Məhkəmə qərarları › İş №2(105)-2591/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2591/2022

09.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2591/2022 09.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinə köçürülmə» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4298/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçının vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, m ü ə y y ə n e t d ı̇ : İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı 12 iyul 2008-ci il təvəllüdlü X2 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4298/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı vəkili-nümayəndəsi İsayev X1 Rayon Məhkəməsinin 2(012)-4298/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından xx.xx.2022-ci il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4298/2022 nömrəli mülki iş üzrə, 02 noyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bildirmişdir ki, Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayə üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnziba Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli qərarda qeyd edilmişdir ki qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Hesab edir ki, işin Şəki rayon Məhkəməsinə göndərilməsi qeyd olunan prinsipləri pozur. Belə ki, iş üzrə yerli baxışın keçirilməsi zərurəti yaranarsa Şəki şəhərindən Mehdiabad qəsəbəsinə məhkəmənin (hakimin) gəlməsi baxış keçirməsi, protokollaşma və s. məsələlər, cehiz əmlakının siyahıya alınması və s. olduqca böyük çətinliklər yaradacaqdır. Eyni zamanda tərəflər hər ikisi Şəkidə qeydiyyatda olsalar da heç biri Şəkidə yaşamır. İddiaçı Bakıda, cavadeh isə Mehdiabadda mübahisəli mənzildə yaşayır. Qeyd olunanlara əsasən, o, şikayətinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4298/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Elman Məmmədov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələbinə əsasən, iddia cavabdehin rəsmi qeydə alındığı yerinə məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi qaydasını müəyyən etmiş, eləcə də bu qaydadan kənara çıxan müstəsna aidiyyət qaydasını da nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Mülki Məcəllədə göstərilmişdir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.2.). Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (159). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (164.1.). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (165.1.). Hazırkı halda iddiaçı özünün azyaşlı uşağı 12 iyul 2008-ci il təvəllüdlü X2 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsini xahiş edir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçı iddia ərizəsində həmin daşınmaz əmlakın onların birgə nigahı dövründə tikildiyini, 2021-ci il tarixədək cavabdehlə birgə təsərüffat apardıqlarını, həmin mənzildə övladları dünyaya gəldiyini, orada böyüdüyünü və təhsil aldığını, hal-hazırda ona məxsus bütün cehiz əşyalarının həmin mənzildə olduğunu bildirərək məhkəmə tərəfindən öz hüququnun bərpa edilməsini istəyir. Daşınmaz əmlaka münasibətdə sahibin hüquqlarının müdafiəsi yuxarıda qeyd olunan maddi hüquq normalarından əlavə, həmçinin Mülki Məcəllənin 179.3-cü maddəsində də təsbit olunmuşdur. Həmin maddəyə əsasən “Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbi MPMnin müstəsna aidiyyətlə bağlı məsələləri tənzimləyən 39.1-ci maddəsinin təsir dairəsinə düşür (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 248-251, 263-264, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalir: İddiaçı şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4298/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. 2(012)-4298/2022 nömrəli iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar