Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2575/2021 07.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(027)-776/2021 nömrəli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) İddiaçı Cavabdeh qarşı şəxsin ləyaqətsiz hesab edilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, 05 oktyabr 2020-ci il tarixdə şəhid olmuş oğlum X1 atası Cavabdeh oğlu Tamerlan Əliyevə münasibətdə ləyaqətsiz vərəsə sayılmaqla, onun vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, Cavabdeh ilə 1998-ci il el adəti il ailə qurmuşdur. Nikahını isə 05 iyun 2004-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 05 iyul 1999-cu il tarixdə Kənan, 03 yanvar 2002-ci il tarixdə Tamerlan və 29 may 2008-ci il tarixdə Yunis adında uşaqları anadan olmuşdur. Ailə qurduğları vaxtdan bir müddət sonra münasibətlər pişləmiş, o, uşaqlarının və valideynlərinin xətrinə cavabdein hərəkətlərinə dözmüşdür. Lakin cavabdeh öz hərəkətlərindən əl çəkməmiş, nəticədə cavabdehlə aralarında olan nikahın pozulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Əri Rusiya Federasiyasına getmiş, ailənin saxlanılması üçün kifayət qədər yardım etməmiş, yalnız özü işlədiyi üçün, özü öz puluna uşaqlarını saxlamışdır. Quba Rayon Məhkəməsinin 11 avqust 2015-ci il tarixli 2(027)-725/2015 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqları onun himayəsində saxlanılmış və uşaqlarının saxlanılması üçün hər uşaq üçün 60 manat olmaqla cəmi 180 manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh hələ nikahları pozulmamışdan əvvəl evdən çıxmış ümumiyyətlə yaşadığı evə gəlməmiş, yalnız oğluşəhid olan vaxtı gəlmişdir. Şəhid oğlu Tamerlanın 12 yaşı olanda cavabdeh çıxıb getmiş, uşaqlarının təhsili, tərbiyəsi və nə yeyib yaşaması ilə maraqlanmamışdır. Cavabdeh hətta məhkəmə qətnaməsilə müəyyən edilmiş alimenti ödəməmişdir. Cavabdeh alimenti ödəmədiyi üçün onu ölkəyə gələrkən sərhəddən tutub İcra şöbəsinə gətirmişlər. Cavabdeh onun atasına zəng edərək xahiş etmişdir ki, o, ərizə yazsın tezliklə aliment borcunu ödəyəcəkdir. O da, uşaqlarını düşünərək, cavabadehin uşaqlarının yanında pis olmaması üçün Quba rayon İcra və probasiya şöbəsində ərizə vermişdir. Bu hadisə 2017-ci ildə baş vermişdir. Bundan sonra cavabdeh yenə də öz əməllərindən əl çəkməmiş, aliment borcunu ödəməmişdir. Şəhid oğlu Tamerlanın 11-ci sinifi bitirən zaman dişləri çürümüş, yerinə təzə diş taxdırmaq istəmiş, bu zaman cavabdeh anasının ilinə Rusiya Federasiyasından gəlmiş, oğluna dişlərini taxdırcağını bildirmişdir. Şəhid oğlu ilə birlikdə diş həkiminə getmişlər, diş həkimi müalicə olunmalı və taxılmalı dişlərin qiymətini demiş, cavabdeh dişlərin pullarını verəcəyini bildirmiş, şəhid oğlunun dişlərini yonmuş, yeni dişlər hazır olan vaxtı oğlu dişlərin pullarını vermək üçün cavabdehə zəng etmiş, cavabdeh isə onun zənglərinə cavab verməmişdir. O, məcbur olaraq banklarda krediti olmasına baxmayaraq oğlu dişsiz qalmaması və məktəbi bitirən gənc olduğu üçün Rabitəbankdan kredit almışdır. Oğlu məktəbi bitirdikdən sonra onu Bakı şəhərində “İnnovasiyalar üzrə avtomobil diaqnostikası” hazırlıq və tədris verilən məktəbə qoymuşdur. Onun yaşaması üçün məktəbin yerləşdiyi Bakı şəhərində Dərnəgül adlanan ərazidə kirayə ev tutmuş, şəhid oğlu özündən başqa iki nəfərlə birlikdə 2019-cu ilin dekabr ayına kimi qalmışdır. Yanvar ayında 18 yaşı tamam olduğu üçün təhsilini yarımçıq qoyaraq evə gəlmiş və hərbi xidmətə getmişdir. Şəhid oğlunun aliment pulunu isə cavabdeh hələ bu vaxta kimi ödəməmişdir. Oğlu hərbi xidmətə getmiş, Beylaqan rayonunda hərbi xidmətə başlamış, onun andiçmə mərasimi olan zaman digər uşaqlardan fərqlənməsin, atası olmasını hiss etməsin deyə öz üzüyünü sataraq onun andiçmə mərasiminə getmişdir. 2020-ci ilin sentyabr ayının 27-dən başlayan torpaqların azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 01 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. 05 oktyabr 2020-ci il tarixdə onun nəşini gətirmişlər. Oğlunun dəfnindən bir neçə gün sonra cavabdeh gəlmişdir. O, yenə də bir ana kimi cavabdehin evin qarşısında yas mərasimindən iştirak etməsinə etiraz etməmişdir. Oğlunun yas mərasimini keçirdikdən sonra hələ bundan əvvəl dəfələrlə onu çağırmalarına baxmayaraq o, sonradan notariat kontoruna gedərək sənədlərini təqdim etmişdir. Bir müddət sonra eşitmişdir ki, cavabdeh də oğlunun şəhid olması ilə bağlı verilən puldan payını almaq üçün Notariat kontoruna ərizə vermişdir. cavabdeh uşağın böyüməsində, təhsil almasında, hərbi xidmətə getməsində onun müalicə almasında iştirak etməmişdir. Belə olan halda yalnız şəhid pulu üçün valideynlik borcu yadına düşən ata şəhid oğlunun vərəsəsi olmamalıdır. Oğlunun sağlığında atalıq borcunu yerinə yetirməyən atanın onun ölümündən sonra şəhid pulunu almaq istəməsi hazırda şəhid olan oğlunun ruhuna da təhqirdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Tərəflərin mövcud vəziyyətini, işin faktiki hallarını nəzərə almadan, kifayət qədər araşdırma aparmadan nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçının məhkəməyə heç bir sübut təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, İddiaçı Cavabdeh ilə 1998-ci ildə ailə həyatı qurmuş, 2004-cü ildə nikahlarını rəsmiləşdirmiş və tərəflərin birgə nikahından 05 iyul 1999-cu il tarixdə Kənan, 03 yanvar 2002-ci il tarixdə Tamerlan və 29 may 2008-ci il tarixdə Yunis adlı övladları olmuşdur. İddiaçı ailə qurduqdan sonra münasibətləri pisləşmiş, bundan sonra cavabdeh Rusiya Federasiyasına getmiş və orada olarkən uşaqları ilə maraqlanmamış, oğlu şəhid olduqdan sonra gəlmiş, bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib ləyaqətsiz vərəsə hesab olunması üçün mübahisə açmış, məhkəmə tərəfindən iddia təmin edilməmiş, iddiaçı bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirmişdir. Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 1138, 1139 maddələri). Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmin Məcəllənin 1193-cü mddəsinə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13.12.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Roma hüququnun prinsipləri əsas götürülərək əksər Avropa ölkələrinin qanunvericiliyində üzrlü səbəblər olduğu halda miras qoyanın istəyi ilə mirasda məcburi pay hüququndan məhrumetmə qaydası müəyyən olunmuşdur. Ölkələrin bəzilərində məhrumetmə üçün ciddi əsasların olması tələb olunsa da (məsələn, Almaniya və İsveçrə) digərlərində (məsələn, Rusiya və Qazaxıstan) isə bunu əsaslandırmağın zəruriliyi xüsusi olaraq qanunvericiliklə müəyyən olunmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyində vərəsəlik hüquq institutu və bu institutun ayrılmaz tərkib hissəsi olan vərəsəlikdə məcburi pay hüququ Roman-alman hüquq sisteminə aid ölkələrin qanunvericiliyi ilə oxşar qaydada həll edilmişdir. Belə ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 14.2., 77.1. və 88-ci maddələri). Qeyd etmək lazımdır ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş 26 iyul 2007-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qatda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən tutarlı sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2575/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2575/2021
07.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver