Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2509/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızına qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-2935/2021 saylı qətnaməsindən cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-2935/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Dadaşova (Bayramova) Gülyaz Hacağa qızının İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən çıxarıması qət edilmişdir (hakim Elçin Kazımov). Qətnamədən narazı qalan cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-2935/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dadaşova (Bayramova) Gülyaz Hacağa qızının iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində izahat verərkən bildirdi ki, 2017-ci ildə İddiaçıla rəsmi nikaha daxil olmuş və həmin vaxtdan da ünvan 1 ünvanına pasport qeydiyyatındadır. Nikahın pozulması ilə bağlı iddiaçının Quba Rayon Məhkəməsinə müraciət etməsindən, məhkəmə iclaslarından və məhkəmənin qətnaməsindən xəbərsiz olub. İddiaçının nikahın pozulması ilə bağlı iddia qaldırması və məhkəmə iclasları ilə bağlı ona heç bir məlumat verilməmişdir. O, mübahisəli evin tikilməsi və əsaslı təmiri üçün 15.000 manatdan artıq pul xərcləyib. Yaşadığı mənzildən başqa yaşayış yeri yoxdur. İddiaçı mübahisəli evin yenidən qurulmasına və əsaslı təmirinə çəkdiyi xərci ona ödəyəcəyi təqdirdə yeni yaşayış sahəsi əldə edə bilər ki, bu halda onun evdən çıxmağı mümkün ola bilər. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 saylı iş üzrə, 26 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını da düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərini nəzərə almadan, yalnız Mülki Məcəllənin 152, 157, 239, 240-cı maddələrinə əsalanaraq qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bundan başqa, birinci instansiya məhkəməsi cavabdehin izahatında göstərdiyi xüsusatlara heç bir münasibət bildirmədən iddianı təmin etmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh mübahisəli fərdi yaşayış evinə iddiaçının razılığı əsasında köçmüşdür. Cavabdehin şəxsi vəsaiti hesabına mübahisəli evdə əsaslı təmir və yenidən qurma işləri aparmışdır. Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsi ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Həmin maddəyə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Qeyd olunanlara əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 saylı iş üzrə, 26 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdehlə 24 may 2017-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan aralarında yaranan kəskin münaqişə və anlaşılmazlıq nəticəsində münasibətləri pozulmuş, birgə nikahdan uşaq yoxdur. Quba Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(027)-155/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Artıq bir evdə yaşamaqları mümkün deyil. Cavabdehdən mülkiyyət hüququ ilə ona məxsus evdən çıxmasını tələb etsə də sonuncu evdən çıxmır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 saylı,26 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, cavabdehin və vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evi ********* qeydiyyat nömrəsi ilə 05.09.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-155/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Dadaşova (Bayramova) Gülyaz Hacağa qızı arasında 1 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsində 24 may 2017-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1 və 152.2-ci maddələrin ümumi məzmununa görə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evi 2014-cü il tarixdən İddiaçı mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evi iddiaçıya məxsusdur və cavabdehdən dəfələrlə evindən çıxmasını xahiş etmişdir Lakin, iddiaçı cavabdehi ona məxsus evdən başqa qaydada çıxara bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızının çıxarılması tələbində haqlıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbini əsaslı sayaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin olunmalı, cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Belə ki, apellyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq qiymət verilmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində mübahisəli evin tikilməsi və əsaslı təmiri üçün 15.000 manatdan artıq pul xərclədiyini, evin yenidən qurulmasına və əsaslı təmirinə çəkdiyi xərcin ona ödəniləcəyi təqdirdə evdən çıxmağının mümkün olduğunu bildirsə də onun iddiaçıya qarşı belə bir tələblə müraciət etməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-2935/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2509/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2509/2021
28.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver