Məhkəmə qərarları › İş №2(105)-2579/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2579/2020

24.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2579/2020 24.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçı və iddiaçılar Ağalarova Röya Rüfət qızı və X7 qəyyumu İddiaçı, Cavabdeh1, onun nümayəndələri X8 və X9 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-153/2019 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi X8 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-153/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) iddiaçılar İddiaçı, X10, Ağalarova Röya Rüfət qızı və X7 qəyyumu İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi, ləyaqətsiz vərəsə kimi tanıma və vərəsəlik hüququndan məhrum edilməsi, əmlakın birinci növbə vərəsələr arasında bərabər paylarla bölünməsi tələbinə dair ilk iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsi, 1A ünvanda 0,0255 ha torpaq sahəsinin üzərində yerləşən evdə X6 payının 7/8 hissədə, Cavabdeh1 payının 1/8 hissədə müəyyən edilməsi, Cavabdeh1 X11 münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlikdən məhrum edilməsi, X6 7/8 hissə payına onun vərəsələri olan İddiaçı 7/32, X10 7/32, Ağalarova Röya Rüfət qızının 7/32 və X7 7/32 hissədə payının müəyyən edilməsi, Cavabdeh1 İddiaçı qarşı evdən çıxarılma və mülkiyyətində olan evin özünə qaytarılması tələbinə dair qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsi, 1A ünvanda yerləşən evdən istifadəsinə İddiaçı tərəfindən olan evin açarının verilməməsi ilə bağlı maneənin aradan qaldırılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh1 nümayəndəsi X19 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 3602/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 2(012)-153/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin ləyaqətsiz vərəsə kimi tanıma və vərəsəlik hüququndan məhrum edilmə, əmlakın birinci növbə vərəsələr arasında bərabər paylarla bölünməsi tələbinə dair hissədə və qarşılıqlı iddia tələbinə dair hissədə ləğv olunmuş, iddiaçılar İddiaçı, X10, Ağalarova Röya Rüfət qızı və X7 qəyyumu İddiaçı Cavabdeh1 qarşı ləyaqətsiz vərəsə kimi tanıma və vərəsəlik hüququndan məhrum edilmə, əmlakın birinci növbə vərəsələr arasında bərabər paylarla bölünməsi tələbinə dair iddiası və Cavabdeh1 İddiaçı qarşı evdən çıxarılma və mülkiyyətində olan evin özünə qaytarılması barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlk iddia üzrə iddiaçılar İddiaçı, X20, Ağalarova Röya Rüfət qızı və X7 qəyyumu İddiaçı qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2020-ci il tarixli, 2(102)-2904/2020 saylı qərarı ilə iddiaçılar İddiaçı, X10, Ağalarova Röya Rüfət qızı və X7 qəyyumu İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ağalarova Röya Rüfət qızı və X7 qəyyumu İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ləyaqətsiz vərəsə kimi tanınması və vərəsəlik hüququndan məhrum edilməsi, mərhum qızı X6 miras payı olan Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsi 1A saylı sahəsi 195,5 kv.metr olan evə nəvələri Ağalarova Röya Rüfət qızı və X7 vərəsəlik hüququnun tanınması və miras evin onların arasında bərabər bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, qızı Nərmin Ağalarova xx xxxxx 2018-ci ildə əri Cavabdeh1 tərəfindən ona qarşı törədilmiş amansız rəftar etmə və ləyaqətini mütəmadi olaraq alçatması səbəbindən özünü öldürmüşdür. Abşeron rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanmış və Cavabdeh1 həmin maddə ilə ittiham verilərək məhkəmənin qərarı ilə haqqında həbs qətimkan tədbiri seçilmişdir. Ailənin xx xxxxxxx 2009cu ildə anadan olmuş Röya və xx xxxxxxx 2015-ci ildə anadan olmuş Zəhra adlı iki azyaşlı uşaqları onun himayəsindədirlər və Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxx 2018-ci il tarixli sərəncamı ilə o, öz nəvələrinə qəyyum və himayəçi təyin olunmuşdur. Ailəyə məxsus sahəsi 195,5 kv.m olan fərdi yaşayış evi ünvan 2 ünvanında yerləşir və Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Cavabdeh1 törətdiyi bu ağır cinayətdən peşimançılıq hissi keçirmək əvəzinə, öz doğma qız övladlarına qarşı da amansız mövqe nümayiş etdirir, onların gələcəyini düşünmədən miras qalmış evi dərhal sataraq özünə yeni həyat qurmaq niyyətindədir. Miras əmlakı hazırda o, idarə edir və nəvələrinin orada vərəsə kimi payları vardır. Cavabdeh1 öz hərəkəti ilə vərəsə adına ləkə gətirmiş, qəsdən cinayət etmiş və deyiləsi mümkün olmayan əxlaqsız hərəkətlərə yol vermişdir. Ona görə də Azərbaycan Respublikası MM-nin 1137-ci maddəsinə əsasən Cavabdeh1 ləyaqətsiz vərəsə kimi vərəsəlik hüququndan məhrum edilməli və miras onun himayəsində olan iki azyaşlı uşaqları Röya və Zəhranın arasında bərabər bölünməlidir. İddiaçı, əlavə iddiaçı X20, Ağalarova Röya Rüfət qızı və X7 qəyyumu İddiaçı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsi, 1A saylı fərdi həyət evinin 7/8 hissəsinə Nərmin Ağalarovanın mülkiyyət hüququnun tanınmasına, həmin əmlakın (miras əmlak) Nərmin Ağalarovanın birinci növbədə vərəsələri arasında bölünməsinə, Cavabdeh1 ləyaqətsiz vərəsə kimi tanınaraq vərəsəlikdən mərhum edilməsinə, Nərmin Ağalarovanın miras əmlakının digər birinci növbədə vərəsələr arasında bərabər şəkildə bölünməsinə, bununla da Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsi, 1A saylı fərdi yaşayış evinin 1/8 hissəsinin cavabdehin mülkiyyətində saxlanılmaqla, Ağalarova Röya Rüfət qızı və X21, Nərmin Ağalarovanın atası İddiaçı, anası X10 hər birinin həmin fərdi həyət evinin 7/32 hissəsinə payının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışlar ki, X16 2008-ci ilin noyabr ayında Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Röya və xx.xx.2015-ci il tarixdə Zəhra anadan olmuşlar. Ailə həyatı qurduqdan sonra X16 və Cavabdeh1 nikaha daxil olmazdan əvvəl Nərmin Ağalarovanın adına olan Bakı şəhəri Cavadxan küçəsi 56 saylı evin 91 saylı mənzilində yaşamışlar. Həmin mənzil xx xxxxxxx 1996-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Nərmin Ağalarovanın anası X20 tərəfindən əldə edilmiş, xx xxxx 2008-ci il tarixdə bağışlama müqaviləsi əsasında Nərmin Ağalarovaya bağışlanmışdır. X24 həmin evi sataraq atasıgilin evinin qonşuluğunda yerləşən fərdi yaşayış evini almaq qərarına gəlmişdir. xx xxxxxx 2012-ci il tarixdə Nərmin Ağalarovanın mülkiyyətində olan Bakı şəhəri Cavadxan küçəsi 56 saylı evin 91 saylı mənzil 43.500 manata satılmış, xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsi 1 A saylı fərdi yaşayış evi 41.000 manata alınmışdır. X25 məktəbdə işləməsi və vaxtı olmamasına görə alqı-satqı həyat yoldaşı Cavabdeh1 adına sənədləşdirilmişdir. Beləliklə də Nərmin Ağalarova nikahdan əvvəl əldə edilmiş evini sataraq nikahda olan zaman X13 ümumi sahəsi 68,8 kv.m olan, 0,015 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini əri Cavabdeh1 adına rəsmiləşdirmiş, bundan sonra ailəlikcə həmin evdə yaşamağa başlamışlar. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 3721 saylı sərəncamı ilə Xırdalan şəhəri, F.Əhmədov küçəsi, ev 1A ünvandakı evdə yeni eskiz əsasında tikinti işlərinin aparılmasına razılıq verilmiş, bu razılıqda evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü (0,03 ha) öz əksini tapmış, tikinti üçün eskiz təsdiq edilmişdir. Cavabdeh taksi xidməti fəaliyyəti göstərdiyi üçün razılıqla təsdiq edilmiş eskiz əsasında tikinti aparılmasına vəsaiti olmamış, lakin Nərmin Ağalarova atası İddiaçı hədiyyə kimi 20.000 manat alıb, tikinti üçün lazım olan daş və digər tikinti materiallarını almışdır. Həmçinin ustaların pulunu da o vermişdir. Tikinti üçün həmçinin Nərmin Ağalarova tərəfindən “xxxx”dan xx xxxxxx 2014cü il tarixdə 10000 manat kredit götürülmüş, kreditin geri ödənilməsinə də Nərmin Ağalarovanın ata və anası yardım etmişlər. Yeni eskiz layihəsi əsasında tikintidən sonra ev 2 mərtəbə və mansardan ibarət olmaqla, ümumi sahəsi 195,5 kv.m olmuşdur. Evin birinci mərtəbəsi, yəni yaşayış olan hissəsi orta təmirli, yerdə qalan hissəsi təmirsizdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə cavabdehə verilmiş “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” 01/19618 saylı arayışa əsasən evin dəyəri 86.000 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən ona qarşı olan alçaldıcı və ləyaqətsiz hərəkətlərə, mütəmadi olaraq döyülməsinə və təhqir olunmasına dözməyərək, Nərmin Ağalarova xx xxxxx 2018-ci il tarixdə intihar etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(105)-74/2019 saylı qərarı ilə Abşeron Rayon Məhkəməsinin hökmündən cavabdehin verdiyi şikayət təmin edilməmiş, hökm qüvvədə saxlanılmışdır. Abşeron rayon İHB-nın xx xxx 2018-ci il tarixli sərəncamı ilə mərhum Nərmin Ağalarovanın cavabdehlə birgə nikahdan olan övladları babaları İddiaçı qəyyumluğuna (himayəsinə) verilmişdir. Nərmin Ağalarovanın vəfatından sonra vərəsəlik açılması üçün notariusa müraciət edilsə də, notarius şifahi şəkildə mərhumənin adına əmlak olmadığından vərəsəlik işi aça bilməyəcəyini bildirmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Xırdalan şəhəri, F.Əhmədov küçəsi 1A saylı ev mərhum Nərmin Ağalarovanın cavabdehlə nikaha girənədək mülkiyyətində olmuş mənzilin satılması nəticəsində əldə edilmişdir. Mübahisəli ev təxminən 3 dəfəyə yaxın genişləndirilsə də, bu tikintilər Nərmin Ağalarovanın valideynlərinin vəsaiti hesabına, ona hədiyyə olaraq həyata keçirilmişdir. Evin yenidən tikilməsində cavabdehin, ümumiyyətlə, rolu olmasa da, mərhum Nərmin Ağalarova bu işdə həm müəllimə və məktəb direktorunun müavini kimi aldığı maaşla iştirak etmişdir ki, onun bu iştirakı əmlakın dəyərinin artan hissəsinin birgə nikah dövründə əldə edilən hissəsi kimi qəbul edilə bilər. Beləliklə də, qeyd edilən fərdi yaşayış evinin dəyəri ilkin alış qiymətindən iki dəfədən cüzi artıq olmuşdur. Fərdi yaşayış evinin dəyərinin artan hissəsinin ½ hissəsinin Nərmin Ağalarovanın valideynlərinin hədiyyə etdiyi vəsaitlər hesabına artdığı nəzərə alınmalı, yerdə qalan ½ hissə, yəni evin ümumi dəyərinin ¼ hissəsi Nərmin Ağalarova ilə cavabdehin birgə mülkiyyəti hesab edilməlidir. Beləliklə də, Xırdalan şəhəri, F.Əhmədov küçəsi ev 1A saylı evin ümumilikdə ¾ hissəsi mərhum Nərmin Ağalarovanın öz əmlakı olmaqla, yerdə qalan ¼ hissə üzərində Nərmin Ağalarovanın və cavabdehin bərabər payları müəyyən edilməklə, evin 7/8 hissəsi Nərmin Ağalarovadan qalmış miras əmlak kimi vərəsələri arasında bölünməlidir. Nərmin Ağalarova xx xxxxx 2018-ci ildə əri Cavabdeh1 tərəfindən ona qarşı törədilmiş amansız rəftar etmə və ləyaqətini mütəmadi olaraq alçatması səbəbindən özünü öldürdüyündən, Cavabdeh1 öz hərəkəti ilə vərəsə adına ləkə gətirmiş, qəsdən cinayət etmiş və deyiləsi mümkün olmayan əxlaqsız hərəkətlərə yol verdiyindən Azərbaycan Respublikası MM-nin 1137-ci maddəsinə əsasən ləyaqətsiz vərəsə kimi vərəsəlik hüququndan məhrum edilməlidir. Nərmin Ağalarovanın vəfatında sonra vərəsələri uşaqları Röya və Zəhra, atası İddiaçı və anası X14r. Buna görə də Nərmin Ağalarovanın vəfatında sonra miras qalmış Xırdalan şəhəri, F.Əhmədov küçəsi ev 1A saylı evin 7/8 hissəsi birinci növbədə vərəsələri olan həmin şəxslər arasında bərabər bölünməlidir. Cavabdeh1 İddiaçı qarşı evdən çıxarılma və mülkiyyətində olan evin özünə qaytarılması tələbi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsi 1A saylı evin İddiaçı alınaraq, öz istifadəsinə qaytarılması və evə dair sənədlərin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsi 1A saylı fərdi həyət evi onun xüsusi mülkiyyətindədir. O, sağ salamatdır və buna görə də vərəsəlikdən söhbət gedə bilməz. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(012)-334/2018 saylı hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda cəzasını çəkir. Həmin hökmdə əmlakının müsadirəsi nəzərdə tutulmamışdır. İddiaçıların əsassız iddia etdiyi ev onun mülkiyyətindədir. Onun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra İddiaçı evi zəbt etmiş, onun bütün əmlakını və sənədlərini mənimsəmişdir. Onun verdiyi etibarnamə əsasında hərəkət edən atası evin sənədlərinin dublikatını almaq istədikdə İddiaçı buna maneəçilik törətmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə birtərəfli, əsassız, qeyri-obyektiv qəbul edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 2, 8, 9, 14. 88, 217, 218-ci maddələrinin tələbləri, o cümlədən ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi, sübutların obyektiv, qərəzsiz qiymətləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mülki məhkəmə icraatının prinsipləri kobud surətdə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Rüfət Ağalarov 2008-ci ilin noyabr ayında X16 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Röya və xx.xx.2015-ci il tarixdə Zəhra anadan olmuşlar. Toydan təxminən bir ay yarım əvvəl Nərmin Ağalarovanın atası İddiaçı Salyan şəhərində onların evinə gələrək söhbət əsnasında toydan sonra evlənənlərin harada yaşayacaqlarını soruşmuşdur. Onlar Bakı şəhəri, Nəsimi rayonu, 122/10A ünvanında iki otaqlı mənzillərinin, eləcə də Salyan şəhərində evləri olduğunu, Cavabdeh1 iş yeri Bakı şəhərində olduğu üçün Bakıda yaşayacaqlarını, Bakıda evləri elə geniş olmadığı üçün 2-3 otaqlı ev kirayə etməyi nəzərdə tutduqlarını, kirayə haqqını da özlərinin ödəyəcəklərini bildirmişdilər. İddiaçı kirayə ev tutmaq lazım olmadığını, özlərinin Bakı şəhəri, Cavadxan küçəsi, 56/91 ünvanında yoldaşı X10 adına iki otaqlı mənzilləri olduğunu, müvəqqəti olaraq, ev alana kimi orada yaşaya biləcəklərini, lakin orada uzun müddətdir heç kim yaşamadığından mənzilin təmirə ehtiyacı olduğunu demişdir. Bu sözlərdən sonra onlar təmir xərcini öz üzərlərinə götürmüşdülər. Mənzil təmir olunmuş, toydan sonra Rüfət Ağalarov və Nərmin Ağalarova həmin mənzildə yaşamışlar. Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsi, 1A saylı ev Rüfət Ağalarovun xüsusi mülkiyyətindədir, Rüfət Ağalarov sağdır və vərəsəlikdən söhbət gedə bilməz. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(012)-334/2018 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda cəzasını çəkir. Məhkəmənin hökmündə əmlak müsadirəsi nəzərdə tutulmamışdır. İddiaçıların əsassız iddia etdiyi ev Cavabdeh1 mülkiyyətindədir. Rüfət Ağalarov barəsində həbs qətimkan tədbiri seçildikdən sonra İddiaçı evi zəbt etmiş, Cavabdeh1 bütün əmlakını və sənədlərini mənimsəmişdir. Onlar evin sənədlərinin dublikatını almaq istədikdə, İddiaçı buna maneçilik törətmişdir. Mübahisəli ev Rüfət Ağalarovun və onun şəxsi vəsaiti ilə 53000 ABŞ dollarına alınmış, bütün təmir işlərinə Cavabdeh1 nəzarət etmiş, köhnə evin söküntüsündən çıxan daşlar və başqa material yeni evin tikintisinə sərf olunmuşdur. Bakıda Nərmin Ağalarovanın adına olan mənzil iki dəfə təmir olunmuşdur. Nərmin Ağalarovanın atasıgilin Xırdalandakı evinin qonşuluğunda ev satılırdı, ona görə Bakıdakı mənzili satmış, onun puluna hazırkı mübahisəli evin yerindəki evi almışdılar. Ev alçaq, dörd otaqlı, şəraitsiz olduğu üçün, üstü sökülmüş, başqa söküntü işləri aparılmış, ikimərtəbəli ev tikilmiş, söküntü materiallarından da istifadə olunmuşdur. Mübahisəli evin tikintisində özü ustalar tapmış, pulunu da öz vəsaiti ilə ödəmişdir. Qətnamədə guya o, izahatında evin yenidən qurulmasına əlavə pul vəsaiti lazım olduğunu, bu məqsədlə oğlu Rüfətə 37000 manat və bundan başqa, İddiaçı da 20000 manat pul verdiyini bildirdirdiyi göstərilmişdir. O, məhkəmə iclasında elə bir izahat verməmişdir, məhkəmə onun izahatını təhrif etmiş, onun adından qərəzli izahat yazmışdır. Əslində isə onun izahatı məhkəmə çıxışında ətraflı şəkildə qeyd edilmişdir. İlkin iddiaçılar heç bir əsas olmadan məhkəmədə iddia qaldırmışlar, həmin evin alınmasında, təmirində ilkin iddiaçılar heç bir maddi köməklik etməmişlər, ilkin iddia ərizəsində göstərilənlər isə həqiqəti əks etdirmir. Bundan başqa, ilkin iddia üzrə iddiaçılar tərəfindən evin tikilməsi üçün bankdan kredit götürülməsi bildirilmiş, lakin həmin kredit üzrə ödənişlər Cavabdeh1 tərəfindən banka ödənilmişdir. Cavabdeh1 cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum edilməsi miras qoyan barəsində edilən hüquqa zidd hərəkətinin motivi haqqında, yəni miras əmlaka yiyələnmək məqsədi ilə törədilməsini ehtiva etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi məhkəmə “vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarsı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi” kontekstindən çıxıs edir. Yəni səxsin əməlində “vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarsı qəsdən cinayət” halının olması gərəkdir. Lakin hazırki iş üzrə isə belə bir hal, yəni qəsdən mirasdan məhrum etmə, vərəsələrin dairəsini məhdudlaşdırma kimi niyyətin mövcudluğu olmamışdır və bütün bunlar bir daha məhkəmə hökmündən də aydın görünür. Nəzərə almaq lazımdır ki, bütün əmlak Rüfət Ağalarovun öz adına olmuş, onların birinci növbə vərəsələri isə öz övladlarıdır. Rüfət Ağalarov azadlıqdan məhrum edilənə kimi öz övladlarına çox yaxşı baxmış, bütün maddi və mənəvi ehtiyaclarını bir valideyin kimi layiqincə qarşılamışdır. Göstərilən hallar bir daha sübut edir ki, ilkin iddianın heç bir hüquqi əsası yoxdur, qərəzli olaraq Cavabdeh1 məxsus əmlakın mənimsənilməsi üçün belə bir iddia qaldırılmışdır. Məhkəmə isə formal iddia əsasında əsassız qətnamə çıxararaq heç bir araşdırma aparmamış, banka ödənilmiş pulların kim tərəfindən həyata keçirilməsini araşdırmamışdır. Bütün bunlar isə bir daha çıxarılmış qətnamənin əsassız olduğunu bariz şəkildə göstərir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddianın təmin, ilk iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh1, onun nümayəndələri X19 və Əsgərova İlhamə Məsud qızı apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. İddiaçı həm öz adından, həm də qəyyumları olduğu Ağalarova Röya Rüfət qızı və X7 adlarından məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı X20 məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilkin iddianın rədd edilməsi hissəsində ləğv edərək işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı qismən-ilkin iddiaya aid hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən həmin hissədə maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X23 arasında olan nikah xx xxxxxx 2008-ci il tarixdə Bakı nikah evində bağlanılaraq 3801 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh1 ilə X34 qızının nikahından xx.xx.2009-cu il tarixdə Ağalarova Röya Rüfət qızı və xx.xx.2015-ci il tarixdə X35 qızı anadan olmuşlar. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri 43 saylı notariat kontorundan tələb edilərək iş materiallarına əlavə edilmiş 4Ə1/165 saylı notariat işinin surətindən görünür ki, X20 mülkiyyətində olan Bakı şəhəri, Cavadxan küçəsi, 56 saylı evin 91 saylı mənzilini xx xxxx 2008-ci il tarixdə X15 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 56 saylı evin 91 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında X12 adına 03 noyabr 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 771 nömrəli reyestr kitabının 72040 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X16 mülkiyyətində olan Bakı şəhəri, Cavadxan küçəsi, 56 saylı evin 91 saylı mənzilini 43500 manata X1. İş materiallarında olan xx xxxxxx 2012-ci il tarixdə Abşeron rayonu notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsində yerləşən ümumi sahəsi 68,8 kv.metr, yaşayış sahəsi 46,0 kv.metr, yardımçı sahəsi 22,8 kv.metr olan 1A saylı evi Cavabdeh1 41.000 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsi, ümumi sahəsi 195,5 kv.metr olan 1A saylı ev və həmin evin yerləşdiyi 0,0255 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 180 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxx 2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(012)- 334/2018 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 1(105)-74/2019 saylı qərarının surətindən görünür ki, məhkum Cavabdeh1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-334/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxx 2018-ci il tarixli, 157 saylı sərəncamının surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Ağalarova Röya Rüfət qızı və xx.xx.2015-ci il təvəllüdlü X21 xx.xx.1962-ci il təvəllüdlü babası İddiaçı qəyyumluğuna (himayəçiliyinə) verilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2016-cı il tarixli, 337/16 saylı məktubundan görünür ki, X16 04/2582/KİK saylı kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək 10.000 AZN kredit götürmüşdür, hazırda müştəri kreditini tam ödəmiş və “xxxx” ASC-yə heç bir öhdəliyi qalmamışdır. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilkin iddianın rədd edilməsi hissəsində ləğv edərək işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytararkən apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının MM-nin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına görə Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir:1) əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2) əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Göründüyü kimi, əmlakın ər-arvadın ümumi birgə əmlakı hesab etmək üçün həmin əmlak birgə nikah dövründə və onların ümumi gəlirləri hesabına əldə edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 35-ci maddəsinə görə nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının MM-nin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.4-cü maddəsinə görə ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 ilə X16 xx xxxxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Ağalarova Röya Rüfət qızı və xx.xx.2015-ci il tarixdə X21 anadan olmuşlar. Nikaha daxil olmamışdan əvvəl xx.xx.2008ci il tarixdə anası Ulduz Kərimova tərəfindən Nərmin Ağalarovaya Bakı şəhəri, Cavadxan küçəsi 56 saylı evin 91 saylı mənzil bağışlanmışdır. Nərmin Ağalarova həmin evi xx.xx.2012-ci il tarixdə 43.500 manata X2, xx xxxxxx 2012-ci il tarixdə 41.000 manata Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsi 1A saylı ev əri Cavabdeh1 adına almışdır. Sonradan həmin evdə yenidənqurma işləri aparılaraq genişləndirilmiş, ev xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx xxxxx 2018-ci il tarixdə X16 intihar etmiş, onun ölümündə təqsirli bilinən Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 il 06 ay müddətində azadlıqdan məhrum edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxx 2018-ci il tarixli, 157 saylı sərəncamı ilə xx.xx.2009cu il təvəllüdlü Ağalarova Röya Rüfət qızı və xx.xx.2015-ci il təvəllüdlü X21 hazırki iş üzrə İddiaçı qəyyumluğuna verilmişdir. Azərbaycan Respublikası MM-nin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələri (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay almaq hüquqlu birinci növbədə vərəsələrdir. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilri ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Nərmin Ağalarovanın qanun üzrə birinci növbədə vərəsələri uşaqları Röya və Zəhra, atası İddiaçı, anası Ulduz Kərimova və Cavabdeh1dur. İş materiallarından görünür ki, mübahisəli evdə Nərmin Ağalarovanın ölümündən sonra onun atası İddiaçı evin açarlarını qəbul etmiş, anası Ulduz Kərimova ilə birlikdə evə baxmaları, mühafizə etmələri ilə mirası qəbul etmələrini nümayiş etdirmişlər. İddia ərizəsindən, iş materiallarından görünür ki, ilk iddiaçılar Cavabdeh1 ləyaqətsiz vərəsə hesab olunmasını tələb edirlər. Azərbaycan Respublikası MM-nin 1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxx 2018-ci il tarixli, 1(012)- 334/2018 saylı hökmündən görünür ki, Cavabdeh1 Nərmin Ağalarovanı özünü öldürmə həddinə çatdırdığına görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinərək 6 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdehin nümayəndəsi ilk iddia tələbinə etirazında və apellyasiya şikayətində Cavabdeh1 Nərmin Ağalarovanı özünü öldürmə həddinə çatdırsa da, bunu özünün və özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və miras paylarının artırılmasına kömək göstərmək niyyəti ilə etməməsini göstərmişdir. Cavabdehin nümayəndəsinin bu dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanun üzrə birinci növbəli vərəsələrin sırasına daxil olan şəxsin motivdən asılı olmayaraq miras qoyanı özünü öldürmə həddinə çatdırması həmin şəxsin intihar etmiş şəxsin əmlakına münasibətdə vərəsəliyə çağırılmasına səbəb olur. Fiziki şəxsin ölümü onun iradə ifadəsinin təbii yolla itirilməsi, şəxsin özünü öldürmə həddinə çatdırılması nəticəsində intihar etməsi isə onun məcburi şəkildə iradə ifadəsinə xitam verilməsidir. Göründüyü kimi, qanunverici miras qoyanın son iradə ifadəsini yalnız miras əmlakla əlaqələndirməmiş, bunu geniş mənada iradə ifadəsinə maneə kimi dəyərləndirməklə, qəsdən cinayət törətməklə miras qoyanın son iradəsinə qarşı maneə törətmiş şəxslərin vərəsə ola bilməsini istisna etmişdir. İşdən görünür ki, Nərmin Ağalarovanın özünü öldürmə həddinə çatdırılması nəticəsində intihar etməsi sonuncunu bütün iradə ifadəsindən, o cümlədən xüsusi mülkiyyətində olan əmlak barəsində gələcəkdə edə biləcəyi iradə ifadəsindən məhrum etmiş, nəticədə bu hal Cavabdeh1 həmin əmlak üzrə vərəsəliyə çağırılmasına əsas yaratmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçinin sağlığında əşyaya mülkiyyət hüququnun sivil və dünyəvi qaydada bir şəxsdən digər şəxsə keçməsi yalnız mülkiyyətçinin öz əmlakı barəsində könüllü sərəncamı, yəni iradə ifadəsi əsasında baş tuta bilər. Bu qaydadan kənar surətdə şəxsin mülkiyyətinə üçüncü şəxslər tərəfindən edilmiş hər hansı bir qəsd dövlət tərəfindən müdafiə edilir və qorunur. Bununla yanaşı, qanunvericilik mülkiyyətçinin öz əmlakı barəsində sağlığında sərəncam verə bilmədiyi təbii ölüm halında, yəni mülkiyyətçinin öz əmlakı barəsində heç bir sərəncam vermədən vəfat etdiyi halda da həmin əmlakın qanun üzrə vərəsəlik qaydasında onun vərəsələrinə keçməsi halını tənzimləyir. Bununla bağlı vərəsəlik münasibətlərini tənzimləyən normaların məzmunundan (Mülki Məcəllənin 1138-ci maddəsi) görünür ki, təbii ölümlə vəfat edən şəxs sağlığında hər hansı bir sərəncam verməklə miras əmlakı barədə qanun üzrə vərəsələrinin hüquqlarını məhdudlaşdırmasa da, qanunverici miras qoyana münasibətdə ailə hüquq münasibətləri üzrə üzərinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçıran şəxslərin miras əmlak barəsində qanun üzrə vərəsəlik hüquqlarının həyata keçirilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1138-ci maddəsinə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Ona görə də nəzərə alınmalıdır ki, ərin hər hansı bir motivlə öz arvadını özünü öldürmə həddinə çatdırması isə yuxarıda qeyd edilən mülki hüquq pozuntularından daha kobud pozuntu olmaqla könüllülük prinsipləri əsasında qurulan və idarə edilən ailə hüquq münasibətlərinə qarşı qəsd formasında edilmiş cinayət əməlidir. Məhkəmə kollegiyası onu da edir ki, özünü öldürmə həddinə çatdırılmış şəxsə məxsus əmlakın vərəsəlik qaydasında özünü öldürmə həddinə çatdıran şəxsin mülkiyyətinə keçməsi Mülki Məcəllənin 1137-ci maddəsinin mənasına və ümumi məzmununa, o cümlədən mülkiyyətin əldə edilməsinin sivil və dünyəvi qaydalarına ziddir. Şərh olnunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 X11 münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlikdən məhrum edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İş üzrə araşdırılmış sübutlardan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsi, 1A saylı ev Nərmin Ağalarovanın anasının ona bağışladığı evin satılması nəticəsində əldə edilmiş vəsait hesabına Cavabdeh1 adına alınmışdır. Bu halı apellyasiya şikayətində Cavabdeh1 nümayəndəsi də etiraf etmişdir. İş üzrə dindirilmiş şahid ifadələri ilə mübahisəlin evin genişləndirilməsi üçün aparılmış yenidənqurma işlərinə söküntü materiallarından istifadə edilməsi, daş materiallarının və ustaların pulunun məhz Nərmin Ağalarovanın atası İddiaçı verməsi, əlavə vəsait üçün “xxxx” ASC-dən Nərmin Ağalarovanın götürdüyü 10.000 manat kreditin hesabına olması təsdiq olunmuşdur. Göstərilən halları nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsi 1A saylı evdə Nərmin Ağalarovanın payının 7/8 hissədə, Cavabdeh1 payının isə 1/8 hissədə müəyyən edilməsi, Nərmin Ağalarovanın payına düşən 7/8 hissəsinin dörd vərəsəsi arasında bölünməsi və atası İddiaçı 7/32, anası X10 7/32, uşaqları Ağalarova Röya Rüfət qızının 7/32 və X7 7/32 payının müəyyən edilməsi nəticəsinə gəlmişdir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya aid hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi X8 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-153/2019 saylı qətnaməsi ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar