Məhkəmə qərarları › İş №2(105)-2541/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2541/2022

12.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2541/2022 12.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim İ.A.Məmmədov) Cavabdeh Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)- 1265/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1265/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı övladları X4 və X5 ilə birlikdə birgə nikah dövründə əldə edilmiş Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 0,08 ha torpaq sahəsində, inşa edilmiş bir mərtəbəli yaşayış evinə köçürülməsi qət edilmişdir. İş üzrə Cavabdeh göstərilən qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən qətnaməni rəsmi qaydada 12 noyabr 2021-ci il tarixdə almışdır. 10 noyabr 2021-ci il tarixdə COVİD-19 ilə bağlı verdiyi testin nəticəsi pozitiv çıxmış, sonrakı aylar atası, anası və digər yaxınları bu xəstəliyə tutulmuşlar. Sonra atası rəhmətə getmişdir. Nəticədə 03 noyabr 2021-ci il tarixli, 2(027)- 1265/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1265/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermək müddətin üzrlü səbəbdən buraxılmış hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə onun və ailə üzvlərinin xəstə olmasını, atasının dünyasını dəyişməsini üzrlü səbəb kimi qəbul etməmişdir. Məhkəmə işin həqiqi hallarını, dəlillərini və faktları nəzərə almamışdır. Quba Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərardadın ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1265/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı övladları X4 və X5 ilə birlikdə birgə nikah dövründə əldə edilmiş Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 0,08 ha torpaq sahəsində, inşa edilmiş bir mərtəbəli yaşayış evinə köçürülməsi qət edilmişdir. Göstərilən qətnamə tərəfələr 05 noyabr 2021-ci il tarixdə yaşadıqları ünvana rəsmi qaydada göndərilmişdir və Cavabdeh qətnamənin surətini 13 noyabr 2021-ci il tarixdə almışdır. Cavabdeh qətnamədən narazı qalaraq 19 aprel 2022-ci il tarixdə, yəni 5 ay 17 gündən sonra apellyasiya şikayəti vermişdir və həmin vaxt göstərilən müddətin üzürlü səbəbdən ötürülməsini təsdiq sənədlər ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 133.5-ci maddəsinə əsasən məhkəmə müddətin bərpasından imtina barədə qərardad çıxarır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh 25 noyabr 2021-ci il tarixdə COVİD xəstəliyə tutulmuşdur, atası F.Ə.Rəhmanov isə 12 dekabr 2021-ci il tarixdə ölmüşdür. Cavabdeh isə qətnamədən beş ay sonra, yəni aprel ayında apellyasiya şikayəti vermişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 04 noyabr 2022-ci il tarixli 2(027)-1265/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar