Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2521/2020 28.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) iddianın qismən təmin edilməsi, İddiaçı azyaşlı övladı xx.xx.2019-cu il təvəllüdlü X2 ilə birlikdə xx xxxxxx 2002-ci il tarixli 237A reyestr saylı qeydiyyat vəsiqəsi ilə Cavabdeh2 adına Xaçmaz rayonunun Ləcət kəndində qeydiyyata alınmış bir mərtəbəli, sahəsi 52.8 kv.metr olan evə köçürülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı övladı xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahibliyində olan Xaçmaz rayonunun Ləcət kəndində yerləşən yaşayış evinə köçürülməklə həmin yaşayış evindən və köməkçi vasitələrdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh1la xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Amir adlı uşaqları anadan olmuşdur. Hazırda uşaq onun yanındadır. O, Cavabdeh1la ailə qurarkən Xaçmaz rayonunun Ləcət kəndində yerləşən 3 otaq və mətbəxdən ibarət yaşayış evinə gəlin köçmüş və evdən çıxıb ata evinə qayıdana qədər orada yaşamışdır. Evin mülkiyyət sənədi yoxdur. Evin texniki sənədi isə Cavabdeh2 atası Şövkət Kuberovun adına işlənilib. Belə ki, DƏDRX-nin xx.xx.2019-cu il tarixli məktubunda göstərilir ki, Ş.Q.Kuberovun adına Xaçmaz rayonunun Ləcət kəndində yerləşən mənzilə Xaçmaz rayon Tİİ və MHQ idarəsi tərəfindən 237A reyestr saylı qeydiyyat vəsiqəsi və texniki pasport işlənmişdir. Cavabdeh2 adına Xaçmaz rayonunun Ləcət kəndində qeydiyyata alınmış yaşayış evi aşkar edilməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, göstərilən yaşayış sahəsi onlara məxsus deyildir. Ev rəhmətlik Şövkət Kuberovun adınadır. Azərbaycan Respublikası DƏDRX-nin xx xxxxxx 2019-cu il tarixli məktubundan göstərilir ki, Kuberov Şövkətin adına Xaçmaz rayonu, Ləcət kəndində yerləşən evə Xaçmaz rayonu Tİİ və MNQ İdarəsi tərəfindən 237A reyestr nömrəsi qeydiyyat vəsiqəsi və texniki pasport işlənmişdir. Bundan da bilinir ki, ev İlqarın babasının adına Xaçmaz rayonu Ləcət kəndində qeydiyyata alınmış yaşayış evi aşkar edilməmişdir. Qanunsuz olaraq İlqarın keçmiş həyat yoldaşına yaşayış hüququ veriblər. Məhkəmə bu qərarı verməklə qanuna zidd hərəkət etmişdir. Evin sahibi faktiki olaraq İlqarın nənəsidir. Ev Cavabdeh2 adına deyil və bu qanunsuzdur və bütün qanunları pozur. İddiaçının bu evə heç bir hüququ yoxdur, çünki bir ildir ki, bu evdə yaşamır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)-886/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçının iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, şikayətə uyğun izahat verdilər və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehlərin iddiaçını evə buraxmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 280443 saylı, xx.xx.2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Amir adlı uşaqları anadan olmuşdur. İşə əlavə olan DƏDRX 5 saylı X1 xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Kuberov Şövkət Qüdrət oğlunun adına Xaçmaz rayonunun Ləcət kəndində yerləşən mənzilə Xaçmaz rayon Tİİ və MHQ idarəsi tərəfindən 237A reyestr saylı qeydiyyat vəsiqəsi və texniki pasport işlənmişdir. Cavabdeh2 adına Xaçmaz rayonunun Ləcət kəndində qeydiyyata alınmış yaşayış evi aşkar edilməmişdir. İş materiallarında olan xx xxxxxx 2002-ci il tarixli 237A reyestr saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Xaçmaz rayonunun Ləcət kəndində yerləşən, sahəsi bir mərtəbəli, sahəsi 52.8 kv.metr olan ev Ş.Q.Kuberovun adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası cavabdehlərin mübahisəli evin babasına, hazırda nənəsinə məxsus olmasının nəzərə almaması və iddianın qanunsuz təmin edilməsi barədə gətirdiyi dəlili qəbul edir. Belə ki, məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, Xaçmaz rayonunun Ləcət kəndində yerləşən mübahisəli evə dair Cavabdeh2 atası Şövkət Kuberovun adına Xaçmaz rayon Tİİ və MHQ idarəsi tərəfindən 11-237A reyestr saylı xx xxxxxx 2002-ci ildə qeydiyyat vəsiqəsi və texniki pasport işlənmişdir. Ş.Q.Kuberov 2013-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra mübahisəli evə dair yeni qeydiyyat vəsiqəsi verilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, mübahisəli evin özbaşına tikili olmasına istinad etmişdir. Hazırkı işdən və tərəflərin izahatından da müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 arasında nikah qeydi xx xxxxxxx 2019-cu il tarixdə pozulmuşdur ki, iddiaçı özünə məxsus bütün cehiz əşyalarını mübahisəli evdən aparmışdır, bununla da iddiaçı cavabdehin ailə üzvü hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Hazırkı işdən də görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında olan ailə münasibətləri də pozulmuş və iddiaçının cavabdehin keçmiş ailə üzvü olması nəzərə alınarsa Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mübahisəli yaşayış sahəsinin mülkiyyətdə olması ilə yanaşı, istifadə hüququnun yaranmasını iddia edən şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. Hazırkı işdə isə iddiaçı ilə cavabdehlər arasında nikah münasibətləri mövcud deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyi baxımından hazırki işdə də iddiaçı cavabdehlərdən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı üçün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdikləri digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslı deyildir, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar oldugundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(067)-886/2020 saylı qətnaməsi təmin edilmiş hissəsində ləğv edilsin. İddiaçı azyaşlı övladı xx.xx.2019-cu il təvəllüdlü X2 ilə birlikdə xx xxxxxx 2002-ci il tarixli 237A reyestr saylı qeydiyyat vəsiqəsi ilə Cavabdeh2 adına Xaçmaz rayonunun Ləcət kəndində qeydiyyata alınmış bir mərtəbəli, sahəsi 52.8 kv.metr olan evə köçürülməsi və köməkçi vasitələrindən istifadə hüququnun tanınması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2521/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2521/2020
28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver