Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2517/2021 23.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Məmmədov Teymur Əhməd oğlunun, Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-1955/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-1955/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elçin Kazımov) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və məzildən çıxarılma tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində inşa olunmuş 5 saylı evin 24 saylı mənzilinə məcburi köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(060)-5709/2020 saylı qətnaməsi ilə ləğv edilmişdir. Nikah pozulduqdan sonra cavabdeh kirayənişin kimi yaşadıqları Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində inşa olunmuş 5 saylı evin 24 saylı mənzili (həmin mənzil dövlətin mülkiyyətindədir) zəbt edərək onu faktiki olaraq mənzildə yaşamaqdan məhrum etmişdir. Həmin mənzil Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən 20 avqust 2019-cu ildə ona verilmişdir. Mənzil xüsusi təyinatlı yaşayış sahəsidir və kirayə müqaviləsi əsasında müddətsiz olaraq ona verilmişdir. O, çıxılmaz vəziyyətdə qalaraq qohumunun evində yaşayır və yeni ailə qurmalı olmağına baxmayaraq mənzilində yaşamaq hüququndan məhrum edilmişdir. Qətnaməyə əsasən o, 29.05.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment ödəyir. Həmin mənzil ona Cəbrayıl rayonundan məcbur köçkün olduğu üçün Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi kimi müvəqqəti yaşamaq üçün verilmişdir. Lakin cavabdeh onun mənzildə yaşamağına imkan vermir, bu da onun hüquqlarının pozulmasına səbəb olur. İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edib Cavabdeh İsmayıllı rayonu Quşencə kənd sakini, özünün isə Cəbrayıl rayonu Dağtumas kəndindən məcburi köçkün olduğunu, mənzilin də ona məhz məcburi köçkün olduğu üçün verildiyini, artıq nişanlandığını, yeni ailə həyatı qurmağa hazırlaşdığını göstərərək Cavabdeh Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində inşa olunmuş 5 saylı evin 24 saylı mənzilindən məcburi çıxarılması və onun həmin mənzilə məcburi köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X4 ilə 19 avqust 2018-ci il tarixdə Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 29 may 2019-cu il tarixdə X10 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaq cavabdehin himayəsində saxlanılmışdır. Uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehə hər ay 170 manat sabit pul məbləğində aliment ödəyir. Nikahları pozulduqdan sonra Cavabdeh ona köçkün olduğu üçün Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti yaşamaq üçün verilmiş iki otaqlı mənzilini faktiki zəbt etmişdir. O, mənzilin otaqlarından birini bağlasa da, Cavabdeh qapının açar yerini sındırıb həmin otaqdan istifadə edir. O isə faktiki olaraq mənzildə yaşamaq hüququnu itirmişdir, hazırda 9 nəfərlik ailə üzvləri olan atasıgildə yaşamağa məcburdur. Nikahları pozulduğu üçün onlar bir mənzildə yox, ayrı yaşamalıdırlar. O, məcburi köçkün kimi Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində inşa olunmuş 5 saylı evin 24 saylı mənzilində, cavabdeh isə İsmayıllı rayonunun Qusencə kəndində atasından miras qalmış 8-9 otaqlı mənzildə yaşamalıdır. O, artıq nişanlanmışdır, yeni ailə həyatı qurmağa hazırlaşır. Ona görə də cavabdeh mənzildən çıxarılmalıdır ki, gələcək həyat yoldaşı ilə mənzildə mübahisəsiz dinc yaşaya bilsin. 2 saylı Abşeron rayon MKİS tərəfindən verilmiş arayışda səhvən Cavabdeh Cəbrayıl rayonundan məcburi köçkün kimi göstərilmişdir. Əslində Cavabdeh İsmayıllı rayonunun Qusencə kəndindədir, həmin kənddə 8-9 otaqlı mənzili vardır. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı İddiaçı məhkəmə iclasına gələmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mənzildən çıxarılmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin cavabdehin mənzildən çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, “kirarəyə verən” Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində inşa olunmuş 5 saylı evin 24 saylı mənzilini müvəqqəti yaşamaq üçün “kirayəçi” İddiaçı sahiblik və istifadəsinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2 saylı Abşeron rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 3014 saylı, 19 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, Məmmədov X5 rayonundan məcburi köçkündür, Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində inşa olunmuş 5 saylı evin 24 saylı mənzilində müvəqqəti qeydiyyatdadır və həmin mənzil İddiaçı adına verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2 saylı Abşeron rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 3036 saylı, 27 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Cəbrayıl rayonundan məcburi köçkündür və Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində inşa olunmuş 5 saylı evin 24 saylı mənzilində müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahından 29 may 2019-cu il tarixdə X10 anadan olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(060)-5709/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmn edilmiş, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 19 avqust 2018-ci il tarixdə bağlanmış 2258 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından olan və yetkinlik yaşına çatmayan 29 may 2019-cu təvəllüdlü X3 anası Cavabdeh himayəsinə verilməsi, İddiaçı 29 may 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 29 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə iclası zamanı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh 19 avqust 2018-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 29 may 2019-cu il tarixdə X10 anadan olmuş, onların arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(060)-5709/2020 saylı qətnaməsinə əsasən pozulmuşdur. Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində inşa olunmuş 5 saylı evin 24 saylı mənzilinə dair Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə İddiaçı arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə-vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 99.6-cı maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 68.3-cü maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti İddiaçı arasında bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində inşa olunmuş 5 saylı evin 24 saylı mənzili müvəqqəti yaşamaq üçün İddiaçı sahibliyinə və istifadəsinə verilmiş, kirayə müqaviləsinin 1.2-ci bəndində kirayəçi İddiaçı ailə üzvü kimi Cavabdeh göstərilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli mənzil hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçi İddiaçı ailə üzvü kimi Cavabdeh göstərildiyindən, cavabdeh kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdir. İddia ərizəsindən və iş materiallarından görünür ki, İddiaçı oğlunun iddia tələbi həm də Cavabdeh Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində inşa olunmuş 5 saylı evin 24 saylı mənzilindən çıxarılması barədədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 90.1-cü maddəsinə görə kirayəçi və (və ya) onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən təyinatı üzrə istifadə etmədikdə, müntəzəm olaraq qonşuların hüquqlarını və qanuni mənafelərini pozduqda və ya yaşayış sahəsinin dağılmasına (korlanmasına) yol verməklə onunla təsərrüfatsızcasına rəftar etdikdə, kirayəyə verən kirayəçini və onun ailə üzvlərini pozuntuları aradan qaldırmaq zərurəti barədə xəbərdarlıq etməyə borcludur. Qeyd edilən pozuntular yaşayış sahəsinin dağılmasına (korlanmasına) səbəb olarsa, kirayəyə verənin kirayəçiyə və onun ailə üzvlərinə yaşayış sahəsinin təmir edilməsi üçün ağlabatan müddət təyin etmək ixtiyarı vardır. Əgər yaşayış sahəsinin kirayəçisi və (və ya) onun ailə üzvləri kirayəyə verənin xəbərdarlığından sonra göstərilən pozuntuları aradan qaldırmazlarsa, təqsirkar vətəndaşlar kirayəyə verənin və ya digər maraqlı şəxslərin tələbi ilə məhkəmə qaydasında digər yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılırlar. Həmin Məcəllənin 102.1-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində inşa olunmuş 5 saylı evin 24 saylı mənzilinin kirayəçisi İddiaçı ailə üzvü tərkibindən çıxsa da, hazırda uşağı ilə birlikdə həmin mənzildə yaşadığından, qanunvericiliyin tələbinə görə o, kirayəçi ilə eyni hüquqlara malik olduğundan və onun həmin mənzildən çıxarılması üçün qanunda nəzərdə tutulan əsaslar olmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin həmin hissəsinin rədd edilməsi nəticəsinə gəlmişdir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mənzildən çıxarılmasının rədd edilməsi hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi cavabdehin mənzildən çıxarılmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-1955/2021 saylı qətnaməsi cavabdehin mənzildən çıxarılmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2517/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2517/2021
23.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver