur. 31 avqust 2004-cü il tarixdə mübahisəli torpaq sahəsi iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Bununla belə, iddiaçı, hazırda mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, cavabdehlər iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etməklə orada müxtəlif tikintilər inşa etdiklərindən iddiaçının həmin torpaq sahəsindən mülkiyyətçi kimi istifadə etmək hüquqları məhdudlaşır. Hazırda cavabdehlər tərəfindən onların mülkiyyətlərində olmayan torpaq sahəsində apardıqları tikinti onlara hər hansı bir tikinti işlərinin həyata keçirilməsi üçün ayrılmamışdır. Onlar tərəfindən aparılmış tikinti iddiaçıya məxsus və ona tövlə tikintisi üçün ayrılmış torpaq sahəsində aparılmışdır. Beləliklə, cavabdehlər tərəfindən iddiaçıya aid torpaq sahəsində aparılmış tikinti özbaşına tikintidir, onun saxlanması iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozur və cavabdehlər tərəfindən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində buna lazımi icazələr almadan aparıldığından məhkəmə qərarı əsasında sökülməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1 və Muradov X1 rayon məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə qanunsuz və əsassız qəbul edilmiş, mübahisə edilən məhkəmə aktı maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçı mülkiyyətində olan əmlakından maneəsiz istifadə hüquqlarından məhrum olması, bu halın onun hüquqlarını məhdudlaşdırması və əmlakından mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaratması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Torpaq Məcəlləsinin 55., 66.2, 67.3, 68, 111, ., Mülki Məcəllənin 139.1, 152.1, 157.2, 239.2. maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehlər Ağagül və Cavabdeh2lar vermiş olduqları apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hisəsinin cavabdehlər tərəfindən zəbt edilməsi ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edildiyi müəyyən edilərək iddia tələbi təmin edilmiş, cavabdehlər həmin nəticədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. Azərbaycan Respublikası MPM-nin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Aşağı instansiya məhkəməsi gəlinən nəticənin tam, hərtərəfli araşdırılması və obyektin nəticəyə gəlinməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2018-ci il tarixli, 4491 saylı ekspert rəyi verilmişdir. Ekspert rəyindən rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 2 saylı Sumqayıt LTİ-nin tərtib etdiyi mütəxəssis rəyinin göstəricilərini nəzərə alaraq, mübahisə predmeti olan Siyəzən rayonu Beşdam kəndində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin 52,24 kv.m hissəsinin RX seriyalı, ******* saylı çıxarışla İddiaçı xüsusi mülkiyyətində, qalan hissəsinin yerləşdiyi torpaq sahəsinin isə, Beşdam bələdiyyəsinə məxsus olduğu və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən üzərində tikinti aparılan torpaq sahəsinin 52,24 kv.m hissəsinin RX seriyalı, ******* saylı çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). İşdən görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi əsası ilə məhkəməyə müraciət etmiş, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər Ağagül və Cavabdeh2lar tərəfindən zəbt edildiyi iş üzrə mütəxəsis və keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir. Bununla da, sonuncular tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməklə iddiaçının əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneçilik törətməsini qaçılmaz etmişdir. Halbuki hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilmişdir. Mülki Məcəllənin 239.2. maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci bəndlərinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1, 2 və 3-cü bəndləri). Kənar şəxsə məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasına hər hansı formada töhvə edilməsi faktı, özü-özlüyündə heç bir halda həmin torpaq sahəsinin və üzərində yerləşdiyi tikilinin mülkiyyətçisi olmasına qanuni gözləntiyə əsas hesab edilə bilməz (“İbrahimi Türkiyəyə qarşı”, §50, 22 sentyabr 2009-cu il tarixli AİHM qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göründüyü kimi İddiaçı məxsus 0.03 ha torpaq sahəsinin 52,24 kv.m hissəsi Cavabdeh2 tərəfindən zəbt edilməsi, həmin hissədə özbaşına tikili inşa edildiyi müəyyən edildiyindən, zəbt edilmiş həmin sahədə inşa etdiyi tikilinin sökülməsi və onların həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətdə iddiaçının mülkiyyətinə (sahiblik və istifadəsinə) qaytarılması barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Siyəzən rayon məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən rayon məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-25/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-25/2021
13.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver