Məhkəmə qərarları › İş №2(105)-2584/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2584/2021

24.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2584/2021 24.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X10, həmçinin onun vəkili Vəkil iştirakı ilə, İddiaçı X12 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair ilk iddia ərizəsinə və X10 İddiaçı qarşı ailə üzvü hesab edilmə, istifadə hüququnun tanınması və evə köçürülmə barədə qarşılıqlı iddia ərizəsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-878/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-878/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin olunmuş, X10 ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun tanınması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin olunmamışdır. (hakim S.Səmədzadə) Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Rzayeva X11 Suzana Arif qızına qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Xudat şəhəri, Vidadi küçəsi 5 ünvanında ona məxsus yaşayış evi mövcuddur. Həmin evə adına 1988-ci ildə texniki pasport işlənmiş və Tİ və MHQ idarəsi tərəfindən adına 189B reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh X9 xahişi ilə cavabdehi evinə kirayəşin qismində buraxmışdır. Lakin xeyli müddətdir ki, təkidlərə baxmayaraq cavabdeh evindən çıxmaq istəmir. Nəticədə onun konstitusiyada və qanunlarda nəzərdə tutulmuş mülkiyyət hüquqları kobudcasına pozulur. Öz mülkiyyətindən məhrum olunmuş və mülkiyyətindən təyinatına görə istifadə edə bilmir. X5 Mənsumə Cəfər qızına qarşı ailə üzvü hesab edilmə, istifadə hüququnun tanınması və evə köçürülməyə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinin alınaraq onun istifadəsinə qaytarılması və Kazımova Suzananın ailə üzvləri ilə birlikdə oradan çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Xaçmaz rayonu Xudat İƏD-nin nümayəndəliyinin 18 fevral 2021-ci il tarixli aktından da müəyyən olunur ki, Xudat şəhəri, Vidadi küçəsi, ev 5 ünvanında yaşayan X16 1997-ci ildən mərhum anası X7 və bacısı Kazımova (halhazırda Yusifova) Rusanna Arif qızı ilə birlikdə bu evdə yaşamışlar. Həmin illərdə bu ünvanda bu ailə ilə birlikdə Rzayeva Güldəstə və onun qızı İddiaçı da yaşamışdır. Mərhum X2 Güldəstəyə baxmışdır və onun dəfn xərclərini özü ödəmişdir. X7 da 17.10.2014-cü ildə bu ünvanda vəfat etmişdir. Hal-hazırda X16 iki övladı ilə bu ünvanda yaşayır və həyətdə yardımçı tikili tikmiş, hasar çəkmişdir. Xaçmaz rayonu Xudat İƏD-nin nümayəndəliyinin 18 fevral 2021-ci il aktından da müəyyən olunur ki, Kazımova Suzanna bacısı və anası bir yerdə bu evdə yaşamışlar. Həmin evə o məcburi deyil, İddiaçı və anasının könüllü razılığı ilə daxil olmuşdur. X18 baxmış, dəfn xərclərini ödəmişdir. Həmin evdə o ailə üzvləri ilə birlikdə yaşayır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə etmişdir ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh X16 ona bu günə kimi kirayə pulu verməmişdir. Cavabdeh 24 ildir ki, onun mülkiyyətində olduğu evdə yaşayır. Cavabdeh 24 ildə ayda ona ən azından 100 manat pul verseydi 28800 manat pulu olardı. Ondan da əlavə, cavabdehə bildirmişdir ki, onun mülkiyyətində olan evdə heç bir abadlıq işləri aparmasın. Məhkəmə isə bu hala qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X16 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, doğrudur, onun və mərhum anasının hazırki iddiaçı və onun mərhum anası ilə tanışlığı kirayə ev axtarışı ilə əlaqədar başlansa da, sonradan tərəflər arasındakı münasibətlər doğmalaşmış, onların ailə üzvünə çevrilmişlər. Onlar 1996-1997-ci illərdə həmin evə gəlmiş, o vaxtdan birgə təsərrüfat aparmağa başlamış, ailənin xeyrində, şərində iştirak etmişlər. İddiaçının mərhum anası yataq xəstəsi olmuş, ona onlar baxmış, qulluq etmiş, 1999-cu ildə vəfat edərkən isə dəfn xərclərini çəkmişlər. Eləcə də evdə və həyətyanı sahədə təmir-tikinti, yenidənqurma və abadlıq işləri həyata keçirmişlər. Evi uzun illər o, qoruyub saxlayıb. Mənsumə özü də psixi xəstəlikdən əziyyət çəkmiş, uzun müddət xəstəxana şəraitində müalicə olunmuşdur. İddiaçı 2012-ci ildə müalicədən qayıdıb evə gələrkən yenə bir yerdə yaşamış, birgə təsərrüfat aparmışlar. Evin 2 otaq bir balkonu onda, 1 otağı isə onun istifadəsindədir. Həyətdə əlavə iki tikili də mövcuddur. İddiaçı ilə normal münasibətləri olmuş, yalnız 2020-ci ildə kənar şəxslərin müdaxiləsindən sonra münasibətləri pozulmuşdur. Özü şəhid qızıdır, atası Qarabağ uğrunda döyüşlərdə şəhid olmuşdur. Məhkəmə kollegiyasının iclasında X10 vəkili Vəkil da apellyasiya şikayətinə etiraz etdi və onun təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Xaçmaz rayon İHB-nin Xudat şəhər İƏD üzrə nümayəndəliyinin 22 fevral 2021-ci il tarixli 29№-li məktubundan görünür ki, Xudat şəhəri, Vidadi küçəsi 5 ünvanında yaşayan şəhid qızı X14 həqiqətən də 1997-ci ildən həmin ünvanda yaşayır, həmin evin yaxşılaşdırılması məqsədilə hasar çəkmiş və həyətdə yardımçı tikili tikmişdir. Yenə iş materiallarında olan Xaçmaz rayon İHB-nin Xudat şəhər İnzibati Ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli 62№-li məktubundan görünür ki, Xudat şəhəri İƏD üzrə nümayəndəliyinə İddiaçı cavabdeh X14 tərəfindən onun həyətində yardımçı tikililərin tikilməsi, hasarın çəkilməsi ilə bağlı heç bir şikayət ərizəsi (1997-ci ildən bu günədək) daxil olmamışdır. Yenə də iş materiallarında olan Xaçmaz rayonu Xudat İƏD-nin nümayəndəliyinin 18 fevral 2021-ci il aktından müəyyən olunur ki, qonşuların verdiyi məlumata görə Xudat şəhəri, Vidadi küçəsi 5 saylı evdə yaşayan X14 1997-ci ildən mərhum anası X7 və bacısı Kazımova (hal-hazırda Yusifova) Rusanna Arif qızı ilə birlikdə bu evdə yaşamışlar, həmin illərdə bu ünvanda bu ailə birlikdə Rzayeva Güldəstə və onun qızı İddiaçı də yaşamışlar. Mərhum X1 Rzayevaya baxmış və onun dəfn xərclərini ödəmişdir. X7 da 17.10.2014-cü ildə bu ünvanda vəfat etmişdir. Hal hazırda X14 iki övladı ilə bu ünvanda yaşayır və həyətdə yardımçı tikili tikmiş, hasar çəkmişdir. İş materiallarına əlavə edilmiş AR Müdafiə Nazirliyi Xaçmaz rayon Hərbi komisarlığı tərəfində verilmiş 22 fevral 2011-ci il tarixli, 364№-li arayışın surətindən görünür ki, X13 26 aprel 1994-cü il tarixdə aldığı odlu güllə yarasından həlak olmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 9 aprel 2021-ci il tarixli, **********67 nömrəli məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Yenə iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli, **********42 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Xaçmaz rayonu, Xudat şəhəri, Vidadi küçəsində yerləşən 5 saylı fərdi yaşayış evi X4 tərəfindən 27.04.1993-cü ildə 2441 rubla İddiaçı satılmışdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, ilk iddia rədd olunmalı, qarşılıqlı iddia qismən- X10 mübahisəli yaşayış evinə dair istifadə hüququnun tanınması hissəsində təmin edilməli, qarşılıqlı iddia qalan hissədə rədd olunmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə ünvan 4 ünvanında yerləşən yaşayış evi ilə bağlıdır. İlkin olaraq İddiaçı, X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin həmin mübahisəli əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia edir ki, o mübahisəli yaşayış evinin mülkiyyətçisidir. Cavabdehlə aralarında kirayə hüquq münasibətləri mövcud olmuş, lakin sonuncu nə kirayə haqqını ödəyir, nə yaşayış evini tərk edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahisəli evdə 1997-ci ildən ailə üzvü kimi iddiaçı və onun ailəsi ilə yaşamış, iddiaçının xəstə anasına qulluq etmiş, onun dəfn xərclərini çəkmişər. İddiaçı özü də psixi xəstəlikdən əziyyət çəkmiş, uzun müddət xəstəxana şəraitində müalicə olunmuş, evin saxlanılması xərclərini o, çəkmişdir. Bu səbəbdən də hesab edir ki, onun ailə üzvü kimi həmin yaşayış evdən istifadə hüququ tanınmalı və oraya köçürülməlidir. İşə baxan məhkəmə mübahisəli yaşayış evinə dair qeydə alınmış mülkiyyət hüququnun olmaması səbəbindən, həmin daşınmaz əmlakın iddiaçının xüsusi mülkiyyətində olmadığını qeyd etmiş və onu özbaşına tikili hesab etmiş, bu əsasla ilkin iddianı rədd etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və belə qənaətə gəlir ki, işə baxan məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Hər şeydən öncə, qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı iddia edir ki, mübahisəli yaşayış evi onun xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, iddiaçı mübahisəli daşınmaz əmlakı alqı-satqı müqaviləsi əsasında əldə etmiş, həmin evə adına 1988-ci ildə texniki pasport işlənmiş və Tİ və MHQ idarəsi tərəfindən adına 189B reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Mübahisəli evin mülkiyyət hüququ əsasında ilk iddia üzrə iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. Onun həmin evə dair hüquqlarını hazırki qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması bu hüququn mövcudluğunu inkar etmir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı özü də onu evin mülkiyyətçi kimi qəbul edir. Bu səbəbdən də, məhkəmə kollegiyası işə baxan məhkəmənin ünvan 1 ünvanında yerləşən yaşayış evini özbaşına tikili kimi qiymətləndirməsini əsassız hesab edir. AR Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası mübahisəni həll edərkən məhz Konstitusiya Məhkəməsinin daha önsə sadalanan hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Qeyd edildiyi kimi iş üzrə mübahisə tərəfləri arasında hüquq münasibətləri 1997-ci ildə yaranmışdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28.07.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İstinad olunan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəlləsinin 54-cü madəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İstinad olunan normalardan da göründüyü kimi kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Hazırki işin halları isə (cavabdehin iddiaçının razılığı ilə həmin evdə qalıb yaşaması, birgə təsərrüfat aparmaları, ailənin xeyrində, şərində iştirak etməsi, iddiaçının mərhum anasına ahıl yaşlarında qulluq etməsi, vəfat edərkən isə dəfn xərclərini çəkməsi, eləcə də evdə və həyətyanı sahədə təmir-tikinti, yenidənqurma və abadlıq işləri həyata keçirməsi) onu deməyə əsas verir ki, X16 mübahisəli yaşayış evindən istifadə hüququna malik olan şəxs kimi qəbul edilməlidir. Onun həmin yaşayış evi üzərindəki istifadə hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquqdur, həmçinin onun həmin yaşayış sahəsində istifadə hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi iddiaçı tərəfindən pozulmaqdan müdafiə edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə də, X10 mübahisəli yaşayış evinə dair istifadə hüququnun tanınması tələbi əsaslı olduğundan təmin olunmalıdır və həmin tələbin təmin olunması, ilkin iddiaçının əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılması tələbini rədd etmiş olur. X10 həmin evə köçürülməsi tələbinə münasibətdə kollegiya qeyd edir ki, tərəflərin izahatlarından və işin faktiki hallarından görünür ki, S.Kərimova faktiki olaraq hal hazırda da mübahisəli evdə yaşadığından, onun həmin evə köçürülməsinə dair tələbi əhəmiyyətsizdir və təmin edilməməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən yaşayış sahəsindən qanunsuz istifadə halı iş materialları ilə öz təsdiqini tapmadığından, sonuncunun əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılması tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki qaydada, tərəflər arasında «ədalətli balans» gözlənilməklə həlli həm daxili, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Birinci instansiya məhkəməsi isə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, işin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş, maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir və bu da həmin qətnamənin ləğvi üçün əsasdır. Bu səbəbdən də apellyasiya şikayəti qətnamənin ləğv edilməsi hissəsində qismən də olsa əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, ilk iddia rədd olunmalı, qarşılıqlı iddia qismən- X10 mübahisəli yaşayış evinə dair istifadə hüququnun tanınması hissəsində təmin edilməli, qarşılıqlı iddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddia ərizəsinə və apellyasiya şikayətinə görə ödədiyi 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin olunsun. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-878/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. X10 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ tanınsın. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar