Məhkəmə qərarları › İş №2(105)-2574/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2574/2021

05.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2574/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)-316/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)-316/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)-316/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakdan payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, 29 iyun 2012-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, birgə nikah dövründə Azərbaycan Respubliksı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 09 oktyabr 2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, ünvan 2 ünvanında ümumi sahəsi 41 m2, yaşayış sahəsi 28.6 m2 və yardımçı sahəsi 12.4 m2 olan 2 (iki) otaqlı mənzil almışlar. Qətnamədə proses zamanı çıxışı təhrif edilib. Belə ki, iddianı müdafiə edərək dəfələrlə prosesdə iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin məzmununa görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır ifadəsini qeyd etsə də, qətnamədə yalnız həmin mənzili onun cavabdehlə birgə qazancı ilə aldığı və əlavə borc qismində Rusiya Federasiyasında yaşayan X8 beş yüz min rus rublu ona borc pul verməsi təqdim olunan rəsmi bank sənədinə əsasən təsdiqlənir. Qətnamədə təkzib edilən və tərəfindən apellyasiya şikayəti ilə birgə təqdim etdiyi gəlirlərini təsdiq edən faktlar Quba Rayon Məhkəməsinin hakimi Rahim Həsənovun şəxsən özünün sədrliyi ilə, Cavabdeh müvafiq iddia ərizəsi əsasında onun aliment öhdəliyi ilə bağlı çıxardığı 2(027)-1606/2020 saylı 17 sentyabr 2020-ci il tarixli qətnaməsində olan qeydləri - konkret olaraq onun valideyinləri ilə birgə yaratdığı kəndli təssərüfatında olan torpaq sahələri, bağlarının olması, avtomobil ilə taksi fəaliyyəti göstərməyi, fərdi qaydada müxtəlif xidmət və işlərdə işləməklə qazanc əldə etməyi qətnamədə öz təsdiqini tapmışdır. Quba Rayon Məhkəməsinin iş № 2(027)-2497/2017 saylı,07 iyun 2017-ci il tarixli hakim Elman Əhmədovun sədrliyi ilə, Cavabdeh müvafiq iddia ərizəsi əsasında aliment öhdəliyi ilə bağlı qətnaməsində olan faktlar - konkret olaraq onun Quba rayonu, Zərdabi qəsəbəsində AR KTN Meyvəçilik və X25 İnstitutunda elmi işçi vəzifəsində işləməyi, Quba rayonu “Rixos” otelində əlavə işləməyi, hər gün qazancının olması, bundan başqa Quba rayonu, Alekseyevka kəndində iki ildir ki, kirayə ev verməyi barədə faktlar öz əksini tapmışdır. Sadalanan faktlara baxmayaraq, məhkəmə onun mənzili aldığı zaman işsiz olmağı və qazancının olmaması barədə səhv qənaətə gəlmişdi. Belə ki, mübahisə predmeti olan mənzilin alındığı zaman onun rəsmi işi olmaqla yanaşı, həmçinin əlavə işləri, təsərrüfatları və əlavə gəlirləri barədə təqdim etdiyi rəsmi arayışları və faktları məhkəmənin özü tərəfindən təsdiq edilir. Cavabdeh məhkəmə prosesində bildirdiyi kimi evin guya qardaşı Eminə məxsus olması əsassızdır. Belə ki, məhkəmə proselərində və məhkəməyə təqdim etdiyi etiraz ərizələrində dəfələrlə buna etiraz edərək bildirmişdir ki, həmin mənzil özü tərəfindən alınaraq həyat yoldaşı Cavabdeh adına rəsmiləşdirilib. Pulu da şəxsən özü təqdim edərək, alqı-satqının rəsmiləşdirilməsində iştirak etmişdir. Qətnamədə üçüncü şəxslərin dördüncü şəxslərə pul göndərmələri barədə təqdim etdiyi faktların heç bir əsası yoxdur. Əgər həmin pullar mənzilin alınması üçün göndərilsəydi birbaşa ona və ya cavabdehin özünə göndərilərdi, lakin iş materialından göründüyü kimi ümumiyyətlə həmin ərəfədə cavabdehə, nə də ki ona cavabdehin qardaşı tərəfindən pul göndərilməyib. Cavabdeh özü həmin mənzildən ona pay düşməsin deyə yalançı şahidlər və məsələyə aid olmayan malumatları məhkəməyə təqdim etməklə məhkəməni aldadıb, məhkəmə isə əsassız olaraq həmin məlumatlara istinad edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəmədə ifadə verərkən onun cavabdehlə birgə nikah dövründə aldığı ünvan 2 ünvanında iki yüz əlli manata kirayə qaldığını etiraf etsə də, məhkəmə həmin ifadəni təhrif edərək guya həmin şəxsin onun anasına məxsus Quba rayonu Alekseyevka kəndində olan evdə yaşadığını qeyd etmişdir. Məhkəməyə təqdim etdiyi 29 aprel 2021-ci il tarixli etiraz ərizəsindən açıq-aydın görünür ki, Mirzəyeva Aynurə cavabdeh tərəfindən təlimatlandırılaraq ona qarşı yalan ifadələr verəcəyi öyrədilsə də, sonda şahid reallığı etiraf edərək faktiki olaraq xeyrinə ifadə verib. Şahid qismində dindirilmiş cavabdehin dayısı X5 məhkəmədə cavabdeh tərəfindən iştirak etdiyi və doğma qohumu olduğu üçün reallığı əks etdirməyən yalan ifadələr vermişdir. Mübahisə predmeti olan mənzili aldığı ərəfədə, Əsədullayev Nazar adında olan mənzili, bacısı (cavabdehin anası) X4 adına keçirmişdi, baxmayaraq ki Həbibə həmin ərəfədə Rusiya Federasiyasında olub. Demək etibarnamə ilə xarici ölkədə yaşayan şəxsin adına Azərbaycan Respublikasına gəlmədən mənzil almaq olursa, o zaman Eminin də adına eyni qayda ilə mənzil almaq olardı - hər iki şəxsin ikili vətəndaşlığı var (Azərbaycan və Rusiya). Bu səbəbdən Əsədullayev Nazarın verdiyi ifadə əsassızdır və reallığı əks etdirmir. Şahid qismində iştirak edən cavabdehin digər qohumu olan əmisi X7 tərəfindən ona pul göndərildiyini bildirmişdir. Onda olan məlumata əsasən Kazımov Nemət həmin ərəfədə təqribən on iki min manat dəyərində “Nissan X-trail” markalı minik avtomobili alıb və Emindən geri qaytarmaq məqsədi ilə borc pul alıb. Nemətin həmin pulu guya ona verməsi barədə hər hansı fakt məhkəməyə təqdim edilməmişdir. Əgər Emin mənzil alınması üçün ona pul göndərsəydi, həmin pulu ona və ya bacısına (cavabdehə) göndərərdi. Bu səbəbdən cavabdehin doğma əmisi olduğu üçün Nemət Kazımov, cavabdehin xahişini nəzərə alaraq, məhkəmədə yalan ifadə verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdehin növbəti qohumu olan xalası X3 bir-birinə ziddiyyətli ifadələr vermişdi. Belə ki, qətnamədə Mehbarənin guya on min manat pul verməyi qeyd edilir. Lakin, proses zamanı Mehbarəyə ünvanladığı suallar arasında Mehbarənin kimə, nə zaman, harada və nə qədər pul verməsini soruşmuş, Mehbarə ona fərqli adamların adlarını çəkməklə, məsələdən xəbərsiz olduğu üçün, fərqli vaxtlarda, fərqli ünvanları qeyd etməklə pul verdiyini bildirib və həmin vaxtların yay-payız aylarına təsadüf etdiyini bildirmişdir, hətta pul vəsaitini Rusiya Federasiyasına göndərdiyini etiraf etmişdir. Ümumiyyətlə Mehbarə və həyat yoldaşı heç yerdə işləmədikləri üçün yalnız kənddə xırda ailə təsərrüfatı hesabına dolanırlar. Bu səbəbdən onların on min manat məbləğində pula sahib olmaları şübhə doğurur və reallıqdan kənardır. Cavabdeh qarşılıqlı iddia ərizəsində pulu bibisindən aldığını qeyd etmişdir. Cavabdehin bibisi məhkəmədə yalan ifadə verməyəcəyini bildirdiyi üçün, yalan ifadə vermək üçün xalası Şabəddinova Mehbarəni dəvət etmişdir. Mehbarə Eminin qayınanası olduğuna görə ona qarşı ifadə verməkdə xüsusi marağı var. Bu barədə 17.02.2021, 15.03.2021, 29.04.2021 tarixli etiraz ərizələri təqdim edərək şahidin yalan ifadələr verdiyi üçün məsuliyyətə cəlb olunmasını tələb etmiş, hakim tələbinin təmin olunduğunu bildirsə də bu günədək heç bir tədbir görülməmişdir və ona da görüləcək tədbir barədə məlumat verilməyib. Bu səbəbdən 14 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iş materialından məlumat əldə etmək istəsə də, məhkəmə tərəfindən şifahi olaraq bildirilib ki, müraciəti ilə bağlı müvafiq tədbirin aparılmadığı üçün iş materialında bu məsələ ilə bağlı məlumat yoxdur. Qeyd edir ki, Şabəddinova Mehbarənin məhkəmədə ifadə verən zaman ziddiyyətli və yalan ifadələri ilə yanaşı, Quba rayonu, Xanagah kəndində və digər ərazilərdə cavabdehin anası - Kazımova Həbibə və digər yerli və xarici vətəndaşlarla birgə, aldıqları qızıl axtaran aparat vasitəsi ilə qanunsuz qızıl axtarışları apardıqları bəlli olmuşdu. Qətnamədə qeyd edilən Səlimova (Alekperova) Aynur Rövşən qızının məhkəməyə təqdim etdiyi ərizədə onu tanımadığını qeyd etməsi şahidlərin növbəti yalanlarından biridir. Necə olur ki, onu tanımayan adam adına beş yüz min rus rublu məbləğində pul göndərib, cavabdehin adına isə ümümiyyətlə heç kim tərəfindən pul göndərilməyib. Aynur cavabdehin və qardaşlarının xeyir işlərində iştirak edib, həmin məclisləri özü təşkil etdiyi üçün, onu da çox yaxşı tanıyır. Həmçinin Eminin həmin gün beş yüz min rus rublu məbləğində pul göndərməsinin qeyd edilməsi yalan məlumatdır. Belə ki, qətnamənin özündə qeyd edilərək təsdiq edilir ki, Emin bir yüz on iki min rus rublu məbləğində vəsaiti əmisi üçün göndərib və beş yüz min rus rublu ümumiyyətlə göndərilməyib. Aynurun ona göndərdiyi borc pulun əvəzinə Rusiya vətəndaşları olduğu üçün iki övladına Rusiya Federasiyası tərəfindən cavabdehin adına verilən beş yüz min rus rublu və üzərinə əlavə olunmuş faizlərlə birgə “materinskiy kapital” (analıq kapitalı) gələcəkdə mülkiyyət alınaraq borcverənin sərəncamına verilməsi və ya satılması barədə şifahi razılaşma olmuşdur. Qətnamədə qeyd edilən iş materialına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzili 09.10.2014-cu il qeydiyyat tarixinə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh Rusiya Federasiyasında olduğu üçün onun tərəfindən lazımi hərəkətlər edilərək (banka ödənilən rüsumlar, qəbzlər və sair) adına qeydiyyata salınmışdır. Həmin qəbzin nüsxəsini apellyasiya şikayəti ilə birgə məhkəməyə təqdim etmişdir. Cavabdehin həmin vaxt Rusiya Federasiyasına doğuş məqsədi ilə getdiyi məlumdur, bu barədə məhkəməyə təqdim etdiyi Quba Rayon Məhkəməsinin iş N 2(027)- 2497/2017 saylı qətnaməsində övladlarının doğum tarixi qeyd edilib, həmçinin həmin iş materialında uşaqların şəxsiyyətinin təsdiq edən sənəd və vətəndaşlığı məxsus olduğu ölkənin adı qeyd edilib. İş materialında qeyd edilən "xxxx" ASC-nin Quba filialına məxsus xəzinə məxaric orderinin və ödəniş tapşırığının surətinə əsasən X13 əmisi X15 bir yüz on iki min rus rublu məbləğində pul vəsaitini göndərməsinin nə səbəbdən onun və ya Eminin bacısı olan cavabdeh R. Kazımovanın adına göndərməməsi müəmmalı olaraq qalır və bu sualı cavablandırılmır. Həmçinin Eminin əmisi Nemətə göndərdiyi pulun həqiqətən də ona verməsini təsdiq edən fakt məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə qətnamənin ona qarşı qərəzli və qeyri-obyektiv olması, saxta və yalan məlumatlara istinad etməsi, hətta həmin məlumatların bir-birinə ziddiyətli olması açıq-aydın görünür. Belə ki, qətnamənin əvvəlində Eminin həmin tarixdə beş yüz min rus rublu məbləğində pul vəsaitini göndərməsi barədə Səlimova (Alekperova) Aynur Rövşən qızının ərizəsinə istinad edərək qətnaməyə daxi etdiyi halda, digər hissəsində həmin məbləğin bank tərəfindən təsdiq olunmuş sənədlə bir yüz on iki min rus rublu məbləğində olduğu qeyd edilir. İş materialına əsasən qətnamədə qeyd edilən "xxxx" ASC Quba filialı vasitəsilə müxtəlif vaxtlarda müxtəlif şəxslər tərəfindən X15 göndərilən pul vəsaitlərinin Nemət tərəfindən həqiqətən ona verilməsi hər hansı formada sübuta yetirilmədiyi halda məhkəmə həmin vəsaitlərin heç bir əsası olmadan səhvən ona verildiyi qənaətinə gəlib. Hətta həmin vəsaitləri topladıqda belə mənzilin alınmasına və rüsumların ödənilməsinə yetərli olmadığı məlum olur. Cavabdehin məhkəməyə təqdim etdiyi qarşılıqlı iddiasında isə mübahisə predmeti olan mənzilin alınması üçün tam fərqli mənbələr sadalanır. Belə ki, Cavabdeh 01 dekabr 2020-ci il tarixində məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində qeyd edilir ki, cavabdehin qardaşı 18.04.2018-ci il tarixdə Kazımov Nemətə bir yüz on iki min rus rublu məbləğində pul vəsaiti göndərib və eyni məbləğ Səlimova Aynur tərəfindən ona göndərilib və yerdə qalan çatışmayan pul vəsaitini cavabdeh öz bibisindən almaqla mənzili almışdır. Beləliklə, cavabdehin öz etirafı və imzası ilə təsdiq etdiyi rəsmi sənədə əsasən onlar mübahisə predmeti olan mənzilin alınması üçün 112.000 rus rublu cavabdehin qardaşının əmisinə göndərdiyi pul vəsaiti və bir o qədəri də yəni 112.000 rus rublu Səlimova Aynurun ona göndərdiyi pul vəsaiti bu da ümumilikdə 224.000 rus rublu pul vəsaiti edir ki, bunun da qətnamədə qeyd edilən məzənnəyə əsasən 1 rus rublunun təqribən 0,022 manata bərabər olmasını nəzərə alsaq, ümumilikdə Rusiyadan əldə edilmiş pul vəsaitinin Azərbaycan manatı ilə ümumi məbləği 4.928 (dörd min doqquz yüz iyirmi səkkiz) manat civarında olduğu bəlli olur. Qalan hissəsini isə cavabdeh öz bibisindən aldığını etiraf edir. Qətnamədə isə qeyd edilir ki, Səlimova Aynur ona 500.000 rus rublu göndərib, cavabdehin qardaşı Kazımov Emin əmisi Kazımov Nemətə 112.000 rus rublu (qətnamənin digər hissəsində 500.000 rus rublu), müxtəlif vaxtlarda Kazımov Yusif qohumu Kazımov Nemətə 15.000 və 20.000 rus rublu və Abbasov Tural tərəfindən Kazımov Nemətə 500.000 rus rublu göndərilməklə ümumilikdə 1.147.000 rus rublu o vaxtın məzənnəsinə əsasən 25.234 (iyirmi beş min iki yüz otuz dörd) manat pul vəsaiti edir. Digər tərəfdən məhkəmədə yalan ifadə verən şahid Şabəddinova Mehbarənin guya əlavə 10.000 (on min) manat pul verməsi də qeyd edilir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)-316/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, evin hazırki iş üzrə iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, evi Rusiyada yaşayan qardaşı alıb. Ailə üzvlərindən burda olan bir özü olub və bacı olduğu üçün ona etibarnamə vermək daha asan idi. Bu səbəbdən də evi onun adına sənədləşdirdilər. Qardaşı Aynura 500 min rubl göndərmişdi. 100 min rubl əmisinə göndərilmişdi. Anası hazırda Rusiya Federasiyasında yaşayır. Evin qardaşına məxsus olması faktı danılmazdır. İddiaçı həmin evdə yaşamayıb. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)-316/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)- 316/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətrnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilməlidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 bildirmişdir ki, o, ailəsi ilə birlikdə Alekseyevka kəndində yerləşən evdə kirayə yaşamışdır. İlk dəfə onlar cavabdehin mülkiyətində olan evində kirayə qalmışlar. Kirayə haqqı 250 manat olmuşdur. Həmin evdə həmişə Rəqsanə və anası qalmışdır. Rəqsanənin anası həmin evin onun olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Cavabdeh onun bacısının qızıdır. Mübahisə predmeti olan mənzil alınarkən bacısı ona evin onun adına alınmasını istəmişdir. Lakin onun bir necə evi olduğundan və evlərin hamısı da oun adına rəsmiləşdirildiyindən, Emin üçün alınacaq evin onun adına alınmasına razı olmamışdır. Sonradan eşitmişdir ki, ev Rəqsanənin adına alınmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X21 bildirmişdir ki, 2014-cü ilin təxminən aprel ayında qardaşı oğlu Emin ona zəng edərək Quba şəhərində ev almaq istədiyini və evin alınması üçün onun adına pul göndərəcəyini demişdir. Daha sonra mübahisə predmeti olan mənzilin alınması üçün Emin onun adına pul göndərmiş və o, bankdan gedib həmin pul vəsaitini götürərək evin alınması üçün vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Cavabdeh onun bacısının qızıdır. Bacısı ona zəng edərək oğlu Emin üçün Quba şəhərində ev almaq istədiklərini, lakin evin alınması üçün 10.000 manat pulun çatmadığını və həmin pulu borc olaraq onlara verilməsini xahiş etmişdir. O da 10.000 manat pulu 2014-cü ilin aprel ayında Eminə ev alınması üçün vermişdir. Emin bir müddət həmin evdə yaşamışdır. İddiaçının iddia tələbində mübahisələndirdiyi ev Emin üçün alınmış evdir. Birinci instansiya məhkəməsində Səlimova (Alekperova) Aynur Rövşən qızı məhkəməyə şahid qismində ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı tanımır. Cavabdeh və onun qardaşı Emin Kazımovla ailəvi dostudurlar. 18.04.2014-cü il tarixdə Emin ondan Rusiya Federasiyasından Azərbaycana onun adından pul transferi eləmək üçün kömək istəmişdir. Emin Quba şəhərində ev almaq üçün bacısı Rəqsanənin həyat yoldaşı, adını sonradan bildiyi İddiaçı adına pul göndərməsi üçün ona 500.000 rus rublu vermişdir. Emin həmin günü Azərbaycana öz adından 500.000 rus rublu pul göndərdiyindən təkrar pul transferi edə bilməmişdir. Ona görə də, həmin pul iddiaçının adına onun tərəfindən göndərilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah 29.06.2012-ci il tarixdə Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 23.10.2020-ci il tarixli arayışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,436754 ha kənd təsərrüfat təyinarlı torpaq sahəsi və Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,436754 ha kənd təsərrüfat təyinarlı torpaq sahəsi 16.12.2019-cu il tarixli, 4Ə-2961 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X1. Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın 19.04.2014-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzil X24 tərəfindən 30.000 manata Cavabdeh satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzil 09.10.2014-cü il qeydiyyat tarixinə, ********** qeydiyyat nömrəsinə əsasən Cavabdeh məxsusdur. İş materiallarında olan "xxxx" ASC-nin Quba filialına məxsus xəzinə məxaric orderinin və ödəniş tapşırığının surətindən görünür ki, 18.04.2014-cü il tarixdə X22 tərəfindən X14 adına 112.000.00 rus rublu məbləğində pul vəsaiti göndərilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Quba filialının 03.02.2021-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş memorial orderindən görünür ki, 18.04.2014-cü il tarixdə Rusiyya Federasiyası tərəfindən “Zolotaya Korona” təcili pul köçürməsi vasitəsi ilə X16 tərəfindən İddiaçı adına 500.000 rus rublu məbləğində pul vəsaiti göndərilmiş və həmin tarixdə İddiaçı tərəfindən pul vəsaiti təhvil alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Quba filialının 03.02.2021-ci il tarixli məktubundan görünür ki, 07.04.2014-cü il tarixdə Rusiya Federasiyası tərəfindən “Zolotaya Korona” təcili pul köçürməsi vasitəsi ilə X6 tərəfindən X15 15.000 rus rubl, 16.04.2014-cü il tarixdə eyni şəxs tərəfindən X15 20.000 rus rublu, 18.04.2014-cü il tarixdə X17 tərəfindən X15 500.000 rus rublu, 18.04.2014-cü il tarixdə X22 tərəfindən X15 112.000 rus rublu məbləğində pul vəsaiti göndərilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Daşınmaz Əmlakın 19.04.2014-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzil X24 tərəfindən 30.000 manata Cavabdeh satılmış, həmin alqı-satqı müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən və izahatı elan edilən şahidlər də etiraf etmişlər ki, ev cavabdehin adına rəsmiləşdirilsə də, o faktiki olaraq cavabdehin qardaşı Emin üçün alınmışdır. Evin alınması üçün Rusiya Federasiyasından göndərilən pulları burada qəbul etmiş şəxslər (şahidlər) həmin faktı təsdiq edirlər. Qeyd olunan vəsaitlərin faktiki olaraq Emin üçün ev alınmasına göndərilməsi həmin şəxslər tərəfindən verilmiş izahatlarla təsdiqlənmişdir. Həmçinin iddiaçı onun adına Rusiya Federasiyasından pul göndərən Aynur Səlimova adlı şəxsdən həmin pulu borc aldığını bildirsə də, sonuncu iddiaçını tanımadığını, 500.000 rus rublu pulun onun adından iddiaçıya Emin Kazımov tərəfindən göndərildiyini bildirmişdir. 07.04.2014-cü il tarixdə Rusiyya Federasiyasından “Zolotaya Korona” təcili pul köçürməsi vasitəsi ilə X6 tərəfindən X15 15.000 rus rublu, 16.04.2014cü il tarixdə eyni şəxs tərəfindən X15 20.000 rus rublu, 18.04.2014-cü il tarixdə X17 tərəfindən X15 500.000 rus rublu, 18.04.2014-cü il tarixdə X22 tərəindən X15 112.000 rus rublu məbləğində pul vəsaiti göndərilmişdir ki, həmin vəsaitlər hesabına mübahisəli əmlakın alınması təmin edilmişdir. Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin bağlanma tarixinə nəzər saldıqda müəyyən olunur ki, həmin müqavilə İddiaçı adına X16 tərəfindən 500.000 rus rublu göndərildiyi gündən bir gün sonra yəni, 19.04.2014-cü il tarixdə bağlanmışdır. Eyni zamanda www.cbar.az internet hesabından əldə edilmiş məlumata əsasən 2014-cü ilin aprel ayı ərzində 1 Rusiya rublunun təxminən 0.0220 manata bərabər olması nəzərə alınsa ev alınması üçün göndərilmiş pulun alınmış borc məbləği ilə birlikdə evin qiymətinə uyğun gəldiyi müəyyən edilmişdir. İddiaçı nikah dövründə evin ümumi gəlirləri hesabına əldə olunmasını təsdiq edəcək sübut təqdim etməmiş, iddiasını ümumi fikir və fərziyyələri ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iş üzrə tərəflər arasında nikah 29.06.2012-ci il tarixdə Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmışdır. Həmçinin müəyyən edilir ki, mübahisələndirilən Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzil X24 tərəfindən 19.04.2014-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki,30.000 manata Cavabdeh satılmış, mənzil 09.10.2014-cü il qeydiyyat tarixinə, ********** qeydiyyat nömrəsinə əsasən Cavabdeh məxsusdur. Göründüyü kimi, mübahisələndirilən Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzil tərəflərin birgə nikahı dövründə, 19.04.2014-cü il tarixdə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qeyd olunan Məcəllənin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası şahid ifadələrinə istinadən mübahisəli mənzilin cavabdehin qardaşı Eminə məxsus olması, evin Emin üçün alınması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin dairəsindən məlum olur ki, şahidlər X5 cavabdehin dayısı, X21 əmisi, X3 xalası, Səlimova (Alekperova) Aynur Rövşən qızı isə onun ailəvi dostudur. Göründüyü kimi, dindirilmiş şahidlər bilavasitə cavabdehə qohum olmaqla yanaşı işin onun xeyrinə həll olunmasında maraqlı şəxslərdir. Bu səbəbədən də qeyd edilən şəxslərin şahid ifadələri əsaslı sübut sayıla bilməz. Bundan əlavə şahid qismində dindirilmiş X12 cavabdehin mülkiyətində olan evində kirayə qaldığını bildirmişdir. Göründüyü kimi, mübahsiəli evin cavabdehin mülkiyyətində olması və cavabdeh tərəfindən X2 verilməsi müəyyən edilir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi pul göndərişləri ilə evin alınması barədə gəldiyi nəticədə də haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, 07.04.2014-cü il tarixdə Rusiyya Federasiyasından “Zolotaya Korona” təcili pul köçürməsi vasitəsi ilə X6 tərəfindən X15 15.000 rus rublu, 16.04.2014cü il tarixdə eyni şəxs tərəfindən X15 20.000 rus rublu, 18.04.2014-cü il tarixdə X17 tərəfindən X15 500.000 rus rublu, 18.04.2014-cü il tarixdə X22 tərəindən X15 112.000 rus rublu məbləğində pul vəsaiti göndərilmişdir ki, buradan da iddiaçıya, eləcə də cavabdehə hər hansı pulun göndərilməsi müəyyən edilməmişdir. Belə ki, qeyd edilən şəxslər cavabdehin qohumlar olsa da, həmin pulların məhz ev alınması üçün göndərilməsinə dair hər hansı sübut mövcud deyildir. Həmçinin də Aynur Səlimova tərəfindən iddiaçıya göndərilən pulun cavabdehin qardaşı Emin tərəfindən göndərilməsi barədə ərizəyə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ərizə Rusiya Fedarasiyası, Arxangelsk vilayəti, Severodvinsk şəhər notariusunda tərtib edilərək göndərilsə də, həmin ərizə qanunvericiliyə uyğun tərcümə edilməmiş, ərizənin arxa səhifəsində yazılmış mətnisə kim tərəfindən tərcümə edilərək yazılması qeyrimüəyyəndir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsi bağlanan zaman, 2014-cü ilin aprel ayı ərzində 1 Rusiya rublunun təxminən 0.0220 manata bərabər olması nəzərə alınması barədə gəldiyi nəticəyə qiymət verərək qeyd edir ki, göndərilən pulların cəmi 1.147000 rus rublunun həmin günə olan məzənnə (0,0220 manat.) əvəzi 25234 manat edir. Lakin cavabdehin adına alınmış mənzilin dəyəri müqavilədə 30000 manat göstərilmişdir. Həmçinin qeyd edilən göndərilmiş pul məbləğlərindən yalnız biri İddiaçı adına göndərilmiş, digər pul göndərişləri isə X15 göndərilmişdir. Həmin göndərilən pulların qeyd edilən şəxs tərəfindən İddiaçı verilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən evin tərəflərin birgə nikah dövründə alınması iş materialları ilə təsdiq edildiyindən mənzili tərəflər arasında bərabər hissələrə bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə"26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)-316/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətrnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)-316/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətrnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə payların müəyyən edilməsi” barədə iddia tələbi təmin edilsin. Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar