Məhkəmə qərarları › İş №2(105)-260/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-260/2024

09.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-260/2024 09.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Ərizəçi2, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2018-cü il tarixli 2(027)- 3041/2018 nömrəli qətnaməsindən Ərizəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1 Binyaminovna və Maraqlı şəxs2 qarşı məhkəməyə ərizə ilə müraciət edərək X6 və Ərizəçi2 Hətəm qızına məxsus olmaqla, onlardan miras qalmış Quba şəhəri, S.Vurğun küçəsi, Kərpic zavodu sexi ərazisində yerləşən daşınmaz əmlaka dair X10 oğlunun və Ərizəçi2, X4 ölümündən sonra isə həmin əmlakın ona aid hissəsinə dair Ərizəçi1 mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Sumqayıt Kərpic Zavodunun 24 dekabr 1969-cu il tarixli əmrinə əsasən X3 və X2 hazırda Quba şəhəri, S.Vurğun küçəsində kərpiç sexi ərazisində yerləşən mənzil yaşayış üçün verilmişdir. Onlar bir ailə kimi həmin evdə yaşamışlar. Onların nikahlarından Eduard Ayvazov və Ərizəçi2 doğulmuşdur. Mariya Ayvazova xx.xx.2003-cü ildə, Hətəm Eyvazov isə xx.xx.2004-cü ildə vəfat etmişlər. Onların vəfatından sonra vərəsələri Eduard və Elmira faktiki olaraq mirası qəbul etmişlər. Belə ki, onlar vəfat etmiş valideynlərini el adəti ilə dəfn etmiş, onlara yas məclisləri təşkil etmiş, əmlaka dair kommunal xərcləri ödəmiş, onun qorunub-saxlanması üçün müvafiq tədbirləri görmüşlər. Eduard xx.xx.2007-ci ildə vəfat etmiş və onun ölümündən sonra vərəsələri, arvadı İra Ayvazova, oğlu Ərizəçi1 və qızı Maraqlı şəxs2 qalmışlar. Bəxtiyar atasının ölümündən sonra onun vərəsəsi kimi miras qalmış əmlaka sahib çıxmışdır. Qeyd olunan şəxslər qanunun tələblərini bilmədiklərindən vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi vaxtda notariat orqanına müraciət etməmişlər. Qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın qəbul edilməsi faktı müəyyən edilmədiyindən notariat orqanında bununla əlaqədar hər-hansı bir hərəkətin edilməsi mümkün olmamışdır. Mirasın qəbul edilməsi faktı isə hazırda yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Buna görə də məhkəməyə müraciət etməli olmuşlar.

3. Daha sonra Ərizəçi1 MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, X3 və X2 məxsus hazırda Quba şəhəri, S.Vurğun küçəsində kərpic sexi ərazisində yerləşən mənzilə Ərizəçi1 mirası qəbul etməsi faktının müəyyən edilməsi və Quba şəhəri, S.Vurğun küçəsində kərpic sexi ərazisində yerləşən mənzilə Ərizəçi1 bütövlükdə vərəsəlik üzrə mülkiyyət hüquqlarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Quba Rayon Məhkəməsinin xx.xx.2018-cü il tarixli 2(027)-3041/2018 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) ərizə təmin edilərək, X3 və X2 məxsus hazırda Quba şəhəri, S.Vurğun küçəsində kərpiç sexi ərazisində yerləşən mənzilə Ərizəçi1 mirası qəbul etməsi faktının müəyyən edilməsi, Quba şəhəri, S.Vurğun küçəsində kərpiç sexi ərazisində yerləşən Quba RİH MİS tərəfindən verilmiş sxematik planda göstərilən mənzilə Ərizəçi1 bütövlükdə vərəsəlik üzrə mülkiyyət hüquqlarının müəyyən edilməsi qət edilmişdir.

5. Qətnamədən Ərizəçi2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə bu işlə bağlı yəni “Hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair” ərizə ilə müraciət etməmişdir, məhkəmə iclaslarına çağırılmamış, iştirakı təmin edilməmişdir, onun adından birinci instansiya məhkəməsinə ərizə ilə müraciət olunmuşdur, miras əmlak barəsində məhkəmənin icraatında belə bir işin olmasından tam məlumatsız və xəbərsiz olmuşdur. Görünür bu işdə kimlərinsə xüsusi maraqları olmuşdur. Nəhayət nəticə etibarı ilə Quba Rayon Məhkəməsi tərəfindən qeyri-qanuni hüquqa əsaslanmayan qətnamə qəbul edilmişdir. Vəfat etmiş valdeyinlərindən miras qalmış əmlakın qardaşı oğlu Bəxtiyar Eduardoviçin adına rəsmiləşdirilməsi xəbərini təzəliklə onun öz dilindən eşitmişdir və bu səbəbdən də qardaşı oğlu Bəxtiyarla arasında çox kəskin mübahisə yaranmışdır. Buna görə də məlumatsız olduğu birinci instansiya məhkəməsinin qətnaməsini vəkil sorğusu vasitəsi ilə aldıqdan sonra apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd edir ki, miras qoyanın vəfatından sonra vərəsələri Eduard və Elmira faktiki olaraq mirası qəbul etmişlər, əmlaka dair kommunal xərcləri ödəmişlər və əmlakın qorunub-saxlanması üçün müvafiq tədbirlər görmüşlər. Valideyinləri vəfat etdikdən sonra miras əmlakı faktiki olaraq qəbul etmişdir və əmlaka dair kommunal xərcləri təkbaşına ödəmişdir və əmlakın qorunub-saxlanmasında mərhum qardaşı Eduardın heç bir iştirakı olmamışdır, çünki qardaşı Eduard valdeyinlərinin sağlığında ikən Quba şəhəri, Qırmızı qəsəbə adlanan Səməd Vurgun küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birgə yaşayırdı. Miras əmlakı təkbaşına qoruyub idarə etmişdir və bu günədək də həmin miras əmlakda təkbaşına yaşayır. Həmçinin mənzilə dair bütün kommunal xərcləri təkbaşına ödəyir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, məhkəmə iclasında Ərizəçi2 Binyaminovna ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. O, birinci instansiya məhkəməsinə bu işlə bağlı ərizə ilə müraciət etməmişdir, məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə tərəfindən heç bir bildiriş almamışdır, məhkəmə iclaslarına çağırılmamışdır, iştirakı təmin edilməmişdir, məhkəmənin icraatında belə bir işin olması barədə heç bir məlumatı olmamışdır. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, məhkəmə iclasında Ərizəçi1 etibarnamə əsasında nümayəndəsi X5 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək digər vərəsələrlə tam razılaşmasını bildirib, X3 və X2 məxsus hazırda Quba şəhəri, S.Vurgun küçəsində kərpic sexi ərazisində yerləşən mənzilə Ərizəçi1 mirası qəbul etməsi faktının müəyyən edilməsi və Quba şəhəri, S.Vurgun küçəsində kərpic sexi ərazisində yerləşən mənzilə Ərizəçi1 bütövlükdə vərəsəlik üzrə mülkiyyət hüquqlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hansı səbəblərə görə birinci instansiya məhkəməsi öz qətnaməsində onu və Ərizəçi1 birgə ərizəçilər kimi göstərsə də, sonradan yalnız Ərizəçi1 etibarnamə əsasında nümayəndəsi vasitəsi ilə MPM-in 53-cü maddəsinə əsaslanaraq iddia tələbinin dəyişdirilməsinə dair ərizəsini qəbul etmiş və bununla da tək Ərizəçi1 miras əmlakı faktiki qəbul etdiyini təsdiqləmişdir. Birinci instansiya məhkəməsi öz qətnamasində qeyd edir ki, iş materiallarında olan Ərizəçi2 tərəfindən Quba Rayon Məhkəməsinə ünvanlanmış Quba regional “Asan xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq olunmuş ərizədən görünür ki, mərhum anası X1 miras qalmış Quba şəhəri, Kərpic-Zavodu yataqxanası ünvanında yerləşən yaşayış evindən ona çatan hissədən qardaşı oğlu Ərizəçi1 xeyrinə imtina edir, onun bu barədə heç bir mübahisəsi yoxdur, gələcəkdə olmayacaqdır, müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. Bir daha xüsusi ilə vurğulamaq istəyir ki, mərhum valdeyinlərindən qalmış miras əmlakda olan payını heç kimə bağışlamamış və heç kimin xeyrinə öz payından imtina etməmişdir. Notariat kontorundan əldə edilmiş onun adından yazılmış və notarial təsdiq olunmuş ərizələrdən heç bir məlumatı olmamışdır. Odur ki, Quba Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməli və iş üzrə yeni qanuni qətnamə qəbul edilməlidir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi2, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin rədd edilməsini xahiş etdilər.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: (...) 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə;

11. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

12. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)

13. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)

14. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

15. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizə baxılmamış saxlanılmalıdır.

18. Belə ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır.

19. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir.

20. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur.

21. Ərizəçi2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, faktiki olaraq ərizəçinin mirası qəbul etməsi faktını və mənzilə Ərizəçi1 bütövlükdə vərəsəlik üzrə mülkiyyət hüquqlarının müəyyən edilməsini mübahisələndirmişdir. Bu isə hüquq haqqında mübahisə deməkdir.

22. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3№-li Qərarının 10.1-ci bəndində də qeyd edilib ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir.

23. Plenumun mövqeyinə görə hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Başqa sözlə, xüsusi icraat işlərində hüquq haqqında mübahisə dedikdə, o başa düşülməlidir ki, ərizəçinin məhkəmə qaydasında müəyyən etmək istədiyi eyni hüquqa digər şəxslər də iddia etmiş olsun. Hazırki işdən də görünür ki, Ərizəçi1 məhkəmə qaydasında müəyyən etmək istədiyi eyni hüquqa vərəsə olan Ərizəçi2 da iddia edir və miras qalmış əmlakda onun da payının olduğunu bildirir.

24. Beləliklə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildiyi halda prosessual qanunvericiliyin tələbinə görə ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarılır. Bu baxımdan, qeyd edilən hal hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən ərizənin baxılmamış saxlanması qənaətinə gəlir.

25. Ərizəni baxılmamış saxlamaqla yanaşı, məhkəmə kollegiyası ərizəçi tərəfə həmin fakt üzrə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olduğunu da izah edir.

26. Kollegiya həmçinin qeyd edir ki, hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (əldə olunması (məsələn, miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı sübuta yetirməlidir.

27. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri).

28. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2018-cü il tarixli 2(027)-3041/2018 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar