Məhkəmə qərarları › İş №2(105)-2501/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2501/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2501/2022 06.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(012)-5777/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim E.Kazımov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması, iddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı iddia ərizəsinin verilməsinə görə ödədiyi 52 (əlli iki) manat dövlət rüsumuna görə pul geri ona qaytarılması, qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(012)-5777/2022 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsi, şikayət işlə birlikdə 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 968 manat məbləğində əsas borcun, 1.000 manat məbləğində əldən çıxmış faydaya görə vəsaitin, 1.000 manat məbləğində mənəvi ziyana görə vəsaitin, 200 manat hüquqi yardıma görə ödənilmiş vəsaitin və 52 manat dövlət rüsumu üçün ödənilmiş pulun, cəmi 3.220 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Sarıyev X1 Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 968 manat məbləğində əsas borcun, 1.000 manat məbləğində əldən çıxmış faydaya görə vəsaitin, 1.000 manat mələbğində mənəvi ziyana görə vəsaitin, 200 manat hüquqi yardıma görə ödənilmiş vəsaitin və 52 manat dövlət rüsumu üçün ödənilmiş pulun, cəmi 3.220 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5777/2022 saylı qəradadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı müraciət əsasında Abşeron rayon polis idarəsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh daimi olaraq Abşeron rayonu, Məhəmmədi kəndində yaşayır. Belə ki, araşdırma ilə bağlı cavabdeh tərəfindən verilən izahatda, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşamasını bildirmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, cavabdehin formal olaraq qeydiyyatı Naxçıvan Muxtar Respublikası, Culfa şəhəri olsa da, daimi olaraq Abşeron rayonu, Məhəmmədi kəndində yaşayır. Həmçinin tərəflər arasında malların alqı-satqısına dair şifahi müqavilə bağlanmışdır ki, şifahi müqavilə olması səbəbindən icra yerinin Abşeron rayonu olması mübahisəsiz qəbul edilməlidir. Qeyd olunanları cavabdeh Abşeron rayon polis idarəsində verdiyi izahatı ilə təsdiq edir, tərəflər arasında şifahi müqavilənin bağlanması və müvafiq hərəkətlərin edilməsi sübuta yetirilir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını iş aidiyyəti üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmaması ilə əsaslandırmışdır. Belə ki, cavabdeh D.X2 Respublikası Culfa rayonu Yaycı kəndində qeydiyyatdadır. MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli və onunla bağlı 11 noyabr 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli və onunla bağlı 11 noyabr 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar