Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2583/2021 18.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, Ərizəçi Səlimbəy qızının torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə onun vərəsəliyi qəbul etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsindən maraqlı tərəf AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.A.Səmədzadə) ərizənin təmin edilməsi, X3 miras qalmış Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən 0,25 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, bu qətnamənin X3 miras qalmış Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən 0,25 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə Ərizəçi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona müvafiq mülkiyyət və texniki sənədlərin verilməsi üçün əsas olması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi Səlimbəy qızı ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək Xaçmaz rayonu, Uzunoba kəndində atası X5 məxsus 0,25 ha torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin onun tərəfindən miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1969-cu ildə vəfat etmiş və Xaçmaz rayonu, Uzunoba kəndi ərazisində 0,25 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi olmuş atası Z.Q.Kərimovdan qalmış daşınmaz əmlaka dair miras torpaq sahəsinə və evə vərəsəliyi qəbul etmək üçün neçə ildir müvafiq orqanlara, o cümlədən Xaçmaz Dövlət Notariat kontoruna müraciətlər etmişdir. Qeyd olunan miras əmlaka görə onun müraciətinə əsasən Notariat İdarəsində miras qoyanın adına 16.07.2015-ci il tarixində vərəsəlik işi açılmışdır. Miras əmlak barədə kəndin 04 saylı təsərrüfatbaşına kitabının 174-cü sahəsində, 849 saylı hesab nömrəsi ilə də qeyd var idi. Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə dair təssərüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd idi. Lakin o, mülkiyyət hüququnu təsdiq edən sənəd verə bilmədiyindən notariat orqanı tərəfindən 2015-ci il tarixində ƏMDK DƏDRX-nin Ərazi İdarəsinə müraciət olundu. Lakin sorğuya müsbət cavab verilmədiyindən 24 oktyabr 2018-ci tarixdə həmin orqana yenidən müraciət olunsa da, sənəd əldə olunmadı. O, hətta 18.06.2019-cu il tarixində vərəsəlik haqqında DNK məktubuna əsasən vərəsəlik işi üçün 79,6 manat dövlət rüsumu da ödəmişdir. Bu səbəbdən də indiyədək notariat orqanı ona vərəsəlik haqqında şəhadətnamə verə bilmədi. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi E.Hacıyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında vərəsəlik olunan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin miras qoyan Z.Q.Kərəmovun mülkiyyətində olmasına dair heç bir sənəd yoxdur və həmin daşınmaz əmlak üzərində Z.Q.Kərəmov mülkiyyət hüququna malik deyildir. Bununla əlaqədar qətnamədə göstərilən daşınmaz əmlak miras kütləsinə daxil edilə bilməz. Məhkəmə yaşayış evinə ərizəçinin vərəsəlik üzrə mülkiyyət hüquqlarını tanımaqla hansı hüquqmüəyyənedici sənədə əsaslandıgını qətnamədə göstərməmişdir. Məhkəmə tərəfindən bir çox maddi və prosessual hüquq normalar pozulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(067)-953/2021 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə özünün və qeyrilərinin adından müxtəlif vaxtlarda müvafiq iddialar qaldırmış, lakin məhkəmə qətnamələri ilə iddialar təmin edilməmişdir. Qeyd olunan torpaq sahəsinə və üzərindəki yaşayış evinə onan adına DƏDRX tərəfindən verilmiş mülkiyyət sənədləri çıxarışlar mövcuddur. Bu məsələ dəfələrlə məhkəmə proses baxışları olmuşdur. Göründüyü kimi mübahisə predmeti olan 0.25 ha torpaq sahəsi bunun üzərindəki mülklə əlaqədar çoxsaylı məhkəmə mübahisələri olmuş və Nümayəndə özünün və onun nümayəndəliyi ilə qeyrilərinin iddiaları təmin olunmamışdır. Bununla belə iddiaçı tərəf əvvəlki məhkəmə qərar və qətnamələrinin mövcudlugu barədə Xaçmaz Rayon Məhkəməsinə məlumat vermədən Ərizəçi adından yenidən iddia qaldırmış və hazırki qətnamənin çıxarılmasına nail olmuşdur. Halbuki qeyd olunan mülklə əlaqədar 2015-ci ildən mübahisəsi mövcuddur. Xaçmaz Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(067)-953/2021 saylı qətnaməsinin ləğv edərək iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ərizəçi, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəsini təmin edərkən, mübahisəli torpağın ərizəçinin məhrum atasına verilməsinə və istifadəsində olmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəfin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xaçmaz rayon Dövlət Arxivinin 05 avqust 2014-cü il tarixli 591 saylı arxiv arayışından görünür ki, Xaçmaz rayonu Dövltə arxivində saxlanılan Xaçmaz rayonu Uzun oba kənd X2 İcraiyyə Komitəsinin 19601962-ci illərə aid Uzunoba kəndi üzrə 04 saylı qaytanlanmış təsərrüfatbaşına kitabında mərhum X4 şəxsi mülkiyyətində 1936-cı ildə rikilən yaşayış evi və xüsusi istifadəsində 0,25 ha torpaq sahəsi qeyd olunmuşdur. Şəxsi hesab №75, v. 5-6 İşdə olan Xaçmaz rayon Dövlət Arxivinin 16 avqust 2017-ci il tarixli 611 saylı arxiv arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xaçmaz rayonu Dövltə arxivində saxlanılan Xaçmaz rayonu Uzun oba kənd X2 İcraiyyə Komitəsinin 1960-1962-ci illərə aid Uzunoba kəndi üzrə 04 saylı qaytanlanmış təsərrüfatbaşına kitabında mərhum X4 şəxsi mülkiyyətində 1936-cı ildə rikilən yaşayış evi və xüsusi istifadəsində 0,25 ha torpaq sahəsi qeyd olunmuşdur. Ailə üzvlərinin siyahısı aşağıdakı kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun yaranma anı göstərilmişdir. Həmin hüquq onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıgı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.2-ci maddəsinə uyğun olaraq vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Notariat haqqında Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsi dövlət notariusu tərəfindən aparılan notariat hərəkətlərinə aiddir. Həmin Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldıgı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsinə səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, işə obyektiv, tam və hərtərəfli baxmamışdır. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təstiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr tərəfindən həyata yeçirilir. Məhkəmə kollegiyası hesab edir ki, işdə iştirak edən şəxslər hazırkı mübahisə ilə əlaqədar əvvəl maraqlı şəxsə müraciət etməli və müraciəti müsbət həll olunmazsa, bu halda yuxarıda qeyd olunan hüquq normalarına əsasən aidiyyət qaydalarına riayyət etməklə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263- 264, 365 və 384.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyevin və Maraqlı şəxs2 apellyasiya şikayətləri təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 08 aprel 2021-ci il tarixli 2(067)-953/2021 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Səlimbəy qızının torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə onun vərəsəliyi qəbul etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra mübahisə ilə bağlı ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2583/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2583/2021
18.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver