Məhkəmə qərarları › İş №2(105)-2533/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2533/2021

09.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2533/2021 09.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 Cavabdeh qarşı zəbt edilmiş yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbinin təmin edilməsi, Cavabdeh qanunsuz zəbt etdiyi Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurgun küçəsi, Sumqayıt mehmanxanasının 69-cu otağından çıxarılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyi Cavabdeh qarşı “zəbt edilmiş yaşayış sahəsinin boşaldılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz zəbt etdiyi Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 69-cu otağından çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt mehmanxanası 1962-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin MKTİB-nin balansına verilmişdir. Sözügedən mehmanxana 1988-ci ildə məlum hadisələlərlə əlaqədar qaçqınlar tərəfindən zəbt edilmiş və 2019-cu ilədək yaşayış sahəsi kimi istifadə edilmişdir. 2019-cu ildə isə onlara 12-ci mikrorayon ərazisində yaşayış binası tikilərək oraya köçürülmüşdür. 2012-ci ildə Cavabdeh dediyinə görə sözügedən mehmanxanının 69-cu otağını Azər adlı şəxsdən alaraq orada yaşamağa başlamış və hal-hazırda da orada yaşayır. Məsələ ilə əlaqədar Cavabdeh MKTİB-nə dəvət olunmuş sözügedən otaqda qanunsuz məskunlaşdığı nəzərinə çatdırılaraq zəbt etdiyi yaşayış sahəsini boşaltması tələb olunmuşdur. Lakin Cavabdeh 69 saylı otağı boşaltmaqdan imtina etmişdir. Bu barədə ərazinin MKS-nin işçiləri tərəfindən Cavabdeh xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmışdır. Göstərilən mehmanxana heç də iddiaçının balansında olmamışdır. O, bir otağı Azər adlı şəxsdən 2012-ci ildə 10.000 manata almışdır. On il bu otaqdan istifadə etmiş, lakin iddiaçı bu barədə ona heç bir irad bildirməmişdir. Uzun illər həmin evin təmiri ilə məşğul olmuşdur. Lakin məhkəmə prosesi barədə müvafiq qaydada ona məlumat verilmədiyindən bu kimi xüsusiyyətləri məhkəmənin nəzərinə çatdıra bilməmişdir. Otaq Azərə məxsus olduğu üçün, Sumqayıt şəhər İH-nin MKTİB-i bu iş üzrə iddiaçı ola bilməzdir. Onun tək yaşayış yeri buradır. İki uşaq və ailəsi ilə birlikdə burada yaşayır. Maddi vəziyyəti çox ağırdır. Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(060)-2337/2021 saylı qətnaməsini ləğv edərək, iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi B.A.Əhmədov apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinə oxşar izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, mübahisəli evin iddiaçının balansında olmasına və cavabdeh tərəfindən könüllü boşaldılmasına razı olmadığına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası Cavabdeh mübahisəli otağın iddiaçının balansında olmamasının məhkəmə tərəfindən nəzərə alınmaması və iddiaçının belə bir iddia tələbini irəli sürməyə hüququnun olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarında olan siyahıdan görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanası “Azərkimya” İstehsalat Birliyinin balansından çıxarılaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X2 balansına qəbul edilmişdir. İş materiallarında olan 27.01.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh özünün bildirdiyinə görə 2012-ci ildən Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 69-cu otağında yaşayır, həmin otağı tutması üçün elə bir sənədi yoxdur. O, həmin otağın boşaldılması üçün xəbərdarlıq edilməsinə baxmayaraq otağı boşaltmaqdan imtina etmişdir. İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, D.D.Cavabdeh Lerik rayonunun Soru kəndində rəsmi olaraq qeydiyyatdadır. İşin araşdırılan halları və iş materiallarına əsasən müəyyən edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16.09.2010-cu il tarixli, 153 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanası Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X1 balansına qəbul edilmiş, Cavabdeh Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 69-cu otağını qanusuz olaraq zəbt etmiş və Cavabdeh həmin otaq üçün hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası cavabdehin işə onun iştirakı olmadan baxılması və məhkəmənin yeri və vaxtı barədə heç bir məlumat verilməməsi barədə dəlili qəbul etmir. İş materiallarında olan SMS bildirişdən məlum olur ki, Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır (i.v.26-28). Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 16 aprel 2021-ci il tarixli 2(060)-2337/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar