Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2516/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: X6, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı qızının Cavabdeh qarşı yaşayış evinə köçürülmə, cehiz əşyalarının və onun dəyərinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı qızına məxsus olan 1 ədəd 2 nəfərlik çarpayı, 1 ədəd 1 nəfərlik çarpayı, 1 ədəd uşaq çarpayısı, 1 ədəd şkaf, 1 ədəd tirmo, 2 ədəd tumba, 2 ədəd künclük, 1 ədəd tirmo qabağı stul, 3 ədəd pərdə, 1 ədəd saat, 4 ədəd silikon yastıq, 1 ədəd silikon yorğan, 3 ədəd yorğan, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd 2 nəfərlik yorğan, 1 ədəd pokrıval, 4 ədəd döşək, 3 ədəd pastel dəsti, 12 ədəd çexol, 12 ədəd mələfə, 20 ədəd yastıq üzü, 8 ədəd stol süfrəsi, 8 ədəd can dəsmalı, 14 ədəd üz dəsmalı, 24 ədəd çay dəsmalı, 1 ədəd televizor altı, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd tozsoran, 1 ədəd qaz peçi, 1 ədəd ütü, 1 ədəd tefal isidici, 1 ədəd şirəçəkən, 2 ədəd qazan dəsti, 4 ədəd tefal qazan, 2 ədəd xrustal vedrə, 2 ədəd xrustal güldan, 48 ədəd qab-qacaq dəsti, 2 ədəd 3 mərtəbə ləpə qabı, 1 ədəd 3 kq 50 qəpik dolu banka, yay-qış paltarı, kosmetik əşyalar, 7 ədəd fen və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı qızına verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı qızı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə və cehiz əşyalarının və onun dəyərinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı uşaqları 01 sentyabr 2017-ci il təvəllüdlü X7 və 2012-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun sol tərəfi, Yeni qəsəbə, 8-ci keçid, sağ küçədə yerləşən 3 otaqlı asayiş evinə köçürülməyi və həmin evdə olan, 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd bir nəfərlik çarpayı, 1 ədəd uşaq krovatı, 1 ədəd şkaf; 1 ədəd trimo, 2 ədəd tumba, 2 ədəd künclük, 1 ədəd tirmo qabağı stul, 3 ədəd pərdə; 1 ədəd saat, 4 ədəd slikon yastıq, 1 ədəd slikon yorğan, 3 ədəd yorğan, 1 ədəd iki nəfərlik döşək, 1 ədəd iki nəfərlik yorğan, 1 ədəd pokrval, 4 ədəd döşək, 3 ədəd pastel dəsti; 12 ədəd çexol, 12 ədəd mələfə, 20 ədəd yastıq üzü, 8 ədəd stol süfrəsi, 8 ədəd can dəsmalı, 14 ədəd üz dəsmalı, 24 ədəd çay dəsmalı, 1 ədəd televizor altı, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 1 ədəd soyuducu; 1 ədəd televizor, 1 ədəd tozsoran; 1 ədəd qaz peçi, 1 ədəd ütü, 1 ədəd “Tefal” piletka; 1 ədəd sok maşını, 2 ədəd qazan dəsti, 4 ədəd feal qazan, 2 ədəd xrusdal vedrə, 2 ədəd xrusdal güldan; 48 ədəd qab-qacaq dəsdi, 2 ədəd 3 mərtəbə ləpə qabı, 1 ədəd 3 kq-lıq 50 qəpik dolu banka, 2 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbağ, yay-qış paltarı, kosmetik əşyalar, 7 ədəd fen siyahıya alınaraq mühafizə olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02 yanvar 2017-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 01 sentyabr 2017-ci il təvəllüdlü X7 anadan olmuşdur. Ailə qurduqdan sonra iddiaçı cavabdehin valideynlərinin yaşadığı Beyləqan rayonu, Qəhrəmanlı kəndində olan evə gəlin köçmüşdür. Kənddə yaşadıqları 2 ay müddətində Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Bakı- Şamaxı yolunun sol tərəfi, Yeni qəsəbə, 8-ci keçid, sağ küçədə yerləşən 3 otaqlı fərdi yaşayış evini inşa etmişlər. Evin tikintisi zamanı pula ehtiyacları yarandığı üçün onun valideynləri onlara pul da vermişdir. Onun birinci nikahından olan 2012-ci il təvəllüdlü Hikmət adlı oğlu var. X11 vəfat etdiyi üçün Hikmət onunla yaşayır. Cavabdeh da əvvəllər ailəli olmuş, nikahı pozulduqdan sonra uşaqları analarının yanında saxlanılmışdır. 05 yanvar 2018-ci il tarixdə o cavabdeh və iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun sol tərəfi, Yeni qəsəbə, 8-ci keçid, sağ küçədə yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçmüşlər. Ailə qurularkən razılaşmışlar ki, onun cehiz əşyaları birbaşa yeni evə aparacaqlar. Evdə cavabdehə məxsus yalnız mətbəx mebeli olmuşdur. O, uşaqları ilə birlikdə 13 may 2018-ci il tarixədək mübahisəli evdən qovularkən cavabdehin qonşuluqda yaşayan əmisi Zahid onları öz evinə aparmışdır. 04 iyun 2020-ci il tarixdə o anası və iki azyaşlı uşağı ilə birlikdə mübahisəli evə getdikdə evdə kirayəçilərin yaşadığını, evin bir otağı bağlı olsa da, iki otağını kirayəçilər istifadə etdiyini və ona məxsus olan cehiz əşyalarından da istifadə edildiyini görmüşdür. Onlar gecə orada qalsalar da, 05 iyun 2020-ci iltarixdə saat 05 radələrində cavabdeh və onun valideynləri evə gələrək onları evdən çıxartmaq istəmişlər. O, bu barədə AR DİN “102” xidmətinə məlumat vermiş, polis əməkdaşları gələrək onların izahatlarını almış, iş mülki xarakterli olduğundan bu barədə məhkəməyə müraciət etmək izah edilmişdir. Bakı şəhəri Qaradağ RPİ 10-cu Polis bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 iyun 2020-ci il tarixli qərarı qəbul edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşağın anasının himayəsində saxlanması qət edilmişdir. Mübahisəli ev özbaşına tikilidir, heç kəsin mülkiyyətində deyildir. Onun bütün əşyaları həmin evdədir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Qətnamədə qeyd edilmişdir ki, fotoşəkillərdən görünür ki, həmin fotoşəkillərdə onun üzərində 2 ədəd üzük, 1 ədəd qızıl qolbağ əks olunmuşdur. Bundan başqa, məhkəmə onu evə köçürmədikdə qeyd etmişdir, evin yerləşdiyi torpaq sahəsi cavabdehin atasının qanuni sahibliyində olmuş, orada ev inşa etmiş, hazırda isə evi üçüncü şəxsə satmışdır. Yəni onun köçürülməsini tələb etdiyi evin cavabdehin heç bir aidiyyəti yoxdur. Bundan başqa məhkəmə qızıl zinət əşyalarının təmin etmədikdə, onların cavabdehdə qalmasını sübuta yetirilməməsi ilə əsaslandırmışdır. Evin tikilməsində onun valideynləri ona maddi köməklik etmişlər. Cavabdeh onu azyaşlı uşaqları ilə birlikdə evdən qovandan bir müddət sonra evə gələrkən onun cehiz əşyalarından kirayəşinlər və tanımadığı insanlar istifadə edərək yararsız hala salınmasını görmüşdür. Birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(012)-1154/2021 saylı qətnaməsini ləğv edib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya məxsus olan cehiz əşyalarının könüllü şəkildə qaytarılmamasına və evin cavabdehə heç bir aidiyyətinin olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur, lakin məhkəmə tərəfindən mübahisə olunan əmlakın dəyərinin göstərilməməsi düzgün deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı A.İ.Tohidinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları ilə müəyyən olunur ki, tərəflər 02 yanvar 2017-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından 01 sentyabr 2017-ci il təvəllüdlü Ugur adlı uşaqları anadan olmuşdur. Beyləqan Rayon Məhkəməsinin 30.11.2018-ci il tarixli, 2(020)-1899/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında 02 yanvar 2017-ci ildə Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsi üzrə ərazi nümayəndəliyində qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 01.09.2017-ci ildə anadan olan Uğur adlı uşağın anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 30.10.2018-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 110 (bir yüz on) manat aliment tutularaq 01.09.2017-ci ildə doğulmuş Uğur adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi, Cavabdeh 30 manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İşdə olan 21.10.2020-ci il tarixdə tərtib olunmuş aktın surətindən görünür ki, ünvana baxış keçirilərkən tamamilə boş olduğu müəyyən etmişlər, hər hansı əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə borclu Cavabdeh artıq 5 aydan artıq müddətdir ki, Beyləqan rayonu, Qəhrəmanlı kəndində yaşadığını, icra sənədində göstərilmiş əmlakların qızıl-zinət əşyaları istisna olmaqla Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yerləşdiyi qətnamə qəbul ediləcəyi müddətdə tələbkarın əmlakları arasında ümumiyyətlə olmadığı barədə etiraz edəcəyini vurğulamışdır. İşə əlavə olan fotoşəkillərdən görünür ki, həmin fotoşəkillərdə İddiaçı qızının üzərində 2 ədəd üzük, 1 ədəd qızıl qolbağ əks olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0.02 ha torpaq sahəsi A.M.Məmmədovun adına ********** qeydiyyat nömrəsi ilə 02.11.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 883 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia tələbinə obyektiv və düzgün hüquqi qiymət verilməsi üçün zəruri 3 hal araşdırılmalıdır - 1) şəxs köçmək istədiyi evdə yaşamışdırmı; 2) şəxs yaşadığı yerdən məhrum edilmişdirmi; 3) bu məhrum etmə qanunidirmi. Bunlar üçün də köçürülmə tələb edilən evin mövcud olması və evin hüquqi rejimini müəyyən edən sənədlərinin olması; iddiaçının belə tələb irəli sürməyə hüququnun olması və bu tələbə məhz cavabdehin cavab verməli olması zəruri şərt kimi müəyyənləşdirilməlidir. Əlavə olaraq müəyyən edilməlidir ki, hüquq münasibəti hansı zaman yaranmışdır ki, mübahisəyə də həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilə bilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Əmlak hüquqları sahiblik, istifadə və sərəncam hüquqları ilə yanaşı digər - ipoteka, servitut və digər hüquqlardan ibarətdir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronq və Lonnrotun İsveçə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Göründüyü kimi, mənzilə köçürmə tələbinin əsas və yeganə məqsədi, tələb edəni mənzildə yerləşdirməklə, onun mənzildən istifadəsinin təmin olunmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı köçürülməsini tələb etdiyi ev üzərində cavabdehin hansısa sərəncam vermək səlahiyyətinin olub-olmamasını, ümumiyyətlə evin hüquqi rejimi barədə hər hansı sübut təqdim etməmişdir. Bunun əksinə işdə olan sübutlar təsdiq edir ki, evin yerləşdiyi torpaq sahəsi cavabdehin atasının qanuni sahibliyində olmuş, orada ev inşa etmiş, hazırda isə evi üçüncü şəxsə satmışdır. Yəni iddiaçının köçürülməsini tələb etdiyi evin cavabdehin heç bir aidiyyəti yoxdur. Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; (01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş) 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, qanuna əsasən ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ da saxlanmır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mənzilə köçürülmə hissəsində öz təsdiqini tapmadığından təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı gəlin köçərkən Cavabdeh evinə özü ilə cehiz əşyaları aparmışdır. Hazırda tərəflərin ailə münasibətləri pozulmuş və ayrılmışlar. Həmin əşyaların mülkiyyətçisinin isə özgəsinin qanunsuz sahibliyində olan əmlaklarını geri tələb etmək hüququ vardır. Cavabdeh qızıl-zinət əşyalarından başqa, digər əşyaların mövcud olduğunu və iddiaçının gəlib götürə biləcəyini təsdiq etmişdir. Məhkəmə qızılzinət əşyları ilə bağlı iddiaçıya sübutlar təqdim etməyi təklif etmiş, lakin iddiaçı heç bir tutarlı sübut təqdimin edə bilməmişdir. Bu barədə iddiaçı məhkəmə kollegiyasında da bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən olundu ki, hazırda iddiaçı A.İ.Tohidiyə bir çox əmlakı cavabdeh tərəfindən məhkəmə gedişi zamanı qaytarılmışdır və bu barədə tərəflər arasında sadə akt tərtib edilmişdir. Odur ki, bir çox əşyanın qiyməti olmadığı üçün məhkəmə kollegiyası hesab edir ki, bu hissədə hazırda mübahisə olmadıgı üçün əşyaların qiymətinin olmamasını əsas hesab etmir. Bundan əlavə olaraq məhkəmə kollegiyası iddiaçı A.Tohidi tərəfindən məhkəməyə 31 avqust 2021-ci il tarixli 55 saylı qiymətləndirmə rəyini nəzərə alıb hesab edir ki, qətnamə bu hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddia tələbində qeyd olunan qızıl-zinət əşyalarından başqa əmlakların mövcudluğu sübut olunur. Lakin qızıl-zinət əşyları ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut iddia ərizəsinə əlavə olunmamış, məhkəməyə də təqdim edilməmişdir. Birinci instansiya məkəməsi iddianın cehiz əşyaları ilə bağlı hissədə iddia təmin edilməsi barədə gəldiyi nəticəni məhkəmə kollegiyası düzgün hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməlidir, lakin dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı qızının apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 14 aprel 2021-ci il tarixli 2(012)-1154/2021 saylı qətnaməsi dəyişdirilsin. İddiaçı qızına məxsus olan dəyəri 41 manat 25 qəpik olan 1 ədəd 2 nəfərlik çarpayı, dəyəri 41 manat 25 qəpik olan 1 ədəd 1 nəfərlik çarpayı, dəyəri 35 manat olan 1 ədəd uşaq çarpayısı, dəyəri 20 manat olan 1 ədəd şkaf, dəyəri 60 manat olan 1 ədəd tirmo, dəyəri 50 manat olan 2 ədəd tumba, hər birinin dəyəri 100 manat olan 2 ədəd künclük, dəyəri 50 manat olan 1 ədəd tirmo qabağı stul, 3 ədəd pərdə, 1 ədəd saat, 4 ədəd silikon yastıq, 1 ədəd silikon yorğan, hər birinin dəyəri 40 manat 50 qəpik olan 3 ədəd yorğan, dəyəri 59 manat 40 qəpik olan 1 ədəd 2 nəfərlik döşək, dəyəri 40 manat 50 qəpik olan 1 ədəd 2 nəfərlik yorğan, dəyəri 31 manat 50 qəpik 1 ədəd pokrıval, 4 ədəd döşək, 3 ədəd pastel dəsti, 12 ədəd çexol, 12 ədəd mələfə, hər birinin dəyəri 19 manat 80 qəpik olan 20 ədəd yastıq üzü, 8 ədəd stol süfrəsi, dəyəri hər birinin 14 manat 40 qəpik olan 8 ədəd can dəsmalı, dəyəri 14 manat 40 qəpik olan 14 ədəd üz dəsmalı, 24 ədəd çay dəsmalı, 1 ədəd televizor altı, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, dəyəri 80 manat olan 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd tozsoran, dəyəri 41 manat 25 qəpik olan 1 ədəd qaz peçi, 1 ədəd ütü, dəyəri 41 manat 25 qəpik olan 1 ədəd tefal isidici, 1 ədəd şirəçəkən, hər birinin dəyəri 22 manat olan 2 ədəd qazan dəsti, dəyəri 112 manat olan 4 ədəd tefal qazan, hər birinin dəyəri 20 manat olan 2 ədəd xrustal vedrə, hər birinin dəyəri 25 manat olan 2 ədəd xrustal güldan, dəyəri 125 manat olan ( çamadan) 48 ədəd qab-qacaq dəsti, 2 ədəd 3 mərtəbə ləpə qabı, 1 ədəd 3 kq 50 qəpik dolu banka, dəyəri 670 manat olan yay-qış paltarı, dəyəri 135 manat olan kosmetik əşyalar, hər birinin dəyəri 22 manat 50 qəpik olan 7 ədəd fen və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı qızına verilsin, iddia tələbi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2516/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2516/2021
13.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver