Məhkəmə qərarları › İş №2(105)-2541/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2541/2021

23.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2541/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(060)-4687/2021 saylı qərardadından İddiaçı verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(060)-4687/2021 saylı qərardadı ilə (hakim Ə.Q.Qəzənfərov) İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı yaşayış sahəsi ilə təmin edilməsi tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(060)-4687/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı yaşayış sahəsi ilə təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 08 may 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı yaşayış sahəsi ilə təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi mübahisələrin məhkəmə aidiyyətinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməsinə aidiyyətini müəyyən etmək üçün mübahisənin subyektiv tərkibi, predmeti, eləcə də hüquq münasibətlərinin xarakteri aydınlaşdırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən, Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqanlar hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı ilk öncə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı yaşayış sahəsi ilə təmin edilməsi üçün cavabdehə rəsmi qaydada müraciət etməli, bundan imtina olunduğu halda inzibati aktın məcburi qaydada verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ona görə də, qərardadın ləğv edilməsi üçün əsas olmadığından şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələblərinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(060)-4687/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar