Məhkəmə qərarları › İş №2(105)-2570/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2570/2021

23.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2570/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə iddiaçılar tərəfindən Xaçmaz Rayon Məhkəməsinin bütün tərkibinə verilmiş etiraza baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Cavabdeh onlara və Əlillər Cəmiyyətinə məxsus mənzildən (otaqdan) çıxarılması (kənarlaşdırılması) və 440 manat məbləğində ziyanın alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşə mahiyyəti üzrə baxılarkən iddiaçılar İddiaçı1 və İddiaçı2 yazılı etiraz verərək göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən əvvəllər onların iddia tələbləri üzrə işə baxılmış, lakin cavabdehin qanunsuz əməllərinə qarşı iddia tələbləri əsaslı olmasına baxmayaraq təmin edilməmişdir. Hazırki iddia tələbi də qeyd olunan məhkəmənin icraatında olması və baxılması işə mahiyyəti üzrə ədalətli yekun məhkəmə aktının çıxarılmamasına gətirib çıxaracaqdır. Ona görə də, işə mahiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsində baxılmasına etiraz edir və mülki işin baxılması üçün başqa məhkəməyə verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 19.1.3, 19.2.2 və 19.2.3-cü maddələrinə əsasən hakim əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə, hakim tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa, hakim şəxsən, bilavasitə və dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da obyektivliyinə və qərəzliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazının əsaslarını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 23.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apelyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Xaçmaz Rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə etiraz etmək üçün göstərdiyi dəlil əsassızdır və həmin məhkəmənin bütün tərkibinin işin nəticəsi ilə maraqlı olmasına və ya obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran əsaslar yoxdur. Ona görə də iddiaçı tərəfin verdiyi etiraz təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 19, 21-22 və 263-264cü maddələrini rəhbər tutaraq QƏRARA ALİR: İddiaçılar İddiaçı1 və İddiaçı2 Xaçmaz Rayon Məhkəməsinin bütün tərkibinə verdiyi etiraz təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar