Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2589/2021 01.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1208/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1208/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmişdir. (hakim A.İsmayılov) Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1208/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 4-cü mkr, ev 32A/78, mənzil 12 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh1 onun doğma qardaşıdır. Cavabdeh ona məxsus mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamır. Belə ki, mənzil əvvəllər onların anasının adına olmuşdur. Cavabdeh1 1998-ci ildə ailə qurmuş, 4-5 ay arvadı ilə bu mənzildə yaşadıqdan sonra, anası ilə yola getməyərək mənzildən köçmüşdür. Həmin vaxtdan cavabdeh ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamır. Bu qonşuların iştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. Cavabdeh1 hətta anasının yas mərasimində belə iştirak etməmişdir. Belə ki, cavabdeh içki aludəçisi olmuş, yas mərasiminə içkili gəldiyinə görə onu yas yerindən uzaqlaşdırmışlar. Bu müddət ərzində dəfələrlə cavabdehə müraciət edərək, ona məxsus mənzildən qeydiyyatdan çıxmasını tələb etsə də, cavabdeh öncə qeydiyyatdan çıxacağına razı olsa da, sonra qeydiyyatdan çıxmamışdır. Cavabdehin qızı Cavabdeh2 da ailə qurmasına baxmayaraq, ona məxsus mənzildə qeydiyyatdadır. Cavabdehlərin ona məxsus mənzilə qeydiyyatı formal xarakter daşıyır və onun mülkiyyət hüququna əsassız müdaxilə kimi qəbul edilməlidir. O, cavadehlərin əvəzinə kommunal xidmət haqqı ödəyir. Bu isə onun üçün əlavə xərcdir və buna maddi imkanı çatmır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehlər apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Cavabdeh1 içki aludəçisidir və Sumqayıt şəhər Narkoloji Mərkəzdə qeydiyyatdadır. Cavabdeh2 subaydır. Cavabdeh1la arvadı faktiki nikaha girmişlər. O, içki düşkünü olduğu üçün arvadı ilə yola getməmişlər. Cavabdeh2 isə uzun müddət nənəsi Sona Əsgərova saxlamışdır. Son vaxtlara kimi o, həmin evdə yaşamışdır, lakin nənəsi öldükdən sonra onu evə buraxmamışlar. İddiaçı isə içki aludəçisi olan qardaşına bildirmişdir ki, ona pul verəcək, həmin pula o, özünə ev alar, borclarını da ödəyər. Bu minvalla İddiaçı mənzili öz mülkiyyətinə keçirmişdir. Bu hallar məhkəmə iclasında nəzərə alınmadığından qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdehlər apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh2 əlavə etdi ki, hazırkı evdə 3 ildir ki, ayda 70 manata kirayə qalırlar. Özü subay, atası isə qeydiyyatda olmaqla spirtli içki aludəçisidir. Bundan istifadə edən qarşı tərəf mərhum nənəsinə məxsus mənzilə onları buraxmır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. O, bildirdi ki, qardaşı artıq 22 ildir ki, başqa ünvanlarda kirayədə qalır və mübahisəli mənzillə əlaqəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzili X1 adına qeydiyyatdan keçmişdir. Yenı iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 10.11.2017-ci il tarixdə vəfat etmişdir. Yenə də iş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10.11.2017-ci ildə ölmüş X1 vərəsələri İddiaçı və Cavabdeh1 miras qalmış Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzilindən ½ hissədə pay almışlar. İş materiallarına əlavə edilmiş 30.06.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən payını İddiaçı bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzili 03.07.2018-ci ildə İddiaçı adına qeydiyyatdan keçmişdir. Yenə işdə olan 12 saylı MKS tərəfindən tərtib edilmiş 13.11.2020-ci il tarixli aktdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzilində yaşamırlar. Yenə də işdə olan 23 iyun 2021-ci il tarixli arayışdan görünür ki, qeydiyyat informasiya sistemində Cavabdeh2 dair nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşdəki stasionar xəstənin tibbi kitabçasından 4993 saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 TTTX-də stasioanr müalicədə olmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli mənzil əvvəllər tərəflərin, yəni Qədir və İddiaçıların anası X1 mükiyyətində olmuş, lakin o, 10.11.2017-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Qədir və İddiaçılar miras əmlakla bağlı vərəsə kimi notariat orqanına müraciət etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alımışlar. Həmin şəhadətnamə ilə 10.11.2017-ci ildə ölmüş X1 vərəsələri İddiaçı və Cavabdeh1 miras qalmış Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzilindən ½ hissədə pay almışlar. Daha sonra isə, 30.06.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsi ilə Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən payını İddiaçı bağışlamış, o isə mübahisəli mənzilə dair öz adına RX ******* nömrəli çıxarış alımışdır. Hazırda İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 87 maddələrinə istinad etmişdir. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin mənasına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İş materiallarında cavabdehlərin başqa yaşayış sahəsində daimi yaşamalarını təsdiq edən mötəbər sübut yoxdur. Cavabdehlərin başqa ünvanda kirayədə yaşamaları isə onların həmin ünvanda daimi yaşamalarını təsdiq etmir. Belə ki, tərəflərin izahatları ilə müəyyən olunur ki, ailə vəziyyətilə əlaqədar olaraq cavabdeh İddiaçı mənzili məcbur qalaraq tərk etmişdir və mübahisəli mənzillə əlaqəsi tam kəsilməmişdir. İşdən görünür ki, tərəflər arasında əsas mübahisə iddiaçının mənzilə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırıb öz adına reyestrdən çıxarış əldə etməsindən sonra yaranmışdır. Bu hallara məcmu qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən xüsusi olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd edildiyi kimi Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzili əvvəlcə dövlət mənzili fonduna daxil olmuş, 07.01.2005-ci il tarixində X1 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İddiaçı 1977-ci ildən, Cavabdeh11990cı ildən, Cavabdeh2 isə 2003-cü ildən həmin mənzildə qeydiyyatdadırlar. Mənzilin mülkiyyətçisi X2 10.11.2017-ci il tarixdə vəfat etmişdir. X1 vərəsələri İddiaçı və Cavabdeh1 miras qalmış Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzilindən ½ hissədə pay almışlar. 30.06.2018-ci il tarixdə Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən payını İddiaçı bağışlamışdır. Mənzil 03.07.2018-ci ildə İddiaçı adına qeydiyyatdan keçmişdir. Beləliklə, iş üzrə tərəflər yeni hüquq münasibətlərinə daxil olmuşlar. Belə ki, anasından miras qalmış payı 30.06.2018-ci ildə qəbul etməklə Cavabdeh1 mənzildə pay hüququna sahib olmuş, daha dəqiqi mənzilin mülkiyətçilərindən birinə çevrilmişdir. Bundan sonra o, payı üzərində sərəncam hüququnu həyata keçirərək onu qardaşı, hazırda ona qarşı iddia qaldırmış İddiaçı bağışlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 mənzildə payını qardaşına bağışlaması onun həmin mənzildən istifadə hüququnun itirilməsi anlamına gəlməməli, miras paydan qardaşının xeyrinə imtina yeganə yaşayış yeri olan mənzilə yaşayış hüququndan imtina kimi qiymətləndirilməməlidir. Eləcə də, nənəsindən miras qalmış əmlakın mülkiyyətçisinin şərh edilən qaydada dəyişilməsi doğulduğu həmin mənzilə yaşayış hüququ olan Fatimənin həmin hüququnun avtomatik ləğvi kimi qəbul edilməməlidir. Mübahisəli evin mülkiyyət hüququ əsasında hazırda iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. AR Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası mübahisəni həll edərkən məhz Konstitusiya Məhkəməsinin daha önsə sadalanan hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Qeyd edildiyi kimi iş üzrə mübahisə tərəfləri olan Qədir və İddiaçılar arasında ilkin hüquq münasibətləri 1990-cı ildən sonra yaranmışdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28.07.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İstinad olunan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəlləsinin 54-cü madəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırki işin halları isə onu deməyə əsas verir ki, cavabdehlər mübahisəli yaşayış evindən istifadə hüququna malik olan şəxslər olduqlarından onların bu hüquqlarına yalnız kompensasiya verilməklə xitam verilə bilər. Çünki onların mübahisəli mənzil üzərindəki istifadə hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquqdur, həmçinin onların həmin yaşayış sahəsindən istifadə hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi iddiaçı tərəfindən pozulmaqdan müdafiə edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə sadalanan hallara düzgün qiymət verməmiş, daimi yaşayış yeri sübut olunmayan cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına heç bir kompensasiya ödənilmədən xitam vermişdir ki, bu da qüvvədə olan mülki qanunvericiliyə görə yolverilməzdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisə üzrə maddi hüquq normalarını düzgün təfsir etməmiş, yaranmış mübahisəyə formal əsaslarla yanaşaraq səhv nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Əksinə, cavabdehlərin sübutları iddianın rədd edilməsi üçün yetərli olmuşdur. Buna görə də iddiasını sübut edə bilməyən iddiaçının tələbini təmin edərkən məhkəmə əsaslı şübhələrdən azad olmayan səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən hallara düzgün qiymət verməmiş və kifayət qədər əsas olmadan iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1208/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş 5 manat dövlət rüsumu İddiaçı tutularaq özünə qaytarılmaldır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1208/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Sumqayıt şəhəri, 4 mkr., 32A/78 saylı evin, 12 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 qızı tərəfindən ödənilmiş 5 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh2 qızına ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2589/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2589/2021
01.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver