Məhkəmə qərarları › İş №2(105)-255/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-255/2021

29.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-255/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4 və ilk iddia üzrə Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-65/2020 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Zamin1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-65/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin2, Zamin3 və Zamin1 qarşı istifadə hüququna xitam verilməklə mənzilin boşaldılması və mənzildən çıxarılmalarına dair ilk iddiası qismən təmin edilmiş, Cavabdeh, Zamin2 və Zamin1 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən “İddiaçıbank” açıq səhmdar cəmiyyətinin mülkiyyətində olan Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları, ilk iddianın qalan hissədə təmin edilməməsi, Zamin1 İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə Cavabdeh və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Zamin1 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə boşaldılması və evdən çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, “İddiaçıbank” açıq səhmdar cəmiyyəti (indiki İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti) Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 qeydiyyatda olduqları Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququna dair xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı, qeydiyyat nömrəsi ********** olan reyestrdən çıxarış əldə etmişdir. Həmin ev “İddiaçıbank” açıq səhmdar cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş və hərracın nəticələri əsasında cəmiyyətin mülkiyyətinə keçmişdir. Ev bankın mülkiyyətinə keçməsinə baxmayaraq, qeydiyyatda olan cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 mənzilə dair istifadə hüququ saxlanmış, hal-hazıradək qeydiyyatdan çıxarılmamış və həmin evdə yaşayırlar. Zamin1 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək əri Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Quba rayonu, Alpan kəndində 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən, MH seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Cavabdeh adına olan 1 mərtəbəli, 4 otaqlı, 78,9 kv.m yaşayış, 79,8 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin kredit borcu ilə əlaqədar ipoteka ilə yüklü edilməsi barədə 192/08/PB nömrəli, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Alpan kəndində yerləşən yaşayış evini əri Cavabdehla birgə nikah dövründə əldə etmişlər. Cavabdeh kommersiya ilə məşğul olmaq məqsədi ilə 192/08/PB nömrəli, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən “İddiaçıbank” açıq səhmdar cəmiyyətindən 15.000 manat məbləğində kredit götürmüş və 192/08/PB nömrəli, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh məxsus Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh aldığı 15.000 manat məbləğində kredit borcundan təxminən 11.000 manatını ödəmiş, qalan məbləği xəstə olduğundan ödəyə bilməmiş, faiz yığılaraq həmin məbləğ artmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)-52/2010 saylı qətnaməsi ilə “İddiaçıbank” açıq səhmdar cəmiyyətinin tələbi qismən təmin edilərək, Cavabdeh 192/08/PB nömrəli, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədiyinə görə “İddiaçıbank” açıq səhmdar cəmiyyətinin tələbi ipoteka predmeti olan Quba rayonu, Alpan kəndində 0,06 ha torpaq sahəsində yerləşən, MH seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Cavabdeh adına olan 1 mərtəbəli, 4 otaqlı, 78,9 kv.m yaşayış, 79,8 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərrac yolu ilə satılaraq, satışdan əldə olunan puldan 11260,18 manat əsas kredit borcu, 3.277,50 manat hesablanmış ikiqat faiz borcu, 3.217,50 manat dəbbə pulu, cəmi 17.755,18 manat və 20 manat dövlət rüsumu, həmçinin xx.xx.2009-cu ildən başlayaraq qətnamə qəbul edilən tarixədək əsas kredit məbləğinin ödənilməmiş hissəsinə hesablanacaq gündəlik faiz və dəbbə pulunun “İddiaçıbank” açıq səhmdar cəmiyyətinə ödənilməsi və satışdan əldə olunacaq vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan Cavabdeh verilməsi qət edilmişdir. Onun həmin qətnamənin çıxarılmasından xəbəri olmamış, əri də ona bu barədə bildirməmişdir. Həmin məhkəmə proseslərində əri Cavabdeh da iştirak etməmışdir. İpoteka müqaviləsi bağlanarkən onun xəbəri olmamış, əslində evin ipotekaya qoyulmasına evin birgə mülkiyyətçisi kimi onun da razılığı olmalı idi. Onun adından yazılmış birgə nikah dövründə əldə etdikləri yaşayış evinin kredit müqaviləsi üzrə ipoteka qoyulmasına razılıq verməyi barədə yazılmış ərizədən onun xəbəri yoxdur, həmin ərizədə olan imza ona məxsus deyildir. Müqavilədən də görünür ki, həmin müqavilədə onun heç bir imzası yoxdur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə Cavabdeh və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Zamin1 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə həqiqətə nail olmaq üçün işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinin tələblərini pozmuş, ilkin iddiaçının xeyrinə qeyri obyektiv mövqe tutmuşdur. Buna görə də ilk iddiaçının tələbi qanunsuz və əsassız olaraq təmin edilmişdir. İş üzrə qətnamə qəbul edərkən məhkəmə Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, işin icraatına xitam verilməlidir. Mülki işə əlavə olunmuş sənədlərin içərisində Quba Rayon Məhkəmənin xx xxxx 2010cu il və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnamələri vardır. Məhkəmə hazırki qətnaməni qəbul edərkən həmin qətnamələrə əsaslanmış, lakin həmin qətnamələrdə göstərilənləri nəzərə almayaraq iddiaçının tələbini qanunsuz və əsassız olaraq təmin etmişdir. Belə ki, hələ 2010-cu ildə iddiaçı “İddiaçıbank” açıq səhmdar cəmiyyəti onlara qarşı iddia ilə məhkəməyə müraciət edərək digər tələblərlə yanaşı, mübahisəli evdən istifadə hüququna xitam verilməklə boşaldılması və mənzildən çıxarılmalarına dair də qətnamə qəbul olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı “İddiaçıbank” açıq səhmdar cəmiyyətinin tələbi qismən təmin olunmuş, Cavabdeh 192/08/PB nömrəli, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədiyinə görə “İddiaçıbank” açıq səhmdar cəmiyyətinin tələbinin ipoteka predmeti olan, eyni nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş Quba rayonu, Alpan kəndində 0,06 ha torpaq sahəsində yerləşən, MH seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli (qeydiyyat nömrəsi **********03-10301) çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan bir mərtəbəli, 4 otaqlı, 78,9 kv.m yaşayış, 79,8 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərrac yolu ilə satılaraq satışdan əldə olunan puldan 11.260,18 manat əsas kredit borcu, 3.277,50 manat hesablanmış ikiqat faiz borcu, 3,217,50 manat dəbbə pulu, cəmi 17.755,18 manat və 20 manat dövlət rüsumu, həmçinin xx xxxxxxxx 2009-cu ildən başlayaraq qətnamə qəbul edilən tarixədək əsas kredit məbləğinin ödənilməmiş hissəsinə hesablanacaq gündəlik faiz və dəbbə pulunun “İddiaçıbank” açıq səhmdar cəmiyyətinə ödənilməsi, satışdan əldə olunacaq vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin qətnaməsindən iddiaçı “İddiaçıbank” açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(105)-586/2010 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin həmin mülki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamələrin məzmunundan görünür ki, eyni iddiaçı ilə eyni cavabdehlər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri vardır. Belə olan halda, Quba Rayon Məhkəməsi Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən hazırki işin icraatına xitam verməli idi. Məhkəmə qətnamə qəbul edərkən “İpoteka haqqında” qanunun 59.3.2 və 59.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdehlər ipoteka müqaviləsi bağlanarkən öz imzaları ilə razılıqlarını notariat qaydada ifadə etmişlər. İddiaçı “İddiaçıbank” açıq səhmdar cəmiyyətinin onlara qarşı əvvəllər qaldırdığı iddia tələbinin mübahisəli evə istifadə hüququna xitam verilməklə mənzilin boşaldılması və mənzildən çıxarılmaları hissəsi rədd edilərkən Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnamələrində göstərilir ki, iş materialları ilə ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşayış evinə tutma yönəldikdə və satıldıqda evi tərk etmək barədə notarial qaydada təsdiq edilmiş öhdəlik götürmələri təsdiq olunmamışdır. Həmçinin Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsində qeyd edilmişdir ki, notariat icraatında Bayramov Gülçöhrə Vahid qızının Quba rayonu, Alpan kəndində yerləşən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda evi tərk etmək barədə notariat qaydada təsdiq edilmiş öhdəlik götürməsini təsdiq edən hər hansı bir rəsmi sənəd aşkar olunmamış və məhkəmə iclasında iddiaçının nümayəndəsi belə bir sənədin olmasını təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Hazırki iş üzrə qətnamədə də iddiaçı onların evdən çıxarmalarını sübut edən halı təsdiq edə bilməmişdir. Buna baxmayaraq məhkəmə Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə zidd olaraq prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdi. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən “İpoteka haqqında” qanunun 59.3, 59.3.1, 58.3.2-ci maddələrini səhv təfsir etmiş, maddi hüquq normalarını pozmaqla yanaşı, düzgün tətbiq etməmişdir. Apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Zamin1, ilk iddia üzrə cavabdehlər Zamin2 və Zamin3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nüməyəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh və Zamin1 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən “İddiaçıbank” ASC-nin mülkiyyətində olan Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdehin və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı onlara aid hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2008-ci il tarixli, 192/08/PB saylı kredit müqaviləsinin surətindən görünür ki, “İddiaçıbank” açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh illik 31 faizlə 24 ay müddətinə 15.000 manat kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2008-ci il tarixli, 192/08/PB saylı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh məxsus Quba rayonu, Alpan kəndində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 78.9 kv.m yaşayış, 79.8 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli, 2(027)- 52/2010 saylı qətnaməsi ilə “İddiaçıbank” açıq səhmdar cəmiyyətinin iddia tələbi qismən təmin edilərək, Cavabdeh 192/08/PB nömrəli, xx.xx.2008-ci tarixli kredit müqaviləsi üzrə ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədiyinə görə “İddiaçıbank” açıq səhmdar cəmiyyətinin tələbinin ipoteka predmeti olan, eyni nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş Quba rayonu, Alpan kəndində 0.06 ha torpaq sahəsində yerləşən, MH seriyalı, ******* nömrəli, xx.xx.2006-ci il tarixli (qeydiyyat nömrəsi 280600001, reyestr nömrəsi **********03-10301) çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan bir mərtəbəli, 4 otaqlı, 78,9 kv.m yaşayış, 79,8 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərrac yolu ilə satılaraq satışdan əldə olunan puldan 11.260,18 manat əsas kredit borcu, 3.277,50 manat hesablanmış ikiqat faiz borcu, 3.217,50 manat dəbbə pulu, cəmi 17.755,18 manat və 20 manat dövlət rüsumu, həmçinin xx xxxxxxxx 2009-cu ildən başlayaraq qətnamə qəbul edilən tarixədək əsas kredit məbləğinin ödənilməmiş hissəsinə hesablanacaq gündəlik faiz və dəbbənin “İddiaçıbank” açıq səhmdar cəmiyyətinə ödənilməsi, satışdan əldə olunacaq vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2010-ci il tarixli, 2(105)-586/2010 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli, 2(027)-52/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan hərracın yekunları barədə Y-1017 saylı, xx xxxxxxxx 2012-ci il tarixli protokolun surətindən görünür ki, “X2 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən keçirilmiş hərracda Cavabdeh məxsus Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 20000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25%-ə enmiş, əmlakın satılmış son qiyməti 12.750 manat müəyyən edilmiş və həmin ev “İddiaçıbank” açıq səhmdar cəmiyyəti tərəfindən alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında “İddiaçıbank” açıq səhmdar cəmiyyətinin adına 17 aprel 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Zamin1 imzası xx xxxxxx 2008-ci il tarixdə Xaçmaz rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş ərizəsindən görünür ki, həyat yoldaşı Cavabdeh məxsus olan Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evinin ipteka ilə yüklənməsinə etiraz etməmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti başçısının Alpan inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 141 saylı, 08 fevral 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh Quba rayonunun Alpan kəndində yaşayır, ailə tərkibi arvadı Zamin1, oğlu Zamin2 oğlundan, qızı X3 və nəvəsi Zamin3 ibarətdir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 33520 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zamin1 adından olan xx xxxxxx 2008-ci il tarixli, 7E- 13/7473 reyestr saylı ərizədə (Xaçmaz rayonu 1 saylı Notariat Kontoru) “İmza” qrafasındakı imza və “Бајрамова Ҝүлчөhрə” yazısı-Zamin1 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MM-nin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.4-cü maddəsinə görə hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə tələb ipoteka predmeti olan Cavabdeh məxsus Quba rayonu, Alpan kəndində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilmiş, xx xxxxxxxx 2012-ci il tarixdə keçirilmiş hərracda “İddiaçıbank” açıq səhmdar cəmiyyəti Cavabdeh məxsus Quba rayonu Alpan kəndində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini 12.750 manata almış, “İddiaçıbank” açıq səhmdar cəmiyyətinin həmin evə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində 17 aprel 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 203.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə, daşınmaz əmlak tamamilə məhv olduqda daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 203.3.1-ci maddəsinin mənasına görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən məcburi alınması üçün əsasdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin Cavabdeh və Zamin1 münasibətdə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, “İddiaçıbank” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh mülkiyyətində olan yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh arvadı Zamin1 əmlakın ipoteka ilə yüklü edilməsinə notarial qaydada razılıq vermişdir. Cavabdeh öhdəliklərinə əməl etmədiyinə görə Quba Rayon Məhkəməsinin qətnaməsinə əsasən “İddiaçıbank” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit borcu və bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbi qismən təmin edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Quba Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan əmlak hərracın nəticələrinə əsasən “İddiaçıbank” açıq səhmdar cəmiyyətə satılmış və müvafiq sənədləşmə işləri aparılmışdır. İş materiallarından və apellyasiya şikayətindən görünür ki, Zamin1 qarşılıqlı iddia ərizəsini Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evini Cavabdeh ilə birgə nikahları dövründə əldə edilməsi, həmin evin birgə mülkiyyətləri olması, evin ipoteka ilə yüklü edilməsinə razılıq verməməsi və ipoteka predmetinə tutma yönəldikdə yaşayış sahəsini tərk etmək barədə öhdəlik götürməməsi ilə əsaslandırmışdır. Bu hallarla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə Zamin1 xx.xx.2008-ci il tarixli ərizə ilə razılıq vermiş, onun razılığı Xaçmaz rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmişdir. Qeyd edilən hal iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 33520 saylı ekspert rəyi ilə də sübuta yetirilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “İpoteka haqqında” qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinin ayrıca bir əsası kimi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olması nəzərdə tutulmuşdur. Hazırki işdən də görünür ki, Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evi xx xxxxxx 2008-ci il tarixli, 192/08/PB saylı kredit müqaviləsi üzrə kreditin qaytarılmasının təminatı kimi ipotekaya qoyulmuşdur. İlk iddia üzrə Cavabdeh və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Zamin1 apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə istinad edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsi üzrə olan mülki işdə “İddiaçıbank” açıq səhmdar cəmiyyəti cavabdehlərin evdən çıxarılmasını ipoteka saxlayan kimi tələb etmişdir. Hazırki iş üzrə isə İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti artıq mülkiyyətçi kimi çıxış edir və iddia tələbini də Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətində olması ilə əsaslandırmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. İlk iddia üzrə cavabdeh Zamin2 qətnamədən apellyasiya şikayəti verməmiş, qətnaməni mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh və Zamin1 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən “İddiaçıbank” ASC-nin mülkiyyətində olan Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh və Zamin1 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən “İddiaçıbank” açıq səhmdar cəmiyyətinin mülkiyyətində olan Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 142 manat ilk iddia üzrə cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə Cavabdeh və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Zamin1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-65/2020 saylı qətnaməsi Cavabdeh və Zamin1 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən “İddiaçıbank” açıq səhmdar cəmiyyətinin mülkiyyətində olan Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 142 (bir yüz qırx iki) manat ilk iddia üzrə cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar