Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2528/2021 23.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rızalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh3 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(060)-480/2021 saylı qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(060)-480/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməklə evdən çıxarılma tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli binanın 43 nömrəli mənzilinə istifadə hüquqları itirilməklə həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinə təhvil verilməsi qət edilmiş, Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Access Bank” qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli binanın 43 nömrəli mənzilinə istifadə hüququnun itirilməklə həmin evdən məcburi çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 17.07.2018-ci il tarixli, 2(105)-1480/2018 saylı icra vərəqəsinə əsasən cavabdehlər X2 və X3 müştərək qaydada 21117,03 ABŞ dolları məbləğində borc tutulmalı, tələb ipoteka predmeti olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli binada 43 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunan pul hesabına banka olan borc ödənilməlidir. Hazırda Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli evin 43 nömrəli mənzili “Access Bank” qapalı səhmdar cəmiyyətinin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 11.12.2019-cu il qeydiyyat tarixli çıxarış alınmışdır. Bundan sonra, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli evin 43 nömrəli mənzilinin 10 gün ərzində könüllü olaraq boşaldılması və banka təhvil verilməsi barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 pretenziya göndərilmiş, lakin cavabdehlər verilmiş müddətin başa çatmasına baxmayaraq mənzili könüllü olaraq boşaldaraq banka təhvil verməmişlər. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli evin 43 nömrəli mənzilində hazırki vaxtadək yaşamaqdadırlar və bununla da cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi bankın hüquqlarının həyata keçirilməsinə mane olurlar. “Access Bank” qapalı səhmdar cəmiyyəti iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli binanın 43 nömrəli mənzilinə istifadə hüququnun itirilməklə həmin evdən məcburi çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçıya məxsus mənzili 25 ildən artıq müddət ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı onun mülkiyyətində olan mənzilin üzərində olan sərəncam, sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Məhkəmənin bu əsaslandırmasının işin mahiyyəti ilə bağlılığı yoxdur. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədyindən, Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı ona münasibətdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 17.07.2018-ci il tarixli, 2(105)-1480/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər X2 və X3 müştərək qaydada ümumilikdə 21117,03 ABŞ dolları məbləğində pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı “Access Bank” qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulmalı, tələb ipoteka predmeti olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli binada 43 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, mənzilin ilkin satış qiyməti 46000 manat müəyyən edilməli, satışdan əldə olunan pul hesabına banka olan borc ödənilməlidir. İş materiallarında olan ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 42/02 saylı, 28 iyun 2019-cu il tarixli protokolun surətindən görünür ki, “Daşınar və daşınmaz əmlakın satışı üzrə hərrac mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən keçirilmiş hərracda Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 saylı evin 43 saylı mənzilinin hərracda ilkin satış qiyməti 46000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25%-ə enmiş, əmlakın satılmış son qiyməti 29325 manat müəyyən edilmiş və həmin mənzil “Access Bank” qapalı səhmdar cəmiyyəti tərəfindən alınmışdır. İş materiallarında olan 28 iyun 2019-cu il il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 saylı evin 43 saylı mənzilini hərracda 29325 manata “Access Bank” qapalı səhmdar cəmiyyəti almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 saylı evin 43 saylı mənzili mülkiyyət hüququ əsasında “Access Bank” qapalı səhmdar cəmiyyətinin adına 11.12.2019cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 saylı evin 43 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan “Access Bank” qapalı səhmdar cəmiyyətinin 22.07.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 10 gün ərzində Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 saylı evin 43 saylı mənzilini könüllü olaraq boşaldıb banka təhvil vermələri tələb edilmişdir. Azərbaycan Respublikası MM-nin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.4-cü maddəsinə görə hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə tələb ipoteka predmeti olan Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 saylı evin 43 saylı mənzilinə yönəldilmiş, 28 iyun 2019-cu il tarixdə keçirilmiş hərracda “Access Bank” qapalı səhmdar cəmiyyəti Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 saylı evin 43 saylı mənzilini 29325 manata almış, “Access Bank” qapalı səhmdar cəmiyyətinin həmin mənzilə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 11.12.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İpoteka haqqında” qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış evindən məcburi qaydada çıxarılmaları, evin boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni yaşayış evinə tutma yönəldilməli və o satılmalıdır, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə, münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, evdə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində yaşayış evini könüllü tərk etmədikləri halda, hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma və evin boşaldılması barədə məhkəmədə iddia qaldırmalıdır. Hazırki işdən görünür ki, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 saylı evin 43 saylı mənzili hərracdan satılmış, münasibətlərə yeni mülkiyyətçi daxil olmuşdur. Azərbaycan Respublikası MM-nin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə, daşınmaz əmlak tamamilə məhv olduqda daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 203.3.1-ci maddəsinin mənasına görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən məcburi alınması üçün əsasdır. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, mübahisəli mənzil iddiaçı təşkilatın mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçı təşkilatın mülkiyyət hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehlər qanuni əsas olmadan mübahisəli mənzildə yaşadığından birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstədiyi dəlili əsassız hesab edir. Digər cavabdeh qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(060)-480/2021 saylı qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2528/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2528/2021
23.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver