Məhkəmə qərarları › İş №2(105)-2578/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2578/2021

06.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2578/2021 06.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, İddiaçı, Cavabdeh-nin nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)-564/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)-564/2021 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı Cavabdeh-yə qarşı pozulmuş əmək hüquqlarının bərpası tələbinə dair iddia ərizəsi təmin olunmamışdır. İddiaçı apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(027)-564/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh-nin Qolf şöbəsində Qolf sahəsi üzrə yaşıllaşma mütəxəssisi vəzifəsində çalışmışdır. 26 oktyabr 2020-ci il tarixdə şirkətin İnsan Resurslarına dəvət olunaraq ona şirkət rəhbərliyi tərəfindən 07 oktyabr 2020-ci il tarixdə şirkətin daxili nizam-intizam qaydalarını pozaraq məlumat vermədən iş yerinə gec gəldiyinə görə töhmət verilməsi barəsində əmr təqdim edilmişdir. Eyni zamanda onun pozulan hüquqlarının bərpası barədə rəhbərliyə etdiyi rəsmi və şifahi müraciətlərinə heç bir rəsmi cavab verilmədən ona qarşı şirkətdə rəhbərlik səviyyəsində ayrıseçkilik, istirahət günlərinin mənimsənilməsi, təhdidlər, qanunsuz olaraq əmək funksiyasını dəyişmə cəhdləri həyata keçirilməkdə davam etmişdir. Bu təhdid və təpkilərə dözməyərək 16 noyabr 2020-ci il tarixdə şirkət rəhbərliyinə rəsmi ərizə ilə müraciət edərək onu bir ay müddətinə öz hesabına məzuniyyətə getməyi xahiş etmişdir. 07.10.2020 tarixdə işə üzrlü səbəbdən gecikməyi barədə şöbənin nəzarətçisinə öncədən məlumat vermiş, bu barədə sözü gedən məsələ ilə bağlı rəhbərliyə təqdim etdiyi izahatda müvafiq qeydləri təqdim edərək bildirmişdir ki, şəxsi işi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinə çağırılmışdır. Eyni zamanda şirkətin Qolf şöbəsinin müdiri Xeyrəddin Cabbarovun ona qarşı olan əsassız qərəzli mövqeləri barəsində rəhbərliyə kifayət qədər rəsmi məlumat vermişdir. X.Cabbarovun ona qarşı qərəzli olmasının başlıca səbəbi bu şəxsin əvvələr və indi də Qolf şöbəsində davamlı olaraq etdiyi özbaşnalıqlar, işçilərin əmək hüquqlarını pozması, işçilərin əmək haqlarını mənimsəməsi, qanunsuz ixtisarları, şöbəyə ayrılan pul vəsaitlərini və əmlakını mənimsəməsi, qolf sahəsinə qəsdən vurduğu zərərlər və sair qanunsuz hərəkətləri və bu hərəkətlərin onun tərəfindən aşkarlanaraq rəhbərliyi məlumatlandırmağı səbəb olmuşdur. Rəhbərlik öz növbəsində ona gözləmə mövqeyində olmağını tövsiyyə edib, o da, buna əməl etmişdir. Əfsuslar olsun ki, bu ilin mart ayından başlayaraq ölkəmizdə baş verən mövcud pandemiya şəraiti səbəbindən bir çox sahələrdə olduğu kimi Cavabdeh də müəyyən problemlər yaşandı. Mart ayından başlayaraq Nazirlər Kabinetinin Qərarına əsasən ölkədə karantin rejimi tətbiq olunmağa başladı. Bu səbəbdən işçilər, o da, daxil bir aylıq evə buraxılmışlar, lakin sonradan ara- sıra işə çağırılmışlar. May ayında işə tam olaraq gəldikdən sonra, o, şirkətin İnsan resurslarına dəvət olunaraq, karantin müddətində məzuniyyətə göndərilməyi barəsində ərizə yazmaq tələb edilmişdir. Bunun qanunsuz olduğunu və məzuniyyətini may ayı üçün almağını planlaşdırdığını bildirmişdir. Ona bildirilmişdir ki, məzuniyyət günlərinin əvəzini birdəfəlik və ya hissə-hissə istədiyi vaxt yalnız şöbə müdirini məlumatlandırmaqla ala bilər və may ayında aprel ayı üçün məzuniyyət yazmaqda məqsəd şirkətin pandemiya ilə əlaqədar bəzi sənədləşmələrdən özünü maliyyə cəhətdən sığortalamaq məqsədi güdür və bütün işçilərə bu qayda tətbiq edilib. Rəhbərliklə münasibətlərin pozulmaması naminə o, aprel ayı karantin müddəti ərzində güya məzuniyyətdə olmağı barəsində may ayında ərizə yazmışdır. Lakin, məzuniyyət günlərini geri istəsə də üç ay ərzində əmək məzuniyyətini ala bilməmişdir. Buna baxmayaraq ki, şöbənin digər işçisi onunla eyni vəziyyətdə olmasına rəğmən ona əmək məzuniyyəti verilmişdir. Bununla yanaşı onun razılığı olmadan iyul ayından pandemiya şəraiti bəhanə edilərək, maaşı əlli faiz aşağı endirilir və iyul-avqust ayları ərzində məcburi öz hesabına ödənişsiz məzuniyyətə göndərilir. Baxmayaraq ki, pandemiyadan əvvəlki illərdə şirkət mənfəətlə işləyib və bu mənfəətdən şəxsən onun maaşına heçbir əlavə vəsait ödənilməyib. Maaşının əlli faiz endirilməsi barədə sentyabr ayında işə geri çağrıldıqdan sonra işdən çıxarılacağı hədəqorxusu ilə bağlanan müqaviləsində əlavəyə imza atmışdır. Avqust ayının beşində əmək məzuniyyətinin və əmək hüquqlarının pozulması barədə şirkətin İnsan Resursları menecərinə rəsmi elektron etiraz ərizəsi təqdim etsə də, ərizəsinə bu gün də cavab verilməyib. Yalnız ona İnsan Rasursunun meneceri şifahi bildirmişdir ki, şirkətin Baş direktoru tapşırıb ki, şirkətin işçi qarşısında hər hansı məsuliyyəti yaranmasın deyə etiraz ərizəsinə heç bir rəsmi izah verilməsin və təkrarən təhdid edərək işdən çıxarılacağı ilə hədələnmişdir. 07 oktyabr 2020-ci il tarixində üzürlü olaraq və xəbərdarlıq əsasında işə gecikməyini X.Cabbarov bəhanə edərək rəhbərliyə məlumat verməsi və ondan izahat alınaraq töhmət verilməsi tam qanunsuzdur. O, izahatla yanaşı rəsmi şikayətini şirkətin İnsan Resurslarına təqdim etmiş və bildirmiş ki, X.Cabbarovun ona qarşı olan əsassız qərəzli mövqeyi, şirkət tərəfindən qanuni əmək məzuniyyətinin mənimsənilməsi, ona qarşı ayrı-seçkilik, maaşının iradəsinə zidd aşağı endirilməsi və minimal maaş verilməsi, rəsmi şikayət və etirazlarının cavablandırılmaması Əmək Məcəlləsinin 9-cu və 16-cı maddələrinə əsasən onun məhkəməyə müraciət etmək hüququnu yaradır və ona töhmətin verilməsi tam qanunsuzdur. Belə ki, şirkətin özünün ona kifayət qədər borclu günləri vardır və ən azından həmin günlərdən biri ilə kompensasiya edilə bilərdi, onsuzda şənbə-bazar tətil günləri də işdə olur, baxmayaraq ki, rəsmən beş günlük (qırx saatlıq) iş həftəsi rejimində işləyir. Bu yaxınlarda şəxsi ailə problemiylə əlaqədar olaraq övladları ilə ünsiyyətlə bağlı kassasiya şikayəti vermək üçün Sumqayıt Apellyasiya Məhkəməsinə dövlət hesabına vəkillə təmin olunmağı üçün müraciət etmişdir. Şirkətin maaşını əlli faiz aşağı endirməsi, iki aylıq öz hesabına məzuniyyətə göndərməsi və ona bəzi aylarda verilən minimal əmək haqqı cədvəlini təqdim etdiyindən rəhbərlik 07 oktyabr 2020-ci il tarixdə gecikməyinə görə töhmət verməyi yuxarıdakılarla yanaşı bu səbəbi də bəhanə ediblər. O, beş ilə yaxındır ki, şirkətdə işlədiyi müddət ərzində daim nizam-intizamlı, məsuliyyətli və dürüst bir işçi kimi fəaliyyət göstərmişdir. Əvvəlki iş yerlərindən və yaşayış yerindən təqdim etdiyi xasiyyətnamələrdə də onun barədə pozitiv qeydlər var. Bu qeydlərin biri X.Cabbarovun özü tərəfindən yazılıb və imzası ilə təstiqlənib. İşə davamiyyətinə gəldikdə, onun işə davamiyyəti həmişə yüksək səviyyədə olub. Belə ki, əmək müqaviləsində rəsmi olaraq beş günük (40 saatlıq) iş həftəsi qrafıkində çalışmalı olmağına baxmayaraq o, şirkətdə işlədiyi müddət ərzində altı günlük (45-48 saatlıq, bəzən isə dahada çox) iş həftəsi qrafıkində çalışmış və buna görə əlavə əmək haqqı da ödənilməyib, bundan əlavə bayram günləri də işdə olan vaxtları kifayət qədər olub ki, bütün bunların hamısı Əmək Məcəlləsinə ziddir və qanunsuzdur. Ona görə də, Cavabdeh rəhbəri tərəfindən qanunsuz olaraq ona verilən töhmətin ləğv edilməsi, şirkət tərəfindən mənimsənilən qanuni ödənişli məzuniyyətinin dəyərləndirilərək ödənilməsi, istirahət və bayram günlərində işlədiyi günlərin Əmək Məcəlləsinə uyğun iki dəfədən az olmayaraq hesablanıb ona geri ödənilməsi, azalan məvacibinin əvvəlki səviyyədə bərpa edilərək verilməsi və ödənilməyən hissəsinin də tam geri qaytarılması barədə qətnamə, qanun pozuntularına yol verdikləri üçün şirkətin baş direktoru İlham Ağayev, şirkətin İnsan Resursları üzrə meneceri Leyla Əfəndiyeva və şirkətin Qolf şöbəsinin müdiri Xeyrəddin Cabbarovun əməllərində cinayət tərkibi olduğuna görə, cinayət işinin başlanması üçün Quba Rayon Prokurorluğuna göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 06 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh-nin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi A.S.Qurbanov apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Fəsil Turizm” MMC-nin 06.06.2018-ci il tarixli, 057/18 saylı işə qəbul haqqında əmrindən görünür ki, İddiaçı 06.06.2018ci il tarixdən Cavabdeh-nin X1 üzrə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinin bildirişlərindən görünür ki, İddiaçı ilə bağlanmış müqavilənin bitmə müddəti 07 dekabr 2020-ci il müəyyən edilmişdir. Cavabdeh-nin 26.10.2020-ci il tarixli, 019/20T saylı nizam-intizam qaydaların pozulması haqqında əmrindən görünür ki, şirkətin Qolf Şöbəsinin işçisi İddiaçı AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndində nəzərdə tutulan davranış qaydalarına riayət etməmişdir. Belə ki, 07.10.2020ci il tarixində şirkətin daxili nizam-intizam qaydalarını pozaraq məlumat vermədən iş yerinə gec gəlmişdir. Ona görə də, İddiaçı töhmət verilmişdir. Cavabdeh-nin 06.07.2020-ci il tarixli, 150/20 saylı əmək haqlarının azaldılması haqqında əmrindən görünür ki, koronovirus pandemiyası ilə əlaqədar iqdisadi böhran şəraitində Cəmiyyətin maliyyə dayanıqlığının qorunması məqsədi ilə İddiaçı və ondan başqa Cavabdeh-də müxtəlif vəzifələri icra edən 160 nəfər əməkdaşlarının əmək haqları 50% miqdarında endirilmişdir. 17.03.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı 2019-2020-ci il üçün 17.03.2020-ci il tarixindən 21 gün müddətinə əmək məzuniyyətinə buraxılmasını və məzuniyyət ödənişini əmək haqqı ilə ödənilməsinə etiraz etmədiyi barədə ərizə ilə Cavabdeh-nin direktoruna müraciət etmişdir. Cavabdeh-nin 16.03.2020-ci il tarixli, 117/20M saylı məzuniyyətə getməsi haqqında əmrindən görünür ki, İddiaçı 06.06.2019-cu il tarixdən 06.06.2020-ci il tarixdən olan iş ili üçün 21 gün müddətinə 17.03.2020-ci il tarixdən 06.04.2020-ci il tarixədək növbəti əsas əmək məzuniyyətinə buraxılmışdır. Məzuniyyətinin daxilinə 20-21-22-23-24 mart (Novruz bayramı) təsadüf etdiyindən məzuniyyət günləri 5 təqvim günü müddətinə ödənişsiz uzadılmışdır. Ümumilikdə işçiyə 23 gün məzuniyyət verilmişdir. 29.11.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı 2019-cu il üçün 02.12.2019-cu il tarixindən 7 gün müddətinə əmək məzuniyyətinə buraxılmasını və məzuniyyət ödənişini əmək haqqı ilə ödənilməsinə etiraz etmədiyi barədə ərizə ilə Cavabdeh-nin direktoruna müraciət etmişdir. Cavabdeh-nin 02.12.2019-cu il tarixli, 312/19M saylı məzuniyyətə getmə haqqında əmrindən görünür ki, İddiaçı 06.06.2018-ci il tarixdən 06.06.2019-cu il tarixədək olan iş ili üçün 7 gün müddətinə 02.12.2019-cu il tarixdən 08.12.2019-cu il tarixədək növbəti əsas əmək məzuniyyətinə buraxılmışdır. Cavabdeh-nin 03.05.2019-cu il tarixli, 344/19 saylı əmək haqlarının artırılması haqqında əmrindən görünür ki, İddiaçı əmək haqqısı artırılaraq 878,21 manat məbləğində müəyyən edilmişdir. 25.01.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı 2019-2020-ci il üçün 17.03.2020-ci il tarixindən 21 gün müddətinə əmək məzuniyyətinə buraxılması barədə ərizə ilə Cavabdeh-nin direktoruna ərizə ilə müraciət etmişdir. Cavabdeh-nin 18.02.2019-cu il tarixli, 010/19M saylı məzuniyyətə getmə haqqında əmrindən görünür ki, İddiaçı 06.06.2018-ci il tarixdən 06.06.2019-cu il tarixədək olan iş ili üçün 14 gün müddətinə 19.02.2019-cu il tarixdən 04.03.2019-cu il tarixədək növbəti əsas əmək məzuniyyətinə buraxılmışdır. 31.10.2017-ci il tarixli müqavilədə nəzərdə tutulan xidmətlərin tam göstərilmənin təsdiqi haqqında aktdan görünür ki, İddiaçı icraçının 2017-ci il oktyabr ayı üzrə müqavilənin 1 maddəsində nəzərdə tutulan xidmətlərin həqiqətən tam həcmdə və keyfiyyətli göstərilməsini, sifarişçi tərəfindən həmin müddətdə icraçının göstərdiyi xidmətlərlə bağlı heç bir irad, narazılıq və etirazlarının olmamasını, icraçının sifarişçi tərəfindən 1 dəfə yeməklə, “Rixos Quba Azərbaycan” otelinin ərazisində yerləşdirilmə ilə və otelin ərazisinə gəlib-getməsi məqsədilə nəqliyyatla təmin edilməsi təsdiq edilmişdir. 01.09.2017-ci il tarixli, 17/09/00165 saylı xidməti müqavilədən görünür ki, bir tərəfdən baş menecer X3 şəxsində təmsil olunan Azərbaycan Respublikası qanunlarına əsasən təsis edilmiş və fəaliyyət göstərən Cavabdeh və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı arasında xidməti müqavilə bağlanmışdır. Qolf Şöbəsinin müdri Xeyrəddin Cabbarov tərəfindən Cavabdeh-nin direktoruna ünvanlanmış 07.10.2020-ci il tarixli təqdimatdan görünür ki, İddiaçı şöbə rəhbərliyi tərəfindən verilmiş gündəlik iş tapşırıqlarını 01.10.2020-ci il tarixindən 07.10.2020-ci il tarixinədək olan dövr üçün, öncəki aylarda da olduğu kimi yerinə yetirməməkdədir. İddiaçı eyni zamanda istirahət günlərini şöbənin gündəlik planına uyğun deyil, özünün istəyinə görə seçdiyi günlərdə etməkdədir. Həftə ərzində də seçdiyi istirahət günləri barəsində də şöbə rəhbərliyinə öncədən heç bir məlumat verməmişdir. Cavabdeh-nin 07.12.2020-ci il tarixli, 235/20 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin bitməsi) 07.12.2020-ci il tarixdən xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin hüquqi əsası kimi göstərmişdir ki, iddiaçı tələbində Cavabdeh rəhbəri tərəfindən qanunsuz olaraq ona verilən töhmətin ləğv edilməsini, şirkət tərəfindən mənimsənilən qanuni ödənişli məzuniyyətinin dəyərləndirilərək ödənilməsini, istirahət və bayram günlərində işlədiyi günlər əmək məcəlləsinə uyğun iki dəfədən az olmayaraq hesablanıb ona geri ödənilməsini, azalan məvacibinin əvvəlki səviyyədə bərpa edilərək verilməsi və ödənilməyən hissəsinin də tam geri qaytarılmasını xahiş edir. Lakin məhkəmə tərəfindən iş materialları ilə iddiaçının qeyd etdiyi tələblərinin təmin edilməsi barədə hər-hansı bir sübutun olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı şirkətdə daxili nizam intizam qaydalarını pozaraq işə vaxtında getməmişdir. Əmək məzuniyyətlərinə isə hər il öz istəyi və Cavabdeh-nin direktoruna ünvanlandığı ərizəsi ilə müraciəti əsasında buraxılmışdır. İş materiallarında olan əmək haqlarının azalması barədə əmrindən də görünü ki, koronovirus pandemiyası ilə əlaqədar iqdisadi böhran şəraitində Cəmiyyətin maliyyə dayanıqlığının qorunması məqsədi ilə İddiaçı və ondan başqa Cavabdehdə müxtəlif vəzifələri icra edən 160 nəfər əməkdaşlarının əmək haqları 50% miqdarında endirilmişdir. Bundan başqa iddiaçı qanun pozuntularına yol verdikləri üçün şirkətin Baş direktoru İlham Ağayev, şirkətin İnsan Resursları üzrə meneceri Leyla Əfəndiyeva və şirkətin Qolf şöbəsinin müdiri Xeyrəddin Cabbarovun əməllərində cinayət tərkibi olduğuna görə, cinayət işinin başlanması üçün Quba Rayon Prokurorluğuna göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Lakin, məhkəmə tərəfindən şirkətin Baş direktoru İlham Ağayev, şirkətin İnsan Resursları üzrə meneceri Leyla Əfəndiyeva və şirkətin Qolf şöbəsinin müdiri Xeyrəddin Cabbarovun əməllərində cinayət tərkibinin olması və həmin şəxslər tərəfindən qanun pozuntularına yol verilməsi halları müəyyən edilməmişdir. Həmçinin İddiaçı ilə işəgötürən arasında bağlanmış müqavilə müddətli müqavilə hesab edilmiş və onun bitmə müddəti 07 dekabr 2020-ci il müəyyən edilmişdir. Həmin tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ,Vİ və Vİİ hissələrinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 45.1-ci maddəsinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Yuxarıdakı normaların tələblərindən də görünür ki, tərəflər müddətli əmək münasibətlərinə daxil olublarsa müddət bitdikdən sonra bir həftə ərzində onlardan hər hansı birinin təşəbbüsü ilə müqaviləyə xitam verilə bilər, əgər müqaviləyə xitam verilmirsə həmin müddətə yenidən uzadılır. Göründüyü kimi işçi ilə işəgötürən arasında bağlanmış müqavilənin müddəti bitdiyi gün ona xitam verilmiş və əmək münasibətlərinin davam etdirilməsi barədə tərəflər arasında razılıq müəyyən edilməmişdir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh-yə qarşı pozulmuş əmək hüquqlarının bərpası tələbinə dair iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəf verdiyi apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)-564/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar